Mars - Wikipedia
Marş (fr. marche – addımlamaq, irəli hərəkət etmək) — 4/4 ölçülü, xanədə dəqiq ritmə malik pyes (nadir hallarda 2/4 və ya 6/8 ölçüdə olur), kollektiv yürüşü müşayiət etmək üçün nəzərdə tutulur. Marş musiqisindən addımlayan insanların hərəkətini birləşdirmək üçün onlarda müəyyən əhval–ruhiyyə yaratmaq üçün istifadə olunur.
Tarixçə
redaktəMarş musiqisinin yaradıcıları atlı türk xalqları idi. Osmanlı İmperiyasının yaranması və böyüməsiylə də bu musiqi janrı dünya xalqlarına tanınmış olur. Türklər döyüşə davul, zurna, nağarayla gedirdilər: bir yandan öz əsgərlərində ruh yüksəkliyi, o biri yandan rəqibi qorxutmaq üçün[1][2]. Məsələn:Vatan beni yetişdirib bu ellere yolladı Bu toprakdan kurban dedi Allah ısmarladı….
Avropada hərbi musiqi
redaktəOsmanlı İmperiyasının hərbi hissələri içərisində ən məşhuru 1362-ci ildə I Muradın yaratdığı Yanıçar ordusu olmuşdur. Yanıçarların özlərinin orkestri var idi. Bu orkestrin üzvlərinin və alətlərinin sayı həmin orkestrin kimin sərəncamında olmasından asılı idi. Orkestr sultanı həmişə müşayiət edib, saray qaydalarına uyğun olaraq, bütün təntənəli mərasimlərdə iştirak edirdi. Hətta namazların vaxtını da xəbər verirdi.
Yanıçar orkestrində əsas musiqi alətləri zurna, boru, duval, nağara, zil simbal, bəm simbal və zınqırovlu qaval idi. Yanıçar orkestri yalnız qədimliyi, orijinallığı ilə fərqlənmir. Onun ən mühüm cəhəti bundan ibarətdir ki, Yanıçar orkestri Avropada musiqinin, xüsusilə də hərbi musiqinin inkişafına geniş təkan verib. XVIII əsrdə bütün qonşu xristian dövlətləri, yəni osmanlıların düşmənləri, türklərə həsəd aparıb, onların musiqisinə heyranlıqlarını gizlətməyirdilər. 1720-ci ildə Polşanın kralı II Avqust sultandan hədiyyə olaraq tam tərkibdə bütün musiqi alətləri ilə təchiz olunmuş bir orkestr alır. Bu hadisə Rusiya imperatriçası Yekaterinada böyük paxıllıq və qısqanclıq doğurur. Vassalın gözəl bir orkestrə malik olmasına dözməyən Yekaterina sultana müraciət edir və sultan onun xahişini yerinə yetirərək, hədiyyə olaraq, tam heyətdə bir yanıçar orkestrini Rusiyaya bəxşiş edir. Rəqiblərdən geri qalmaq istəməyən Avstriya və Prussiya kralları da tezliklə saraylarını yanıçar orkestri ilə təmin edir.
XVIII əsrin axırlarında artıq Qərbi Avropada elə bir saray yox idi ki, orada yanıçar orkestri olmasın. Beləliklə də, türk musiqisi Avropa musiqisinə bir sıra alətlər – zərb alətləri – daxil edərək onu daha da zənginləşdirdi.
Yanıçarlar 1826-cı ildə sultana xəyanət edərək üsyan qaldırırlar. Üsyan yatırıldıqdan sonra yanıçar ordusu və onunla birlikdə musiqi dəstələri ləğv olunur. Tale elə gətirir ki, əsrin axırlarında türklər avropalılara müraciət edərək türk ordusu üçün hərbi musiqiçilər hazırlamağı xahiş edirlər.
Birinci dünya müharibəsindən sonra hərbi orkestrin tənəzzül dövrü başlayır. Maliyyə çatışmazlığı üzündən orduda musiqiçilərin sayı azaldılır[3].
Asiyada hərbi musiqi
redaktəHindistan
redaktəAsiya qitəsində nəfəs alətləri orkestri ən çox Hindistanda yayılmışdır. XVIII əsrin əvvəllərində Britaniya müstəmləkəçiləri tərəfindən ölkədə yaradılan orkestrlər ancaq ingilislərə və yerli varlılara xidmət edirdilər. 1947-ci ildə Hindistan müstəqillik qazanır, müstəmləkəçilər ölkəni tərk edir, varlıların əksəriyyəti öz imtiyazlarını itirirlər və bu dövrdən başlayaraq orkestrlər toy məclislərinə üz tuturlar. Toyların ancaq qışda olması, qışın çox az sürməsi ilə əlaqədar olaraq musiqiçilər kiçik müəssisələrdə birləşir və vasitəçilərin köməyi ilə sifarişləri bölüşdürürlər. Orkestrdə musiqiçilər çoxsaylı olur – 20 – 50 nəfər. Onlar geyimlərinə, bəzəklərə xüsusilə fikir verirlər, çalışırlar ki, geyimləri çox parlaq, rəncarəng olsun.
Nepal
redaktəNepalda nəfəs alətləri orkestri XIX əsrin sonunda yaradılıb və 1950-ci ilədək yalnız hökumətə xidmət edib. Bununla yanaşı ölkədə az da olsa müstəqil musiqiçilər yetişməyə başlamışdır. Nepallılar öz musiqi mədəniyyətinin qorunub saxlanması üçün Kale Nepali adlı klarnetçalana borcludurlar. O, Birinci dünya müharibəsi illərində Avropadakı döyüş meydanlarında hərbi musiqiçi olub, müharibədən sonra bir sıra orkestrlərin tərkibində konsertlərdə iştirak edirdi. Vətənə qayıtdıqdan sonra Kale Nepali Nepal kralına xidmət edib, 1951-ci ildə mülki şəxslərə orkestrdə çalmağı qadağan edən qanunun ləğv olunmasına nail olub. Məhz bu dövrdən etibarən ölkədə peşəkar musiqi sənəti xalq musiqisi ilə birlikdə uğurla inkişaf etməyə başladı.
İndoneziya
redaktəIndoneziyada nəfəs alətləri musiqisinin yayılması ölkənin portuqaliyalılar tərəfindən işğalı ilə bağlıdır. Müstəmləkə dövrü cəmi bir əsr davam etsə də, müstəmləkəçilərin mədəniyyətinin, musiqisinin, dilinin ömrü çox uzun olub. Lakin, qəribə də olsa bu ölkənin musiqi həyatına 1619-cu ildən sonra onlara sahib olan hollandiyalıların təsiri daha böyük olub. XIX əsrin əvvəllərində müstəmləkəçilərdə və yerli varlılarda, yerli musiqiçilərdən ibarət orkestrdən əlavə, digər ölkələrdən gətirilmiş orkestrlər saxlamaq dəbi yaranır. Hər sadə məmurun və hər yerli varlının ən azı bir orkestri olur. Daha böyük imkanları olanlar isə bir neçə orkestr saxlayır. Musiqiçilər bir yerdə yaşadığından heç şübhəsiz ki, bir müddət keçəndən sonra, həmkarlarının uğurlu melodiyalarını özlərininkinə qatır, get-gedə daha çox improvizasiyaya meyil edirlər. Hətta bir neçə ölkə musiqiçilərindən ibarət köçəri qruplar meydana gəlir. Onlar ən uzaq yaşayış məntəqələrinə üz tutur, toy məclislərini müşayiət edirlər. Belə köçəri orkestrlər artıq yox olmaq üzrədir. Lakin müasir Indoneziya musiqisində bir neçə ölkənin və xalqın musiqisinin təsirini indi də görmək çətin deyil.
Marş növləri
redaktəMarş xarakterinə görə müxtəlif növlərə bölünür:
- təntənəli marş
- yürüş marşı — hərbi keçid zamanı səsləndirilən marş musiqisinin bir növü[4].
- qarşılama marşı,
- matəm marşı — özünəməxsus ağır tempə, melodik intonasiya xüsusiyyətlərinə malik olub, hüznlü, kədərli xarakter daşıyır.[5]
- və s.
Hərbi hissələrdə nəfəsli orkestr tərəfindən ifa olunan nizami marşlar çox tətbiq olunur. Marş müxtəlif növlərində öz əksini tapan bədii obrazlardan instrumental musiqidə və mahnılarda istifadə edilir[6].
Örnəklər
redaktəAzərbaycan bəstəkarların marşları
redaktə- Təntənəli fanfar — (İşləyəni Baş Hərbi Dirijor Yusif Axundzadə)
- Üzeyir Hacıbəyov — Milli marş[7] (sözləri: Üzeyir Hacıbəyov)
- Üzeyir Hacıbəyov — Azərbaycan marşı 1992 ildə Azərbaycan Respublikasının dövlət himni kimi qəbul edilmişdir[8] (sözləri: Əhməd Cavad)
- Üzeyir Hacıbəyov — Döyüşçülər marşı
- Üzeyir Hacıbəyov — Qızıl əsgər marşı (sözləri: Məmməd Səid Ordubadi)[9]
- Müslüm Maqomayev (bəstəkar) — Marş-RV-8
- Ağadadaş Dadaşov — Təyyarəçilər marşı
- Azər Dadaşov — Zəfər marşı
- Cavanşir Quliyev — Əsgər marşı
- Emin Sabitoğlu — Azərbaycan əsgəriyəm
- Əfsər Cavanşirov — Gənclik marşı
- N. Musayev — 28 May marşı
- Ramiz Mustafayev — And içərik
- Ramiz Mirişli — Azəri türkləri
- Sərdar Fərəcov — Vətən dara düşəndə
- Süleyman Ələsgərov — Yürüş marşı, Gənclik mahnısı
- İlahə Qismət (bəstəkar) -Müqəddəs Vətən hərbi marş[10]
Marş xarakterli mahnılar
- Üzeyir Hacıbəyov — "O olmasın, bu olsun" operettasından "Ey kimsən orda, aç qapını, gələk səni öldürək" mahnısı[11]
- Üzeyir Hacıbəyov — "Bayram günü" mahnısı[12]
- Heyratı muğamı – Mahur-hindi muğamı kökündə gümrah, nikbin və cəngavər əhvali – ruhiyyəli zərbli muğam[13].
Türkiyə türklərinin marşları
redaktə- Mehter marşı — Ey şanlı ordu, ey şanlı asker
- Mehter marşı — Hücum marşı (Ceddin deden)
- Zafer İşleyen — Mehter marşı Ceddin deden
Türk marşları əsasında yazılmış bəstələr
redaktəİstinadlar
redaktə- ↑ "World Military Bands. Gustav Fischer – The Turkish Band". 2012-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Sevki Faruk Kanca. Mehter müziği. "Musiqi dünyası" jurnalı". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-11.
- ↑ "Azad Zahid. Nəfəs alətləri orkestrlərinin tarixindən. "Musiqi dünyası" jurnalı". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti – Yürüş marşı". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti – Matəm marşı". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti – Marş". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Üzeyir Hacıbəyov Ensiklopediyası – Milli marş". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Üzeyir Hacıbəyov elektron dərs vəsaiti – "Azərbaycan" marşı". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Üzeyir Hacıbəyov Ensiklopediyası – Üzeyir Hacıbəyovun musiqi əsərləri". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Müqəddəs Vətən. musiqisi İlahə Qismət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- ↑ "Üzeyir Hacıbəyov elektron dərs vəsaiti – O olmasın, bu olsun". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Allahverdi Xələfov – Uşaq xor ifaçılığının yaranmasında Üzeyir Hacıbəyovun rolu. "Musiqi dünyası" jurnalı". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
- ↑ "Muğam Ensiklopediyası – Heyratı". 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.