Lacin Dehlizi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Laçın dəhlizi — 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən[1] Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhliz olub.
Bu iki ərazi arasında yeganə yol olmaqla, o, çox vaxt Dağlıq Qarabağ sakinləri üçün “həyat xətti” kimi təsvir edilmişdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikası nəzarəti altında idi. Lakin rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir. Dəhliz de-yure Azərbaycanın Laçın rayonundadır, lakin 2020-ci il Dağlıq Qarabağ barışıq sazişindən sonra Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Dəhlizin ərazisinə 2022-ci ilə qədər Zabux, Sus kəndləri və Laçın şəhərinin özü daxil idi.
Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir. Əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alır.[1] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Laçın dəhlizi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 26 avqust 2022-ci ildə Laçın dəhlizi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.[2] Dörd gündən sonra Zabux, Sus və Laçın qəsəbələrindən yan keçən və əvəzinə Böyük Qaladərəsi və Kiçik Qaladərəsi (keçmiş Kirov) kəndlərindən cənuba yeni marşrut istifadəyə verildi.
2023-cü il aprelin 23-də Azərbaycan rəsmiləri dəhlizdə nəzarət-buraxılış məntəqəsi yaradıb və bunun “insan qüvvəsinin, silahların, minaların qeyri-qanuni daşınmasının qarşısını almaq üçün” nəzərdə tutulduğunu bəyan edib.[3][4]
Laçın dəhlizinin işğalı
redaktəLaçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi. Hələ 1924-cü ildə DQMV yarandıqdan sonra Laçın rayon statusu aldı.
1988-ci ildən sonra ermənilərin Laçınla bağlı gizli niyyəti üzə çıxmağa başladı. O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetirmişdilər. Məhz buna görə də Laçın rayon polis şöbəsinin nəzdində ilk xüsusi təyinatlı milis rotası yaradıldı. Həmin rota Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin ehtimal edilən hücumlarından qorumağa cavabdeh idi. Azərbaycanın daxili işlər naziri, general Məhəmməd Əsədov həm Azərbaycan, həm də Ermənistan üçün bütün Dağlıq Qarabağda ən strateji rayon sayılan Laçının təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün plan hazırlayırdı. 1990–1991-ci illərdə xüsusi təyinatlı milis dəstəsi, Şuşa milis şöbəsi və daxili qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində (Çaykənd əməliyyatı) həmin kəndlərdə yaşayan erməni separatçıları tutuldu, münaqişə ocağına çevrilən kəndlər boşaldıldı. Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alındı. Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova məhz həmin kəndlərin ərazisində — Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən qətlə yetirilmişdi.
Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri Ermənistanla birbaşa əlaqələri üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar. Burada söhbət Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafədən gedirdi. Şuşanın iğalından sonra oranı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən Azərbaycan ordusu döyüşçülərinin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın sayı az idi və Bakıda hakimiyyət çəkişmələri yaşanırdı. Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Həmin ərəfədə döyüşçülərimizin Ermənistanla sərhəddə təlim silahları və çoxu işləməyən 28 BTR-lə dayanmasına baxmayaraq, orduda yaranan hərc-mərclik öz işini gördü. Ölkə rəhbərliyini sanki Qarabağda baş verənlər maraqlandırmırdı. Ermənistan isə bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi.
Mayın 16–17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarırdı. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə artıq Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX–XV əsrlərə aid tarixi abidə erməni işğalçılarının tapdağı altında qaldı.
Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhəri yenidən salınmağa başlandı. Bu gün bütün Dağlıq Qarabağ üzrə gəlmə ermənilərin ən sıx məskunlaşdığı yer Laçın ərazisidir. Burada 12 min erməni yerləşdirilib. Laçının adı dəyişdirilərək "Berdzor", məşhur Minkənd "Xak", Alıqulular "Alqumişen", Sultankənd "Xaşatax" adlandırılıb. Laçındakı qədim ibadət ocaqları, məscid və digər abidələr erməniləşdirilib. Bir sözlə, kəndlərdəki əsrlərin və qərinələrin yaşıdı olan abidələr, qalalar yadellilərin dəfələrlə etdiyi hücumlardan qorunsa da, 1992-ci ildən başlayaraq daha ağır zərbə aldı, daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirildi və dünyaya "qədim erməni xalqının yazılı abidələri" kimi təqdim edildi.
Azərbaycan Silahlı Qüvvələrinin Laçın dəhlizini geri almaq üçün potensialının mövcud olmasına baxmayaraq, əlinə düşən fürsətlərdən zamanında tam yararlana bilmədi. 1992-ci ilin oktyabrın ilk günlərində Kəlbəcər-Laçın istiqamətində irəlləyən hərbi hissələrimizdən birinin cəmi 47 nəfər şəxsi heyətə malik maddi texniki təminat bölüyü heç bir kənar dəstək olmadan bir gündə ermənilərdən Laçının Hoçaz, Qızılca və Sus kəndlərini azad etdi və 10 km irəliləyərək "Laçın dəhlizi"ni ələ keçirdi. Bölüyün itkiləri bir şəhid, biri yaralı olmaqla cəmi iki nəfər təşkil etdi. Ermənilərin sürətlə geri çəkilməsinin əsas səbəbi əvvəlki döyüşlərdə verdikləri itkilər və itkilərin yerini doldura bilməməsi ilə əlaqədar idi. Bölük 45 nəfərlə 3 gün düşmənin zirehli texnikaları ilə gücləndirilən motoatıcı taboruna qarşı şəxsi heyətin 30%-ni itirənə qədər, tankların bölüyün dayaq məntəqəsinin bütün mühəndis qurğularının məhv etməsinə və yüksək komandanlığın geri çəkilmək əmrinə baxmayaraq, son nəfəslərinə qədər müqavimət göstərdi. Bölük yalnız arxadakı Qızılca kəndi ermənilər tərəfindən ələ keçirildikdən (son yaralı Qızılcadan açılan atəşlə dabanından yaralandı) sonra mühasirə halqası yarandığı, yaralıların qanaxmadan həyatını itirməməsi üçün onların Həkəri çayı ilə axına qarşı üzü yuxarı çıxarılmasına yetəcək qədər qüvvənin sağ qaldığı zamana qədər döyüşdü. Geri çəkilmə əmrinin nizamnaməyə uyğun olmayan formada verilməsi, taborun bu 3 gün ərzində digər istiqamətlərdə döyüşlərə qatılmamasına baxmayaraq, dəhlizin müdafiəsinin əlavə qüvvələrlə möhkəmləndirilməsi üçün heç bir tədbir görülməməsi, bir dəfə də olsun tabor və hərbi hissə komandanlığının dəhlizdəki bölüyün dayaq məntəqəsinə və ön xəttinə gəlməməsi, artilleriya vasitələrinin bölüyün ölüm-qalım savaşında bir mərmi belə atmaması, nəticədə gecə saatlarına qədər davam edən döyüşdə 45 nəfərlik bölüyün 11 nəfərinin yaralı, 4 nəfərinin isə itkin olaraq itirilməsinə və dəhlizin ermənilər tərəfindən təkrar işğalına səbəb oldu.[5] 1994-cü ildə imzalanan atəşkəs razılaşmasına əsasən Laçın dəhlizi tamamilə Ermənistan işğalı altında qaldı.
Yeganə təsəlli 2018-ci ildə Naxçıvanda yerləşən qoşunların Günnüt istiqamətində irəliləyərək Azərbaycana məxsus yüksəkliklərdən dəhlizin Gorus-Laçın hissəsinə nəzarəti ələ keçirməsi oldu. Dəhliz Ermənistan tərəfindən ABŞ-də yerləşən "Hayastan" Ümumerməni Fondunun hesabına 1996-cı ildə təmir edilib və 2023-cü ilə qədər erməni işğalçıları tərəfindən Ermənistanla əlaqə üçün istifadə edilib.
Əhəmiyyəti
redaktəUzun illər boyu fəaliyyət göstərən bu dəhliz, Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq, Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla seperatçılar arasında "nəfəs borusu" rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təhçizatını bu yol vasitəsi ilə həyata keçirib. Məhz buna görə də Laçın ərazisinin Azərbaycana qaytarılması və ya heç olmasa bu dəhlizin erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən mərhum edə bilərdi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Demographic Crisis in Lachin Arxivləşdirilib 2016-08-06 at the Wayback Machine
- [1]
İstinadlar
redaktə- ↑ 1 2 Armenia, Azerbaijan, and Georia Country Studies, Area Handbook Series, Federal Reserch Division Library of Congress, 1994, ISBN 0-8444-0848-4, p. xxix.
- ↑ "İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb". 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
- ↑ "Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu". 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
- ↑ "XİN-dən sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqda - Bəyanat". 2023-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
- ↑ "Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)". 2020-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.