Miniatur Kitab Muzeyi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Miniatür Kitab Muzeyi — 2002-ci il aprelin 23-dən Bakı şəhərində fəaliyyət göstərən dünyada ilk özəl miniatür kitab muzeyi. Muzey İçəri Şəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşir.
Miniatür Kitab Muzeyi | |
---|---|
Əsası qoyulub | 2002 |
Açılış tarixi | 2 aprel 2002 |
Ölkə | |
Yerləşir |
Azərbaycan,Bakı İçərişəhər, 1-ci Qəsr döngəsi, 67 |
Kolleksiyası | 8000-dən çox kitab |
Direktor | Zərifə Salahova |
Telefon | (+994 12) 492-94-64 |
İş rejimi |
Bazar ertəsi və cümə axşamından başqa, hər gün saat 11.00-dan 17.00-dək |
Bilet | Giriş Pulsuzdur |
40°21′59″ şm. e. 49°49′57″ ş. u.HGYO | |
minibooks.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Təsisçi
redaktə20 aprel 2000-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən özəl Miniatür Kitab Muzeyi qeydiyyata alındı. 23 aprel 2002-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin tarixi hissəsində - “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğunun ərazisində, Şirvanşahlar Sarayının (XIV əsr) yaxınlığında dünyada ilk və hələ ki, yeganə olan özəl Miniatür Kitab Muzeyi fəaliyyətə başlamışdır. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılmışdır.
Xüsusiyyətləri
redaktə1982-ci ilin noyabrında Moskvada, Ümumittifaq könüllü kitabsevərlər cəmiyyətində Zərifə Salahovaya 23 rubla I Krılovun 1835-ci ildə buraxılmış təmsillərinin tam külliyatının kiçik formatlı faksimil nəşrini əldə etməyi təklif edirlər. Bu qiymət o zamanlar üçün böyük rəqəm olsa da, Zərifə Salahova o kitabları almaq qərarına gəlir və qiymətini ödəyərək anbara kitabları götürməyə gedir. Elə həmin yerdə o, ilk dəfə miniatür kitab görür və həmin gündən də kolleksiyanın təməli qoyulur. Onun tərəfindən 36 il ərzində dünyanın 80 ölkəsində çap edilmiş 8700-dən çox miniatür kitab toplamışdır. Bu gün muzeydə 145 kv.m. sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı) 5600 miniatür kitab, o cümlədən, Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75x75 mm qədər olan 3370 ədəd miniatür kitab nümayiş etdirilir [1]. Keçmiş SSRİ-da səhifə ölçüsü 100x100 mm olan kitablar miniatür sayılırdı və təbii ki, miniatür kitablar muzeyində təqdim edilən kolleksiyada da həmin dövrün ölçülərinə müvafiq olan mini kitablar nümayiş edilir. Ekspozisiyanın "Azərbaycanda nəşr olunmuş miniatür kitablar", "Nadir miniatür kitablar", "Dini ədəbiyyat miniatür kitablarda", A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş "Evgeni Onegin" poemasınında daxil olduğu "Puşkiniana" kimi bölmələri böyük maraq doğurur. Onların arasında "H.Əliyev. Əsrin müqaviləsi" kimi 1998-ci ildə Bakıda nəfis tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci ildə Londonda buraxılmış "İngiltərə tarixi" və digər nadir nüsxələr diqqəti xüsusilə cəlb edir. Muzeyə gələnlər Azərbaycan, Rusiya,ABŞ,Yaponiya,İngiltərə,Fransa, İtaliya,Almaniya,Çexiya,Slovakiya, Macarıstan,Kuba,isveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər. Dünyanın 62 ölkəsində çap olunan, olduqca rəngarəng kitablar seyrçilərə təqdim olunur. Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar – "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2×2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir, onlar da öz növbəsində 50-100 işarə göstərilir. Onların oxunması üçün öz lupası da var. Ekspozisiyanın bəzəyi olan kitablardan 1964-cü ildə Münhendə (Almaniyada şəhər) çap olunan 3,5×3,5 millimetrlik 4 kitabça, SSRİ-də çap olunan "Puşkiniana" mövzulu 19 kitabça, atalar sözləri və məsəllər külliyatını misal kimi göstərmək olar. 1985-ci ildə Moskvada "Kniqa" nəşriyyatı "Möcüzələr möcüzəsi" adlı 6×9 mm-lik A.S.Puşkinin və A.M.Qorkinin portret və kəlamlardan ibarət 5 cildli kitab nəşr edir. Bu kitabda 24 səhifə və hər səhifədə 9 sətir var. O vaxtlar bu kitabdan cəmisi 200 nüsxə çap olunub. Muzeydə dini mövzulu nadir kitablara da rast gəlmək olar. Bu, əsasən XVII əsrə aid olan Quran nəşrləri, 4 cildli "İncil" (1906), katolik dua kitabçası, Tövrat, "Buddist hekayələri" və sairədir.
Nadir kitabların ümumi tirajı yüksək olmur. Bəzən belə kitabların tirajı heç 100-ə çatmır. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən "qoca" kitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Quran kitabıdır. Muzeydə məşhur "Beatles" qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan mini kitab da var.
Muzeyin fondları yeni nəşrlərlə, habelə hədiyyə edilən nəşrlərlə daimi zənginləşdirilir. Muzeydə olan 4300 kitab 35 vitrində nümayiş olunur. Bundan əlavə, muzeyin ehtiyat fondunda 6000-dən çox kitab vardır. Muzeydə kitab ekspozisiyalarının yerləşdirilməsi prinsipi aşağıdakı kimidir: zalın mərkəzində, girişlə üzbəüz 3 vitrin quraşdırılmışdır:
I vitrində - Azərbaycanda nəşr edilmiş kitablar, sağda,
II vitrində - mikrokitablar və nadir nəşrlər, solda,
III vitrində - dini mini kitablar nümayiş etdirilir.
Zalın mərkəzindən solda 4-22 saylı vitrinlərdə 1991-ci ildən sonra keçmiş SSRİ respublikalarında və Rusiya Federasiyasında nəşr edilmiş nadir miniatür kitablar, eləcə də, dahi şəxsiyyətlərin imzaları ilə olan miniatürlər sərgilənir. Sağda, 23-38 saylı vitrinlərdə yaxın və uzaq xarici ölkələrdə nəşr edilmiş miniatür kitablar nümayiş etdirilir, girişdən solda yerləşən 39 saylı vitrində isə ABŞ rəssamları tərəfindən Muzeyə hədiyyə edilən 47 ekskluziv miniatürlər nümayiş etdirilir.
Filiallar
redaktə18 dekabr 2014-cü ildə Naxçıvanda Məmməd Səid Ordubadi adına kitabxanada Miniatür Kitab Muzeyinin filialı açılıb. Filial ilkin olaraq Bakıdan gətirilmiş 1000 ədəd və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kolleksiyasında 83 minatur kitabdan ibarətdir.[2]
21 may 2016-cı ildə Miniatür Kitab Muzeyinin Gəncə filialı fəaliyyətə başlayıb. Burada 15 vitrində 29 ölkədə nəşr olunan yüksək poliqrafiya səviyyəsində çap edilən 1045 nüsxə[3] miniatür kitab nümayiş etdirilir. Vitrinlərdə rus, türk, ingilis, alman, ərəb, gürcü və digər dillərdə çap olunmuş kitabları görmək mümkündür.[4]
2017-ci ildə Miniatür Kitab Muzeyinin Şəki filialı fəaliyyətə başlayıb. Burada 6 vitrində 26 ölkədə çap edilən 620 nüsxə miniatür kitab nümayiş etdirilir.[5]
Eksponatlar
redaktəİstinadlar
redaktə- ↑ Miniatür kitab muzeyi / Z. Salahova. - S. 1-2.
- ↑ Şirməmməd Nəzərli. "Miniatür Kitab Muzeyinin Naxçıvanda filialı açılılıb" (az.). İnterAz. 18.12.2014. 2018-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
- ↑ ARB 24. "Gəncə Miniatür Kitab Muzeyindən reportaj" (az.). Youtube.com. 09.02.2017. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-09.
- ↑ Kəpəz TV. "Miniatür Kitab Muzeyinin Gəncə filialı" (az.). Youtube.com. 09.08.2016. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-10.
- ↑ CBC. "Miniatür Kitab Muzeyinin filialı açılıb" (az.). Youtube.com. 09.11.2017. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Miniatür kitab muzeyi Arxivləşdirilib 2010-12-12 at the Wayback Machine
- gomap.az
- icom.azeurotel.com Arxivləşdirilib 2011-10-12 at the Wayback Machine
- worldaz.azeriblog.com Arxivləşdirilib 2010-08-20 at the Wayback Machine
- journaleast.wordpress.com
- Dünyada ilk və yeganə muzey
- Dünyanın ən zəngin xanımı: "Heydər Əliyev məndən soruşdu ki, bunların hamısı sənindi?" - FOTOLAR
Muzey haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |