Kaba Dagi Insidenti - Wikipedia
Kaba dağı insidenti (加波山事件, Kaba-san ciken?) – 1884-cü ildə Yaponiyada Liberal partiyanın radikal üzvlərinin Meyci hökuməti üzvlərinə qarşı planlaşdırdıqları sui-qəsd cəhdi.[1]
23 sentyabr 1884-cü ildə 16 üsyançı İbaraki prefekturasının Kaba dağı regionunun sakinləri üçün inqilab manifesti yaymışdırlar. 24 sentyabrda yerli polislər və Tokiodan göndərilmiş qoşunlar üsyançılarla toqquşmuş, nəticədə bir polis və bir üsyançı ölmüşdür.[1]
Arxaplan
redaktəKaba dağı insidenti 1880-ci illərin əvvəllərində Yaponiyada baş verən bir sıra insidentdən biri idi. Bu insidentlərin çoxu Kanto regionunda baş verirdi. Bu insidentlərin iki ümumi xarakteristikası var idi: azadlıq və insan hüquqları hərəkatı ilə əlaqədar olması; Meyci hökumətinin iqtisadi islahatlarının fermerləri yoxsullaşdırmasından sonra iqtisadi tələblər. Kaba dağı insidenti hər iki xarakteristikaya malik olmaqla yanaşı, 1882-ci ildə baş vermiş Fukuşima insidentinə də cavab xüsusiyyəti daşıyırdı.[1] Kaba dağı üsyançılarının bəziləri Fukuşima insidentində iştirak etməklə yanaşı, sui-qəsd hədəflərindən biri Fukuşima insidentinin yatırılmasında rol oynamış, Fukuşima prefekturasının keçmiş meri Mişima Miçitsune idi.[1]
Kaba dağı üsyançıları arasında Liberal partiyanın lideri Kono Hiranakanın qohumu Kono Hiromi də var idi. Hər ikisi də Fukuşima insidentinə görə tutulsalar da, Hiromi həbs cəzasından qaça bilmişdi. İnsidentdən sonra azadlığa çıxanlar arasında Monna Şiqeciro və Yokoyama Şinroku adlı iki gənc aktivist də var idi. 1883–84-cü illərin qışında bu üç şəxs Mişimanın sui-qəsdini planlaşdırmışdırlar. Əlaqələri vasitəsilə onlar öyrənmişdirlər ki, bəzi gənc radikallar da Yamaqata Aritomo kimi yüksək vəzifəli rəsmilərə qarşı sui-qəsd cəhdi planlaşdırıblar. 1884-cü ildə bu kiçik qruplar Toçiqi prefekturasından olan aktivist Koynuma Kuhaçironun başçılığı altında birləşmişdir. Koynuma üsyan başçılarına bomba hazırlamaq üçün təlimatlar vermişdir; onların fikrincə bomba sui-qəsd üçün ən ideal silah olacaqdı. Onlar bomba ilə sui-qəsd planını 1881-ci ildə Rusiya çarı II Aleksandr bomba ilə sui-qəsdə uğradan Narodnaya volya üzvlərindən götürmüşdülər.[1]
Hadisələrin gedişi
redaktə20 avqust 1884-cü ildə qəzetlər xəbər yaymışdılar ki, 15 sentyabr tarixində hökumətin bir çox yüksək vəzifəli üzvü Kaba dağından elə də uzaqda yerləşməyən Utsunomiya qəsəbəsində rəsmi mərasim üçün toplanacaqlar. Üsyançılar sui-qəsd cəhdi üçün bu andan istifadə etməyə qərar vermişdirlər, lakin tarix yaxınlaşdıqca üsyançılar hansı strategiyadan istifadə edəcəkləri barədə öz aralarında mübahisə etməyə başlamışdırlar. 10 sentyabrda dörd üsyançı silah almaq üçün Tokioda yerləşən bir lombardı soymağa cəhd etsələr də, planları uğursuz olmuşdur. Soyğun cəhdi zamanı üsyançılardan biri düzəltdiyi bombanı partlatmış və üsyançılardan biri yaralanmışdır. Qalan üsyançılar qaça bilsələr də, yaralı üsyançı polislər tərəfindən tutulmuşdur.[1]
Tokio polisi qalan üsyançıları tapmaq üçün səfərbər olsa da, onları tuta bilməmişdir. Nəticədə, rəsmilər Utsunomiya mərasimini ləğv etdiklərini açıqlamışdırlar. 12 sentyabrda Koynuma bomba hazırlayarkən baş verən partlayış nəticəsində sağ qolunu itirmişdir. Koynumanın xəstəxanaya aparılmasından sonra üsyançıların sayı 15 olmuşdur. Üsyançılar İbaraki prefekturasının Şimodate qəsəbəsinə gedərək aktivist Tomimatsu Masayasudan kömək istəmişdirlər. Tomimatsu onlara kömək etmək barədə razılaşmış və üsyançılar Utsunomiya mərasiminin yeni tarixi barədə xəbər gözləməyə başlamışdırlar, lakin 22 sentyabrda ordu və polisin onları tutmaq üçün yaxınlaşdıqlarını öyrəndikdən sonra Tomimatsu daxil olmaqla bütün üsyançılar Kaba dağına qaçmışdırlar. Onlar manifestlərinin 50 nüsxəsini kəndlilərə paylaşmışdırlar. Tezliklə üsyançılarla hökumət qüvvələri arasında toqquşmalar başlamış və üsyançılar tutulmuşdur.[1]
Nəticələri
redaktə1885-ci ilin fevralına qədər qalan 15 üsyançının hamısı tutulmuşdur. 1886-cı ilin iyulunda 7 üsyançıya asılmaqla edam cəzası, 8 üsyançıya isə həbs cəzası verilmişdir.[1]
Üsyançıların ilk məqsədləri yüksək vəzifələri şəxslərə qarşı sui-qəsd təşkil etmək olsa da, başlıca məqsədləri konstitusional sistem qurmaq idi. "Kaba dağı manifesti"nə görə demokratik hökumət qurmaq üçün əvvəlcə despot hökumətdən qurtulmaq lazım idi, lakin insident Liberal partiyanın nüfuzuna zərbə vurmuş və oliqarx hökuməti gücləndirmişdir.[1]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild. Tokio: Kodansha. 1983. səh. 89. ISBN 0-87011-624-7. İstifadə tarixi: 4 iyun 2022.