Maaflar - Wikipedia
Məaflar — Azərbaycan xanlıqlarında seçkin zümrələrdən biri, ictimai asayiş qoruyucuları. Məaf ərəbcə vergidən azad olunmuş anlamındadır. Məaf terminin türkcə sinonimi tarxandır.
Tarixşünaslıqda məaflar haqqında fərqli mülahizələr
redaktəBir çox tədqiqatçılar maafları feodal sinfinə aid edirdilər. Məsələn, Azərbaycan kəndinin istər çar Rusiyası işğalından əvvəlki, istərsə də sonrakı dövrünün tarixini tədqiq edən Ə.Ubaydulin maafları feodal sinfinə aid edərək yazırdı: «Feodal pilləsinin ən aşağı mərhələsində maaflar dayanırdılar. Onları Azərbaycanın bəzi yerlərində tərxan da adlandırırlar». İ.P.Petruşevski isə maafları kəndlilər sinfinə daxil edir: «XVIII əsr Azərbaycan kəndliləri içərisində eyni cür hüququ olmayan bir neçə qrup var idi. Onlardan, ilk növbədə, maafları qeyd etməliyik». Digər bir əsərində isə İ.P.Petruşevski maafları feodal sinfinə aid edir: «Öz ictimai vəziyyətlərinə görə bəylərdən və bəzi köçərilərdən aşağıda duran, öz vilayətlərində hərbi qulluqda və feodal dəstələrində (çərik) olmaqdan başqa torpaq sahiblərinə heç bir vergi verməyən və mükəlləfiyyət daşımayan kiçik torpaq sahibləri maaflar adlanırdılar».
Ümumiyyətlə, qafqazşünasların əsərlərində, mənbələrdə, bu məsələyə baxışda fərqli fikirlər mövcuddur. Mənbələrin və qafqazşünasların əsərlərinin çoxunda, həmçinin, müasir alimlərin əsərlərində məaflar feodal sinfinə aid edilirlər, feodal pilləsini təsvir edərkən onları sonuncu pillədə saxlayırdılar.
Məafların sosial zümrə kimi formalaşması haqqında
redaktəMəaflar və ya ərəbcə muaflar vergi və mükəlləfiyyətlərdən azad edilənlər deməkdir. İ.P.Petruşevski qeyd edirdi ki, maaflar müsəlman dünyasında XI əsrdən məlumdur. «Bu termin geniş mənada divana, öz sahibkarlarına, kollektivinmi, fərqi yoxdur, kimin xeyrinə olursa-olsun, vergi verməkdən azad olunmuş hər bir şəxsə, yaxud hər bir kollektivə (kənd icması) deyilirdi». Buradan aydın olur ki, vergi və mükəlləfiyyətdən azad olmuş kəndlilər maaflar adlanırdılar, həm də təkcə kəndlilər deyil, vergidən azad olunmuş kənd icması da maaf adlanırdı.
Məsələn, Quba xanı özünün xüsusi fərmanı ilə Xudat kənd cəmiyyətini sədaqətli xidmət müqabilində vergidən azad etmişdi. Quba xanlığının Rusiya tərəfindən işğalı ərəfəsində verilmiş bu fərmanda deyilirdi: «Nəcabətli keşikçiləri (yaxud icması) olan Xudat cəmiyyəti maaf elan olunur və vergi verənlər siyahısından çıxarılırlar. Onlara toxunanlar (alçaldanlar) allahın qəzəbinə və peyğəmbərin nifrətinə (qarğışına) düçar olacaqlar. Bu cəmiyyətdən heç bir vergi və mükəlləfiyyət icrası tələb olunmasın».
Fərmanın mətnində maaf termini işlədilir. Belə güman etmək olmaz ki, Xudat kəndi vergidən azad edilsə də, onun camaatının hamısı maaf idi. Ə.Ubaydulin maafları Qərbi Avropa cəngavərləri ilə eyniləşdirirdi. Lakin sənədlərdən görünür ki, maaflar feodal, yaxud torpaq sahibkarları sırasına daxil edilmirdi. Kənddə yaşayan həmkəndlilərindən fərqli olaraq hərbi mükəlləfiyyət daşıyan və heç bir vergi verməyənlər maaflar hesab edilir.
Qarabağ xanlığında maaf adı daha çox işlək idi. Hərbi qulluqda və ya mülkü xidmətdə göstərdikləri müəyyən səylərə görə adi şəxslər xanlardan tarxanlıq torpaq, mülk, soyurqal alırdılar. Onlar xan fərmanı, təliqəsi ilə hər cür mükəlləfiyyətlərdən azad olunurdular. Vergidən azad şəxslərə maaflar deyirdilər.
Bir arxiv sənədində deyilir: "maaflar vəzifəsi ondan ibarətdir ki, xanların hökmü ilə düşmənə qarşı hücuma göndərilir, yerli rəislərin göstərişlərini yerinə yetirir, gözətçilərə başçılıq edir, ancaq xəzinəyə vergi vermirdilər".[1]
Maaflıq həm bir şəxsə, həm də bütövlükdə bir obaya, hətta elə də aid edilirdi. Xanlıq dönəmində Cavanşir, Otuziki və başqa ellərin sıravi eldaşları da maaf sayılırdılar. Ona görə ki, onlar savaş zamanı canları, qanları ilə borclarını ödəyirdilər. Bu barədə Qarabağın iki xanın vəziri, görkəmli hüquqçu olmuş Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı.[2]
Ruslar Qarabağda möhkəmləndən sonra xanlığın qayda-qanunlarını ləğv edib, öz qanunlarını qoydular. Qarabağ elləri maaflıqdan salındı. Onlar da başqaları kimi vergi ödəməyə başladılar. Lakin ayrı-ayrı adamların maaflıq hüququ saxlandı. Onlar xan tərəfindən verilmiş maaflıq təliqələrini qazı tərəfindən təsdiq etdirib vergi idarələrinə təqdim etdilər.
Mehdiqulu xan Cavanşirin hakimiyyəti dönəmində Şuşa şəhərində yaşayan maaflar: Rüstəm Fətəli oğlu (1791-1852), Babakişi Həzrətqulu oğlu (1792-?), Məşədi Ağa Məmmədqulu Səfi oğlu (1792-?), Kərbəlayı Yusif Kərbəlayı Paşa oğlu (1792-?), Ağakişi ağa Atakişi ağa oğlu Keştazlı (1793-?), Iskəndər Iskəndər oğlu (1794-?), Məmmədqasım Hüseyn oğlu (1799-1858) və başqaları.
Mənbə
redaktə- Gülmalıyev M.M. XVIII əsrin son rübü XIX əsrin I yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu. Bakı: «Elm» nəşriyyatı, 1989.
- Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI начале XIX вв. Л., 1949
- M.İ.Əmrahov,Ə.Çingizoğlu,H.İ.Həsənov, Qarabağ xanlığı, Bakı, "Mütərcim". 2008, 220 səh.