Gurcustan Tarixi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Gürcüstan tarixi — təxminən E.ə. II minillikdən etibarən başlandığı təxmin edilir.
Qədim tarix
redaktəOrta əsrlər
redaktəXI əsrdə bütün Qafqazda olduğu kimi Gürcüstanda da feodal münasibətləri inkişaf etməyə başlamışdı. Burada iqtisadiyyat dirçəlir, kənd təsərrüfatında taxıl bitkiləri ilə yanaşı, düyü kimi intensiv bitkilər geniş yayılır, üzümçülük və şərabçılıq inkişaf edirdi. Gürcüstanda heyvandarlıq, xüsusilə atçılıq və arıçılıq inkişaf etmişdi. Bütün torpaqlar feodalların əlində idi. Yalnız ucqar dağ rayonlarında hələ də icma münasibətləri saxlanılırdı. Gürcüstanda feodallar sinfi içərisindən əyanların yeni güclü bir təbəqəsi olan didebulilər meydana çıxdı ki, onlara varlı ruhani feodallar da qoşulurdular. Gürcü kilsəsinin başında katolikos dururdu. Gürcüstanda iri feodal torpaq sahibliyinin inkişaf etməsi və siyasi dağınıqlığın güclənməsi ilə əlaqədar bu şəhərlər həm də siyasi mərkəzlərə çevrilirdilər. Bu zaman Gürcüstanda Teo-Klarceti, Abxaziya və Kaxetiya çarlıqları və Tiflis Müsəlman əmirliyi kimi siyasi qurumlar mövcud idi. XI əsrin başlanğıcında Gürcüstanda ən güclü və inkişaf etmiş Teo-Klarceti çarlığı başda olmaqla ölkənin siyasi birliyinə meyl artırdı. Qabaqcıl aznaurlar və şəhərlilər çarların dayağı idi. XI əsrin başlanğıcında Teo-Klarceti və Abxaziya çarlıqları vahid dövlətdə birləşdilər, burada iri feodallar hamısı öz mülklərini əllərində saxladılar. Çar IV Baqrat (1027–1072) əyanlarla mübarizədə böyük müvəffəqiyyətlərə nail oldu. XI əsrin Ön Qafqaza səlcuqların yürüşləri başlandı. Səlcuq sultanları I Toğrulun, Alp Arslanın və I Məlikşahın hakimiyyətləri dövründə bütün Ön Qafqaz səlcuqlar tərəfindən işğal edildi. Gürcüstan çarlığı da səlcuqlardan asılı vəziyyətə düşdü. 1088–1089-cu illərdə Gürcüstanda baş vermiş güclü zəlzələ ölkədə böyük dağıntılara səbəb oldu. Nəticədə əyanlar ali ruhanilərlə birləşərək çarlarla mübarizəni gücləndirdilər. Bu şəraitdə aznaurların və şəhərlilərin bir hissəsi çar hakimiyyətinin müdafiəsinə qalxmışdılar.
Bu ərəfədə çar IV Qurucu Davidin (1089–1125) simasında Gürcüstanda görkəmli dövlət xadimi meydana çıxdı. O, islahatlar nəticəsində kilsə üzərində nəzarət qoya bilmiş, məhkəməni və inzibati orqanları möhkəmləndirmişdi. Bu vaxt Ön Qafqazda Səlcuq dövlətinin mövqeləri zəifləmişdi. Bundan istifadə edən Qurucu David arxadan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək və özünə müttəfiqlər tapmaq üçün tədbirlər gördü. Bu məqsədlə böyük qızı Tamarı Şirvanşah I Əfridunun oğlu III Mənuçöhrə ərə verdi. David belə hesab edirdi ki, səlcuqlara qarşı mübarizədə Şirvanşahlarla mövqeyi uyğun gəlir. Onun tədbirlərindən biri də 1118–1120-ci illərdə 45 minlik süvari ordusu olan 225.000 qıpçağı Şimali Qafqazdan Şərqi Gürcüstana köçürməsi oldu. IV David güclü ordu ilə üç dəfə, 1117 və 1120-ci illərdə Şirvana işğalçı hücum etdi və böyük dağıntılar törətdi. Öz qüvvələrini bu yürüşlərdə sınaqdan keçirdikdən sonra 1121–1122-ci illərdə səlcuqlara qarşı mübarizəyə başladı və qələbə çaldı. 1121-ci ildə Didqori döyüşündə səlcuqlar tamamilə darmadağın oldular. IV David bundan istifadə edərək Tiflis Müsəlman əmirliyinin varlığına son qoydu. Səlcuqlar üzərində qələbədən sonra Şirvanşah III Mənuçöhr arvadı Tamarın iradəsi ilə Səlcuq dövlətinin vassallığından imtina edərək Gürcüstanın vassallığını qəbul etdi.
XII–XII əsrlərdə Gürcüstan daha da güclənərək, iqtisadi yüksəliş keçirirdi. Onun məhsuldar qüvvələri artmışdı. Samqori kanalının çəkilməsi kənd təsərrüfatının inkişafına çox kömək etdi. Sənətkarlıq inkişaf etdi, sərbəst sənətlər çoxaldı. Məharətli ustalar yüksək keyfiyyətli parçalar, xalçalar toxuyur, zərgərlik məmulatları hazırlayırdılar, bunlar isə xaricə satılırdı. Tacir və sənətkar birlikləri bir qüvvə kimi Gürcüstanın siyasi həyatında da özünü göstərirdi. Bununla belə, ölkədə iri feodal torpaq sahibliyi daha da artmış və möhkəmlənmişdi. Çarların əvvəllərdə olduğu kimi öz güclü qoşunu yox idi, aznaurlar kütləsi didebullara və yepiskoplara xidmət edirdi. Feodallardan asılı kəndlilərə qlexlər deyilirdi. Onlar feodallar üçün biyar işləyir, töycü verir, müxtəlif mükəlləfiyyətlər icra edirdilər. IV Davidin həyata keçirdiyi islahatlar feodallar sinfinin hökmranlığını möhkəmləndirir, ona xalqın müqavimətini qırmaq imkanı verirdi. Çariça Tamaranın dövründə (1184–1213) çar hakimiyyəti xeyli gücləndi. Tamara əyanlara və din xadimlərinə yüksək vəzifələr verərək onları öz tərəfinə çəkməyə nail oldu. Əyanların məsləhəti ilə Tamara rus knyazı Andrey Boqolyubskinin oğlu Yuriyə ərə getdi. Sonradan Yuri qiyam qaldıran əyanların tərəfinə keçdi, lakin məğlub olaraq Gürcüstanı tərk etməli oldu. Tamara əyanların müqavimətini qıraraq hakimiyyətini möhkəmləndirdi. Tamara təcavüzkar xarici siyasət yeridərək Azərbaycanın daxili işlərinə müdaxilə edirdi. Onun vərəsələri zamanında, xüsusilə çariça Rusudanın dövründə (1222–1245) Gürcüstan çarlığının sərhədləri genişlənərək cənubda Ərzincan və Ərzurum şəhərlərinə qədər əraziləri əhatə edirdi. Şimali Qafqazda osetinlər, avarlar və başqa tayfalar da tabe edilmişdi. Gürcüstanın yüksəlişinə monqolların yürüşü ilə son qoyuldu. Gürcü çarı Rusudan və əyanların bir hissəsi Qərbi Gürcüstandakı meşəliklərə qaçaraq orada gizləndilər. Digər feodallar öz qəsrlərində gizləndilər. 1245-ci ildə Gürcüstan monqollar tərəfindən işğal edildi. Ön Qafqaz ərazisi 1239–1256-cı illərdə Ali Monqol Xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. İlk canişin iri monqol feodalı Arqun ağa oldu. XIV əsrin ikinci rübündə bütün Qafqaz Əmir Teymur tərəfindən fəth edildi. Bu dövrdə Gürcüstan sürətlə tənəzzülə uğradı. Teymurilər imperiyasının zəifləməsindən sonra müasir Gürcüstan ərazisində müstəqil feodal dövlətləri olan Kartli, Kaxeti, İmereti, Cənubi Gürcüstan çarlıqları yarandı.
Kartli çarlığının paytaxtı Tiflis şəhəri idi. Çarlıq yarımmüstəqil inzibati vahidlər olan satavadalara bölünürdü. Dövlətin iqtisadiyyatı natural təsərrüfata əsaslanırdı. İmereti çarlığı XV əsrin sonunda yaranmışdı. Paytaxtı Kutaisi şəhəri idi.
XVI əsr-XVII əsrin birinci yarısında Qafqaz ərazisi Səfəvi və Osmanlı İmperiyaları arasında mübarizə meydanına çevrilmişdi. 1555-ci ildə Səfəvilərlə Osmanlılar arasında bağlanmış Amasya sülhünə əsasən, İmeretiya çarlığı Türkiyəyə verildi. Kartli və Kaxetiya çarlıqları isə Səfəvilər dövlətinin tərkibinə qatıldı. XVII əsrin birinci yarısında I Şah Abbas Kartli-Kaxetiyaya bir neçə dağıdıcı yürüşlər etdi. Aramsız davam edən müharibələr, ağır vergilər ölkə iqtisadiyyatına ağır zərbə endirmiş, xalqın vəziyyətini çətinləşdirmişdi. Belə bir vəziyyətdə Kartli və Kaxetiyada Səfəvilər əleyhinə güclü üsyan baş verdi. Üsyana gürcü aznauru, Kartli hakimi Georgi Saakadze başçılıq edirdi. 1623-cü ildə başlanmış üsyan güclü xarakter aldı. I Şah Abbas üsyançılara qarşı böyük bir cəza dəstəsi göndərdi. 1625-ci ildə Marabdin deyilən yerdə Saakadze məğlubiyyətə uğrayaraq dağlara çəkildi və partizan müharibəsinə başladı. Səfəvilər dövləti I Teymurazı Kartli-Kaxeti çarı kimi təsdiqlədi. Saakadze I Teymuraza qarşı çıxsa da, 1628-ci ildə məğlub edilərək Türkiyəyə qaçdı və orada edam edildi.
Rusiya İmperiyası tərkibində
redaktə1783-cü ildə gürcü Kartli-Kaxeti şahı II İrakli Rusiya ilə Georgievsk müqaviləsini imzaladı. Bu müqavilə əsasəm Rusiya Gürcüstana mühafizə təmin etsə də, Qacarlar hələ də ölkəyə qarşı hücum etməyə davam edirdi. 1801-ci ildə Gürcüstan Rusiya tərəfindən zəbt edildi. 1810-cu ildə Rusiya qərbi gürcü İmereti çarlığını da özünə tabe etdi. 1811-ci ilin aclığı nəticəsində İmeretiya əhalisinin üçdə bir hissəsi aclıqdan və müxtəlif yoluxucu xəstəliklərdən tələf olmuşdu. Kaxetiyada da əhali aclıq çəkirdi, lakin rus ordusu üçün ərzaq tədarükü görən məmurlar kəndlərə soxulub kəndlilərin son ərzaq ehtiyatlarını da onların əlindən zorla alırdılar. Bu özbaşınalıq və zorakılıqdan cana doymuş Kaxetiya əhalisi 1812-ci ilin əvvəlində üsyan qaldırdı. Tezliklə üsyan Kartliyə də yayıldı və bütün Şərqi Gürcüstanı bürüdü. Kaxetiya zədəganlarının bir hissəsi də üsyana qoşulmuşdu. Üsyançılara qarşı göndərilmiş cəza dəstələri məğlub edildi. Tiflisin üsyançıların əlinə keçməsi təhlükəsi yaranmışdı. Üsyançılar Hərbi Gürcüstan yolunu ələ keçirib rusların Şimali Qafqazla əlaqəsini kəsdilər. Cənubi Qafqazdakı rus qoşunlarının komandanı Pauluççi özü böyük ordu ilə Kaxetiyaya daxil oldu. Çumlaki kəndi yaxınlığında həlledici döyüş baş verdi. Knyaz Q. Baqrationinin başçılıq etdiyi dörd minlik üsyançı dəstə məğlub edildi. Baqrationi ələ keçirilib Rusiyaya sürgünə göndərildi. Rus hökuməti əhalini sakitləşdirmək üçün bəzi güzəştlərə getdi. 1813-cü ildə Kaxetiya üsyanı tamamilə yatırıldı. 1819-cu ildə İmeretiyada üsyan başladı. Üsyana kilsə əmlakının siyahıya alınması və kilsə islahatına hazırlıq işləri səbəb olmuşdu. Üsyana kəndlilərlə yanaşı, zədəganların da bir hissəsi qoşulmuşdu. Buna görə çarizm güzəştə getdi, İmeretiya əhalisinə kilsə islahatının keçirilməyəcəyini bildirdi, lakin çar generalı Sosoyevin əhalini rus çarına yenidən sədaqət andı içməyə məcbur etməsi üsyanı daha da alovlandırdı.