Genceli Sabahi - Wikipedia
Gəncəli Yunis oğlu Sabahi (1906–1990) — XX əsr Azərbaycan yazıçısı.
Gəncəli Sabahi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Mərənd, Cənubi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəGəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu[1]. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi. İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı.
Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Səbahinin atası Yunis kişi də belələrindən olub. Gəncəbasarda özünə iş axtarıb. Gədəbəyin və indiki Daşkəsənin dağ mədənlərində işləyib. Vaxtlı-vaxtında Mərəndə dönüb ailəsinə baş çəkə bilməyib. Buna görə də çətinliklərdən cana doymuş arvadı övladını da götürüb Gəncəbasara, ərinin yanına gəlib. Beləcə Səbahi yeddi yaşından sonra Gəncəbasarda yaşamalı, buradakı məktəblərdə oxumalı olub.
Gənclik illərindən ədəbiyyata böyük maraq göstərib, şeirlər yazıb. Lakin sonralar o, nasir və tənqidçi kimi daha çox məşhurlaşıb.
Bolşeviklərin sosyal ədaləti bərpa edəcəkləri haqda verdikləri vədlər, söylədikləri şüarlar Səbahiyə olduqca xoş gəlib. Sovetləri təqdir edənlərdən biri də o olub. 1932-ci ildə Pedaqoji İnstitutu bitirdikdən sonra onu müəllim işləməyə göndəriblər. Şamaxı rayonunun orta məktəbində direktor işləyib. Lakin хoş günlərin ömrü o qədər də uzun olmayıb.
30-cu illərdə SSRİ-nin hər yerində ziyalılara, sərbəst düşünənlərə, azadlıqsevərlərə qarşı təzyiq və təqiblər başlayıb. Kütləvi həbslər və sürgünlər Səbahidən və onun ailəsindən də yan keçməyib. Qəflətən həbs edilərək Qazaxıstana sürgün olunub. Necə deyərlər, cəhənnəmi dirigözlü görsə də, sosializm quruculuğuna inamı qırılmayıb. Ona elə gəlib ki, baş verən dəhşətlərə səbəb ayrı-ayrı adamlardır, höümətin və hakimiyyətin yuxarı pillələrində əyləşənlərin ölkədə baş verən haqsızlıqdan xəbəri yoxdur.
II. Dünya Savaşından yararlanan SSRİ yeni ərazilər ələ keçirmək üçün planlar hazırlamışdı. Bu planda İranı da təsir dairəsinə daxil etmək də var idi. Ona görə də Almaniya ilə savaşa başladıqdan sonra orada "faşizmin kök saldığını" bəhanə gətirərək 1941-ci ilin avqustunda qoşunlarını Tehranadək yeritdi. Müttəfiqləri də güneydə İrana qoşun çıxartsalar da, bölgənin SSRİ-nin təsir dairəsində qalmasını istəmirdilər. Sovet hökuməti müttəfiqlərlə vəziyyəti gərginləşdirməmək üçün Azərbaycan kartından istifadə etməyi qərara aldı. İranın qüzey batısındakı bölgədə, Azərbaycan Sovet Sosialist Respublikasının güneyində yaşayan türkləri müstəqillik uğrunda mübarizəyə həvəsləndirdi. Orada ana dilində məktəblər, qəzet-jurnal, teatr, universitet açılmasına nail oldu. Yerli kadrlar çatışmadığından Sovet Azərbaycanından və başqa yerlərdən oraya mütəxəssislər göndərildi.
Milli hökumətin yenicə təsis etdiyi Təbriz Dövlət Darülüfununda dil və ədəbiyyat fakültəsinə rəhbərlik edir, radio verlişlərində ana dilində tez-tez çıxış edir, qəzet və jurnallarda məqalələr çap etdirir. Lakin onların bu fədakarlığı istənilən bəhrəni vermir. Müttəfiqləri SSRİ-ni İrandan qoşunlarını çıxarmağa və Şahpərəst ordu birləşmələrinin İran Azərbaycanının şəhər və kəndlərində qurulmuş hakimiyyəti qan içində boğmağa məcbur edir.
Cəmi bircə il yaşayan Azərbaycan Milli Hökuməti 1946-cı il dekabr ayında ləğv edilir. Minlərlə azərbaycanlı güllələnir, həbs edilir, sürgünə göndərilir. Milli Hökumətin süqutundan iki gün sonra səhər saat 9-da polis Gəncəli Səbahinin evindən alaraq həbsxanaya aparır.
Gəncəli Sabahi "Ötən günlərim" adlı xatirə povestində həmin hadisəni olduqca təfsilatıyla yazır. Onu təhqir edən həbsxana məmurlarından çox, haqlarını müdafiə etdiyi insanlardur. Zindanda çox işgəncələr gördükdən sonra Rusiyada soyuq yerə sürgün edilmiş ədibi cəhənnəm kimi itsisi olan Yəzdə sürgün edirlər. Lakin bu həssas qələm sahibi harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq, daxilindən coşan yaradıcılıq ehtirası ilə yazıb-yaradır.
BMT və beynəlxalq təşkilatların təzyiqi altında İran hökuməti geri çəkilməli olur. Gəncəli Sabahi və onun kimi yüzlərlə insan sürgündən azad olunur. Onlar fiziki cəhətdən sürgündən azad olunsalar da, mənəvi cəhətdən yenə də həbsxana həyatı yaşamaq məcburiyyətində idilər. Belə ki, Gəncəli Səbahi və onun məsləkdaşları ana dilində yazıb-yaratmaq, ana dilini inkişaf etdirmək istəyirdilər. İranda isə nəinki ana dilində yazıb yaratmaq, təhsil almaq, hətta danışmaq belə yasaq idi. Məktəblərdə ana dilində danışdıqlarına görə uşaqları cəzalandırır, valideynlərini cərimələyirdilər.
Bütün hədə-qorxulara, yasaqlara baxmayaraq Gəncəli Sabahi ana dilində yazırdı. Yazdıqlarını çap etdirə bilməsə də yazırdı. Yaxşı bilirdi ki, xalq bir vaxt ayılacaq, onun yazdıqlarına sahib çıxacaq, çap etdirərək gəncliyə təqdim edəcəkdir.
İran türkləri arasında ana dilində şeir yazmaq ənənəsi vardı, lakin nəsr, ədəbi tənqid unudulmaqda idi. Gəncəli Sabahi isə nəsr və ədəbi tənqidi inkişaf etdirirdi.
Gəncəli Sabahi 1950-ci illərdə "Həyat faciələrindən" povestini yazır. Onun "Qartal", "Gül dəstəsi", "Ana qəlbi", "Arsız Qafar", "Ovçu" kimi povest və hekayələrini bir ideya birləşdirmişdir: insanları ağlasığmaz əzablara düçar edən, onları quldura, oğruya, yolkəsənə çevirən quruluşdur. O dövlətdə ki, qanunlar işləmədi, haqq-ədalət olmadı onda dünyanın əşrəfi sayılan insan da ən vəhşi yırtıcıya çevrilir.
Gəncəli Səbahi Hüseyin Caviddən təsadüfən eşitdiyi söhbət əsasında yazdığı "Ovçu" hekayəsində də, 1945-ci ilin 21 Azər hərakatı ilə bağlı yazdığı "İnsanı azdıran" hekayəsində də, ümumilikdə isə nəsrində ağır bir qüssə, kədər olsa da sonluqda oxucuda nikbin bir əfval-ruhiyə yaranır, mübariz ruh aşılanır. Ümumilikdə götürdükdə sürgün və həbsxana həyatı ədibin yazılarının əsas mövzusunu təşkil edir.
Gəncəli Səbahi görkəmli nasir olmaqla yanaşı, Azərbaycan ədəbi tənqidinə də təsir göstərən bir şəxs olmuşdur. "Varlıq" jurnalının nəşrə başlaması Gəncəli Səbahinin ardıcıl ədəbi tənqidlə məşğul olmasına şərait yaradır.
O, yalnız İran Azərbaycanında yaşayan Səhənd, Sahir, Sönməz, Məhzun, Haşim Tərlan və başqaları haqqında yazmaqla kifayətlənməmişdir. Həmçinin Mirzə Cəlilin "Anamın kitabı" dramı və Səməd Vurğunun "Aygün" pоemasına da münasibət bildirir.
Səbahi prinsipiallığını heç nəyə qurban vermir. O, "Ədəbiyyatın ictimai həyata təsiri" adlı məqaləsində bir sıra mühüm ədəbi problemlərə işiq salır.
Ədibin ölümündən sonra çap olunan "Ötən günlər" xatirə-povesti memuar ədəbiyyatımızın ən gözəl nümunələrindəndir.
1990-cı ilin sentyabrın 6-da Tehranda dünyasını dəyişən böyük ədibi Behişti Zəhra qəbiristanlığında dəfn ediblər. Onun yaradıcılığı tam öyrənilməsə də əsərləri sevilərək oxunur və gəncliyi milli azadlıq mübarizəsinə səsləyir.
Əsərləri
redaktə- Qartal
- Həyat faciələri
- Şeirimiz zamanla ayaqlaşır
Mənbə
redaktə- Cənubi Azərbaycan ədəbiyyatı antologiyası, III cild, Bakı, "Elm", 1988, səh. 377.
Həmçinin bax
redaktə- ↑ Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 377. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.