Naxcivantepe Yasayis Yeri - Wikipedia
Naxçıvantəpə — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisində qədim yaşayış yeri. Eneolit dövrünə aid yaşayış yeri e.ə. 5-ci minilliyin birinci yarısına aid edilir.[1]
Naxçıvantəpə | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Naxçıvan |
Aidiyyatı | Naxçıvan şəhəri |
Üslubu | Arxeoloji abidələr |
Kateqoriya | Qədim yaşayış məskəni |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi mövqeyi
redaktəNaxçıvan təpə yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 m yüksəklikdə yerləşir. Yaşayış yeri Naxçıvançay sularının açdığı yarğanın üzərində salınıb. Ehtimal ki, çay vaxtilə yaşayış yerinin yaxınlığından keçirmiş, hazırda isə ondan 200 m aralıdadır.[1]
Naxçıvanda Neolit və Eneolit dövrü ilə bağlı tədqiqatlar
redaktəNaxçıvanda 2000–2019-cu illərdə aparılan araşdırmalar zamanı Neolit və Eneolit dövrünə aid xeyli arxeoloji abidə aşkar olunmuşdur. Bu abidələr Neolit və Eneolit dövrünün müxtəlif mərhələlərini, həmçinin Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələri öyrənmək baxımından əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, Yaxın Şərqlə Cənubi Qafqaz arasındakı iqtisadi-mədəni əlaqələr qarşılıqlı olmuşdur, lakin bəzən arxeoloji ədəbiyyatda birtətəfli şəkildə Yaxın Şərq mədəniyyətlərinin Cənubi Qafqaza təsirindən bəhs edilmişdir, lakin araşdırmalar göstərir ki, qədim dünyanın mühüm mədəniyyət mərkəzlərindən biri olan Cənubi Qafqaz da öz növbəsində Yaxın Şərq ölkələrinə təsir etmişdir. Bu baxımdan e.ə. 6 minilliyin ikinci yarısında Mil düzü və Qarabağın Neolit mədəniyyətləri bənzər xüsusiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, bu dövrdə Mil düzü və Qarabağın mədəniyyətinə aid keramika məmulatının bir qismi basmanaxışlı ornamentlə xarakterizə edilir. Bu tip keramika həmçinin Naxçıvantəpənin Neolit təbəqəsi üçün də xarakterikdir. Məlum olduğu kimi, basmanaxışlı keramika Şimal-Qərbi İranda yayılan Dalmatəpə mədəniyyəti üçün də xarakterikdir. Şübhəsiz ki, Şimal-Qərbi İranın boyalı keramikasının inkişafına Zaqros və Mesopotamiyanın mədəni mərkəzlərinin müəyyən təsiri olmuşdur[2][3][4], lakin tədqiqatçıların fikrinə görə Mesopotamiya mədəniyyətlərinin təsirini əks etdirən Dalmatəpə mədəniyyətinin boyalı keramikası özünəməxsus xüsusiyyətləri ilə Şimali Mesopotamiya və Mərkəzi İranın boyalı keramikasından fərqlənir[3][5]. Ehtimal ki, bu Dalmatəpə mədəniyyətinin yerli inkişafı ilə bağlı olmuşdur. Tədqiqatçıların yekdil fikrinə görə Dalmatəpənin basmanaxışlı keramikasının mənşəyi Şimali Mesopotamiya və Mərkəzi İranla bağlı deyil[5][6]. Bu baxımdan basmanaxışlı keramika ilə xarakterizə edilən Naxçıvantəpənin Neolit təbəqəsi, Mil düzü və Qarabağ abidələri diqqəti cəlb edir. Fikrimizə görə Dalmatəpənin basmanaxışlı keramikasının mənşəyi Mil düzü, Qarabağ və Naxçıvantəpə abidəsi ilə bağlıdır.
Naxçıvantəpənin Eneolit dövrü təbəqəsi
redaktəNaxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi komandası tərəfindən Vəli Baxşəliyevin rəhbərliyi altında başlamışdır. Tədqiqatlar zamanı Cənubi Qafqazda indiyədək məlum olmayan yeni bir arxeoloji mədəniyyət aşkar olunmuşdur. Bu mədəniyyət Azərbaycanın cənub bölgələrini də əhatə edən "Dalmatəpə mədəniyyəti"dir. R. M. Munçayev[7],O. H. Həbibullayev[rus.][8],İdeal Nərimanov[9], T. D. Axundov[10] kimi tədqiqatçılar uzun illər tək-tək tapıntılara əsaslanaraq Yaxın Şərqlə Cənubi Qafqaz mədəniyyətlərinin qarşılıqlı əlaqələrindən bəhs etmişlər, lakin Naxçıvantəpə yaşayış yerindən arxeoloji materialların bütöv kompleksi aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır. Yaşayış yerinin bir hissəsi əkin sahələrinin altında qalmış, bir hissəsi isə Naxçıvançay üzərindən körpü çəkilərkən dağıdılmışdır. 2017-ci ildə yaşayış yerində ölçüsü 3×1,5 m olan üç şurf qoyulmuşdur. Şurfların qazıntıları zamanı alınan nəticələr qənaətbəxş olmadığından, həmin ildə ölçüsü 10×10 m olan iki sahədə (A, B) qazıntı aparılmışdır. 2018-ci ildə həmin sahələrdə qazıntılar davam etdirilmişdir.
2019-cu ildə həmin sahələrin tədqiqi davam etdirilmiş və yeni ölçüsü 10×10 m olan yeni sahədə (E) qazıntılar başlanmışdır. Beləliklə, 2017–2019-cu illərdə Naxçıvantəpədə təqribən 300 m² sahədə arxeoloji qazıntı aparılmışdır. Tədqiqat zamanı dörd tikinti qatı aşkar olunmuşdur. Tikinti qatlarının üçü Dalmatəpə mədəniyyətinə[11], dördüncü isə Neolit dövrünə aiddir. Birinci tikinti qatı abidənin üzərindən 0,8 m dərinlikdə aşkar olunmuşdur. Bu tikinti qatı üçün dördkünc formalı arxitektura xarakterikdir. Kömür analizi olmadığından bu tikinti qatının tarxi arxeoloji materialların müqayisəli araşdırılması ilə müəyyənləşdirilmiş və e.ə. 4600–4400-cü illərə aid edilmişdir. İkinci nikinti qatı, 0,78–2,10 m dərinlikdə aşkar edilmişdir. Bu tikinti qatı dördkünc formalı arxitektura ilə xarakterizə olunur. Bu tikintilər başlıca olaraq A sahəsində aşkar olunmuşdur. Karbon analizlər əsasında bu tikinti qatı e.ə. 4720–4529-cu illər ilə tarixləndirilmişdir. Üçüncü tikinti qatı 2,10–2,50 m dərinlikdə aşkar edilmişdir. Bu tikinti qatı üçün yarımqazma tipli dördkünc və dairəvi evlər xarakterik olmuşdur. Bu tikintilər əsasən B sahəsində tədqiq edilmişdir. Bu tikinti qatından götürülən karbon[12] nümunələrin analizi e.ə. 4945–4722-ci illəri göstərmişdir[13].
Naxçıvantəpənin Neolit dövrü təbəqəsi
redaktə2019-cu ilin qazıntıları zamanı aşkar olunan dördüncü tikinti qatı Neolit dövrünə aiddir. Neolit dövrünə aid təbəqə A və B sahələrində aşkar olunmuşdur[14]. A sahəsində yarımqazma tipli iki yaşayış otağın qalığı aşkar olunmuşdur. Dördkünc formalı otaqların divarları xam torpaqda qazılmışdır. Yarımqazmaların dərinliyi q m-dir. Otaqlardan birinin uzunluğu 3,9 m, salamat qalan hissəsinin eni 2,3 m-dir. İkinci otağın uzunluğu 3,3 m, salamat qalan hissəsinin eni 1,3 m-dir. Otaqların içərisində diametri 0,6 m olan ocaq yeri aşkar olunmuşdur. Ocaqlardan obsidian parçaları, keramika və heyvan sümükləri aşkar olunmuşdur. . Birinci otağın içərisindəki ocağın içərisindən götürülən kömürün analizi e.ə. 5209–4930-cu illəri göstərmişdir. Ehtimal ki, bu otaqlar kiçik ailələr üçün nəzərdə tutulmuşdur[1]. Tədqiqat zamanı B sahəsində böyük yarımqazmanın qalığı aşkar olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, bu yarımqazma həm Neolit, həm də Erkən Eneolit dövründə istifadə olunmuşdur. Bu yarımqazmanın uzunluğu 4,6 m, eni 3,5–3,7 m arasındadır. Otağın içərisində dörd ocağın qalığı, obsidian parçaları, keramika və heyvan sümükləri aşkar olunmuşdur. Ocaqlardan birindən götürülən kömürün analizi e.ə. 5038–4799-cu illəri, digərindən götürülən kömürün analizi isə e.ə. 4941–4722-ci illəri göstərmişdir. Qeyd etdiyimiz kimi, bu otaq müxtəlif dövrlərdə məskunlaşdırılmışdır. Ehtimal ki, aşağı hissəsi torpaqda qazılan evlərin yuxarı hissəsi ağac, qamış və digər materiallarla tamlananmış və gillə suvanmışdır. Arxeoloji araşdırmalara əsasən demək olar ki, əvvəlcə Naxçıvantəpə yaşayış yerinin cənub hissəsi məskunlaşdırılmış, e.ə. 5 minilliyin əvvəlində isə yaşayış yeri daha da genişlənmişdir[1].
Tədqiqi
redaktəAraşdırmalar zamanı məlum olmuşdur ki, yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır. Yaşayış yerinin bir hissəsi əkin sahələrinin altında qalmış, bir hissəsi isə Naxçıvançay üzərindən körpü çəkilərkən dağıdılmışdır. 2017-ci ildə yaşayış yerində ölçüsü 3×1,5 m olan üç şurf qoyulmuşdur. Şurfların qazıntıları zamanı alınan nəticələr qənaətbəxş olmadığından, həmin ildə ölçüsü 10×10 m olan iki sahədə (A, B) qazıntı aparılmışdır. 2018-ci ildə həmin sahələrdə qazıntılar davam etdirilmişdir. 2019-cu ildə həmin sahələrin tədqiqi davam etdirilmiş və yeni ölçüsü 10×10 m olan yeni sahədə (E) qazıntılar başlanmışdır. Beləliklə, 2017–2019-cu illərdə Naxçıvantəpədə təqribən 300 m² sahədə arxeoloji qazıntı aparılmışdır. Tədqiqat zamanı dörd tikinti qatı aşkar olunmuşdur. Tikinti qatlarının üçü Dalmatəpə mədəniyyətinə[11][15], dördüncü isə Neolit dövrünə aiddir. Birinci tikinti qatı abidənin üzərindən 0,8m dərinlikdə aşkar olunmuşdur. Bu tikinti qatı üçün dördkünc formalı arxitektura xarakterikdir. Kömür analizi olmadığından bu tikinti qatının tarxi arxeoloji materialların müqayisəli araşdırılması ilə müəyyənləşdirilmiş və e.ə. 4600–4400-cü illərə aid edilmişdir. İkinci nikinti qatı, 0,78–2,10 m dərinlikdə aşkar edilmişdir. Bu tikinti qatı dördkünc formalı arxitektura ilə xarakterizə olunur. Bu tikintilər başlıca olaraq A sahəsində aşkar olunmuşdur. Karbon analizlər əsasında bu tikinti qatı e.ə. 4720–4529-cu illər ilə tarixləndirilmişdir. Üçüncü tikinti qatı 2,10–2,50 m dərinlikdə aşkar edilmişdir. Bu tikinti qatı üçün yarımqazma tipli dördkünc və dairəvi evlər xarakterik olmuşdur. Bu tikintilər əsasən B sahəsində tədqiq edilmişdir. Bu tikinti qatından götürülən karbon nümunələrin analizi e.ə. 4945–4722-ci illəri göstərmişdir[16]. Bu yaşayış yerinin, həmçinin Sirabçay hövzəsində yerləşən digər abidələrin tədqiqi Cənubi Qafqazın, o cümlədən Azərbaycanın eneolit mədəniyyətini dövrləşdirməyə imkan verir[17]. Naxçıvantəpə yaşayış yerindən Dalmatəpə keramika məmulatının aşkar olunması olduqca diqqətəlayiqdir. Dalmatəpə tipli boyalı keramika məmulatı Naxçıvanda hələlik Uzunoba və Uçan ağıl yaşayış yerindən tək-tək nümunələrlə məlumdur. Barmaq basqılı keramika isə hələlik Uçan ağılda bir nümunə ilə təmsil olunur. Digər yaşayış yerlərində bu tip keramika hələlik yoxdur. Bu tip keramika tək-tək nümunələrlə Qarabağ abidələrindən məlumdur. Araşdırmalar Urmiya hövzəsinin yaşayış yerlərində başlıca olaraq Sünik obsidianından istifadə olunduğunu göstərir[18]. Naxçıvan abidələrində isə əsasən Göyçə obsidianından istifadə olunmuşdur. Sünik obsidianı faiz etibarilə azdır və ikinci yerdədir. Ehtimal ki, Urmiya hövzəsində yaşayan insanlar Zəngəzur dağlarındakı xammal mənbələri ilə Naxçıvançay vadisində yaşayan insanlar vasitəsilə əlaqə saxlamışlar. Qeyd etmək lazımdır ki, bu yaxınlarda Naxçıvançay vadisindən üzərində mis filizinin izləri olan mədən alətinin tapılması bu əlaqələrin yalnız obsidianla deyil, həm də mis yataqları ilə bağlı olduğunu göstərir[1].
Dalma tipli keramika
redaktəDalmatəpə tipli keramika 1959-cu ildə Çarlz Barni və 1961-ci ildə Kaylr Yanq tərəfindən tədqiq edilən Dalmatəpə yaşayış yerindən aşkar olunmuşdur[19]. Bu tip keramikanın həmçinin Həsənlitəpə, Hacı Firuztəpə,[20] Sevantəpə[21] yaşayış yerlərində mövcudluğu araşdırmalarla müəyyən olunmuşdur. Dalmatəpə keramikasına İran və İraqın yaşayış yerlərində tipik Xalaf və Ubeyd keramikası ilə birlikdə rast gəlinmişdir. Bu tip keramika Zaqros dağlarında kəşfiyyat xarakterli araşdırmalarla da aşkar olunmuşdur. Kəngavər vadisində Seh-Qabi və Qodintəpə yaşayış yerlərində Dalmatəpə təbəqəsi qazılmış, Mahidaştda isə 16 yaşayış yerinin səthində zəngin Dalmatəpə tipli keramika aşkar olunmuşdur. Bu yaşayış yerlərindən Siahbidtəpə və Çoqa Maran şurf qazıntısı ilə öyrənilmiş, Kuhtəpədə isə yerüstü materiallar arasında Dalmatəpə keramikası üstünlük təşkil etmişdir. Bu tip keramika İraqda Cəbəl yaşayış yerində, Kərkükdə Tell Abad, Keit Qasım və Yorqantəpədə rastlanmışdır. Qeyd etmək lazımdır ki, Kəngavər vadisində bu tip keramika 68 %, Mahidaştda isə 24 %[22] olmuşdur. Araşdırmalar bu tip keramikanın cənuba doğru irəlilədikcə azaldığını göstərir. Öncə Urmiya gölünün cənubunda və qərbində yayıldığı güman edilən bu keramika Urmiyanın şimalında, hazırda isə Naxçıvanda aşkar olunmuşdur. İran Azərbaycanında bu mədəniyyət Kültəpə yaşayış yeri (Culfa), Ahranjantəpə, Lavintəpə, Qoşatəpə, İdirtəpə və Barujtəpə[fars.] yaşayış yerlərinin qazıntısı zamanı aşkar edilmişdir. Hazırda bu tip keramika Cənubi Azərbaycanda 100-dən artıq yaşayış yerindən məlumdur. Yaşayış yerlərinin bir qismi oturaq əhaliyə, bir qismi isə köçmə maldarlıqla məşğul olan insanlara məxsusdur[23]. Tədqiqatçıların fikrinə görə, bu mədəniyyət şimal-qərbi İranda çiçəklənmiş və Urmiya gölünün cənubuna yayılmışdır. Dalmatəpə keramikasının kimyəvi analizi onun yerli istehsalın məhsulu olduğunu göstərmişdir. Belə hesab edilir ki, Dalmatəpə mədəniyyətinin yayılma arealı Naxçıvanı da əhatə etmişdir. Daha doğrusu Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olmuşdur. Qeyd etdiyimiz kimi, basmanaxışlı keramika Dalma Təpə mədəniyyəti üçün xarakterikdir. Bu tip keramika Şimal-Qərbi İran və İraqın bir sıra abidələrindən məlumdur. Arxeoloji ədəbiyyatda Dalmatəpə mədəniyyətinin tarixləndirilməsi ilə bağlı müxtəlif fikirlər söylənmişdir. Hacı Firuz yaşayış yerində Dalmatəpə tipli keramika Hacı Firuztəpə və Pisdəli təbəqələrinin arasında[4], Həsənli yaşayış yerində isə Dalmatəpə mədəniyyətinə aid Həsənli 9 təbəqəsində aşkar olunmuşdur. Buna əsasən Hamlin[24] Dalmatəpə mədəniyyətini e.ə. 5000–4000-ci illər arasında tarixləmişdir, lakin Dalmatəpə yaşayış yerindən götürülən kömür analizi e.ə. 4215–84-cü ili göstərdiyindən tədqiqatçıların böyük bir qrupu bu mədəniyyəti e.ə. 5 minilliyin ikinci yarısına aid etmişlər[25]. A. Abedi Dəvə Göz və Kültəpə yaşayış yerində (Culfa) apardığı araşdırmalara əsasən Dalmatəpə mədəniyyətini e.ə. 5 minilliyin birinci yarısına aid etmişdir[26], lakin belə tarixləmə üçün kifayət qədər əsas yoxdur. Belə ki, Dəvə Göz yaşayış yerində Dalmatəpə mədəniyyətinə aid təbəqə aşkar olunmamış, Kültəpə yaşayış yerindən (Culfa) götürülən kömür analizləri isə e.ə. 460–4350-ci illəri göstərmişdir. Digər tərəfdən Kültəpə yaşayış yerində (Culfa) yalnız Dalmatəpə tipli boyalı keramika aşkar olunmuşdur. Bu yaşayış yerində basmanaxışlı keramika nümunələri tapılmamışdır[27]. Tədqiqatçılar Dalmatəpənin boyalı keramikasının Mesopotamiya və İranın boyalı keramikasından fərqləndiyini qeyd etmişlər, lakin Dalmatəpənin boyalı keramikasına Xalaf və Ubeyd keramikasının təsir etdiyi də qeyd edilmişdir[27]. C.Mellart[ing.] və R. Munçayev Dalmatəpə mədəniyyətinin basmanaxışlı keramikasını Mil düzünün İlanlıtəpə, Şahtəpə və Kamiltəpə abidələri ilə müqayisə etmişlər[2][3]. R. Munçayev belə nəticəyə gəlmişdir ki, Mil düzü abidələrinin və Dalmatəpənin basmanaxışlı keramikası arasındakı bənzərlik təsadüfi ola bilməz[2]. Basmanaxışlı keramika Şimali Mesopotamiya və Mərkəzi İranın Neolit abidələrində aşkar olunmadığından bu tip keramikanın mənşəyi ilə bağlı müəyyən bir fikir formalaşmamışdır. Araşdırmalar göstərir ki, Cənubi Qafqazın zəngin xammal mənbələri Cənubi Qafqazla Şimal-Qərbi İran arasında iqtisadi mədəni əlaqələrin inkişafını stimullaşdırmışdır. Bu zaman Şimal-Qərbi İranın Mədəniyyətləri Cənubi Qafqaza Cənubi Qafqaz mədəniyyətləri isə Şimal-Qərbi İrana təsir etmişdir. Tədqiqatlara əsasən demək olar ki, Mil düzü və Qarabağın basmanaxışlı keramika ilə xarakterizə olunan mədəniyyəti Dalmatəpə mədəniyyətinin formalaşmasına təsir etmişdir. Deyə bilərik ki, Dalmatəpə mədəniyyətinin yayılma arealı Naxçıvanı və Urmiya hövzəsini əhatə etmişdir. Beləliklə deyə bilərik ki, Yaxın Şərq və Cənubi Qafqazın qovşağında yaranan Dalmatəpə mədəniyyəti bu iki regionun mədəni ənənələrini özündə əks etdirmişdir. Bu mədəniyyət əsas mərkəzdən Urmiya gölünün cənubuna, İran, İraq və Şərqi Anadoluya yayılmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Baxşəliyev V, Quliyeva Z, Həşimova T, Mehbalıyev K, Baxşəliyev E. Naxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar (az.). Naxçıvan: "Əcəmi". 2018. 266s. 2021-10-26 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 Мунчаев Р.М. Кавказ на заре бронзового века, Москва: Наука, 1975. 416 с.
- ↑ 1 2 3 Mellart J. The Neolithic of the Near East. London: Thames and Hudson Limited, 1975. 300 p.
- ↑ 1 2 Voigt M. M. Hajji Firuz Tepe, Iran: The Neolithic Settlement. Philadelphia: University of Pennsylvania, 1983. 396 p.
- ↑ 1 2 Henrickson. E. F. and Vitali. V. The Dalma Tradition: Prehistoric Inter-Regional Cultural Integration Highland Western Iran // Paleorient. Vol. 13. № 2. 1987. P. 37–45.
- ↑ Mellart, J. Earliest Civilizations of the Near East. London: Thames and Hudson Limited, 1965. 144 р.
- ↑ Мунчаев Р.М., Амиров Ш.Н. Взаимосвязи Кавказа и Месопотамии в VI–IV тыс. до н.э. Международная научная конференция, 11–12 сентября 2008, Баку: Чашыоглы, 2009, с.41–52.
- ↑ Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку: Элм, 1982, c. 72.
- ↑ Нариманов И.Г.Обеидские племена Месопотамии в Азербайджане. Тезисы Всесоюзной археологической конференции. Баку, 1985, c. 271–277.
- ↑ Achundov T. Sites des migrants venus du Proche-Orient en Transcaucasie, in Les cultures du Caucase (VIe — IIIe millénaires avant notre ère). Leurs relations avec le Proche Orient, B. Lyonnet ed., Éditions Re-cherche sur les Civilisations, CNRS Éditions: Paris, 2007, p. 95–122.
- ↑ 1 2 Бахшалиев В.Б. Археологические исследования поселения Нахчыван Тепе // РА. № 2. 2019. С.114–128.
- ↑ This work was supported by the Science Development Foundation under the President of the Republic of Azerbaijan — Grant № EİF-KETPL-2–2015–1(25)-56/47/5.
- ↑ Alməmmədov X. 2018. Cənubi Qafqaz Neolitində yeni social-mədəni məkanın-Qarabağın erkən oturaq əkinçi mədəniyyətinin təşəkkülü // AA. 2018. № 21/1. S. 152–176
- ↑ Е.В. Бахшалиев, В.Б. Бахшалиев. Неолитический Слой Последния Нахчыван Тепе. Росийская Археология, 2021, № 2, с. 186-196.[1]
- ↑ Baxşəliyev V., Quliyeva Z., Baxşəliyev E., Həşimova T., Mehbalıyev K. Naxçıvantəpədə 2018-ci ilin arxeoloji araşdırmaları. Naxçıvan: Əcəmi. 2019. 136 s.
- ↑ Alməmmədov X. 2018. Cənubi Qafqaz Neolitində yeni sosial-mədəni məkanın — Qarabağın erkən oturaq əkinçi mədəniyyətinin təşəkkülü // AA. 2018. № 21/1. S. 152–176.
- ↑ Бахшалиев В.Б новые энеолитические памятники на территории нахчывана// Российская археология, 2014, № 2, c. 88–95; Бахшалиев В.Б. Новые материалы эпохи неолита и энеолита на территории Нахчывана // Российская археология, 2015, № 2, с. 136–145
- ↑ Khademi N., F., Abedi A., Glascock M. D., Eskandari N. and Khazaee M. Provenance of prehistoric obsidian artifacts from Kul Tepe, Northwestern Iran using X-ray fluorescence (XRF) analysis // Journal of Archaeological Science, 2013, 40. p. 1956–1965.
- ↑ Hamlin C. Dalma Tepe, Iran, 13, 1975, pp. 111–127.
- ↑ Voigt M. M. Hajji Firuz Tepe, Iran: The Neolithic Settlement. Philadelphia: University of Pennsylvania, 1983, p. 20.
- ↑ Solecki R. L. and Solecki R. S. Tepe Sevan: A Dalma period site in the Margavar valley, Azerbaijan, Iran, Bulletin of the Asia Institute of Pahlavi University, 3, 1973, pp. 98–117.
- ↑ Henrickson. E. F. and Vitali. V. The Dalma Tradition: Prehistoric Inter-Regional Cultural Integration Highland Western Iran, Paleorient, Vol. 13, № 2, 1987, pp. 37–45.
- ↑ Abedi A. Iranian Azerbaijan Pathway From The Zagros To The Caucasus, Anatolia And Northern Mesopotamia: Dava Göz, A New Neolithic And Chalcolithic Site In NW Iran. Mediterranean Archaeology and Archaeometry, Vol. 17, № 1 (2017) pp. 69–87.
- ↑ Hamlin C. Dalma Tepe // Iran. № 13. 1975. P. 111–127.
- ↑ Zeynivand, M., Hariryan, H., Heydarian M. The Dalma Settlements of Songhor and Koliyaei Plains, Central Zagros // IJAS. № 3. 2013. Р. 39–4
- ↑ Abedi A., Omrani, B., Karimifar A. Fifth and fourth millennium BC in north-western Iran:Dalma and Pisdeli revisited // DP. XLII. 2015. Р. 321–338.
- ↑ 1 2 Abedi, Khatib, Shahidi H., Chataigner , Ch., Niknami, K., Eskandari, N., Kazempour, M., Pirmohammadi, A., Hoseinzadeh, J. And Ebrahimi Gh. Excavation at Kul Tepe of (Jolfa), North-Western Iran, 2010: First Preliminary Report // ANES. 2014. № 51. P. 33–167.