Qorcubasi - Wikipedia
Qorçubaşı və ya Qorçibaşı[1] — "qorçuların rəisi", qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V. F. Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı "hərbi nazir" idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur. Mirzə Səmia mərkəzdə şahın xidmətində olan xüsusi vəzifə sahiblərindən söz açıb, onları "üməra-ye dövlətxane-ye mübarək" mübarək dövlətxana əmirləri adlandırırdı ki, qorçubaşı da məhz bu əmirlərin siyahısına daxil idi.
Etimologiyası
redaktəQorçubaşının ehtimal olunan ləqəbi Rüknül Səltənət Əl-Qahirə olmuşdur. "Təzkirət əl-Mülk" əsərində qorçubaşının tam adı "Rüknül Səltənət Əl-Qahirə Alicah Qorçubaşı" kimi çəkilir.[2]Qorçu kəliməsinin mənası mənbələrdə əsasən qorucu kimi açıqlanır. F. Sümər də bu adı qorucu kimi izah edərək bildirir ki, Ağqoyunlu hərbi təşkilatında belə bir vəzifə olmadığı üçün Şah İsmayıl ehtimal ki, bu vəzifəni çağatayları təqlid edərək yaratmışdı.
Səfəvi tarixi üzrə tədqiqatlar aparan alimlərdən bəziləri isə qorçu sözünün Moğol dilində "qor" kökündən yarandığını və "oxçu" və ya "ox qını daşıyan" mənasını ifadə etdiyini bildirir.[3] Dövlətin sanballı dayağı olan qorçubaşını Adam Oleari 10–12 min nəfər oxçunun rəisi kimi səciyyələndirilmiş və qorçu alayının I Şah İsmayılın dövründə yaradıldığını və onun cihadlarında yüksək fədakarlıq göstərdiklərini bildirmişdir.[4]
Fransız səyyah Şarden bu adın açıqlamasını "qovmaq-uzaqlaşdırmaq" kimi, digər bir səyyah Pyetro Della Valli isə "qorumaq-qollamaq" kimi vermişdir.[5]
Oqtay Əfəndiyev məsələyə bir digər tərəfdən yanaşmış və qorçubaşının — şah qvardiyasının rəisi" mənasını ifadə etdiyini bildirmişdir. [6]
V. Minorski "gur" sözünün silah mənasını önə sürərək qorçuların gördükləri iş səbəbindən deyil, daşıdıqları silaha görə belə adlandırdıqlarını yazmışdır.[7]
Tarixi
redaktəQorçubaşı qorçuların rəislərinə deyilirdi. Salnamələrdə qorçibaşı adını ilk dəfə çəkən Həsən bəy Rumlu hicri 911 (1505–1506)-ci ildə yazırdı ki, bu il Şah İsmayıl "Sultan Heydərlə döyüşdə (onun düşmənlərinin) tərəfində iştirak edənlərin hamısını öldürməyi əmr etmişdir. O, bunu təhqiq etməyi qorçibaşı Abdal bəy Dədəyə tapşırmışdır." [8][9]Bu ifadə ilk dəfə qorçubaşı vəzifəsini əmir əl-üməra vəzifəsindən ayırmaq məqsədilə istifadə olunmuşdu.
Səfəvi dövlətinin mənbələrdə adı çəkilən ilk qorçubaşısı Abdal Dədə bəydir. Abdal bəy Dədə Talış sakini idi. O, Şeyx Heydərin ölümündən sonra, gənc İsmayıl Gilanda olduğu dövrdə, Ərdəbil təriqətinin işlərini aparmış məhdud şəxslər dairəsinin – "əhl-i ixtisas"ın üzvü olmuşdu.[10] Digər tərəfdən Professor Zabil Bayramlı yazır ki, mənbələrdə I Şah İsmayılın dövründə Ərdəbil təriqət işləri ilə bağlı olan Abdal bəy adlı iki nəfərin isminə təsadüf edilir. İsgəndər bəy Münşi Türkmanın onlar haqqında yazdıqlarının təhlilindən aydın olur ki, qorçubaşı Abdal bəy Türk-Qızılbaş Zülqədər eli əyanı olub, "Dədə" ünvanın da daşıyıcısı o olmuşdu.[11] Lakin sonralar qorçibaşı vəzifəsini siyasi həyatda az nəzərə çarpan adamlar tuturlar. I Şah İsmayılın hakimiyyəti dövründə Dədə Abdal bəy Zülqədərdən sonra qorçubaşı Qızılbaş-Türk əyanlarından Yeqan bəy Təkəli (1509–1510) və Sarı Pirə Ustaclı olmuşdu.[12][13] O, Çaldıran savaşında (1514) öldürülmüşdü. 1514-cü ildə Şiraz hakimi Xəlil sultan Zülqədər döyüş səhnəsini savaşmadan tərk etdiyinə görə h. 925 (1519)-ci ildə öldürüldü və yerinə hakim Əli sultan Zülqədər təyin edildi ki, o bu vəzifəyə gətirilənə qədər qorçubaşı idi [14]
İlk əvvəl qorçubaşının səlahiyyətləri əmir əl-üməra qədər olmasa da I Şah Təhmasibin hakimiyyəti dövründə əmir əl-üməra vəzifəsinin zəifləməsi ilə qorçubaşı vəzifəsi əhəmiyyət qazanmağa başladı. Səfəvilər dövləti banisinin dövründə qorçibaşı əmir əl-üməra ilə müqayisədə xeyli kiçik sima idi.[15]
Şah Təhmasib dövründə əyalətlərdə yaşayan qorçuların da mərkəzdəki qorçubaşıya tabe olan qorçubaşıları vardı. Qorçubaşı Padarın Şirvanın mədaxil və məxaricini yaxşı bildiyi üçün 1538-ci ildə Səfəvi silahlı qüvvləri ilə birlikdə Şirvana göndərilməsi barədə məlumata görə o, bir müddət Şirvan qorçularının qorçubaşısı olmuşdu. "Təkmilətül-əxbar"da Şirvanda Əhməd bəy Ustaclı adlı başqa bir qorçubaşının da adı çəkilir.[16]
Şah Təhmasib yeni hakimiyyətə gəldiyi zaman həm əmir əl-üməra həm də vəkil vəzifəsini icra edən Çuxa sultan Təkəli vəzifəsindən sui-istifadə etdiyi üçün şahın əmri ilə 1531-ci ildə qorçubaşı Nəzər adlı şəxs tərəfindən Qəzvində öldürülmüşdü. Nəzərin hansı türk boyuna mənsub olması barədə mənbələrdə məlumata rast gəlinmir. Yenə Şah Təhmasibin təzkirəsində 1531-ci ildə baş vermiş Təkəli qiyamı zamanı qorçubaşı Pərvanə bəy Təkəlinin adı çəkilir. Bu hadisədən sonra şahın əmri ilə Pərvanə bəy Təkəli öldürülmüşdü.[16][17]Sultan Süleymanın Azərbaycan torpaqlarına 1534-cü ildə baş verən hücumu zamanı qorçubaşı Oğlan xəlifə Şamlı idi. Onun bir digər adı Məhəmməd xəlifə olmuşdur.[18][19]
İlk dövrlərdə bu vəzifələrə seçilən şəxslər əsasən Ustaclı, Şamlı və Təkəli tayfalarından seçilirdi. I Şah Təhmasibin qızılbaşların təsirini azaltmaq üzrə fəaliyyəti nəticəsində 1534-cü ildə Sevindik bəy Əfşar qorçubaşı təyin edildi. Bununla da əfşar tayfasın ön plana çıxmağa başladı. Onun ölümündən sonra sənədlərdə məlumatlarda boşluq olsa da, 1589-cu ildə Vəli xan Əfşarın ölümünə qədər 55 il ərzində bu vəzifə Əfşar tayfasından olan şəxslər tərəfindən icra olundu. Sevindik bəy Əfşar 1538-ci ildən 1562-ci ilə qədər qorçubaşı vəzifəsini icra etmişdir.[16][20]
II Şah İsmayılın və Məhəmməd Xudabəndənin hakimiyyəti illərində qorçubaşı vəzifəsi daha da güclənmiş bu proses I Şah Abbas dövrünə qədər davam etmişdir. Bu dövrdə əfşarlardan Qulu bəy Əfşar qorçubaşı təyin edilmiş və o bu vəzifəni Məhəmməd Xudabəndənin dövründə də davam etdirmişdir.[21] İsgəndər Münşi II Şah İsmayıl dövründə qorçubaşı Yusifqulu sultandan söhbət açarkən onu "ərkan-i dövlət" (dövlətin dayağı) adlandırmışdı.
I Şah Abbasın dövründə qorçuların hüquqlarının qismən məhdudlaşdırılması istisna olmaqla, qorçular və onların hərbi rəislərinin Səfəvi dövlətçiliyindəki müstəsna nüfuzları ciddi dəyişikliklərə uğramamışdır. I Şah Abbas taxta çıxdıqdan sonra Əbərqu hakimi Yusif xan Əfşar qorçubaşı təyin edilir.[22] O Qulu bəy Əfşarın oğlu idi. Yusif xanın bu vəzifəyə təyin olunmasında atası ilə yaxın olmuş Mürşüdqulu xan Ustaclının böyük rolu olmuşdu. Ancaq buna baxmayaraq Yusif xan Mürşüdqulu xan Ustaclını aradan götürmək istəyən əmirlərə qoşulmuş, ancaq onlar uğursuzluğa düçar olmuş və Yusif xan Əfşar da yaxalanmışdır. Fəqət Mürşüdqulu xan Ustaclının ricası ilə onu edam etməyib, həbs cəzasına məhkum etmişdilər. Qorçubaşı vəzifəsi isə Bədr xan Əfşara verilmişdi.[23]
1588-ci ildə Bədr xan Əfşar Astrabad hakimi təyin edilir və onun vəzifəsini Vəli xan Əfşar icra etməyə başlayır. 1591-ci ildə qorçubaşı vəzifəsinə Allahqulu bəy Qapanoğlu Qacar təyin edilir. O daha sonra şahın əmri ilə Mərəndin Osmanlı ordusundan müdafiəsinə göndərilir. Onun ardınca qorçubaşı vəzifəsinə Məsum bəy Səfəvinin oğlu İsa bəy Səfəvi təyin edilmişdir.[24]
I Şah Səfinin hakimiyyəti dövründə qorçubaşılar türk əsilzadələrindən təyin edilməyə davam edirdi. I Şah Səfi dövrünün ilk qorçubaşısı yenə Məsum bəy Səfəvinin nəvəsi İsa xan Səfəvi olmuşdur ki, o həm də Şah Abbasın qızı Zübeydə bəyimin əri idi. Lakin Şah Səfi onun kimi nüfuzlu bir şəxsin qorçubaşı olmasından narahat olduğu üçün əmr verərək İsa bəy Səfəvini və 3 oğlunu öldürtmüşdü. Qorçubaşı vəzifəsi 1632-ci ildə Çıraq xan Zahidliyə tapşırılır. İsa xan Səfəvinin tiyulu, bütün əmlakı və evi müsadirə edilib ona verildi. Qorçubaşı vəzifəsi bir qayda olaraq türk əsilzadələrinə aid olduğuna görə, Çıraq xan Zahidi bu vəzifədə çox qalmamış və 1633-cü ildə hərəkətlərində qüsurlara yol verməsi bəhanə edilmiş, edam olunmuşdu.[25] Həmin ildə qorçubaşı vəzifəsi Kirman hakimi, həm də möhürdar vəzifəsində olan Zülqədər türk tayfasının Söklən obasının böyük əmirlərindən Əmir xan Zülqədərə tapşırılır. Səyyah Adam Oleari gündəliyində qorçubaşının soykökü və sosial tərkibi ilə bağlı məsələlər barədə məlumat verərkən bildirir ki, biz orada olarkən qorçubaşı kökcə kəndli oğlu olan və I Şah Abbasın yanında əvvəllər adi xidmətçi kimi çalışmış Şamlı Cani xan idi. Bu tarix 1638-ci ilə təsadüf edir. Canı xan Şamlı bu vəzifəni 1645-ci ilə qədər icra etmişdi. Onun ardınca Murtuzaqulu xan Qacar daha sonra 1663-cü ildə o edam edildikdən sonra isə İmamqulu xan Qacar qorçubaşı təyin olunmuşdu.[24]
Mənbələrdə qorçubaşı vəzifəsinə 1737-ci ilə qədər rast gəlinir. Qasım bəy Qacar 1733–1736-cı ildə bu vəzifəni icra etmiş, Səfəvi dövlətinin son qorçubaşısı olmuşdur.[26]
Qorçubaşının səlahiyyət və vəzifələri
redaktəAlessandri dövlət şurası və onun tərkibi haqqında məlumatlarında bu şurada müşavir olan əmirlərin sırasında qorçubaşının da adını çəkir, həm də onun səltənət qorçularının başçısı olduğunu yazır . Qorçubaşı dövlətin əsas və sanballı dayağı idi.[27]
Bu qvardiyanın hərbi rəisi, yəni qorçubaşı dövlətin idarə quruluşunda da statusu baxımından çox mühüm vəzifə olub, I Şah İsmayılın hakimiyyətinin ilk illərindən təsis edilmişdi. Dövrün qaynaqlarında ona çox məsul işlərin tapşırılması hallarına rast gəlirik. Əbdi bəy Şirazinin əsərində I Şah İsmayıl tərəfindən qorçubaşı vəzifəsinə təyin olunan Dədə Abdal bəy Zülqədərin müəyyən cinayət məsələləri üzrə mühakimə aparmaq səlahiyyəti ilə təmin edilməsinə toxunulur.[28]
Dövlətin qorçulardan ibarət olan bütün hərbi qüvvəsinin başçısı olan qorçubaşı və onun statusu haqqında "Təzkirət əl-müluk" dakı müfəssəl məlumatlara dövrün digər qaynaqlarında təsadüf olunmur.[29]
Qorçubaşının vəzifələri aşağıdakılardır:
- Qorçuların vəzifələrinə təyin edilməsi. Qorçulara aid olan bütün məsələləri qorçubaşı, təhqiqat aparıb, həll edirdi. Qorçubaşı şahın razılığı ilə təyin olunacaq qorçuların vəzifələrinin və adlarının siyahısını hazırlayırdı. Bu siyahı əvvəlcə vəzir-i əzəmə aparılır daha sonra vəzirin əmri ilə qorçuların əmək təzkərələri hazırlanırdı. Bundan başqa qorçuların əyalətlərə hakim, sultan kimi təyini də qorçubaşının razılığı ilə baş verirdi. Qorçular vəzifə öhdəlikləri ilə bağlı şahın hüzuruna çıxmalı olarsa qorçubaşı da onunla getməli, onu şaha tanıtmalı idi.[30]
- Qorçuların maaşlarının ödənməsi. Qorçuların maaşları işlərinin əhəmiyyətinə görə təyin edilir, onlara torpaq verilirdi. Ödəmə əmrinin üzərində qorçubaşının möhürü olmalı idi. Həmesale alan qorçuların alacaqları məbləğ ilin əvvəlində qorçubaşı tərəfindən təsdiq olunduqdan və onun möhürü vurulduqdan sonra böyük vəzirə göndərilirdi. Bu proeses belə baş verirdi: Qorçular ilk olaraq alacaqları illik əmək haqqının təsdiqini qorçubaşına təqdim edirdilər. Bu əmək haqlar qorçu vəziri tərəfindən yoxlanılır və qorçubaşının icazəsindən sonra təsdiq edilir. Daha sonra müstövfiler qorçuların ödəniş müddəalarını, ödəniş qəbzini və maaş sənədlərini qorçubaşıya möhür üçün təqdim edirdilər.[30][31]
- Qorçulara aid məsələlər. Qorçubaşı qorçular arasındakı məsələlər baxır və onların maaş tələblərini araşdıraraq həll edirdi. Əgər onlardan hər hansı birinin divan vergiləri ilə bağlı tələbi olarsa, bu tələb əvvəlcə böyük vəzirə təqdim edilirdi. Vəzir məsələni araşdırdıqdan sonra cavab almaq üçün məsələni padşaha təqdim edərdi. Əgər məsələ şərri olarsa, buna qadı baxırdı.[32][31]
- Şahın, hərəmin və türbələrin qorunması. Şah harasa səfər edəndə hərəmin arxa qismində qadağan olunmuş ərazini qorumaq qorçubaşı və onun tabeliyində olanların öhdəsinə düşürdü. Bundan əlavə, şah yürüşə çıxanda qorçubaşı və tabeliyində olanlar onu qorumaq üçün gecələr növbətçi olmalı idilər. Bundan əlavə, hökmdarların məzarlarının mühafizəsi 100 tümən qarovul haqqı ilə qorçubaşına məxsus idi.[33][34]
- Digər vəzifələri. Bundan başqa, qorçubaşı Səfəvilərin vassalı olan Dağıstan valilərindən gələn səfirlik heyəti ilə də məşğul olmağı öz üzərinə götürmüşdü. Nümayəndələr saraya gələndə onlar üçün mehmandar təyin edər və xahişlərini şaha çatdırardı. Nəticədə çıxarılan qərar və müddəaların yerinə yetirilməsini təmin edər və onlar üçün hazırlanmış hədiyyələri və xələtləri qonaqlara təqdim edərdi. Qorçubaşı şahın hər ad günündə öz malının bir hissəsini, təxminən 300 tümənini şaha pul, qalanını isə yemək, geyim və s. şəklində hədiyyə edərdi. Nağd pullar insanların ehtiyaclarına uyğun olaraq şahın istədiyi həddə bölüşdürülməsi üçün xəzinəyə həvalə edilirdi. Digər hədiyyələr isə yoxsullara paylamaq üçün münəccimbaşıya göndərilirdi. Bunun qarşlığında həbs edilən əmirlərin və ya istədikləri şəxslərin sərbəst buraxılması üçün 3 böyük haqqa sahib olurdu. Şahın ad günü mərasimində geyinəcəyi libas qorçubaşına verilirdi. Həmçinin bu libasın verilməsi münasibətilə ona dəyərli xələt, qəftan, ciğə təqdim olunurdu.[33][34]
Qorçubaşı yüksək nüfuza sahib olduğu üçün adətən sarayda yaşayır, paytaxtı tərk etməzdi. Sadəcə mühüm döyüşlərdə orduya rəhbərlik edəcəyi zaman olduğu yeri tərk edə bilərdi. Sanson yazır ki, şah adətən bu vəzifəni qorçubaşına vermək istəmirdi. Çünki qorçubaşı bu vəzifəni yerinə yetirən zaman bütün ehtiyacları saray tərəfindən qarşılanmalı idi. Bundan başqa şah öz əsgərlərini və qvardiyasını da qorçubaşıya verməli idi. Qorçubaşı döyüş zamanı şahın sağ tərəfində dayanırdı. Sancağı yaşıl rəngdə idi. Mirzə Əli Naqi Nəsiri yazır ki, onun səlahiyyətləri vəziri-əzəmdən çox idi. Divanda sol tərəfdə sərd-i məmalikin arxasında otururdu.[35]
İstinadlar
redaktə- ↑ Fərzəliyev, Şahin Fazil. XV əsr Azərbaycan dövlətlərinin quruluşu (PDF) (2-ci nəşr). Bakı: "Elnur-P". 2003. 64–65.
- ↑ Vəliyeva, 2007. səh. 188
- ↑ Savory, 1986. səh. 437
- ↑ Bayramlı, 2015. səh. 93
- ↑ Erdoğan, 2015. səh. 48
- ↑ Əfəndiyev, 2007. səh. 227
- ↑ Vəliyeva, 2007. səh. 189
- ↑ Rumlu, 2017. səh. 88
- ↑ Bayramlı, 2015. səh. 29
- ↑ Şərəfnamə. səh. 158
- ↑ Bayramlı, 2015. səh. 94
- ↑ Musalı, 2011. səh. 316
- ↑ Məmmədi, 1993. səh. 22
- ↑ Rumlu, 2017. səh. 145
- ↑ Musalı, 2011. səh. 310
- ↑ 1 2 3 Bayramlı, 2015. səh. 96
- ↑ Süleymanov, 2020. səh. 67
- ↑ Süleymanov, 2020. səh. 351
- ↑ Şirazi, 1996. səh. 52
- ↑ Rumlu, 2017. səh. 280
- ↑ Sarıçiçek, 2016. səh. 53
- ↑ Sarıçiçek, 2016. səh. 72
- ↑ Sarıçiçek, 2016. səh. 76
- ↑ 1 2 Bayramlı, 2015. səh. 97
- ↑ Bayramlı, 2015. səh. 98
- ↑ Erdoğan, 2015. səh. 103
- ↑ Musalı, 2011. səh. 311
- ↑ Bayramlı, 2015. səh. 95
- ↑ Vəiyeva, 2007. səh. 190
- ↑ 1 2 Erdoğan, 2015. səh. 100
- ↑ 1 2 Vəliyeva, 2007. səh. 191
- ↑ Erdoğan, 2015. səh. 101
- ↑ 1 2 Erdoğan, 2015. səh. 102
- ↑ 1 2 Vəliyeva, 2007. səh. 192
- ↑ Vəliyeva, 2007. səh. 193
Ədəbiyyat
redaktə- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN 978-9952-34-101-0.
- Sertaç Sarıçiçek. SAFEVİLER DÖNEMİNDE İRAN'DA AVŞARLAR. Ankara. Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı. 2016.
- Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN 978-9952-37-141-8.
- Savory, Roger. “Kurci” (ingilis). V. Leiden: The Encyclopaedia of Islam. 1986.
- Şərəfxan Bidlisi. Şərəfnamə. İstanbul: Osmanbey Matbaası. 1971.
- Erdoğan, Eralp. SAFEVİ DEVLETİ’NİN ASKERİ TEŞKİLATI (türk). Ankara: T.C. ANKARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TARİH (GENEL TÜRK TARİHİ) ANABİLİM DALI. 2015.
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.
- Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
- Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
- Şirazi, Xacə Zeynalabidin Əli Əbdi bəy. TƏKMİLƏTÜL-ƏXBAR (PDF) (az.). Bakı: Elm. 1996. ISBN 5-8066-0436-5.
- Vəliyeva, Zülfiyyə. Səfəvi Dövlət Təşkilatı (Təzkirətül-Mülükə əsasən) (türk). Ankara: Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2007.
Əlavə ədəbiyyat
redaktə- Məmməd, R.Ə. Dəstur ül-Müluk. Hökmdarlar üçün nizamnamə (az.). Bakı: Mütərcim. 2015.
- Sümer, Faruk. Safevi devletinin kuruluşu və gelişmesinde Anadolu türklerinin rolu (türk). Ankara: Türk Tarih Kurumu Basımevi. 1976.
- Sanson. Səfərnaməyi Sanson (fars). Tehran: Kitapfuruşi-yi İbn-i Sina. 1363.
- Engelbert, Kaempfer. Səyahətnaməyi Kaempfer (fars). Tehran: İntışârât-ı Harezmî. 1363.