Patrik Vayt - Wikipedia
Patrik Viktor Martindeyl Uayt (ing. Patrick Victor Martindale White; 28 may 1912[1][2][…], London – 30 sentyabr 1990[1][2][…] və ya 29 sentyabr 1990[3], Sidney[4]) — Avstraliya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1973), İlin avstraliyalısı (1973).
Patrik Vayt | |
---|---|
Doğum adı | Patrick Victor Martindale White |
Doğum tarixi | 28 may 1912[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 sentyabr 1990[1][2][…] (78 yaşında) və ya 29 sentyabr 1990[3] (78 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, dramaturq, şair, ssenarist, avtobioqraf[d] |
Fəaliyyət illəri | 1935-ci ildən |
Janr | nəsr |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPatrik Viktor Martindeyl Uayt yaşıl qitənin — Avstraliyanın Nobel mükafatı alan ilk yazıçısıdır. O, ailələrinin Avropaya səyahəti zamanı İngiltərədə doğulmuşdur. Geniş maddi imkanlara malik valideynləri on üç ildən sonra Patriki təhsil almaq üçün yenidən Londona göndərmişdilər. Lakin daha sərbəst mühitdə böyüyən avstraliyalı yeniyetmə mühafizəkar İngiltərədə duruş gətirə bilməmişdi. Atasının razılığı ilə vətənə qayıdaraq bir müddət öz fermalarında çalışmışdı. Artıq müəyyən həyat təcrübəsi topladıqdan sonra yenidən Britaniyaya dönən Patrik Uayt Kembricdə ingilis, alman və fransız ədəbiyyatlarını öyrənmiş, dil bilgilərini təkmilləşdirmək üçün Fransa və Almaniyaya uzunmüddətli səyahətlərə çıxmışdı.
İlk şeirlər kitabını 1935-ci ildə çap etdirmişdi. Bunun ardınca bir neçə pyes yazsa da, onların nəşrinə, yaxud tamaşasına təşəbbüs göstərməmişdi. Yaradıcılığını nəsr sahəsində davam etdirən Uaytın "Xoşbəxt vadi" (1939) romanı İngiltərə və ABŞ-də çap olunmuşdu. Savaş illərində Patrik Uayt Yaxın Şərqdə və Yunanıstanda Britaniya hərbi hava qüvvələrinin kəşfiyyat hissələrində xidmət etmişdi.
Yazıçının "Ölülər və dirilər" (1941), "Xalamın tarixçəsi" (1948) romanları Britaniyada və ABŞ-də müəyyən populyarlıq qazansa da, Avstraliyada diqqəti cəlb edə bilməmişdi. İstedadının doğma vətənində etiraf olunmaması Patrikdə düşkünlük əhvali-ruhiyyəsi yaratmışdı. O, Sidney ərtafındakı kiçik qəsəbələrdən birinə köçərək əsasən kənd təsərrüfatı işləri ilə məşğul olmuş və bir daha heç nə yazmamaq qərarına gəlmişdi. Lakin sözünün üstündə dura bilməmişdi.
1955-ci ildə çapdan çıxan "İnnsan şəcərəsi" romanı az bir zamanda ingilisdilli ölkələrdə Uayta uğur qazandırmışdı. Tənqidçilər əsəri böyük roman, müəllifi isə böyük romançı adlandırmış, onu Tomas Qardi və Lev Tolstoy kimi sənətkarlarla müqayisə etməyə başlamışdılar. "İnsan şəcərəsi" Avropa ədəbiyyatında geniş yayılmış ailə saqaları üslubunda yazılmışdı. Müəllif çətinliklərdən qorxmayaraq Avstraliya çöllərində məskunlaşan, ağac əkən, ev tikən, övlad böyüdən bir qadın və kişinin timsalında vətəninin tarixini yazmışdı. Avstraliyanın ilk sakinlərinin həyatı "Foss" (1957) romanının da əsas süjet xəttini təşkil edirdi. Maraqlıdır ki, bu romanın motivləri əsasında eyni adlı opera bəstələnmiş və 1987-ci ildə Sidneydə, kraliça II Yelizavetanın da iştirak etdiyi Adeleida festivalında göstərilmişdir.
Bir sıra Avropa və Amerika yazıçıları kimi Patrik Uayt da əksər əsərlərində xəyali məkandakı hadisə və insanları təsvir etmişdi. Müəllifin "Sarsaparille mövsümü" (1962), "Döyünən ürək" (1963) pyeslərində, "Göz muncuğu" (1966) romanında hadisələrin cərəyan etdiyi məkan özünəməxsus cəhətləri ilə seçilən, öz aurası, siması və qanunları olan Sarsaparilledir.
70-ci illərdə Uayt daha çox intellektualların, əqli zəhmət adamlarının həyatına maraq göstəmiş, onların mənəvi-psixoloji problemlərini, dini axtarışlarını əks etdirməyə çalışmışdı. Məsələn, müəllif "Vicisektor" romanında (1970) Hartl Daffild adlı rəssamın mistik gücə yiyələnməsini təsvir etmişdi. "Burulğanın mərkəzində" (1973) romanında isə mövcudluğun mənasını ölümdə görən başqa bir intellekt adamının səmərəsiz axtarışları və faciə ilə bitən həyatı təsvir olunmuşdu.
Patrik Uayt "yeni ədəbi qitənin kəşfinə imkan yaradan epik və psixoloji məharətinə görə" 1973-cü ilin Nobel mükafatına sahib olmuşdu. Qapalı həyat tərzi keçirən və təntənələri sevməyən yazıçı Stokholma gəlməmişdi. Mükafatı onun adından avstraliyalı rəssam Sidni Nolan almışdı.
Maraqlıdır ki, Uayt Nobel mükafatının pul hissəsindən istedadlı gənc yazıçı və şairlər üçün "Patrik Uayt mükafatı" təsis etmişdi. Növbəti, 1974-cü ildə Avstraliyada "ilin adamı" elan olunmasını laqeydliklə qarşılamış və şərəfinə təşkil olunan təntənələrdən boyun qaçırmışdı. O, Avstraliya Parlamentinin iclaslarının fəxri iştirakçısı olmaq təklifini də məhz ictimai-siyasi həyatla maraqlanmadığına görə rədd etmişdi. Lakin Avstraliya ABŞ-nin Vyetnamda apardığı müharibəyə dəstək verəndə siyasi məsələlərə heç vaxt maraq göstərməyən yazıçı sərt münasibətini bildirməkdən çəkinməmişdi.
Yaradıcılığının son dövründə Patrik Uayt "Tvaybornun işi" (1979), "Tala" (1983) romanlarını, "Böyük oyuncaqlar" (1977), "Səs-küylü sürücü" (1982) pyeslərini qələmə almışdı. "Tvaybornun işi" romanı Buker mükafatı nominantları sırasında olsa da, müəllif gənclərə daha çox imkan saxlanması üçün adının namizədlər sırasından çıxarılmasında israr etmişdi. 1986-cı ildə Uaytın sonuncu iri həcmli əsəri – gündəliklər şəklində yazılmış "Hamının bir adamda birləşən xatirələri" romanı çap olunmuşdu. Müəllif ədəbi mistifikasiyaya əl ataraq bu əsərini oxuculara Aleks Ksenofon Dəmircan Qreyin yazdığı, Patrik Uaytın isə naşirliyini öz üzərinə götürdüyü roman kimi təqdim etmişdi.
"Güzgüdə çatlar" (1984) adlı avtobioqrafiyasında Patrik Uayt həyatının bir sıra kölgəli məqamlarını — homoseksual orientasiyasını, Nobel mükafatının təqdimat mərasimində iştirakdan imtina etməsinin səbəblərini, uzun illər birgə yaşadığı və aralarındakı münasibətin dəfələrlə müzakirə mövzusuna çevrildiyi yunan rəssamı, keçmiş zabit Manoli Laksaris ilə münasibətlərini və s. işıqlandırmışdı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Patrick White // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 IMDb (ing.). 1990.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118767607 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
redaktə- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.