Mehemmed Teper - Wikipedia
Məhəmməd Təpər ibn Məlikşah (21 yanvar 1082 - 18 aprel 1118) — Böyük Səlcuqlu hökmdarı (1105-1118).
Məhəmməd Təpər | |
---|---|
Məhəmməd Təpər ibn Məlikşah ibn Alp Arslan ibn Çağrı bəy ibn Mikayıl bəy ibn Səlcuq bəy Qınıq | |
1105 – 1118 | |
Əvvəlki | II Məlikşah |
Sonrakı | II Mahmud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İsfahan, Səlcuq İmperiyası |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | İsfahan, Səlcuq İmperiyası |
Milliyyəti | Oğuz türkü |
Atası | Sultan Məlikşah |
Uşaqları | |
Ailəsi | Səlcuqlular |
Dini | Sünni İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmməd Təpər 18 şaban 474-cü (21 yanvar 1082) ildə Tacəddin Səfəriyyə xatun adlı bir cariyədən doğuldu. Atası Sultan Məlikşah Bağdadda vəfat etdiyində (485/1092) yanında olurdu. Bir müddət sonra beş yaşındakı oğlu Mahmudu Böyük Səlcuqlu taxtına çıxarmağa çalışan ögey anası Tərkən xatunla paytaxt İsfahana getdi. Böyük qardaşı Börkiyaruq, İsfahanda Tərkən xatun ilə Mahmudu mühasirə edərkən bir fürsət tapıb, Börkiyaruqun ordusundakı anasının yanına qaçdı. Osmanlı səyyahı Övliya Çələbi onun haqqında "Bağdadı kaviyyi bünyad Azərbaycan şahlarından Qiyasəddin şah..." deyə bəhs etmişdir.[1]
Hicri 486-cı (1093-cü) ildə Bağdada gedərkən Məhəmməd Təpəri də yanında götürən Sultan Börkiyaruq onu Gəncəyə məlik olaraq göndərdi; Əmir Qutluğ Təgini də ona atabəy təyin etdi. Məhəmməd Təpər, Gəncədə olduğu sırada çevrəsindəki əmirlərin və Börkiyaruqun işdən çıxardığı vəzir Müəyyidülmülkün yönləndirməsiylə səltənət mübarizəsinə girişməyə qərar verdi. Ancaq Atabəy Qutluğ Təgini buna əngəl gördüğü üçün bir müddət gözlədi. Özünü yətəri qədər güclü hiss edincə Qutluğ Təgini öldürdüb, səltənət mübarizəsini başladı. Öncə Gəncənin də içində yer aldığı Arran və çevrəsini hakimiyət sahəsinə qatdı. Bu bölgədə Sultan Börkiyaruq adına oxunmaqda olan xütbəyə son verib özünü Böyük Səlcuqlu sultanı elan etdi, Müəyyidülmülkü də vəzirlik məqamına gətirdi. Daha sonra paytaxt İsfahana hərəkət etdi. Durumu öyrənən Sultan Börkiyaruq da Zəncan şəhərinə doğru yola çıxdı. Bu sırada Miraxur İnanc yabqu və digər bəzi əmirlər, Sultan Börkiyaruqa xəbər göndərib, mustovfi Məcdülmülk əl-Balasanini onlara təslim etməsini istədilər. Sultan bu istəyi qəbul etmədi; əmirləri razı sala bilməyincə 200 nəfərlə ordugahdan ayrılmaq məcburiyyətində qaldı. Məcdülmülk üzündən Sultan Börkiyaruqa müxalifət edən əmirlər Harrəkanda Məhəmməd Təpərə qatıldılar. Məhəmməd Təpər, Börkiyaruqu təqib etmək amacıyla Rey şəhərinə doğru yola çıxınca onunla savaşmağı gözə almayıb İsfahana dönən Börkiyaruq əhalinin şəhər qapılarını açmaması üzərinə Xuzistana getmək üçün İsfahandan ayrıldı.[2]
Məhəmməd Təpər 2 zilqadə 492-ci (20 sentyabr 1099-cu) ildə Reyə çatdı. Bağdad şihnəsi Sədüddövlə Gövhərayin, Mosul əmiri Kürbuğa və əl-Cəzirə hakimi Çökürmüş kimi əmirlərin ona qatılmasıyla gücləndi. Sədüddövlə Gövhərayini Bağdada göndərib xəlifədən onun adına xütbə oxutmasını istədi. Bu istəyə uyan Xəlifə Müstəzhir-Billah, “Qiyasəd-dünya vəd-din” ləqəbını verdiyi Məhəmməd Təpərın sultanlığını təsdiq edərək onun adına xütbə oxutdu (17 zilhiccə 492 / 4 noyabr 1099). Buna görə Börkiyaruq özünü xəlifəyə yenidən qanuni sultan elan etdirmək üçün hərəkətə keçdi. Vasitdə ikən Hillə (Məzyədi) əmiri Səyfüddövlə Sədəqə ibn Mənsur da onun yanında yer aldı. Beləcə Sədəqənın dəstəyiylə 15 səfər 493-cü (31 dekabr 1099-cu) ildə Bağdadda xütbə təkrar Börkiyaruq adına oxunmağa başlandı. Məhəmməd Təpərın yanında olan Kürbuğa kimi bəzi əmirlər Börkiyaruqun səfinə keçdilər. Qışı Bağdadda keçirən Sultan Börkiyaruq çox sayda türkmənin ona qatılmasından sonra Məhəmməd Təpər üzərinə yürüdü. 4 rəcəb 493-cü (15 may 1100-cu) ildə Həmədan yaxınlarındakı Səfidrudda cərəyan edən savaşda Miraxur İnanc yabqunun hücumları sonunda dağılan birliklərini toparlaya bilməyən Börkiyaruq əlli nəfərlə savaş meydanını tərk etdi. Vəzir Müəyyidülmülk, Börkiyaruqun əsir düşən vəziri Əbülməhasini Bağdada göndərib Xəlifə Müstəzhir-Billahtan xütbənin təkrar Məhəmməd Təpər adına oxunmasını istədi. Xəlifə də bu istəyə uyaraq 14 rəcəb 493-cü (25 may 1100-cü) il cümə günü xütbəni Məhəmməd Təpər adına oxutdu.[3]
Sultan Börkyaruq, savaşın ardından əmir-i dad Habəşi ibn Altuntak və digər əmirlərdən yardım almaq üçün çıxdığı səfərdə Məhəmməd Təpərın öz qardaşı Xorasan məliki Səncərə yenilincə Cürcan və Damğana gedərək yeni qüvvələr toplamağa çalışdı. Məhəmməd Təpər, daha artıq güclənməsinə fürsət vermədən Börkiyaruq ilə savaşmaq üzrə Həmədana yürüdü. 3 cəmaziyəlaxir 494-cü (5 aprel 1101-ci) ildə Həmədanda aparılan savaş Məhəmməd Təpərın məğlubiyyəti və vəziri Müəyyidülmülkün əsir düşməsiylə nəticələndi.[4]
Məhəmməd Təpər bu yenilgidən sonra Məlik Səncərin yanına getdi. Cürcandan Damğana gələn iki qardaş buradan Reyə hərəkət etdi; Börkiyaruq da Reyə doğru yola çıxdı. Zəfərin ardından Börkiyaruqa qatılanların sayı bir ara 100.000-ə çatdı. Ancaq daha sonra bəzi əmirlər Börkiyaruqdan ayrılmağa başladılar. Məhəmməd Təpər ilə Səncər yenidən toparlanmasına imkan vermədən Börkiyaruq üzərinə yürüdülər. Ümidsizliyə qapılan Börkiyaruq 5000 nəfərlik bir qüvvəylə 17 zilqadə 494-cü (13 sentyabr 1101-ci) ildə Bağdada daxil oldu. Məhəmməd Təpər və Səncər Börkiyaruqı təqib edərək on gün sonra Bağdada çatdılar. İyirmi gün Bağdadda qalan Məhəmməd Təpər və Səncərin xəlifənin dəstəyinə baxmayaraq Börkiyaruqun qüvvələrinə son zərbəni nədən endirə bilmədiyi bilinmir.[5]
Səncərin Xorasana dönməsinin ardından Bağdaddan ayrılan Məhəmməd Təpər ilə onu təqib edən Börkiyaruq Ruzravərdə qarşı-qarşıya gəldilər. Bəzi kiçik çarpışmalardan sonra tərəflər arasında andlaşma oldu (4 rəbiüləvvəl 495 / 27 dekabr 1101). Ölkə torpaqlarının rəsmən ikiyə bölündüyü bu andlaşmaya görə Börkiyaruq sultan, Məhəmməd Təpər məlik ünvanını alacaq, Məhəmməd Təpər ona buraxılan bölgələrdə üç növbət çaldıracaq və Sultan Börkiyaruqa ildə 1.300.000 dinar vergi ödəyəcəkdi. Ancaq bu andlaşma uzun sürmədi. Məhəmməd Təpər bir müddət sonra onu barış imzalamağa vadar edən əmirlərdən Bəsməli öldürtdü, Əmir Ay Təginin gözlərinə mil çəkdirdi. Ardından Reyə gedib beş növbət çaldıraraq sultanlığını elan etdi. Buna görə səfərə çıxan Börkiyaruq, Rey yaxınlarında cərəyan edən savaşda Məhəmməd Təpərı məğlub etdi (cəmaziyələvvəl 495 / mart 1102). Məhəmməd Təpər az sayda tərəfdarıyla İsfahana qaçdı. Börkiyaruq tərəfindən mühasirə edilən Məhəmməd Təpər ərzaq sıxıntısı çəkməyə başlayınca 1050 süvariylə İsfahandan gizlicə ayrıldı. Məhəmməd Təpərın Savə istiqamətində getdiyini öyrənən Börkiyaruqa bağlı qüvvələr onu təqib etdi. Xoy qapısında meydana gələn savaşda (8 cəmaziyəlaxir 496 / 19 mart 1103) Əmir Ayazın 500 nəfərlik süvari birliyi Məhəmməd Təpərin ordusunu məğlubiyyətə uğratdı.[6]
İllərdən bəri davam edən iç savaşların dövləti yıxıb-yıpratdığını görən Börkiyaruq və Məhəmməd Təpər, Qazı Əbülməzəffər əl-Cürcani və Əbülfərəc əl-Həmədaninin də təşviqiylə barış bağlmağa qərar verdilər. Rəbiülaxir 497-ci (yanvar 1104-cü) ildə gerçəkləşdirilən andlaşmaya görə Sultan Börkiyaruq, Məhəmməd Təpərın beş növbət çaldırmasına müdaxilə etməyəcək, Məhəmməd Təpərın payına düşən şəhərlərdə Börkyaruq adına xütbə oxunmayacaq, aralarındakı yazışma vəzirlər vasitəsiylə aparılacaq, əsgərlər dilədikləri tərəfə keçə biləcəkdilər. Cibal, Fars, İsfahan, Rey, Həmədan, Xuzistan və Bağdad Börkiyaruqun; Azərbaycan, Diyarbəkir, əl-Cəzirə, Mosul, Suriya və Hillə əmiri Sədəqə ibn Mənsurun idarəsindəki torpaqlar Məhəmməd Təpərın hakimiyətinə buraxılacaqdı. Ayrıca Börkyaruqtan sonra Məhəmməd Təpər sultan olacaq, Məlik Səncərin Mavəraünnəhr və Xorasandakı durumunda hər hansı bir dəyişiliklik edilməyəcəkdi; Səncər, Məhəmməd Təpəri qanuni tanımağa davam edəcəkdi. Bu andlaşma sayəsində Sultan Məlikşahın 485-ci (1092-ci) ildə ölümüylə başlayan taxt qovğaları sona çatmış olurdu.[7]
Andlaşmanın ardından İsfahana keçən Börkiyaruq burada xəstələndi, Bağdada götürülərkən Burucirddə ağırlaşdı. Oğlu Məlikşahı vəliəhd, Əmir Ayazı ona atabəy təyin etdikdən qısa bir müddət sonra vəfat etdi (2 rəbiülaxir 498 / 22 dekabr 1104). Atabəyiylə Bağdada gedən Məlikşah, Xəlifə Müstəzhir-Billah tərəfindən 23 rəbiülaxir 498-ci (12 yanvar 1105-ci) ildə “Cəlalüddövlə” ləqəbiylə sultan elan edildi. Bu sırada Mosulu mühasirə etməkdə olan Məhəmməd Təpər, Börkyaruqun ölüm xəbərini alınca Bağdada hərəkət etdi və 23 cəmaziyələvvəl 498-ci (10 fevral 1105-ci) ildə şəhərə girdi. Şəhərin qərb yaxasında xütbə Məhəmməd Təpər, şərqində Məlikşah adına oxunmaqdaydı. Tərəflər yeni bir savaşa hazırlanarkən barış müzakirələri məqbul nəticələndi; irəli gələn dövlət adamları Məhəmməd Təpərın hüzuruna çıxaraq atabəy Əmir Ayaz və Məlikşah adına əhf dilədilər. Məhəmməd Təpər beləcə Böyük Səlcuqlu dövləti sultanı oldu (26 cəmaziyələvvəl 498 / 13 fevral 1105).[8]
Sultan Məhəmməd Təpər taxta keçincə mərkəzdənqaçmanı önləmək üçün gərgin bir mübarizə başlatdı. Tövrlərindən rahatsız olduğu Atabəy Ayazı öldürtdükdən sonra Səlcuqlu xanədanından Məngübars ibn Böribarsın üsyanını yatırdı (499/1105-1106). Mosul əmiri Çökürmüş və Atabəy Çavlı Sakavunu itaət altına aldı. Rum Səlcuqlu sultanı I Kılıcarslanın 25 rəcəb 500-cü (22 mart 1107-ci) il tarixində Mosula girib öz adına xütbə oxutmasına görə Çavlı Sakavu komandasında göndərdiyi qüvvələrlə Habur çayı sahilində I Kılıcarslanı məğlubiyyətə uğratdı (9 şəvval 500 / 3 iyun 1107) və onun ölümüylə qüvvəli bir rəqibindən qurtulmuş oldu (İbn Əsirə görə [9] savaş 20 zilqadə 500-cü 13 iyul 1107-ci il tarixində cərəyan etmişdir). Ardından, taxt qovğalarından istifadə edərək hakimiyət sahəlarini genişlədən və Səlcuqlu sultanlarına qarşı gələn Hillə Məzyədi əmiri Sədəqə b. Mənsuru bərtərəf etdi (19 rəcəb 501 / 4 mart 1108).
Məhəmməd Təpərı ən çox məşğul edən məsələlərdən biri də batinilərin fəaliyətləri olmuşdur. Sultan Məlikşah zamanından bəri gizli bir təşkilat halında fəaliyyətdə olan batinilərlə mübarizəni qeyri-müsəlmanlarla cihaddan daha önəmli görən sultan, Şahdiz (Dizkuh) qalasına bir səfər etdi. Qalanı ələ keçirib İsmaili-Batini rəisi İbn Attaşı əsir aldı və bir çox batinini öldürtdü (zilqadə 500 / iyul 1107). Sultan batinilərə qarşı ikinci səfəri Əlamut üzərinə tərtib etdi (məhərrəm 503 / avqust 1109); ancaq qış gəlincə geri dönmək məcburiyyətində qaldı. Atabəy Anuş Təgin Şirgir, cəmaziyələvvəl 505-ci (noyabr 1111-ci) ildə batinilərə aid Birə qalasını ələ keçirdi. Məhəmməd Təpər Səlcuqlu məliki Rizvan dövründə Hələbdə olduqca qüvvətlənən batinilərə qarşı da bir hərəkət başlatdı. Hələb məliki Alparslan əl-Əhras ilə iş birliyi içində çox sayda batini öldürüldü (507/1113-14). Sultan Əlamuta son zərbəni endirmək üzrə yenə Atabəy Anuş Təgin Şirgiri göndərdi. 11 rəbiüləvvəl 511-ci (13 iyul 1117-ci) il tarixində başlayan mühasirə Məhəmməd Təpərın ölüm xəbərinin gəlməsiylə qaldırıldı.
İslam dünyası Sultan Məlikşahın ölümündən sonra taxt qovğaları və məzhəb çatışmaları üzündən xaçlı istilasına məruz qalmış; Urfa, Antakiya, Qüds kimi strateji önəm daşıyan üç böyük şəhərin xaçlıların əlinə keçməsi belə hökmdar və əmirləri xaçlılara qarşı hərəkətə keçirə bilməmişdi. Məhəmməd Təpər taxta keçincə Əmir Çökürmüşü Richard də Salernein idarəsindəki Urfa üzərinə göndərdi. Çökürmüş 450 Frank piyadasını qətl edərək Mosula döndü.
Xaçlılar sahil bölgəsini və Suriyadakı qalaları ələ keçirdikdən sonra müsəlman əhaliyə zulm və işgəncə etmiş, bir qismini qətl etmişdilər. Xalqdan gələn şikayətlərə görə Məhəmməd Təpər, Əmir Çavlı Sakavu komandasında böyük bir ordunu xaçlılara qarşı səfərə məmur etdi (500/1106). Ancaq əmirlər arasındakı çıxan gəlir-çıxar çatışması üzündən bu səfər gerçəkləşmədi. Trablusşam əmiri Fəxrülmülk ibn Ammar ilə Dəməşq atabəyi Tuğtəginin xaçlılara qarşı yardım istəkləri də eyni səbəblərdən dolayı cavabsız qaldı (502/1108). Məhəmməd Təpər ertəsi il özünə tabe əmirlərə xəbər yollayıb xaçlılara qarşı cihada qərarlı olduğunu bildirdi. Atabəy Tuğtəginə də məktub göndərərək ordunu sövq və idarə etməsini istədi. Fəqət çeşidli əngəllər üzündən bu səfər də gerçəkləşdirilə bilmədi.
Xaçlılarla mübarizədən vaz keçməyən Məhəmməd Təpər, Mosul əmiri Mövdud ibn Altun Təgin komandasındakı bir ordunu Urfa üzərinə göndərdi (503/1110). Amma Səlcuqlu ordusu şəhəri ələ keçirə bilmədi, əvəzində Fərat kənarında franklara ağır bir zərbə endirdi. Mövdud 504-cü (1111-ci) və 505-ci (1112-ci) illərində Urfaya iki səfər daha hazırlayaraq bəzi uğurlar qazandıysa da, yenə Urfanı fəth edə bilmədi. Ardından atabəy Tuğtəgin, Mövdud, Sincar əmiri Təmirək və Ayaz ibn İlqazinin əmrindəki qüvvələrdən ibarət olan Səlcuqlu ordusu Təbəriyə yaxınlarında xaçlı ordusunu məğlubiyyətə uğratdı (11 məhərrəm 507 / 28 iyun 1113). Mövdudun eyni il Dəməşqdə öldürülməsi xaçlılarla mübarizə edən Səlcuqlu ordusu üçün ağır bir itki oldu. Məhəmməd Təpər Mövdudun yerinə Ağsunqur əl-Porsuqini Mosul valiliyinə təyin edib, xaçlılarla cihada məmur etdi. Urfa üzərinə yürüyüb şəhəri iki aydan artıq mühasirə edən Ağsunqur, ərzaq sıxıntısı və əmirlərin çəkişməsi üzündən mühasirəyə son vermək məcburiyyətində qaldı. Dönüşdə Urfa, Səruc (Suruç), Sümeysat və Fərat kənarında xaçlılara aid əkili ərazini və bağları viran etdirdi (507/1114). Daha sonra Dəməşq atabəyi Tuğtəgin və İlqazinin Böyük Səlcuqlu dövlətinə qarşı xaçlılarla ittifaq etdiyini öyrənən sultan, Həmədan əmiri Porsuq ibn Porsuqu xaçlılara qarşı mübarizəyə göndərdi; ancaq Səlcuqlu ordusu Təldanisdə xaçlıların gözlənilməyən basqını qarşısında məğlub oldu (509/1115). Ağsunqur əl-Porsuqi, 1114-cü ildə itirdiyi etibarını təkrar qazanmaq məqsədiylə və Tuğtəginin dəstəyiylə Bəkaa vadisindəki xaçlılara hücum etdi; üç mindən artıq Frank cəngavərini öldürüb çox miqdarda qənimətlə geri döndü (510/1116).
Qaraxanlılarla səlcuqlular arasındakı münasibətlər Məhəmməd Təpər dövründə zaman-zaman pozulmaqla birlikdə qaraxanlılar, Məhəmməd Təpəri qanuni tanımağa davam etdilər. Qəznəli sultanı III Məsud dönəmində (1099-1115) Qəznəli-Səlcuqlu münasibətlərinə barış hakim oldu və siyasi evliliklər yoluyla dostluqlar möhkəmləndi. Daha sonrakı illərdə Məhəmməd Təpər, Arslan Şah ilə Bəhram Şah arasındaki taxt qovğalarına müdaxilə edərək Bəhram Şahın sultan elan edilməsinə şərait yaratdı, beləcə qəznəliləri özünə tabe etdi (510/1117). Aparılan andlaşmaya görə xütbədə öncə Məhəmməd Təpərın, ardından Səncərin və nəhayət Bəhram Şahın adı oxunacaq və qəznəlilər səlcuqlulara illik vergi ödəyəcəkdilər. Gürcü kralı II Davidin Qafqazdakı türkmənləri bölgədən uzaqlaşdırıb Gəncəyə qədər irəliləməsinə görə Məhəmməd Təpər 503-cü (1110-cu) ildə göndərdiyi orduyla gürcüləri məğlub etdi. Onun dönəmində Abbasi xəlifəliyiylə münasibətlər də normal bir seyr təqib etmişdir. Məlikşahdan sonra səlcuqlular arasındakı taxt qovğaları sırasında tərəfsız qalan Abbasi xəlifəsi Müstəzhir-Billah, Bağdada kim hakim olmuşsa xütbəni onun adına oxutmuşdur. Məhəmməd Təpər gərək səltənət mübarizəsində, gərəksə tək başına Böyük Səlcuqlu taxtına keçdikdən sonra Abbasi xəlifəsinin adını və ləqəbini xütbələrdə birinci sırada zikr etməyi heç zaman yaddan çıxarmamışdır.
Bir müddət xəstə olan Məhəmməd Təpər, 511-ci ilin qurban bayramında (4-6 aprel 1118-ci ildə) Oğuz törəsinə görə böyük bir şülən hazırladı və bu ziyafət sonunda süfrəsini və sarayını yağmalatdı. 15 və ya 23 zilhiccə (9 və ya 17 aprel) günü beş oğlundan (Mahmud, Toğrul, Məsud, Süleymanşah, Səlcuqşah) ən böyüyü olan Mahmudu yanına çağıraraq artıq ömrünün sonuna gəldiyini söylədi, taxta oturmasını və dövlət işlərinə nəzarət etməsini istədi. Əmirlərdən onun üçün biət aldı. 24 zilhiccə 511-ci (18 aprel 1118-ci) il tarixində vəfat edən Məhəmməd Təpərın cənazəsi İsfahanda tikdirdiyi mədrəsənin həyətinə dəfn edildi. Bütün tarixçilərin ittifaqla bildirdiyinə görə babası Alparslanı örnək alan Məhəmməd Təpər dindar, dini elmlərə vaqif, adil, mərhamətli, comərd, elm adamlarını himayə edən bir hökmdar idi. Xalqın işləriylə yaxından ilgilənir, ona təqdim edilən hər ərzəni oxuyur, xalqa ədalət, doğruluq və insafla müamilə edilməsini istərdi. Mükus, daraib və ictiyazat kimi bəzi qeyri şəri vergiləri qaldırdığı üçün xalqın sevgisini qazanmışdır.
İç mübarizələrin dağıtdığı birliyi yenidən quraraq Böyük Səlcuqlu dövlətinə qədim etibarını və qüdrətini qazandıran Məhəmməd Təpər, “əs-Sultanül-əzəm Əbu Şüca Qiyasəddünya vəd-din Qasimu əmiril-möminin” ləqəbiylə anılır və qaynaqlarda “Səlcuqluların güclü adamı və qüsursuz insanı” olaraq tanıdılır. Onun batinilər və xaçlılarla apardığı mübarizə İslam dünyasında təqdirlə qarşılanmış, Qəzzali Nəśihətül-müluk (ət-Tibrül-məsbuk fi naśiĥatil-müluk) adlı əsərini, Əbül-Bərəkat əl-Bağdadi astronomiya ilə ilgili bir kitabını ona ithaf etmişdir. Bağdadi ayrıca sultanın bir sorğusuna cavab olaraq "Risalə fi səbəbi zuhuril-kəvakibi leylən və xafaiha nəharən" adıyla bir əsər qəlamə almış, İbn Bəlxi "Farsnamə"ni onun əmriylə yazmışdır. Məhəmməd Təpər imar-inşaat fəaliyətləriylə də yaxından ilgilənmiş, Məlikşahın Bağdadda inşasını başlatdığı Sultan məscidini tamamlatmış, İsfahanda bir mədrəsə, Nizamiyə mədrəsəsi civarında da sufilər üçün bir ribat tikdirmiş və su kanalları açdırmışdır.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı, "Mütərcim",2015, 408 səh.
İstinadlar
redaktə- ↑ Evliyâ Çelebi b. Derviş Mehemmed Zıllî (hazırlayanlar : Dr. Yücel Dağlı, Seyit Ali Kahraman). Evliyâ Çelebi Seyahatnâmesi (türk). İstanbul: Altan Matbaacılık. 2000. səh. 224.
- ↑ Mücməlüt-təvarix vəl-ķıśaś (nşr. Məhəmməd Ramazani), Tehran 1318 hş., s. 384-385, 408-410, 412-414, 429, 465.
- ↑ İbn Kalanisi, Tarixu Dımaşķ (Amədroz), bax. İndeks.
- ↑ İbn Əzrak əl-Farikī, Tarixu Məyyafariķīn və Amid (nşr. Bədəvi Abdüllatif Avad), Qahirə, 1959, bax. İndeks.
- ↑ İbn Cəvzi, əl-Müntəzəm, IX, müx.səhifələr.
- ↑ Ravəndi, Rahatüs-sudur (Atəş), I, səh. 148-163.
- ↑ Əxbarüd-dövlətis-Səlcuqiyyə (Lugal), bax. İndeks
- ↑ İbn Əsir, əl-Kamil, bax. İndeks
- ↑ əl-Kamil, X, 429