Huseyneli Xan Quba Xani - Wikipedia
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı.
Hüseynəli xan | |
---|---|
1726 – 1758 | |
Əvvəlki | Hacı Davud Müşkürlü |
Sonrakı | Fətəli xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Quba, Quba xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Quba |
Atası | Sultan Əhməd xan |
Uşağı | |
Dini | Şiə, İslam |
Haqqında
redaktə1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi.[1]
1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu. Eyni zamanda xanlığın kəndxuda və ağsaqqaları Hüseynəli xanla Rusiya imperatriçələrinə sədaqət andı qəbul etdilər.[2]
Hüseynəli xan şah hakimiyyətinə zahiri itaət göstərirdi. Məhz belə siyasət nəticəsində, Nadir şahın Azərbaycana ilk yürüşü zamanı 1734-cü ildə şah Hüseynəli xanın idarəçiliyinə əlavə olaraq Səlyanı da vermişdi və beləliklə Səlyan yenidən Qubaya birləşdirilmişdi.[3] Bir il keçməmiş şah Səlyanın idarəçiliyini Quba xanının səlahiyyətindən çıxardı.[4] Nadir şah Əfşarın hakimiyyətinin son illərində Azərbaycanda İran ağalığına qarşı xalq hərəkəti geniş vüsət almışdı. Qubada da çıxışlar baş vermişdi. 1735-ci ildə qubalıların bir hissəsi Nadir şaha qarşı çıxıb, dağıstanlılara güvənərək Xudat qalasında Hüseynəli xanı mühasirəyə aldılar. Şamxal Xaspulad və Dərbənd qarnizonunun rəisi onun yardımına gələrək, üsyançıları dəf etdilər.[5]
Artıq 1742-ci ildən başlayaraq Şirvanda mütəmadi üsyanlar baş verir, Şəkidə İran hakimiyyəti sarsılmışdı. 1747-ci ilin iyun ayının 19-dan 20-nə keçən gecə Nadir şahın sui-qəsdlə öldürülməsindən sonra, Azərbaycan ərazilərində İran hakimiyyəti ləğv olundu. Lakin ölkənin ayrı-ayrı bölgələrinin arasındakı iqtisadi əlaqələrin zəifliyi Azərbaycanda müstəqil dövlət qurmağa zəmin yaratmırdı. Buna görə də Azərbaycanda 20-yə qədər feodal dövlət qurumları-xanlıqlar təşəkkül tapdı. Bunlardan ən böyükləri Qarabağ, İrəvan, Urmiya, Təbriz və Şəki xanlıqları idi. Nisbətən güclü xanlıqlardan biri də Quba xanlığı idi.[6]
Quba xanlığı çox iri olmayan, lakin hərbi cəhətdən güclü siyasi birlik idi. Nadir şahın Azərbaycana yürüşləri zamanı və feodal ara mübarizəsinin gücləndiyi sonrakı illərdə xanlıq digər Azərbaycan torpaqlarına nisbətən az zərər çəkmişdi. Çünki 1735-ci ildə Xəzərsahili vilayətlər Rusiya tərəfindən İrana güzəştə gedildikdən sonra Hüseynəli xanla digər hakimlər xanlığın qarət olunmasının qarşısını almaq və öz hakimiyyətlərini qorumaq üçün bir sıra tədbirlər görmüşdülər. Həmçinin xanlıqda qalalar olduğundan, əhali lazım gəldiyi təqdirdə sığınacaq tapa bilirdi. Bütün bunlar Azərbaycanın düşmən hücumlarından və feodal-ara mübarizəsindən daha çox zərər çəkmiş cənubla cənub-şərq düzənlik rayonlarından əhalinin Quba xanlığına axıb gəlməsinə səbəb olurdu. Bu isə xanlığın iqtisadi gücünün artmasına şərait yaradırdı. 1757-ci ildə Dərbənd və Şamaxı ətrafından bir sıra ailələrin Quba xanlığına köçürülməsi xanlığın hərbi gücünün artmasına kömək etmişdi.[7]
Hüseynəli xan övladı Fətəliyə uşaqlıq vaxtından hərbi və siyasi işlərlə tanış etmək məqsədi ilə müxtəlif tapşırıqlar verirdi. Atası 1756-cı ildə Fətəlini Quba bəylərindən birinin rəhbərliyi altında, öz dövrünə görə güclü qoşunun baş komandanı təyin etdi.[8]
XVIII əsrin ortalarında Salyan müstəqil xanlığa çevrilmişdi və hakimi Əhməd xan adlı birisi idi. XVIII əsrin 50-ci illərinin ortalarında Əhməd xan ölmüş və onun uzaq qohumu İbrahim Rudbari hakimiyyəti ələ keçirmişdi. İbrahim xan Rudbarinin hakimiyyətindən narazı olan Salyan feodalları gizli sürətdə Quba xanı ilə əlaqə yaratdılar və İbrahim xanı hakimiyyətdən kənarlaşdırıb, Salyan idarəsinin başqasına verilməsini xahiş etdilər. Bu xahiş Quba xanına Salyanın daxili işlərinə qarışmaq üçün imkan verdi. 1757-ci ildə Hüseynəli xanın 20 yaşlı vəliəhdi Fətəlinin başçılıq etdiyi Quba qoşunları Səlyan xanlığına basqın etdilər. İbrahim xan qaçıb Rudbarda gizləndi. Bununla Səlyan yenidən Qubaya birləşdirildi. Salyanı birləşdirməklə Quba xanları Həsənabad, Rudbar, Səfixan və Salyan limanı kimi mühüm iqtisadi məntəqələrə yiyələnmiş oldular. Quba xanı tərəfindən təyin edilən Salyan hakimi isə oranı sultan titulu ilə idarə etməyə başladı. Eyni zamanda Quba xanlığı Şamaxı və Bakı xanlıqlarına təzyiq göstərmək imkanı əldə etdi. Hüseynəli xan 1758-ci ildə vəfat etdi.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Mustafazadə Tofiq, 2005. səh. 11
- ↑ Mustafazadə Tofiq, 2005. səh. 11-12
- ↑ Abbasqulu ağa Bakıxanov, 2000. səh. 144
- ↑ Fərzəlibəyli, Şahin Fazil. Quba xanlığı. Bakı. 2001. 42.
- ↑ Abbasqulu ağa Bakıxanov, 2000. səh. 146
- ↑ Mustafazadə Tofiq, 2005. səh. 12-13
- ↑ Mustafazadə Tofiq, 2005. səh. 14
- ↑ İsgəndər bəy Hacınski, 1959. səh. 6
- ↑ Mustafazadə Tofiq, 2005. səh. 14-15