Sohrab Sepehri - Wikipedia
Söhrab Sipehri (7 oktyabr 1928[1], Kaşan, İsfahan ostanı – 21 aprel 1980[2][1], Tehran) — görkəmli müasir İranlı şair və rəssam idi. İsfahan ostanında yerləşən Kaşan şəhərində doğuldu. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" axınının beş məşhur şairlərindən biridir.
Söhrab Sipehri | |
---|---|
Doğum tarixi | 7 oktyabr 1928[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1980[2][1] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | leykoz |
Fəaliyyəti | rəssam, şair, yazıçı |
sohrabsepehri.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSöhrab Sipehri 7 oktyabr 1928-ci ildə İranın indiki İsfahan ostanına (əyalətinə) aid Kaşan şəhərində anadan olub. Atası poçt və teleqraf idarəsində işləsə də, sənətə bağlı adam idi: sonralar şairin özünün də yazdığı kimi, tar düzəldər və çalardı, gözəl xəttat idi, şeir vurğunuydu. Bu da Söhrabın sənətə meyllənməsində izsiz ötüşməmişdir, baxmayaraq ki, şair atasını erkən itirmiş və anasının himayəsində böyümüşdür. Söhrabın xarakteri də bir növ bədii yaradıcılıqla məşğul olmasına şərait yaradırdı. Onu yaxından tanıyan həmyerlisi, şair və maarif xadimi Müşfiq Kaşaninin yazdığına görə, Söhrab son dərəcə ədəbli, utancaq, təkliyi sevən bir insan idi, ictimai yerlərdən qaçar, gözlərini mavi səmaya, axar suya zilləyib özünə dalmağı üstün tutardı. Bununla yanaşı, hədsiz dərəcədə zəhmətkeş və çalışqan idi, işləməkdən, oxuyub-öyrənməkdən yorulmazdı. Bacısı Pəridoxt Sipehrinin xatirələrindən bəlli olur ki, artıq on dörd yaşınadək Söhrab fars ədəbiyyatı ilə yanaşı, Lamartin, Höte, Zolya, Şatobriyan və Hüqo kimi Qərb müəlliflərinin əsərlərini mütaliə edibmiş. Hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük həvəs göstərən Söhrab on səkkiz yaşından şeir də yazmağa başlayır.
Tehranda iki il texnikumda oxuyan Söhrab yenidən doğma şəhəri Kaşana qayıdır: o dövrün qanununa əsasən, o, beş il ərzində məcburi qaydada əyalətdə müəllimlik etməli idi. Lakin həmin vaxt Kaşan təhsil idarəsinin rəis müavini olan adı çəkilən Müşfiq Kaşaninin təklifinə əsasən, o, sözügedən idarədə işləməyə başlayır. Həmin dövrdə yaradıcılıqla yanaşı, intensiv mütaliə ilə məşğul olur. Bununla bağlı M.Kaşaninin qeyd etdiyi bir məqam Söhrab poeziyasının xarakteri ilə bağlı müəyyən məsələlərin üzərinə işıq salır: Söhrab klassik farsdilli ədəbiyyatdan "hind üslubu" adıyla məşhur olan cərəyan nümayəndələrinin yaradıclığına (Saib Təbrizi (1601-1676), Kəlim Kaşani (vəf. 1651), Nəziri Nişaburi (vəf. 1614), Əbdülqadir Bedil (1644-1721) və s.) xüsusi maraq göstərir, onları dərindən araşdırıb öyrənirmiş; hətta səfərlərə də Saibin, yaxud Bedilin divanını götürər, ona çətin gələn beytlərin mənasını ədəbiyyat bilicilərindən soruşarmış.
1948-ci ildə Sipehri Tehran universitetinin incəsənət fakültəsinə daxil olur və bununla da rəssamlığı özünə peşə seçir. Ədəbi yaradıcılığına da ara verməyən şair 1951-ci ildə özünün "Mərg-e rəng" ("Rəngin ölümü") adlı ilk şeirlər toplusunu çap etdirir. Həmin topluda onun ―yeni fars şeirinin atası Nima Yuşicin güclü təsiri altında olduğu aydın görünür. Bu təsirin izləri Söhrabın 1953-cü ildə işıq üzü görən "Zendegi-ye xabha" ("Yuxuların həyatı") başlıqlı ikinci kitabında sezilməkdədir, hərçənd kitabın adı və məzmunu şairin açıq-aşkar sürrealizmə meyllənməsindən də xəbər verirdi. 1955-ci ildə məşhur "Süxən" ("Söz") dərgisində Sipehrinin yapon şeirindən tərcümələri çap olunur.
Universiteti bitirdikdən sonra Sipehri bir sıra dövlət idarələrində çalışır, qısa müddət tədrislə məşğul olur, eyni zamanda rəssam kimi bir neçə sərgidə iştirak edir; 1961-ci ildə Tehranda onun ilk fərdi sərgisi açılır. Buna qədər isə o, Avropaya (Paris, London, Roma...) səfər etmiş, 1960-cı ildə Yaponiyaya gedərək, ağac üzərində həkkaklıq sənətini öyrənmiş, geri dönərkən yolunu çox sevdiyi Hindistandan salmışdı. İlk fərdi sərgisinin baş tutduğu həmin 1961-ci ildə Söhrab Sipehri bir-birinin ardınca iki şeir kitabını – "Avar-e aftab" ("Günəşin qəlpələri") və "Şərq-e ənduh" ("Kədərin şərqi") – oxuculara təqdim edir. Bu kitablar poetik yetkinliyin göstəricisi olmaqla yanaşı, şairin yaradıclığında yeni bir istiqamətin başlanğıcından xəbər verir (təsadüfi deyil ki, bəzi tənqidçilər ―əsil Söhrab‖dan danışarkən, onun ilk iki kitabını kənara qoyurlar). 1965 və 1966-cı illərdə "Arəş" rüblük dərgisində çap olunan "Səda-ye pa-ye ab" ("Suyun ayaq səsi") və "Mosafer" ("Yolçu") poemaları isə bu istiqamətin başlıca parametrlərini ortaya qoyur. Burada söhbət sadəcə fərdi üslubun müəyyənləşməsindən deyil, bütöv poetik-fəlsəfi sistemin yaradılmasından gedir. Bu sistemi "Söhrabın dünyası" adlandıran o illərin ən populyar şairi Foruğ Fərruxzad yazırdı: "Onun (Sipehrinin) fikir və hiss dünyası mənim üçün dünyaların ən maraqlısıdır. O, konkret məkan, zaman və insanlardan danışmır, insandan və həyatdan söz açır. Buna görə də genişdir... Əgər o, bütün gücünü şeirə həsr edərsə, onda görərsiniz haralara gedib çıxacaqdır". Amma Foruğun arzusuna baxmayaraq, Sipehri rəssamlıq fəaliyyətindən bir gün də qalmırdı. Onun əsərləri İranla yanaşı, Fransada, ABŞ-da, Braziliyada, İsveçrədə fərdi və kollektiv sərgilərdə nümayiş etdirilirdi.
Şairin müxtəlif ölkələrə səfərləri də davam edirdi: Almaniya, İspaniya, Hollandiya,Yunanıstan, Misir, Pakistan, Əfqanıstan... 1962-ci ildə özünü büsbütün yaradıcılığa həsr etmək məqsədilə dövlət işlərindən birdəfəlik uzaqlaşması buna imkan yaradırdı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Sohrab Sepehri // Babelio (fr.). 2007.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.