Qlobus Yuksekliyi - Wikipedia
951 yüksəkliyi və ya Qlobus yüksəkliyi — Azərbaycan Respublikası Tərtər rayonu ərazisində, Kiçik Qafqaz dağ sisteminin Murovdağ dağ silsiləsində yerləşən yüksəklik. Yüksəkliyin mütləq hündürlüyü 951 metr təşkil edir. Yüksəklik Tərtər rayonunun Suqovuşan, Təpəkənd və Dəstəgül kəndləri arasında, Suqovuşan su anbarının cənub-qərbində yerləşir. Yüksəklik strateji əhəmiyyət daşıyır və Qarabağ münaqişəsi dövründə bir neçə dəfə döyüşlərə şahidlik etmişdi.
951 yüksəkliyi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Murovdağ |
Mütləq hündürlüyü | 951 m |
Yerləşməsi | |
40°18′30″ şm. e. 46°43′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region |
|
Rayon | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəYüksəkliyin adı xəritələrdə rəsmi olaraq "951 yüksəkliyi" kimi gedir. Bu, yüksəkliyin mütləq hündürlüyünün 951 metr olması ilə əlaqədardır.[1] Qeyri-rəsmi mənbələr və yerli xalq arasında yüksəkliyin adı "Qlobus" olaraq keçir. Yüksəkliyə niyə bu adın verilməsi ilə bağlı rəsmi məlumat olmasa da, yüksəkliyin nisbətən yumru şəkildə olması və qlobus formasına oxşaması yüksəkliyin yerli xalq arasında belə adlandırılması ehtimallarından biridir.[mənbə göstərin]
Tarixi
redaktəYüksəkliyin 3 yaşayış məntəqəsi, Talış-Ağdərə yoluna və su anbarına vizual nəzarətə imkan verməsi Qarabağ müharibəsi dövründə həmin yüksəkliyin strateji əhəmiyyətini artırmışdır.[mənbə göstərin]
Birinci Qarabağ Müharibəsi zamanı yüksəklik bir neçədə dəfə əl dəyişdirib. Qarabağ müharibəsinin ilk illərində yüksəklik və ona bitişik kəndlər erməni qüvvələrinin nəzarətində olub. 1992-ci ilin iyun-iyul aylarında keçirilmiş Ağdərə əməliyyatı zamanı Talış, Suqovuşan və Təpəkənd yaşayış məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, yüksəkliyə nəzarətə imkan vermişdir. 1993-cü ilin mart ayında erməni qüvvələrinin keçmiş Ağdərə rayonun şimalı istiqamətində əks hücuma keçməsi yüksəklik uğrunda döyüşlərin yenidən başlamasına səbəb olmuşdur.[2] Yüksəklik uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov şəhid olmuşdur.[3] 1993-cü ilin martından atəşkəs imzalanana kimi həmin yüksəklik və ətrafındakı kəndlər erməni silahlılarının nəzarətinə keçmişdir.
Yüksəklik uğrunda sonuncu döyüş İkinci Qarabağ Müharibəsi zamanı olmuşdur. Belə ki, 3 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsindən sonra, yaşayış məntəqəsinin həmin yüksəklikdən erməni qüvvələri tərəfindən daimi atəş altında saxlanılmasının qarşısını alınması üçün, 9 oktyabr 2020 tarixində yüksəklik uğrunda döyüş başladı. Erməni qüvvələrinin yüksəkliyin zirvəsində istehkamların qurulması, yüksəklik boyunca elit hərbi birləşmələr və maskalanmış tankların yerləşdirməsi, əlavə olaraq Dəstəgül və Təpəkənd tərəfdən artilleriya dəstəyi verməsi yüksəkliyin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsinə imkan vermədi. Yüksəklik uğrunda döyüş Azərbaycan tərəfi 10 şəhid və 12 yaralı(ümumi 22 nəfər itki) verməsi ilə bitdi. Şəhidlərin arasında Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurahmanov da var idi.[4] Yüksəklik uğrunda döyüşün Azərbaycan tərəfi üçün uğursuzluqla bitməsi, bu istiqamət üzrə hücum əməliyyatlarının dayandırılmasına və müharibənin sonuna kimi mövqe döyüşləri aparılmasına səbəb oldu.[5]
2023-cü ilin sentyabrında keçirilmiş anti-terror əməliyyatından sonra qanunsuz erməni silahlı dəstələri tərksilah edilməsindən sonra 24 sentyabr 2023 tarixində Ağdərə şəhəri və ətraf əraziləri Azərbaycanın nəzarətinə keçib. Tərksilah prosesinin aparılmasına baxmayaraq, qanunsuz erməni silahlıları 28 sentyabr 2023 tarixinə kimi Qlobus yüksəkliyi istiqamətində silahlı müqaviməti etdirirdilər.[6] 28 sentyabr tarixindən etibarən Qondarma Dağlıq Qarabağ Respublikası özünü de-fakto buraxandan sonra ərazidə olan sonuncu qanunsuz erməni hərbi birləşmələri və əhalinin ərazini tərk etməsi ilə yüksəklik və erməni nəzarətində olmuş ona bitişik ərazilər Azərbaycanın tam nəzarətinə keçib.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Yüksəklik 951". wikimapia.org. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Müdafiə Nazirliyinin məlumatı, mart 1993". 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Arxivlənmiş surət". 2018-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Polkovnik-leytenant Əfqan Abdurahmanov necə şəhid oldu". modern.az. 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Ağdərə əməliyyatı (Lüləsaz-Levonarx cəbhəsi)". top-center.org. 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?". referans.az. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.