Hesablamalar - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır[1].
Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir.
Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir.
Bulud sözü faylların olduğu mövqeyi işarə edir. Bu texnologiyanın qabaqcıl təcrübələri internet pravayderləri tərəfindən ehtiyat nüsxə məqsədilə təqdim olunan buludlardır. Məsələn Google kimi böyük şirkətlər Google Docs kimi online verilənlərlə işləməyə imkan verən tədbiqlər yaratmış və inkişaf etdirmişlər. Həmçinin Microsoft, İntel kimi böyük texnologiya şirkətləri də bu texnologiyanı informasiya istifadəçilərinə təqdim etmişdir.
Kompüter nəzəriyyəçiləri internetin gələcəyinin Bulud Texnologiyasından keçdiyini iddia edirlər. Bu səbəbdən gələcəkdə hard disklərin yerini onlayn buludların tutacağı da düşünülür. Bu, sistemlərdə heç bir infrastruktur hazırlamadan tamamilə onlayn şəbəkə vasitəsiylə funksional tətbiqlərdən istifadə etmək deməkdir. Bu sektorun inkişafı xüsusilə informasiya texnologiyası istifadə edən cəmiyyətlərdə bir çox informasiya mübadiləsi təmin edən firmanın önəmli bir mövqeyə gələcəyi, hətta sektordakı rəqabətin hüquqi problemlərə səbəb ola biləcəyi də istisna deyil. Çünki bütün sistem tətbiqetmələrinin açıq infrastrukturla dəyişdirilməsi şəxsi məlumatlara istənilməyən daxilolmalar təhlükəsini artırır.
Ümumi baxış
redaktəBulud texnologiyası istifadəçilərin lokal mövqelərində hər hansı bir proses, proqram, verilənlərin daxil edilməsi və ya servis infrastrukturu lazım olmadan alınacaq xidmətin təmin olunmasını əhatə edən informasiya xidmətidir. Beləliklə istifadəçilər istədikləri xidmətdən öz aparatlarında heç bir infrastrukutur yaratmadan istifadə edə bilirlər.
Bu nəzəriyyə informasiya texnologiyalarındakı bir zərurətin yerini doldurmuşdur. İnformasiya məhsullarında proqramların həcminin artması nəzərə alınarsa yeni infrastruktur yaratmaq kimi əlavə xərc və vaxt tələb edən amillərin ortadan qalxmasını təmin edən bu sistem internetdə real zamanda əməliyyat apara bilmək imkanını artırır.
Bulud texnologiyası internet texnologiya xidmətləri üçün əsası internet protokollarına əsaslanan yeni bir xidmət servisi olaraq xarakterizə olunur. Bu sistem sayəsində proqramlarla həyata keçirilən bir çox texnoloji əməliyyat artıq internet üzərindən virtual olaraq həyata keçirilir. Bu İnternetlə birlikdə məsafədən asılı olmayaraq öz fayl və ya informasiyalarımızla əldə etmək və onlarla işləməyə bilməkçün bir texnikadır. Onlayn qurulan şəbəkə bazalı vasitələr və üsullar vasitəsiylə şəbəkə fliterləri bir çox proqramın bir yerə yığıldığı və kompüterlər arası əməliyyat edilə bilən bir sahəyə çevrilmişdir.
Bulud texnologiyası şəbəkə sensorları ilə internet səhifələrinə qoşulur və əməliyyatların İnternet üzərindən istifadə edilməsini təmin edir. Bu proqramlar və faktların uzaq bir mövqedə yerləşən serverlərdə daxilolmaya icazə verməsi ilə mümkün olur. Bu istismar iki ümumi çərçivəyə malikdir. Bunlardan ilki geniş olaraq istifadə edilən proqramlarla yaradılan faylların hər hansı bir yerdə göstərilməsini təmin edən onlayn tədbiqlərdir. Məsələn, Microsoft Ofis ilə yazılan bir mətn sənədinin bu proqram olmayan bir kompüterdə internet vasitəsilə əldə edilməsi bu cür prosesdir. Sistemin ikinci tərəfi isə onlayn funksional altproqramların yaradılmasıdır. Bunun üçün səhifə təkrarlanması tələb etməyən və mövqe dinamikliyini təmin edən bir sistem olan AJAX inkişaf etdirilmişdir. Beləliklə, funksional təsir anında səhifədə əks olunur internet üzərindən proqram istifadəsi mümkün olur.
Bulud servisləri
redaktəBulud texnologiyaları istifadəçilərə 10-a yaxın xidmət təklif edir.[2]
Storage-as-a-service (SaaS) — verilənlərin yadda saxlanması servis kimi. Lazımi disk fəzasının sorğu üzrə təqdim edilməsi. Bu resurs uzaq məsafədə yerləşə bilər. İstifadəçilərə verilənləri yadda saxlamaq üçün yaddaş resursları təklif edir.
Database-as-a-service (DaaS) — verilənlər bazası servis kimi. Verilənlər bazasına məsafədən girişin təqdim edilməsi imkanını yaradır. İstifadəçi üçün bu verilənlər bazası lokal şəbəkələrdə yerləşən baza kimi görünür.
İnformation-as-a-service (İaaS) — informasiya servis kimi. Verilənlərə API tipli interfeys vasitəsilə məsafədən girişi nəzərdə tutur. Bu birja verilənləri, kredit informasiyası, ünvanların yoxlanılması və identifikasiyası ola bilər.
Security-as-a-service (SaaS)- təhlükəsizlik servis kimi. Bu təhlükəsizlik xidmətlərinin İnternet vasitəsilə təqdim edilməsidir. Təhlükəsizlik strukturunun lokal qurulmasına baxmayaraq, bəzi xidmətlər uzaqdan reallaşdırılır, məsələn, identifikasiya və audentifikasiya, giriş açarlarının generasiyası, saxlanması və ötürülməsi
Management/governance-as-a-service (MaaS)- idarəetmə servis kimi. Bu digər bulud-servislərin uzaqdan idarə edilməsi servisidir, buraya virtuallaşdırma, girişin idarə edilməsi, müəyyən siyasətlərin (məsələn, təhlükəsizlik) reallaşdırılması daxildir. Biznes xidmətlərinin təşkilini həyata keçirir.
Testing-as-a-service (TaaS)- testləşmə servis kimi. Bu veb-serverlər daxil olmaqla, müxtəlif növ servislərin lokal və ya uzaqdan testləşdirmə imkanının təqdim edilməsidir.
Hal-hazırda bulud sistemində ən çox istifadə olunan xidmətlər aşağıdakılardır[3].
İnfrastruktur xidmət kimi (IaaS — Infrastructure as a Service)
İnfrastrukturun yaradılması prosesini həyata keçirir. İaaS səviyyəsi infrastrukturun (hesablama resursları və yaddaş sistemini) icarəyə götürməsi servisini həyata keçirməyə imkan verir. Bu resurslara zəmanətli hesablama və yaddaş resursları verən virtual serverlərdən başqa, verilənlərin yaddaş sisteminə yüksək sürətlə daxil olmaq imkanı yaradan əlaqə kanalları da daxildir. Qısaca desək, bu səviyyədə məsələlərin həlli üçün kompüter infrastrukturu yaradılır. Mövcud olan İaaS xidmətinə — Amazon S3 (Simple Storage Service), Amazon Elastic Computer Cloud (EC2), IBM Blue Cloud və s. göstərmək olar. Bu servisdən istifadə etmək üçün uyğun veb — brauzeri istifadəçi öz kompüterinə yükləyir və məsələnin həlli üçün buludlara müraciət edir. IaaS xidməti istifadəçiyə bütün nəzarət funksiyalarını vahid bir platformada təqdim edir[1]. İstifadəçinin işi strukturu idarə etmək deyil, əməliyyat sisteminə, yaradılmış proqrama nəzarət etməkdir
Platforma xidmət kimi (PaaS- Platform as a Service)
PaaS servisi istifadəçilərə virtual serverlərdə (fiziki serverlərdən təşkil olunan) yerləşən əməliyyat sistemlərindən və xüsusi proqram əlavələrindən (Apache, MySQL və s.) istifadə edilməsinə imkan yaradan virtual platformadır. PaaS servisinə misal olaraq, IBM IT Factory, Google App Engine, Force.com xidmətlərini göstərə bilərik. Bu xidmət növündə müştərinin bulud infrastrukturu üzrə satın alınmış funksional proqramları yerləşdirmək hüququ vardır. Burada da müştəri şəbəkə, server kimi bulud strukturunu idarə etmir və yoxlamır. O sadəcə, burada quraşdırdığı funksional proqrama nəzarət edir.
Proqram təminatı xidmət kimi (SaaS — Software-as-a-Service)
Bu səviyyədə istifadə olunan servis proqramlara misal olaraq, Google Apps, Google Docs, Microsoft "Software Services" (e-mail, video konfrans), Salesforce.com (müştərilərin qarışılıqlı əlaqəsinin idarə sistemi-CRM, müəssisənin resurslarının idarə sistemi-ERP) və s. göstərmək olar. Google Docs veb-brauzerin köməyi ilə birbaşa İnternet şəbəkəsində faylları və cədvəlləri tərtib etmək və redaktə etmək mümkündür. SaaS xidməti SaaP (Software as a Product) platformasından fərqlidir. Əsası Bill Qeyts tərəfindən yaradılmış SaaP platformasında istifadəçilər satışda olan proqram təminatlarını alıb özlərinin server və ya kompüterlərinə instalizasiya edirlər. SaaS xidmətində isə, istifadəçi ona lazım olan proqram təminatının rezident hissəsini öz kompüterinə yükləmədən şəbəkə kanallarının köməyi ilə bulud texnologiyalarına müraciət etməsinə imkan verir. Proqram əlavələri SaaS xidməti verən provayderin serverində işləyir və istifadəçiyə hesablamaların nəticəsini göndərir. Beləliklə, istifadəçi proqram təminatını almır və lazım gələndə ondan məsələnin həllində istifadə edir və istifadəyə (icarəyə) uyğun pul ödəyir. Veb xidmətlərini də SaaS platformasına aid etmək olar.
SaaS konsepsiyasına əsasən, istifadəçi bir məhsulu satın alaraq eyni zamanda onun üçün ödəniş etmir, onu kirayə götürür. Bundan başqa, o, məhz ona lazım olan funksiyalardan istifadə edir. Məsələn, bir proqram ildə bir dəfə lazım olursa və proqramdan bundan çox istifadə etmək nəzərdə tutulmursa, lazımsız proqramın kompüterdə yer tutmasına ehtiyac qalmır. SaaS məntiqi WaaS (Work as a Service — bir xidmət kimi iş yeri) anlayışına əsaslanmışdır. Yəni, müştəri proqram təminatı ilə işləmək üçün tam təmin olunmuş virtual iş yeri ilə təchiz olunur[4].
Bulud modelləri
redaktə•Ümumi təyinatlı buludlar — bu xidmətin istifadəçisi istənilən şirkət və istifadəçi ola bilər, istifadə qiymətinə görə münasib olan, digər hesablama sistemlərində həlli mümkün olmayan məsələlərin həllini, böyük miqyaslanma imkanlı veb-saytların və ya biznes-sistemlərinin yaradılmasını təklif edir. Məsələn, Amazon EC2 və Simple Storage Service (S3), Google Apps/Docs, Salesforce.com, Microsoft Office Web onlayn servislərini göstərə bilərik.
•Özəl (xüsusi) təyinatlı buludlar — özəl bulud, yalnız bir təşkilat üçün istifadə və idarə edilir. Buna görə də, yalnız təşkilat daxilində hər kəs məlumatdan, xidmətlərdən və proqramlardan istifadə edə bilər.
•Qrup təyinatlı buludlar — ümumi maraqları eyni olan bir sıra təşkilatlar üçün istifadə edilir. Bu bulud bir yaxud bir neçə təşkilat arasında paylana bilər, lakin əsas mahiyyət ondan ibarətdir ki, onlardan tələb olunan iş eynidir və istifadəçilər eyni missiyanı, strategiyanı, təhlükəsizliyi və sürəti tələb edirlər.
•Hibrid buludlar — bir və daha artıq buludun birləşməsindən meydana çıxan modeldir (ümumi, özəl və qrup). Bu, bir sıra daxili və xarici bulud provayderləri tərəfindən istifadə olunan mühitdir
Tarixi
redaktəAzərbaycan dilində "Bulud Texnologiyası" kimi ifadə edilən "cloud computing" termininin mənbəyi tam olaraq müəyyən deyil, lakin informasiya və kommunikasiya sistemlərinin diaqramlarındakı şəbəkələri bildirmək üçün istifadə edilən bulutvari rəsmlərdən uydurulmuş olduğu düşünülür. Bulud simvolu 1994 ilə gələnə qədər interneti əks edirdi.
Bulud sözü internet üçün istifadə edilən bir metafor idi, telefon sxemlərində bir şəbəkəni göstərən bulutvari formanı əsas götürürdüdü və sonralar kompüter və şəbəkə diaqramlarda internetə aid əsas infrastrukturun bir işarəsi olaraq istifadə edilib.
1990-cı illərdə telekommunikasiya şirkətləri, artıq daha yaxşı xidmət keyfiyyətinə və daha az xərcə malik olan Virtual Şəbəkə xidməti təmin etməyə başladılar. Bulud simvolu təchizatçıların vəzifəsi ilə istifadəçilərin vəzifələri arasındakı sərhədi bildirmək üçün istifadə edilirdi. Bulud texnologiyası bu sərhədi serverlərdən şəbəkə infrastrukturuna qədər genişləndirib.
Bulud texnologiyasının tarixi 1950-ci illərdən başlayır. Universitet və şirkətlərdə istifadə edilən iri ölçülü əsas kompüterlərə zəif terminal kompüterlər qoşulurdu. Bir əsas kompüter almaq çox baha başa gəldiyi üçün, var olan bu kompüterdən ən yaxşı şəkildə istifadə emək olduqca vacib məsələ idi. Time sharing kimi tanınan sistem yaradıldı. Bir çox istifadəçinin eyni zamanda həm fiziki çıxışda həm də CPU nun istifadəsinə imkan verən bu sistem Kompüterdən ən yaxşı istifadəni təmin edirdi.
Kompüterlər inkişaf etdikcə texnologiya mütəxəssisləri böyük ölçülü məlumatla işləmək gücünü "Time sharing" yolu ilə daha çox istifadəçiyə təqdim etməyin yollarını axtardılar. Son istifadəçilərin CPU-ya daxilolma və istifadəsini daha səmərəli hala gətirən infrastruktur, qurğu və əməliyyatların optimal istifadəsini təmin edən algoritmlər üzərində işləməyə başladılar.
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
- ↑ "Arxivlənmiş surət". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2020-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-13.
- ↑ "Arxivlənmiş surət". 2015-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
- ↑ "Arxivlənmiş surət". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-20.