Huseyn Baykara - Wikipedia
Bu məqalə Azərbaycanlı şair, publisist haqqındadır. Teymuri sultanı və şair üçün Sultan Hüseyn Bayqara səhifəsinə baxın. |
Hüseyn Baykara (türk. Hüseyin Baykara; əsl adı: Qаrа Nəsir bəy oğlu Hüseynbəyli-Şirinbəyov; 1904, Şuşa – 1 iyul 1984, Kayseri) — Azərbaycanlı hüquqşünas, tarixçi, araşdırmaçı-yazıçı, publisist, şair.[1]
Hüseyn Baykara | |
---|---|
Doğum adı | Qаrа Nəsir bəy oğlu Hüseynbəyli-Şirinbəyov |
Doğum tarixi | 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 1984 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ Türkiyə |
Təhsili |
|
Fəaliyyəti | vəkil, siyasətçi, tarixçi, publisist, yazıçı, şair |
Həyatı
redaktəQаrа Hüseynbəyli-Şirinbəyov (Hüseyn Baykara) 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar[2] ailəsində anadan olub.[3] Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Hüseyn bəy Hüseynbəyovun oğlu olub. Ulu babası isə Şirin bəy Ənnağıoğlu olub. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi. Nəsir bəy Hüseynbəyovun 3 oğlu, 5 qızı olub. Böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdə vuruşaraq həlak olub. İkinci oğlu Surxay filoloq olub, Qazax seminariyasında işləyib. Qızlarının adları Firəngiz, Uruh, Texu, Rəna, Sərəncam olub.[1]
Təhsili
redaktəMəhəmməd Əmin Rəsulzadənin baş redaktoru olduğu və İstanbulda yayımlanan "Odlar Yurdu" jurnalının 19-cu sayında "Bu il məzun olanlar" başlıqlı xəbər yayımlanıb. Xəbərdə 1930-cu ildə Türkiyədə təhsil alan tələbələr haqqında qısa məlumat verilib:[1]
Bu il azərbaycanlı gənclərdən Baykara Hüseyn bəy Ankara Hüquq fakültəsindən, Rüstəmbəyli Şükrü, Tofiq Rahim bəylər İstanbul oğlan liseyindən və Zeynalzadə Hakimə xanım İstanbul qız liseyindən məzun olublar. Məzunlardan Baykara bəy Diyarbəkir vilayəti Osmaniyyə qəzası prokurorluğuna təyin edilib. Şükrü bəy də yaxınlarda təhsil üçün Avropaya gedəcək. Hakimə xanımın hökumət hesabına Avropaya göndərilicəyi söylənməkdədir. Məzun vətəndaşlarımızı bu münasibətlə təbrik edir, müvəffəqiyyətlər diləyirik. |
Hüseyn Baykara 1927-ci ildə mühacirətə getdiyi ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdu.
Fəaliyyəti
redaktə1923-cü il
redaktəHüseyn Baykara bolşeviklər əleyhinə mübarizəyə gənclik illərindən başlamışdır. O, 1923-cü ilin sonlarında həbs edilmiş və həbsxanada şair Əhməd Cavadla məhbəs yoldaşı olmuşdur:[1]
Şeirlərini oxuduğum və sevdiyim bu şairi "ÇeKa" tərəfindən tutulduğum 1923-cü ilin sonunda Bakının Staro-Politseyski küçəsində yerləşən həbsxanada tanıdım. O da həbs edilmişdi. Onuna bir neçə ay hücrə dostu oldum. Orada bizə kitab, dəftər, qələm vermirdilər. Necə oldusa, mənim əlimə üç sm. ölçüsündə bir karandaşın ucu keçdi. Bu qələmlə Ə.Cavadın "ÇeKa" şeirlərini divara yazır, əzbərləyirdim. Bir gün nəzarətçi Nikolay məni pəncərənin deşiyindən güdmüş, divara nəsə yazdığımı görmüşdü. Bir də gördük ki, qapını açdı, divara yazılan yazıları bir taxta parçasıyla sildi. Cavadın 4-5 şeiri beləcə unuduldu, itdi. Bu hadisədən sonra yazdığı iki şeirini əzbərlədim. Bu şeirlər "Ay ellər" və "Neyləyim" başlıqlı idi. |
Qara Hüseynbəylinin həbsi haqqında məlumat mühacirətdə çap olunan "Yeni Kafkasya" jurnalında da qeyd olunmuşdur. Jurnalın 45-ci sayında yayımlanan "Azərbaycan həbsləri haqqında yeni təfsilat" adlı xəbərdə həbs olunanlar siyahısında onun da adı var.[1]
Həbs hadisəsindən bir neçə il sonra Hüseyn Baykara dostlarına mühacirətə getməyi təklif etmiş, lakin bu təklif etrazla qarşılanmışdır. Bu hadisəylə bağlı o, kitabında yazır:[1]
Bu həbsdən sonra Əhməd Cavad Azərbaycan kommunistlərinin müdaxiləsi ilə, mən isə bir təsadüf nəticəsində qurtuldum. (Ə.Cavadın çıxarılmasına kömək edən kommunistlər sonradan Stalin tərəfindən güllələndi). Mən bəzən onu evində ziyarət edirdim. Bir gün təsadüfən Ə.Cavadla, gizli milli istiqlal komitəsinin rəhbəri Dadaş Həsənzadə və liderlərdən Rəhim bəy Vəkili ilə görüşdük. Uzun söhbətdən sonra mən gizli komitənin tanınmış üzvlərindən bir qisminin Azərbaycanın xaricinə çıxmasını təklif etdim. Azərbaycan istiqlal mücadiləsinin hər üç lideri də mənim bu təklifimə qarşı çıxdılar və dedilər: "Mən xarici ölkəyə gedim, sən get, o biri də getsin, bəs bu bədbəxt və talesiz günləri bu millətlə kim paylaşsın? |
Mühacirətdə olduğu illər
redaktəHüseyn Baykaranın tələbələr qarşısında tez-tez Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çıxış etməsi bolşeviklərin xoşuna gəlməmiş və o, təqiblərə məruz qalmışdı. 1927-ci ildə dostlarından biri Hüseyn Baykaraya universitet tələbələrinin Novruz bayramı ilə keçiriləcək tədbirdə bolşevik casuslarının onu tutacaqlarını xəbər vermiş, H.Baykara da NKVD-çilərin əlinə keçməmək üçün 1927-ci ildə əvvəlcə İrana, sonra isə Türkiyəyə getmişdir.[1][3]
Hüseyn Baykaranın qardaşı Surxay Şirinbəyov da fəal mübarizlərdən olmuşdur. Surxay Şirinbəyov o zamanki Azərbaycan Pedaqoji İnstitutunu bitirmiş və Qazax gimnaziyasında dərs demişdir. Siyasi düşüncələrinə görə o, 10 illiyə "SLON"a (Slovetsk xüsusi təyinatlı düşərgəsi) göndərilir. Solovetsk düşərgəsindən dönəndən sonra Surxay Şirinbəyova Bakıda məskunlaşmağa icazə verilmədiyindən Qazaxıstana köçür. O, dəfələrlə qardaşını tapmağa cəhd etmiş, lakin alınmamışdır. Surxay Şirinbəyov 1956-cı ildə yük maşının altında qalaraq vəfat etmişdir. O, Almatıda dəfn edilmişdir.[1]
İstabula gələn Qara Hüseynbəyli burada Hüseyn Baykara adı ilə yaşamış və İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra bir müddət Elazığda hakim işləmiş, İstanbula döndükdən sonra isə burada prokuror vəzifəsində çalışmışdır.[1][3]
Ədəbi fəaliyyəti
redaktəMühacirətdə olduğu illərdə hüquqşünaslıqla yanaşı, ədəbi fəaliyyətini də dayandırmamış, mətbuatda elmi, publisistik məqalələrlə çıxış etmişdir. Onun "Azərbaycanda erməni basqısı və Naxçıvan məsələsi", "Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə", "Azərbaycan cümhuriyyətinin iki hərbi zəfəri", "Azərbaycan renessansını yapanlardan Abbasqulu Ağa Bakıxanov", "Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli", "Dədə Qorqud kitabı üzərinə notlar" və s. kimi yazılarında ölkə və xalqın vəziyyəti əks olunmuşdur.[1][3]
Hüseyn Baykara İstanbulda Rəsulzadənin çap etdiyi "Yeni Kafkasya" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Yeni Kafkasya"da "Ailə faciələri", "Doktor Dadaş Həsənzadə" adlı yazıları çap olunmuşdur. Baykara Dadaş Həsənzadə ilə bağlı yazdığı məqaləsində onun tərcümeyi-halını, onunla bağlı xatirələrini qeyd etmişdir. O, həmçinin "Azəri-Türk", "Odlu Yurd" və b. qəzet-jurnallarda Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələr dərc etdirmişdir.[1][3]
Hüseyn Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını "ümmətçilik"dən "millətçiliy"ə yönəldən, onları "türkçülük-millətçilik", "Azərbaycan" ideyası ətrafında birləşdirən və "Açıq söz" qəzetində bunu təbliğ edən "Müsavat"ın lideri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. O qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışmış Məhəmməd Əmin Rəsulzadə 1911-1913-cü illərdə Ş.C.Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur:[3]
Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir. |
Baykara mühacirətdə "Odlu yurd", "Azərbaycan", "Türk kültürü" jurnalları ilə əməkdaşlıq edib, Azərbaycanla bağlı müxtəlif yazılar yazmışdır. "Türk kültürü" jurnalının Azərbaycan həsr edilmiş xüsusi buraxılışında Baykaranın "Çar Rusiyasının Azərbaycanda apardığı istila savaşları" adlı yazısı dərc edilmişdir.[1]
İrsi
redaktəHüseyn Baykaranın mühacirətdə üç kitabı çap olunmuşdur. "Azərbaycanda yeniləşmə hərəkatı. XIX əsr" Ankarada 1966-cı ildə, "Azərbaycan istiqlal mübarizəsi tarixi" adlı kitabı İstanbulda 1975-ci ildə və üçünücü kitabı "İran inqilabı və azadlıq hərəkatları" adlı kitabı isə 1978-ci ildə İstanbulda nəşr edilmişdir. "İran inqilabı və azadlıq hərəkatları" kitabında Güney Azərbaycanda baş verən Səttarxan və Xiyabani inqilablarından bəhs olunur. Kitabın girişində yazılmışdır:[1][3]
Bu kitabımı İran inqilabı və azadlıq hərəkatları uğrunda canlarını verən, adları bilinən və bilinməyən əziz şəhidlərə və indi İranda şahların şahı Məhəmməd Rzanın zindanlarında inləyən azadlıq savaşçılarına ithaf edirəm. |
Hüseyn Baykara yazılarında Azərbaycanın milli azadlıq hərəkatına xüsusi yer vermişdir. O, yazırdı ki, "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır.[3]
Ailəsi
redaktəHüseyn Baykaranın dörd övladı olub: Orxan, Surxay, Mina, Gülqənd. Orxan jurnalist, Surxay inşaatçı-mühəndis, Mina uşaq həkimi, Gülqənd isə mühəndis olmuşdur.
Vəfatı
redaktəHüseyn Baykara 1984-cü il iyulun 1-də Kayseridə vəfat etmiş, nəşi İstanbula gətirələrək iyulun 4-də Qaraca Əhməd məzarlığında dəfn edilmişdir.[1]
Mənbə
redaktə- "Odlu yurt" jurnalı, 19-cu say, 1930
- Салиха АЛИЕВА. "Он всем сердцем верил, что Азербайджан восстановит свою независимость". Каспiй. www.anl.az. 2017. İstifadə tarixi: 2019-09-19.
- Baykara H. "Azerbaycan istiklal mücadelesi tarihi". İstanbul, 1975, səh. 198-199
- "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 336
- "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 199-200
- Salmanlı R. Mühacir-yazar. "Azərbaycan" qəzeti, 21 iyul 2017
- "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 393
- "Türk kültürü" jurnalı, 19-cu say, səh. 17-25
- Milli istiqlal nəzəriyyəçisi Hüseyn Baykara: müqəddimə /İsa Həbibbəyli // Hüseyn Baykara. İran inqilabı vә azadlıq hәrәkatları.- Bakı: Kitab Klubu MMC, 2018.- S.5-7.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Dilqəm Əhməd. "Bir ildən yüz ilə". Bakı: "TEAS Press". 2018. səh. 107-112. ISBN 978 9952 310 47 4.
- ↑ Ənvər Çingizoğlu, Şirinbəyovlar, "Soy" elmi-kütləvi dərgi, 2007, №3, səh. 26-37
- ↑ 1 2 3 4 5 6 7 8 Ülviyyə Tahirqızı. ""Məni burda sanmayın, mən hər gün Qafqasdayam… Mühacir aydınlarımızdan biri də Hüseyn Baykaradır"" (azərb. ). anl.az. 26 iyul 2014. 17 aprel 2019 tarixində arxivləşdirilib.