Mirze Eli Mocuz - Wikipedia
Mirzə Əli Hacı Ağa oğlu Möcüz (29 mart 1873, Şəbüstər, Qacar İranı – 25 sentyabr 1934, Şahrud, İran) — Azərbaycan şairi.[1]
Əli Möcüz Şəbüstari | |
---|---|
Mirzə Əli Hacı Ağa oğlu Möcüz | |
Doğum tarixi | |
Doğum yeri | Şəbüstər, Qacar İranı |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Şahrud, İran |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | satira |
Mirzə Əli Möcüz Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirzə Əli Hacı Ağa oğlu Möcüz Güney Azərbaycanının Güney mahalının Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. Möcüzün atası Hacı ağa işlə bağlı tez-tez İstanbula səfər edərmiş[2]. Hətta iki böyük oğlunu Hüseyn və Həsəni ora aparmış və orda yaşamaq üçün şərait yaratmışdır. Kiçik oğlunu Mirzə Əlini öz yanında saxlamışdır. Mirzə Əli ilk təhsilini öz vətənində Şəbustərdə molla məktəbində almışdır. On altı yaşında ikən atası vəfat etmiş, yetim qalan uşağı qardaşları İstanbula çağırmışdılar. Möcüz 16 il İstanbulda yaşamış, tədris ləvazimatı satmaqla məşğul olmuşdur. İstanbul mühiti Möcüzə təsirsiz qalmamışdır. O, vaxtını çoxunu mütaliə ilə keçirmiş, Şərq ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı həvəslə izləmişdir[3]. Vətənə qayıdandan, öz vətəninin müasir həyatdan çox geri qaldığını görəndən sonra öz intibalarını, təəssüratını şeir ilə ifadəyə çalışmışdır. Möcüz vaxtını məşhur alim və mütəfəkkir Şeyx Mahmud Şəbüstərinin məqbərəsinə xidmətdə keçirmiş, vətəndaşlarının cəhalətdən qurtulması və mədəni həyata çıxması üçün çox səy göstərmişdir[4][5].
Təhsili
redaktə1921-ci ildə Nəcəfdə dini təhsil alıb Şəbüstərə qayıdan Hacı Mirzə Kazım ağa Şəbüstərinin fətvası ilə şair daha çox təqib və təhqirlərə məruz qalır. Yaradıcılığı lağa qoyulur, şərəf və ləyaqətinin alçaldılmasına cəhd edilir[6]. 1925-ci ildə “Molla Nəsrəddin” jurnalının verdiyi məlumata görə, iş hətta o yerə gəlib çatır ki, Hacı Mirzə Kazım ağa Möcüzün təkcə Şəbüstərdən yox, ümumiyyətlə, İrandan qovulmasını tələb edib. Şəbüstərdə mövhumatçı ünsürlərin müqavimətini qıraraq 1932-ci ildə birinci dəfə qız məktəbi açan, qadın azadlığını kəskin və təsirli sözləri ilə müdafiə və təbliğ edən Mirzə Əli Möcüz olmuşdur[2]. Şeirlərindən göründüyü kimi, Möcüz əsrimizin əvvəllərindən başlayaraq sürətlə inkişaf edən Azərbaycan inqilabi-demokratik ədəbiyyatını, "Molla Nəsrəddin"i və Sabir şeirini xüsusi diqqətlə oxuyur və sevirmiş[7]. 1930-1933-cü illərdə irticaçıların Möcüzə hücumları daha da güclənir və sərtləşir. Hacı Mirzə Kazım ağanın təzyiqlərinin son həddə çatması nəticəsində fiziki cəhətdən zəifləyən şair mənəvi cəhətdən də sarsılır və çıxış yolunu Şəbüstərdən köçməkdə görür. Bacanağı Xətibzadənin dəvəti ilə Şahruda gedir. Şair 1933-cü ildə gözlənilmədən Şəbüstəri tərk edərək Şahruda köçür. Onun Şəbüstəri tərk etməsinin səbəbi, dostu M.Məmmədəliyə ünvanladığı bir şeirində mürtəce qüvvələrin təzyiqi ilə onu "dinsiz və imansız" elan etmişdilər doğma şəhəri tərk etdiyini bildirir. Möcüz, Şəbüstər kimi unudulmuş bir güşədə yaşasa da, əsərlərinin müqabilində çox təkfir və təhqirlərə uğrasa da, iradəsi qırılmamış, həmişə Mirzə Ələkbər Sabir cəsarəti və sayıqlığı ilə yazmışdır. Məişətin ən xırda məsələlərindən (küçənin palçığı, samavar xərci, çiçək və qızılca xəstəliyindən şikayət) tutmuş ən böyük ictimai məsələlərə, ən zəruri siyasi hadisələrə qədər (Məhəmmədəli şah irticası, varlıların mədəni tədbirlərə qarşı durması, vergilər, Birinci Dünya müharibəsində Alman imperalizminin törətdiyi qırğın və təcavüzlər) geniş mövzu dairəsi Möcüzün əsərlərində xüsusi bir üslub ilə əks olunmuşdur. Möcüz Cənubi Azərbaycanda Sabir ədəbi üslubunu davam etdirən demokratik ruhlu, sadə, ana dilində yazan qüvvətli bir xalq şairi olmuşdur. Yaradıcılığında vətənpərvərlik və milli azadlıq ideyalarının tərənnümü, maarif və mədəniyyətə çağırış da mühüm yer tutur. Ana dili uğrunda mübarizədə fəal iştirak etmiş, şeirlərini sadə xalq dilində yazmışdır. Onun bir sıra şeirləri çap olunmazdan əvvəl ağızdan-ağıza yayılmış, şöhrət tapmışdır[3].
Şahrud mərhələsi
redaktəM.Ə.Möcüzün Şahruda köçməsinin səbəbi mürtəce qüvvələr tərəfindən «dinsiz və imansız» elan olunması və bütün fəlakətlərin baiskarı hesab edilməsi olmuşdur[8][9]. Şəbüstərdə qalıb yaşamaqdan bezərək bu «dar qəfəs»dən yaxa qurtarmağın yolları haqqında düşünməyə başlamışdır. Möcüz Şəbüstərdən çıxanda pərəstişkarlarından 20 nəfər onu müşayiət etmiş, Təbrizə çatan şair bir neçə gün dostu Hacı Məhəmməd Naxçıvaninin evində qonaq qalmış, orada qısa tərcümeyi-halını yazmış, Ə.Naxçıvani isə onun bizə məlum olan son foto şəklini çəkmişdir. Möcüzün Şahruda köçməsinin təsvirini verən üç əsərin içərisində ilk dəfə tədqiqata cəlb etdiyimiz «Etdim vida cənabuvi çün leyli-taridə» misrası ilə başlayan məktubda isə şairin Təbrizdən yola salınmasından başlayaraq Şahrudda qarşılanması, müşahidələri, düşüncələri, keçirdiyi hislər, Şahrudun təbiəti, əhalisi və adət-ənənələri haqqında daha dolğun və ətraflı məlumat verir. Məktubdan birinci növbədə o aydın olur ki, Möcüz Şahruda qonaq kimi yox, güzəranını təmin etmək üçün haqqı ödənilən hər hansı bir işlə məşğul olub heç kimə möhtac olmadan həmişəlik orada yaşamaq fikri ilə getmişdir. Şairin Şahruddan yazdığı məktublarından məlum olur ki, Möhdəvi Nadir onun qarşılanmasını da çox yüksək səviyyədə təşkil etmişdir. Təbrizdən yola salınan Möcüz 2 gün Tehranda Möhdəvi Nadirin yeznəsi Həmiddövlənin evində qonaq qalmış, ev sahibi onu paytaxtın bəzi yerləri ilə tanış etmişdir. Şahrudda şəxsən Mövdəvi Nadir tərəfindən böyük ehtiramla qarşılanan şair, 10 gündən sonra Səriyyə xanımla birlikdə Şəfi xanın müşayiəti ilə Möminəbad kəndinə – öz püstə bağlarında məhsul yığımı ilə məşğul olan baldızı Lətifə xanımın görüşünə getmişdir. Sonra şairi Möhdəvi Nadirin yaxın qohumları və dostları, fars ziyalılarından Sadıq xan Möminəbadda, İntisari-Səltənə, Əbülfət xan, Etizad Əbdülabadda, Heşmət Salehabadda öz evlərinə qonaq dəvət etmişlər.Möcüzün həyatının bir illik Şahrud mərhələsi onun mənəvi sarsıntıları, yaradıcılığının durğunluq dövrünə qədəm qoyması və ömrünün sona çatması ilə səciyyələnir. M.Ə.Möcüz 1934-cü il sentyabrın 25-də İranın Şahrud şəhərində vərəm xəstəliyindən vəfat etmişdir.
Əsərləri
redaktəOnun Şahrudda yazdığı həm mətbu, həm də qeyri-mətbu şeirlərinin hamısında "Etdim vida cənabuvi çün leyli-taridə", "Şahruda məktub", "Əli can","Fəraqi-dustan", "Məmmədəliyə məktub" daha çox lirik ovqat hakimdir[10]. Şair 1933-cü ildə, ömrünün son dövründə Təbrizdə olduğu zaman özünün tərcümeyi-halını yazmışdır. Mirzə Əli Möcüz xalqının və öz həyatının ağır, fəlakətli günlərinin real əksini Mirzə Ələkbər Sabirin şeirlərində görmüş və buna görə də "Mən xalqımı Sabir kimi oyadacağam" demişdir. Şeirlərinin yalnız ikisi "Olsun gərək", "Şəbüstəri hamamları" sağlığında çap olunmuşdur. Bütün əsərlərində satira və duzlu yumor hiss olunur. "Canlı cənazə", "Külliyyati-Divani Mirzə Əli Möcüz" adlı əsərlər məcmuəsi İrandan Bakıya, Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasına göndərilmişdi. "Qələm", "Ziyafət və Fəlakət", "Qəl başım üstə", "Millət", "Yoxdur əlac, söylədi dərdi-cəhaləti", "Olar olmaz", "Etibarım var", "İnqilab", "Meyvə ver mənə", "Sultan malıdır", "Ey Müsəlmanlar", "O tərəfdə bu tərəfdə", "Mən neyləyim", "Dedilər", "Gündə", "Var" və s.
Mənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1983, VII cild, səh. 81;
- Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
İstinadlar
redaktə- ↑ МӨҸҮЗ // Азәрбајҹан Совет Енсиклопедијасы. 10 ҹилддә. Баш редактор Ҹ.Б. Гулијев. VII ҹилд. сәһ. 81-82
- ↑ 1 2 Fərğani M.C. Müxtəsəri-əz tarixe-Şəbüstər (məhdi-fərhəng və əbrare-an). Tehran: Enteşarate-asare-moaser. 1381 ş. 175 s.
- ↑ 1 2 Şeyda Y. Şəbüstərli Möcüz haqqında qısa məlumat/ Şəbüstərli Mirzə Əli Möcüz. Tazə və çap olunmamış əsərləri. Toplayanı Y.Şeyda. III c. Təbriz: Azərbaydaqan, ilsiz. 56
- ↑ Qurraie H.S. Modernity and Identity in Azeri Poetry: Mo`juz of Shabustar and the İranian Constitutional Era. Doktorluq dissertasiyası. Vaşinqton Universiteti. 1997, 268.
- ↑ Niqabi M. Şəbüstərli Mirzə Əli Möcüz. «Ərk» qəz., Təbriz: 1992, 15 iyun.
- ↑ Möcüz M.Ə. Müxtəlif avtoqrafları. S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi. M.Ə.Möcüzün fondu № 454, siy. 1, İş № 1-121.
- ↑ Möcüz M.Ə. Seçilmiş əsərləri / Toplayan və tərtib edən Q.Məmmədli. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1954, 358 s. .
- ↑ Zehtabi M.T, Şəbüstərli Mirzə Əli Möcüzün həyatı// Əhrar jur., Təbriz: fevral 2002, s. 49-51.
- ↑ Məmmədli Q. Mirzə Əli Möcüz (müqəddimə)/ M.Ə.Möcüz. Əsərləri. Bakı: Yazıçı, 1982, s. 5-18.
- ↑ Möcüz M.Ə. Seçilmiş əsərləri / Toplayan və tərtib edən Q.Məmmədli. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1954, 358 s.