Pirseid Mescidi - Wikipedia
Pirsəid məscidi — Nardaran qəsəbəsi ərazisində yerləşən XIV əsrə aid memarlıq abidəsi. Abidə 1363—1364-cü illərdə Şirvan-Abşeron memarlıq məktəbi üslubunda inşa edilmişdir.
Pirsəid məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Sabunçu rayonu, Nardaran qəsəbəsi |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | 1363—1364 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Günbəzləri | 1 |
İstinad nöm. | 136 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Tikili müxtəlif dövrlərdə inşa edilmiş bir neçə otaqdan ibarətdir ki, bu da onların həm planlaşdırmasında, həm də müxtəlif konstruktiv həll məsələlərində özünü büruzə verir. Binanın ən qədim hissəsi qəbir və məscid otağı olan hissədir.
Tarixi
redaktəİbadət zalının giriş qapısı üzərində yerləşən, hazırda məscidin içərisində qalmış tikinti kitabında, tikilinin 1363—1364-cü illərdə inşa edildiyi göstərilmişdir.
Memarlıq xüsusiyyətləri
redaktəTikili müxtəlif dövrlərdə inşa edilmiş bir neçə otaqdan ibarətdir ki, bu da onların həm planlaşdırmasında, həm də müxtəlif konstruktiv həll məsələlərində özünü büruzə verir. Binanın ən qədim hissəsi qəbir və məscid otağı olan hissədir. Bunu məscid otağının giriş qapısı üzərində yerləşdirilmiş, lakin, hazırda tikilinin içində qalmış kitabə də sübut edir. Bu cür kitabələr adətən binanın fasadına vurulurdu, Tikilidə kitabənin tikilinin içində qalması, məscid otağı qarşsındakı otaqların binaya sonradan əlavə edildiyini sübut edir.[1]
Məscid otağı, tağtavanla örtülmüş düzbucaqlı otaqdan ibarətdir. Qəbirin məscidin ümumi həcminə daxil edilməsi nəticəsində otağın şimalında bir qədər izolyasiya olunmuş kiçik ərazi formalaşmışdır. Məscidin şimal hissəsinin döşəməsi, qalan hissələrin döşəməsindən 45 sm yuxarı qaldırılmışdır. Bu hissənin dam örtüyü əhəmiyyətli dərəcədə aşağıdır, tağın oxu isə, məscidin qalan hissəsinin tağ oxu ilə üst-üstə düşmür. İ. Şeblıkin belə hesab edir ki, məscidin bu hissəsi qadınlar üçün nəzərdə tutulmuşdu. Bu cür uzadılmış düzbucaq formasına malik məscid otaqlarına Abşeronun Pirşağı, Maştağa, Qala, Ramana kəndlərində də rast gəlmək mümkündür.[1]
Mehrab, bu cür məscidlər üçün xarakterik formada əsas divarın içində cənub istiqamətində yerləşdirilmişdir. Mehrabın bu cür yerləşdirilməsinə Bakının Sınıqqala və Şeyx İbrahim məscidlərində də rast gəlmək mümkündür. Bütün pir ərazisi tağlarda yerləşdirilmiş kvadrat formalı kiçik oyuqlar vasitəsiylə işıqlandırılırdı. Sonradan iki böyük otağın divarlarında pəncərə yerləri açılmışdır.[2]
Qəbirin yerləşdiyi kiçik otaq XIII-XIV əsr Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan oyma tənək naxışı ilə bəzədilmiş oxvari girişə malikdir. Bu cür naxışa Pirsaatçay xanəgahının və digər tikililərin interyer dekorasiyasında da rast gəlirik.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Щеблыкин, 1943. səh. 30
- ↑ 1 2 Щеблыкин, 1943. səh. 31
Ədəbiyyat
redaktə- Щеблыкин, И.П. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку: Изд-во АзФАН. 1943.