Pakistan Tarixi - Wikipedia
Pakistan tarixi—Pakistanın keçmişini əhatə edən dönəm.
Tarix
redaktəPakistanın tarixi Hind yarımadasının tarixi ilə birgə öyrənilir və araşdırılır. Pakistanın öz tarixi çox qısa bir dövrü əhatə edir. Pakistanın indiki ərazilərində qurulan ilk dövlət də məhz Pakistan olmuşdur. Tarixi mənbələrə görə, İslamı Hind yarımadasına ilk dəfə gətirənlər də elə sufilər və müsəlman tacirlər olub. Hindistan torpaqlarının İslam dövləti tərəfindən fəth edilməsi 712–714-cü illərdə Həccac ibni Yusif əs-Sakafinin vaxtında gerçəkləşib. Bundan sonra yarımadada İslam sürətlə yayılmağa başlayıb. Müsəlman ərəblərin yaramıdada hakimiyyətləri 300 il sürüb. 1001-ci ildə Qəznəvi Mahmud Pəncab hökmdarına müharibədə qalib gəldikdən sonra yarımada tədricən türklərin hakimiyyəti altına keçib. Qəznəvilərin bölgədə hakimiyyəti 1187-ci ilədək davam edib.1187-1206-cı illər arasında Hind yarımadasının böyük bir hissəsinə Qurilər nəzarət ediblər. 1206-cı ildə Hindistan Məmlüklər tərəfindən idarə olunub və bu hegemonluq 1290-cı ilədək davam gətirib.1290–1320-ci illər ərzində Hələclər ,1320–1414-cü illərdə isə Tuqluklar ərazidə söz sahibi olublar. Tuqluklar bölgəyə nəzarət etdiyi bir zamanda 1398-ci ildən etibarən Hindistan torpaqları dəfələrlə Teymurləngin və onun tərəfdarlarının hücumlarına məruz qalıb. Tədricən Tuqluklar Hindistan torpaqlarından qovulublar. Hindistan torpaqlarında Teymur nəslinin hakimiyyəti 1858-ci ilədək davam edib. Qeyd etmək lazımdır ki, bu müddət ərzində onlar Hindistanın bütün ərazilərinə hakim ola bilməyiblər. Onlarla birgə Hindistanın digər bölgələrində başqa idarəçilik var idi. 18-ci yüzilliyin sonlarından etibarən ingilis istismarçılar Hind yarımadasını təhdid etməyə və bu ərazilərə ara-sıra basqınlar etməyə başladılar. 1800-cü ildə Allahabad şəhəri ingilis işğalçıların ixtiyarına keçdi. Tədricən bu işğalın əhatə dairəsini genişləndirən ingilislər tezliklə yarımadanın bütün ərazisini ələ keçirdilər. 1857-ci ildə istilalara qarşı xalq üsyanları başladı. Lakin bu üsyanları ingilislər çoxlu sayda insanların qanı bahasına amansızcasına yatırdılar.1858-ci ildə ingilislər Teymur sülaləsinin hakimiyyətinə təmamilə son qoydular. İngilislər Hindistanı işğal etdikdən sonra yarımadanın bütün sərvətlərini İngiltərəyə daşımaq məqsədilə Şərqi Hindistan adlı şirkət yaratdılar. Bu şirkət sadəcə ticarət əhəmiyyətli deyil, geniş idarəçilik imkanlarına və səlahiyyətlərinə malik olmaqla yanaşı, həm də bir orduya sahib idi. İnigilislər Hind yarımadasında ən çox müsəlmanları əzməyə çalışıblar, çünki işğal və istismar siyasətinə ən çox müsəlmanlar etiraz edir, müqavimət göstərirdilər. Bütün bu əziyyətlərə baxmayaraq, müsəlmanlar müstəqillik yolunda öz səylərini davam etdirirdilər. 1906-cı ildə bütün Hindistan müsəlmanlarının vəhdətindən meydana gələn Müsəlman Liqası təşkilatı yaradıldı. Görkəmli müsəlman şair Mühəmməd İqbal və həmin dövrün nüfuzlu siyasi xadimi Mühəmməd Əli Cinnahın bu birliyə qoşulmasıyla təşkilat daha da gücləndi. Əvvəlcə müsəlmanların hindularla birgə bərabər hüquqlara yiyələnmək uğrunda mübarizə aparan təşkilat bir müddət sonra ayrıca bir dövlətə sahib çıxmağı qarşısına məqsəd qoydu. 1940-cı il Lahor toplantısında müsəlmanların çoxluq təşkil etdiyi bölgələrdə Hindistandan ayrı müstəqil bir dövlətin qurulmasına qərar verildi və bu istiqamətdə fəaliyyətə başlandı. Nəhayət, uzun sürən mübarizə öz bəhrəsini 1947-ci ildə verdi. Avqustun 14-ü Hindistandan asılı olmayan müstəqil Pakistan dövlətinin əsası qoyuldu. İlk vaxtlarda Şərqi Pakistan adı ilə bu dövlətin tərkibində olan Banqladeş 1971-ci ildə Pakistandan ayrıldı. Müstəqillik qazanıldıqdan sonra dövlətin ilk prezidenti Məhəmməd Əli Cinnah oldu. Onun hakimiyyəti 1948-ci il sentyabr ayının 11-nə qədər davam etdi. 1973-cü ilədək müxtəlif dövlət başçılarının hakimiyyəti zamanı Pakistan cəmiyyətinin idarəçiliyində İslam qanunları elə də təsiriedici gücə malik olmadı. 1973–1977-ci illərdə Zülfüqar Əli Buttonun hakimiyyəti zamanı isə İslamın cəmiyyətdən təcridi prosesinə aşkar şəkildə təkan verildi. 1977-ci il iyulun 5-də Ordu generalı Məhəmməd Ziyaül-Haq hərbi dövlət çevrilişi etdi. Bununla da Butto hakimiyyətinə son qoyuldu. İki il sonra Butto edam edildi. Məhəmməd Ziyaül-Haq Butto dönəmində idarəçilikdən uzaqlaşdırılan islami hökmləri qanunvericilikdə bərpa edərək ölkəyə İslam ruhunu yenidən qaytardı. Məhəmməd Ziyaül-Haqqın ən önəmli xidmətlərindən biri Əfqanıstanda İslamın təbliği və cihad hərəkatına verdiyi dəstək idi. 1988-ci ildə Məhəmməd Ziyaül-Haq təyyarə qəzası zamanı sui-qəsd nəticəsində öldürüldü. Onun ölümündən indiyədək Pakistanda hakimiyyətdə olmuş bütün dövlət başçılarının İslamın təbliğatında maraqlı olmamaları və buna səy göstərməmələri ən acınacaqlı və təəssüf doğuran haldır. Fəqət bu gün İslam qanunlarının Pakistan müsəlmanlarının həyat tərzini təşkil etməsi sevindirici haldır. Xarici problemlər: Pakistana təzyiq edən ölkələrin başında Hindistan gəlir. Ölkə daim Hindistanın təhdidi altındadır. Hindular bir vaxtlar müsəlmanların müstəqil bir dövlət qurmalarının əleyhinə olmuşdular. Bu səbəbdən Pakistanın yaradılmasından, əlbəttə ki, məmnun qalmadılar. Hazırda iki ölkə arasındakı əsas ixtilaf Kəşmir ətrafında cərəyan edir. Kəşmirin bir hissəsi Pakistanın tərkibindədir. Həmin ərazilər cəmiyyət arasında "Azad Kəşmir" (Özgür Kəşmir) kimi tanınır. Kəşmirin bir hissəsi isə hələ də Hindistanın işğalı altındadır. Bu ərazidə yaşayan kəşmirlilərin əksəriyyəti müsəlmanlardır. BMT Kəşmir xalqı arasında Pakistanın, yoxsa Hindistanın tərkibində qalmasına dair referendum keçirilməsi barədə qərar qəbul etdiyi bir halda, Hindistan bu qərarın icrasına imkan vermədi. Hindistan Kəşmirdəki müsəlmanları dözülməz zülm və işgəncə altında saxlayır və idarə edir. Hindistanın nüvə silahına yiyələnməsini də Pakistan üçün real təhlükə hesab etmək olar. ABŞ Pakistanın nüvə proqramına yiyələnmək istiqamətindəki fəaliyyətinə görə ona təzyiq göstərir, Hindistanın analoji sahədəki fəaliyyətinə isə göz yumur.
İslami hərəkat: Pakistanda islami hərəkatların ən böyük nüfuza malik olanı İslamiyyə Camaatı adı altında fəaliyyət göstərən hərəkatdır. Bu hərəkatın təməli hələ Pakistanın əsası qoyulmazdan öncə, 1941-ci il avqustan 26-da İmam Əbül-Əla əl-Mövdudi tərəfindən qoyulmuşdu. İslamiyyə ideya və fəaliyyət baxımdan "Müsəlman Qardaşları" hərəkatına çox bənzəyir.. Həmin təşkilatın Kəşmir, Hindistan və Banqladeşdə bölmələri fəaliyyət göstərir. 1972-c ildə əl-Mövdudinin xəstəliyi onun təşkilata rəhbərliyinə imkan vermədi. Quruma rəhbərlik Tüfeyl Mühəmmədə keçdi. Hazırda quruma rəhbərliyi Hadi Hüseyn Əhməd edir. Pakistana İslam qanunları və dəyərlərini hakim etmək və təbliğinə nail olmaq İslamiyyə camaatı hərəkatının əsas məqsədidir. Xalq arasında geniş nüfuza malik olmamaq quruma siyasi məkanda hələ istənilən nəticə əldə etməyə imkan verməyib. Təşkilat 1993-cü ildə Pakistan İslami Cəbhə Partiyası yaradaraq parlament seçkilərinə qatılsa da, seçkilərdə uğur qazanmaq mümkün olmadı. 1997-ci il seçkilərində isə 4 il öncəki seçkilərlə müqayisədə daha yaxşı nəticə əldə olunduğunu söyləmək olar. Təşkilatın fəaliyyəti ali təhsil ocaqlarında, tələbələr arasında daha geniş yayılıb. İslamiyyə camaatı ilə həmfikir olan Pakistan Müsəlman tələbə təşkilatı ölkənin ən nüfuzlu tələbə təşkilatı hesab olunur. Xalq arasında Camaati-İslamiyyə kimi tanınan qurumdan sonra, ən çox xalq dəstəyi qazanan "Təbliğ Camaatı" adlı qurumdur. Adı çəkilən hərəkat universitet gəncləri arasında böyük nüfuza malik olmasa da, xalq tərəfindən dəstəklənir və müdafiə olunur. "Təbliğ Camaatı"nın ən önəmli özəlliyi Peyğəmbərimizin (s) Sünnəsinə üstünlük verməsi və siyasi fəaliyyətdən uzaq qalmasıdır. Pakistanda siyasi fəaliyyətsizliyə təsir göstərən əsas və başlıca amillərdən biri də məhz budur. Təsadüfi deyil ki, məhz "Təbliğ Camaatı"nın tərəfdarlarının siyasətə meyil etməmələri 1993-cü ildə prezident seçkiləri zamanı Binazir Buttonun işinə çox yaramışdı.
Qədim dövr
redaktəOrta çağ
redaktəPakistan XX əsrdə
redaktəPakistanın bir dövlət kimi dünyanın siyasi xəritəsində öz yerini tapması 1947-ci ilin 14 avqustunda baş vermişdir. Belə ki, həmin tarixdə Britaniya Hindistanının daha çox müsəlmanlar yaşayan Qərbi Pəncab, Sind, Şimali-Qərb sərhəd vilayəti və Belucistan rayonları Qərbi Pakistan, Şimali Benqaliya isə Şərqi Pakistan adı ilə dominion statuslu bir dövlət halında birləşdirdilər. Yeni yaranan dövlət Pakistan adlandırıldı. Dövlətin ərazisi bir-birindən 1700 km aralı olan Qərbi Pakistan və Şərqi Pakistan kimi iki hissədən ibarət idi. Bir qədər irəli gedərək söyləmək istərdik ki, bu birlik 1971-ci ilə qədər davam etmişdir. Həmin ildə Şərqi Pakistan ayrıldı və Banqladeş Xalq Respublikası adı ilə müstəqil dövlətə çevrildi. Pakistan dövlətinin yaranması Müsəlman Liqasının uzun illər apardığı mübarizənin nəticəsində mümkün olmuşdur. Elə buna görə idi ki, ölkənin ilk Müəssislər Məclisində (1947–1954-cü illər) həmin partiyanın təmsilçiləri tam üstünlük təşkil etdilər. Müsəlman Liqasının lideri və tarixi ədəbiyyatda "millətin atası" adlanan ƏLİ Cinnə isə Pakistanın ilk general-qubernatoru və Müəssislər Məclisinin sədri oldu. ƏLİ Cinnənin 1948-ci ilin 11 sentyabrında ölümündən sonra Müəssisələr Məclisinin sədri vəzifəsini Əli Xan tutdu , general-qubernator vəzifəsinə isə Xacə Nizaməddin gətirildi.