Musa Eliyev - Wikipedia
Musa Mirzə oğlu Əliyev (29 mart (11 aprel) 1908, Şamaxı – 4 may 1985, Moskva) — Azərbaycan alimi və dövlət xadimi, geologiya-mineralogiya elmləri doktoru (1957), professor (1957), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1950) və 1950–1958-ci illərdə bu qurumun prezidenti.
Musa Əliyev | |
---|---|
1 aprel 1950 – 1958 | |
Əvvəlki | Yusif Məmmədəliyev |
Sonrakı | Yusif Məmmədəliyev |
1 avqust 1947 – 23 aprel 1950 | |
Əvvəlki | Geğam Antelepyan |
Sonrakı | Əli İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart (11 aprel) 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 4 may 1985 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | geologiya, paleontologiya |
|
|
Təltifləri |
Həyatı
redaktəƏliyev Musa Mirzə oğlu 11 aprel 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
Orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə "Geoloji-kəşfiyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.
Musa Əliyev Azərbaycanda mezozoy faunasının sistemli öyrənilməsinin əsasını qoymuşdur. 1936–1938-ci illərdə Zaqafqaziya Geologiya Trestinin Azərbaycan bürosunun rəisi, Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi, Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı, 1939–1941-ci illərdə rektor vəzifəsində çalışmışdır. 1941–1942-ci illərdə Moskva Neft İnstitutunun "Paleontologiya və tarixi geologiya" kafedrasının dosenti, SSRİ Xalq Neft Sənayesi Komissarlığının tədris müəssisələri Baş idarəsinin rəisi vəzifəsində işləmiş, 1941–1945-ci müharibə illərində cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasına cavabdeh olmuş və uğurlu fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdur.
Musa Əliyev 1947-ci ildə Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilmiş, 1947–1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri olmuş, SSRİ Ali Sovetinin II, III və IX çağırışlarında deputat seçilmişdir. Musa Əliyev 1950-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmiş, 1957-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini və professor elmi adını almışdır. 1950–1958-ci illərdə o, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuş, onun fövqəladə təşkilatçılıq fəaliyyəti nəticəsində orada fizika, riyaziyyat, kimya, astronomiya, iqtisadiyyat və s. elm sahələrinin inkişafına güclü təkan verilmişdir. Qısa müddətdə onun təşəbbüsü ilə onlarla elmlər doktoru və namizədi hazırlanmış, 200-ə qədər doktorant və aspirant keçmiş İttifaqın nüfuzlu elm və tədris mərkəzlərinə göndərilmişdir.
Musa Əliyevin prezidentliyi müddətində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda paleontologiya və stratiqrafiya şöbəsi yaradılmış, orada 4 laboratoriyanın fəaliyyəti bərpa edilmişdir. Akademiya şəhərciyinin layihəsinin başa çatdırılması, tikintiyə icazə alınması, Moskvada SSRİ hökumətində maliyyə vəsaitlərinin ayrılması işlərində Musa Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun müəllifliyi və redaktorluğu ilə 7 cildlik Azərbaycan geologiyası toplusu nəşr olunmuş, Şamaxı rəsədxanası, Fizika İnstitutunda "Astronomiya ekspedisiyası, astrofizika" şöbəsi yaradılmışdır.
1958-ci ildən başlayaraq Musa Əliyev Moskva şəhərinə dəvət olunmuş və SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yanar Qazıntı Yataqlarının Geologiyası İnstitutu"nun elmi işlər üzrə direktor müavini təyin olunmuşdur. Tez bir zamanda o, neftli-qazlı regionların biostratiqrafiyası laboratoriyasını təşkil etmiş, apardığı tədqiqatların coğrafiyası Qafqazı, Türkmənistanı, Qazaxıstanı, Özbəkistanı və Qərbi Sibiri əhatə etmişdir. 1967-ci ildə o, SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfinlən Əlcəzairə ezam olunmuş və bu ölkə ilə bağlanmış böyük neft müqaviləsinə 1971-ci ilə kimi rəhbərlik edərək zəngin neft-qaz yataqlarının kəşfinə nail olmuşdur.
1971-ci ildən ömrünün sonuna kimi Musa Əliyev Moskvada sözü gedən institutda keçmiş vəzifəsində çalışmışdır. O, 210 elmi əsərin, 15 monoqrafiyanın müəllifi, çoxsaylı elmlər doktorları və namizədlərinin rəhbəri olmuşdur.
Akademik Musa Əliyev 1985-ci ilin may ayının 3-də Moskva şəhərində vəfat etmiş və Bakıda, I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsas elmi nailiyyətləri
redaktəPaleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, Rusiya Elmlər Akademiyasının Yanar Faydalı Qazıntıların Geologiyası və Kəşfiyyatı İnstitututunun direktor müavini və Neftli-qazlı vilayətlərin stratiqrafik tədqiqi laboratoriyasının rəhbəri olmuşdur.
Təbaşir dövrünün inoseram faunası, sistematika və biostratiqrafiya sahəsində tanınmış mütəxəssis olmuş, Qafqazın, Orta Asiyanın, Qərbi Sibirin neft-qazlı komplekslərinin stratiqrafik tədqiqini aparmış, həmçinin Əlcazair Saxarası və Atlasların, Yaxın və Orta Şərqin regional geologiyası və neftliliyi ilə məşğul olmuşdur. Mezozoy üzrə Bakı paleontoloq və stratiqraflar məktəbinin yaradıcısıdır. Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
- 40 elmlər doktoru və namizədi yetişdirmişdir.
- 210 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.
Xatirəsi
redaktəAzərbaycan Respublikası Prezidenti 21 fevral 2018-ci il tarixində Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır[1].
Akademik Musa Əliyevin ömrünün son illərində qələmə aldığı gündəlikləri əsasında 2022-ci ildə jurnalist Nadejda İsmayılovanın kitabı işıq üzü görüb.[2]
Kitabı
redaktəMusa Əliyevin "Ömrüm" memuarı haqqında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli yazır:
"Fikrimcə, akademik Musa Əliyevin "Ömrüm" memuarı kimi qiymətli tale romanı görkəmli alim və tanınmış dövlət xadiminin yaşadığı dövrün konyukturalarından uzaq olan müstəqil bir akademik baxışın, daxilən, mənəvi cəhətdən azad olan obyektiv düşüncənin təbii əks-sədası olaraq yazılmışdır. Bizə görə, "Ömrüm" memuarının bir şəxsiyyətin tale romanı olmaqla, həm də geniş mənada böyük bir tarixi epoxanın salnaməsi kimi ümumiləşməsinin əsas səbəblərindən biri, bəlkə də ən birincisi onun müəllifinin şəxsiyyətə dəyər verərkən yaşadığı cəmiyyətin azad və müstəqil baxışının aparıcı siması meyarı ilə qiymətləndirməsi ilə əlaqədardır. "Ömrüm" memuarına təqdim olunan dövr və haqqında danışılan şəxsiyyətlər məhz həmin meyar əsasında işığı və ya qaranlığı təmsil edənlər kimi səciyyələndirilir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövründə, ölkəmizin tam ərazi bütövlüyü və suverenlik qazandığı tarixi bir mərhələdə "Ömrüm" memuarının Azərbaycan dilinə tərcümə edilməsi və kitab halında yüksək poliqrafik səviyyədə nəşr olunması da tamamilə qanunauyğun olub, hazırkı azad və demokratik bir cəmiyyətdə şəxsiyyətin müstəqil düşüncəsinin ölkəsinin müstəqilliyi ilə üzvi vəhdət təşkil etməsinin təntənəsini əks etdirir. Akademik Musa Əliyevin və "Ömrüm" kitabında onun əqidə və əməl dostları olaraq təqdim edilən görkəmli işıqlı simaların ağrısı da və ən böyük arzuları da məhz bundan ibarət idi".[3] |
İstinadlar
redaktə- ↑ Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2018-03-29 at the Wayback Machine. president.az, 21.02.2018 (az.)
- ↑ ATV. "Musa Əliyeva həsr olunmuş kitabın təqdimatı keçirilib" (az.). Youtube.com. 14.09.2022. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-14.
- ↑ "Akademikin tale romanı və dövrün akademik salnaməsi - İsa Həbibbəyli yazır". 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.