Milli Birlik Meclisi - Wikipedia
Milli Birlik Məclisi — Azərbaycan mühacirətinin Avropada fəaliyyət göstərmiş siyasi təşkilatı.
Tarixi
redaktə1943-cü ildə Berlində keçirilən ümum-Azərbaycan qurultayında Əbdürrəhman Düdənginskinin fəallığı ilə Azərbaycan Milli Birlik Məclisi yaradıldı. Onun tərkibində Ə. Düdənginski, Abbasqulu Abbasov, Vəli Əkbərov, İslam Əliyev, Abbas bəy Atamalıbəyov, Rəhim Babayev, Ceyhun Hacıbəyli, Hacı Hacınski, Cahangir bəy Balakişiyev, Cahangir Kazımbəyov, Cəlil İsgəndərli, İsrafil İsrafilov, Ənvər Qazıyev, Məcid Qarsalanlı (Musayev), Nüşi bəy Zülqədərov, Cabbar Məmmədov, Səbzəli Məmmədov, Fərman Məmmədov, Oruc Süleymanov, Zahid Xoyski, Fuad Əmircan, Valiyyə Kazımbəyli daxil oldular.[1] Yaranan bu qurum Məhəmməd Əmin Rəsulzadənin ətrafında birləşən əski Azərbaycan mühacirlərinə müxalif mövqedə dayanırdı. Müsavat Partiyası belə bir təşkilatı tanımadığını bəyan edərək bildirdi ki, "Azərbaycan Milli Birlik Məclisi" deyilən bir təşkilatdan qətiyyən xəbərimiz yoxdur. Mövcud olmayan bir təşkilat namına söz söyləmək ümumi əfkarı göz görə-görə aldatmaqadır."
1952-ci ilin oktyabrında Münhen şəhərində 4 rus mühacir partiyası 5 qeyri-rus mühacir təşkilatının nümayəndələri "Vesbaden anlaşması" ilə "Bolşevik Əleyhdarlarını Əlaqələndirmə Mərkəzi"ni yaradıldı. Bu anlaşma bütün rus və qeyri-rus millətlərin 1917-ci ilədək olan haqqlarını tanıyır, millətlərin öz müqəddəratlarını təyin etməsini isə bolşevik işğalından qurtuluşun ardından keçirilməsi planlanan referendumlara buraxırdı. Ukrayna nümayəndələri bu iclasa qatılmasa da, Qafqaz xalqlarının nümayəndələri qatılmışdı. Azərbaycan adından toplantıya Milli Birlik Məclisi çağrılmışdı. Müqaviləni qurumun adından Ceyhun bəy Hacıbəyli, Əkbər ağa Şeyxülislamov və İ. Əkbər imzaladı.[2] Bu müqavilənin imzalanması Azərbaycan mühacirlərinin kəskin hiddətinə məruz qalmışdılar.[3] Nağı bəy Şeyxzamanlı xatirələrində bu müqavilənin imzalanmasının "istiqlaliyyətin elanının yox sayılması" mənasına gəldiyini qeyd edir və müqaviləyə imza atanları kəskin tənqid edirdi.[2]
1953-cü ildə Əlaqələndirmə Mərkəzində artan daxili ixtilaflar onun iki yerə parçalanması ilə nəticələndi. Amerikalıların və ingilislərin maliyyə yardımı kəsildikdən sonra əlaqələndirmə mərkəzlərinin hər ikisi dağıldı. Milli Birlik Məclisinin orqanı olan "Azərbaycan" jurnalının nəşri dayandı. Ə. Fətəlibəyli 1954-cü ildə qətlə yetirildikdən sonra Milli Birlik Məclisinin də fəaliyyəti sona çatdı.
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Nağı bəy Şeyxzamanlı. Nağı Bəy Şeyxzamanlı – “Xatirələr”. Bakı: Xan nəşriyyatı. 2016.
- İbrahimli X., Azərbaycan siyasi mühacirəti (1920–1991), B., 1997
İstinadlar
redaktə- ↑ Əmrahov, Mais. XX əsrdə Azərbaycanda milli-azadlıq hərəkatı (PDF). Bakı: ADPU nəşriyyatı. 2009. 289–290. 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-24.
- ↑ 1 2 Şeyxzamanlı, 2016. səh. 219-225
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, "Lider nəşriyyat", Bakı-2005, səh. 197