Pir Huseyin Xanegahi - Wikipedia
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı — Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahı.[1]
Pir Hüseyin xanəgahı | |
---|---|
40°11′18″ şm. e. 48°59′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Hacıqabul |
Yerləşir | Qubalıbalaoğlan kəndi |
Aidiyyatı | Sufizm |
Tikilmə tarixi | XIII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | nömrəsiz |
Kateqoriya | Xanəgah |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır.
Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pirsaatçay xanəgahının çox qiymətli bir qismini də onun məscidinin içərisindəki mehrab təşkil edir. Gəc üzərindəki oyma üsulu ilə işlənmiş bu mehrab həm ornament bəzəyi, həm də üzərindəki kitabələr cəhətdən olduqca qiymətli bir sənət əsəridir. Gəcin arasına daxil edilmiş firuzə rəngli kaşı parçaları bu məqbərənin Şərq hissəsini daha da zənginləşdirir. Bu mehrab yüksək bədii keyfiyyətlərini nəzərə alaraq, mühafizəsini təmin etmək üçün Bakıya köçürülmüş və Nizami muzeyinin salonlarından birinin divarında yenidən quraşdırılmışdır.
Memarlıq xüsusiyyətləri
redaktəHacıqabulun Navahı kəndi ərazisində, Pirsaat çayı sahilində yerləşən bu memarlıq kompleksi Şirvanı dış dünya ilə bağlayan ana karvan yolu üstündə tikilmişdir. Yolüstü durumu xanəgahın möhkəm divarlarla qapalı, bürclərlə möhkəmləndirilmiş – qalaçaya bənzər quruluşunda əks olunmuşdur. Kompleksin əsas tikililəri bu dördbucaqlı qalanın içindədir.
Pirsaat xanəgahı əhalinin müqəddəs saydığı və pirə çevirdiyi Şeyx Pir Hüseyn Şirvaninin türbəsi ətrafında bir neçə yüz il ərzində yaradılmışdır. Türbə, XI yüzilin son çərəyində (Pir Hüseyn 1074-cü ildə vəfat etmişdir) tikilmişdir. Bu yerdə daha qədim tapınağın, pirin olması da mümkündür.[2] Pir Hüseyn türbəsi güneydən məscid binasına bitişikdir. Üstündə tikilmə tarixi qalmayan məscidin plan məkan quruluşu İçərişəhərdə yerləşən Aşur məscidininki ilə eynidir. Məscid düzbucaqlı plana malik olub sivri tağbəndlə örtülən uzunsov ibadət salonunun örtü konstruksiyasına əlavə möhkəmlik üçün ortada tağ qurulmuşdur. Onun giriş qapısı şərq fasada assimtrik çıxır. Bu qapı önündə vaxtilə Bakıdakı Sınıqqala məscidində olan sayaq astanakiçik vestibül varmış. Plan-məkan quruluşundakı bu özümlüklərə əsaslanan mütəxəssislər Pirsaat məscidinin XI – XII yüzillərin qovşağında inşa edildiyini söyləmişlər.[3]
Türbəyə bitişik olduğundan məscidin daş döşəməli ibadət salonu həm də siyarətxana idi. XIII yüzilin ortasından ziyarətgahın nüfuzunun artması ilə bağlı burada tikinti və bəzək işləri genişləndirilir. Xanəgahın giriş qapısı üzərində tikinti tarixi 1243-cü ildir. Məscidin zəngin bədii yapma gəc naxışlı mehrabı və Pir Hüseyn türbəsinin çoxrəngli kaşı bəzəyi həmin ilin əsəridir.
|
Xanəgah kompleksinin dominantı olan minarə məsciddən aralı olub iki uzunsov tikilinin qovşağında ucalır. Minarənin üstündəki kitabədə ustad Mahmud Maqsud oğlunun minarəni 1256-cı ildə inşa etdiyi bildirilir.
Pirsaat minarəsi Şirvan minarələrinin Sınıqqala minarəsindən sonrakı inkişaf mərhələsinin örnəyidir. Onun da yanındakı bina ilə fiziki bağlılığı yoxdur. Bununla belə, memar minarə ilə bina arasında bağlılığı gücləndirmək üçün yeni fənd işlətmişdir. Minarənin kürsülüyü yanındakı binalarla bir hündürlükdə olan kub şəklindədir. Onun üstündə səkkizüzlü tutum yerləşir. Kub minarəni yanındakı binalarla "yapışdırırsa", səkkizüzlü prizma minarənin kürsülüyü ilə uca silindr biçimli gövdəsi arasında məntiqi keçid yaradır. Gövdə içərisində quraşdırılan dolama pillələr azançı artırmasına – şərəfəyə qalxır. Pirsaat məscidi və minarəsi yaxşı yonuımuş daşdan ustalıqla tikilmişdir. Minarənin ayrıntıları, şərəfəsini saxlayan stalaktit qurşağı incə biçimlərlə işlənmişdir. Bu baxımdan da Pirsaat minarəsi, yarıyonulu daşdan tikilmiş daha sanballı biçimləri olan Sınıqqalla minarəsindən sonrakı bədii-texniki irəliləyişi əks etdirir.
Pirsaat xanəgahı şərqşünasları çox vaxt yüksək səviyyəli bəzək işləri ilə cəlb etmişdir. Yerli memarlıq gələnəklərinə əsasən başdan-başa daşdan böyük ustalıqla tikilmiş abidənin interyerində bu bölgə memarlığı üçün səciyyəvi olmayan gəc və çoxrəngli kaşı bəzəyinin nadir örnəklərinin olması ölkənin Şimal və Cənubu arasında ilişgilərin Elxanilər çağında güclənməsinin nəticəsi idi.[3]Xanəgahın yüksək sənət dəyərinə talan edilib, lövhələri xarici muzeylərə daşınmış kaşı bəzəyini hicri 684-cü ildə (miladi 1285–1286) Ömər Məhəmməd oğlu Qəzvini yerinə yetirmişdi.
Bu abidə haqqında akademik B. Dorn[4] və V. Sısoyev[5] bir sıra maraqlı məlumatlar vermişlər. Kompleksə dörd qala divarı, qərb divarı yanında məqbərəli məscid və kiçik tikililər, şimal divarı yaxınlığında naməlum tikili, həyətdə yerləşən minarə, abidədən xaricdə yerləşən yardımçı binalar, həmçinin cənub və şimal tərəfdə yerləşən xırda tikililər daxildir.
Kompleksdən dövrümüzə çatan ən maraqlı və mühüm memarlıq əhəmiyyəti daşıyan abidələr Pir Hüseynin türbəsi və minarədir. Məscid və onun yanındakı tikililər dördkünc qala divarının içində yerləşir. Məscidin yolu qalanın şərq divarına bitişik tikilmiş otaqdandır. Məscidin daxili cənub divarı müxtəlif naxışlarla bəzədilmişdir. Mərkəzi hissədə mehrab, onun hər iki tərəfində isə pannolar vardır. Mehrabın yalnız orta hissəsindəki yazıda mina fraqmentləri qalmışdır.
Pir Hüseyin məqbərəsinin yerləşdiyi binanın divarına naxışlı keramik lövhələr vurulmuşdur. Kompleksə daxil olan minarənin aşağı kvadrat hissəsinin ölçüləri 3×3 m, hündürlüyü isə 17 m – dir. İçərisində daşdan hörülmüş dolama (vintvari) pilləkən vardır. Mehtərlər üçün ayrıca tikilmiş otaqlar abidənin cənub – şərqində yerləşir. Qala divarlarındakı mazqallar, habelə tinlərdə düzəldilən hündür qüllələr kompleksin bütünlüklə mühafizə xarakterli olduğunu sübut edir[6].
Pirsaatçay üzərindəki xanəgah zəngin inşaat texnikasına malik qiymətli bir tarixi – memarlıq abidəsidir. Burda böyük ustalıqla daş üzərində həkk olunmuş və rəngli keramika ilə bəzədilmiş təbii daşdan gözəl bir divar hörgüsü yaradılmışdır.
Şəkillər
redaktə-
Pirsaatçay xanəgahı
-
Pirsaatçay xanəgahının kitabəsi (Azərbaycan Tarix Muzeyi)
-
Pirsaatçay xanəgahının mehrabı
-
Kitabə Xanəgahın ləyaqətli qiyməti şərqşünas-alim, professor V.A.Kraçkovskaya tərəfindən verilmişdir: “Dünyada Pir Hüseyn türbəsinin kaşı bəzəkləri ilə ancaq Məşhəddəki imam Rza məqbərəsi rəqabət edə bilər”.[7]
İstinadlar
redaktə- ↑ Dadaşov, Sadıq; Hüseynov, Mikayıl. Архитектура Азербайджана: III-XIX века (rus). Moskva: Изд-во Академии архитектуры СССР. 1948. 20. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 50
- ↑ 1 2 C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 51
- ↑ Б. Дорн – Каспий. О походах древних русских на Табаристан, СПб., 1875
- ↑ В. И. Сысоев – Древности в ханеге близ села Наваги, ИААК, вып. 4, Баку, 1925
- ↑ С. П. Райгородский, Э. И. Кануков – Ханега на реке Пирсаат, ААЭН, Москва – Баку, 1947, ст. 204
- ↑ "Arxivlənmiş surət". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10.
Ədəbiyyat
redaktə- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.539