Qarabulaq Kurqanlari - Wikipedia
Qarabulaq kurqanları — Füzuli şəhərindən 1-1,5 km şimal-şərqdə, Köndələnçayın sağ sahilində orta və son tunc və erkən dəmir dövrünə aid qəbir abidələr.
Qarabulaq kurqanlarında iyirmiyə qədər kurqan qalmışdır. Onlardan beşini 1896-cı ildə rus arxeoloqu A.A.İvanovski tədqiq etmişdir. Kurqanların ikisində ölüyandırma ənənəsinin izlərinə təsadüf olunub. Digər iki kurqanda daş qutu qəbirlər aşkar edilib. Qəbirlərdən tunc bəzək əşyaları, silahlar və gil qablar tapılıb. Qəbilə başçısına aid edilən V kurqan daha zəngindir. Uzunluğu 10 metr, eni və dərinliyi 2 metr olan bu kurqanda qəbilə başçısının skletindən başqa daha iki sklet, tunc, qızıl və sümükdən bəzək əşyaları, tunc və daş silahlar, gil qablar və dəvə skleti də tapılıb. 1965-ci ildə Qarabulaq kurqanlarının yerləşdiyi ərazidə orta tunc dövrünə aid qəbirlər də aşkarlanıb. Qarabulaq kurqanları Qaraköpəktəpə qədim yaşayış yerinə aid olub.