Ekologiyanin Tarixi - Wikipedia
Ekológiya XX yüzilliyin ikinci yarısında formalaşmış elmdir.
Yaranması səbəbləri
redaktəOnun yaranmasının obyektiv səbəbləri olmuşdur. Son yuzillik ərzində insan toplumlarının inkişafı bütün göstəricilər üzrə ən yüksək həddə gəlib çıxmışdır. Yer kürəsinin əhalisi kəskin olaraq artmış və indi 6 milliarddan çoxdur (1992-ci ildə – 5.4 mlrd, 1997-ci ildə – 5.8 mlrd). Bu qədər böyük insan kütləsini maddi cəhətdən təmin etmək üçün kənd təsərüfatı və sənayenin gücləri də kəskin olaraq artmışdır. Keçmişdə insanlar azla yetərlənmişdirlərsə, bu gün onların istəkləri çoxalmışdır. Yaşayışın ritmi də buna gətirib çıxartmışdır. Yaşayışın standartları da artmışdır. Çağdaş sənayesonrası (postindustrial) toplumu istehlak toplumu da adlandırmaq olar. Çağdaş sənaye insanın hər bir ehtiyacını ödəməyə yönəlmişdir.
İnsan toplumunun və sənaye güclərin bu kimi kəskin artımı zəruri olaraq yer kürəsinin və onun ehtiyatlarının məhdudluğu ilə üz-üzə gəlmişdir. İnsanın hər dəfə artan ehtiyaclarını ödəməyə yönələn istehsal, yavaş-yavaş insanın təbii ehtiyaclarını ödəmək üçün zəruri olan təbii ehtiyatları talamışdır. Artıq bu təbii ehtiyaclar ödənməsə insanların yaşayışı düşünülməz. Həm də hər bir adam bütün bunlara bağlanmış, vərdiş etmişdir. Keçmiş sənaye çağlarda insanların görmədiyi şeylər sənayesonrası toplumda özlərini göstərməyə başlamışdır. İlk növbədə bu hər bir adamı bürüyən onun doğma evi olan təbiətə aiddir.
Öz evində düzənlik yaratmasan orada yaşaya bilməzsən. Bunu hamı bilir. Belə olmasa, xarici uğurlar olsa belə, bizim yaşamımız enişə uğrayacaqdır. Təbii evimizsə öz quruluşunda çox mürəkkəbdir. Öncə ətraf mühit haqqında elm olmamışdır. Buna görə də bəşəriyyət öz baxışlarını biologiyanın çox surətlə inkişaf edən ekologiya elminə yönəltmişdir. Bu elm artıq müstəqil predmetə çevrilmiş, hətta təbii elmdən humanitar elmə çevrilmişdir.
Ekologiya elminin tarixöncəsi
redaktəHələ əski çağlarda insanlar bilirdilər ki, canlılar həm ətraf mühitdə dəyişiklərə reaksiya verirlər, həm də onunla əlaqəlidirlər.
Heraklit belə demişdir: "Bizim bədənlərimiz çay kimi axındadırlar, materiya isə daim onun içində yenilənir". Buradan görünür ki, Heraklit həyatın əsasını təşkil edən maddələr mübadiləsi haqqında bilirdi. Fəlsəfi baxımdan canlılar açıq sistemlərə aiddirlər. Onlar özlərini ətraf mühitdən alınan maddə və enerji sayəsində saxlayırlar.
Aristotel (e.ə. 384–322) bildiyi 500 növə yaxın heyvanlar haqqında yazmış, onların davranışları – yerdəyişmələri, fəaliyyətləri özünüqoruma üsulları — haqqında bilgi vermişdir. Onun öyrəncisi olan Ereziyalı Teofrast (e.ə. 371–280) bitkilərin boy atması və görkəminin iqlimdən, torpaqdan və başqa amillərdən asılı olduğunu göstərmişdir.
XVI–XIX yüzilliklərdə təbiət elmlərinin inkişafı
redaktəDirçəliş çağının başlanması, yeni coğrafi açılışlar və yeni yerlərdə müstəmləçilik sistematikanın inkişafına gətirib çıxartmışdır. Alimlər çeşidli bitkilərlə heyvanlar haqqında bilgi əldə etmiş, onları sistemləşdirməyə çalışmışdırlar. Bu işə ilk dəfə Sezalpin (1519–1603), Rey (1623–1705), Turnefor (1656) qatılmışdırlar. Onlar bitkilərin yerdə bitmə şəraitindən ya da becərilməsi haqqında bilgi vermişdirlər. Bu kimi bilgilər heyvanlar haqqında əldə edilirdi.
18-ci yüzillikdə Büffon (1707–1788) 44 cildlik "Təbii tarix" adlı əsərini yayımlamışdır. Orada o, ilk dəfə olaraq demişdir ki, şəraitin təsiri növlərin dəyişməsinə gətirib cıxarda bilər. Bitki və heyvanlar haqqında bilgilər "orqanizmlərin təbii tarixi" adlandırılmışdır.
Alman alimi Humbolt (18–19-cu yüzilliklər) iqlimin yerdəki bitkilərə təsirinin ümumi qanunauyğunluqlarını açmağa çalışmışdır. O biocoğrafiya elminin yaradıcısı sayılır. Daha bir alman alimi Qloger (19-cu yüzillik) iqlimə uyğun olaraq iqlimin dəyişməsi ilə quşların boyanmalarının dəyişməsinin örnəklərini gətirmişdir.
Get-gedə ətraf mühitin təsiri altında növlərin dəyişməsi haqqında bilgilər genişlənirdi. Bunların təsiri altında 19-cu yüzillikdə Lamark heyvanlar aləminin təkamülü, onun iptidai formalardan mürəkkəb formalara qədər inkişafı ideyası ilə çıxış etmişdir. Lamarka görə bu formaların çeşidliliyi şəraitin təsiri və bütün canlıların mühitə uyğunlaşmasının zəruriliyindən irəli gəlir.
19-cu yüzilliyin sonunda Darvin növlərin təbii seçim yolu ilə yeni növlərin yaranması nəzəriyyəsi ilə çıxış etmişdir. Onun fikrincə, növlərin ətraf mühitlə bütün ziddiyətli əlaqələri təbii seçimə gətirib çıxarır və bu təkamülün aparıcı güçüdür. Var olmaq uğrunda mübarizə (canlıların bir-biri ilə münasibətləri və onların mühitin cansız komponentləri ilə bağlantısı) ayrıca araşdırma sahəsidir.
Darvin canlıların mövcudluq uğrunda mübarizədə üç əsas yönümü vurğulamışdır: fiziki mühitlə, öz növünün kəsləri ilə və başqa növlərin kəsləri ilə münasibətlər. Yalnız ətraf mühitin basğılarına dayanıqlı olan kəslər yaşayıb, artım verə bilirlər.
Ekologiya elminin başlanğıcı
redaktəErnest Hekkel (1834–1919) – tanınmış alman təkamülçü-bioloq, Darvin nəzəriyyəsinin tərəfdarı olmuşdur. Darvinin təkamül faktoru olan təbii seçim haqqında baxışlarını dərinləşdirmiş, həyatın cansız maddələrdən təbii olaraq yaranması haqqında ideya ilə çıxış etmişdir. Çoxhüceyrəli orqanizmlərin yaranması ideyasını irəli sürmüşdür. İlk dəfə fərdin inkişafında onun əcdadlarının təkamül mərhələlərinin əks olunması haqqında biogenetik qanununu da irəli sürmüşdür. Ekologiyanı ayrıca bioloji elm kimi təklif etmişdir.
Ən tanınımış kitabları bunlardır: "Antropogeniya" və ya "İnsan inkişafının tarixi" (1874), "Dünya sirləri" (1899), "Həyatın möcüzələri" (1904).
Hekkelə görə, "ekologiya orqanizmlərin ətraf mühitə münasibətləri haqqında ortaq elmdir. Buna geniş anlamda mövcudluğun bütün şərtləri aiddir. Onlar qismən canlı, qismən isə cansız təbiətdəndirlər. Hər ikisi orqanizmlərin yaşaması üçün olduqca gərəklidirlər, çünki özlərinə uyğunlaşmağı məcbur edirlər".
Hekkelə görə ekologiya canlı orqanizmlərin "ev məişəti" haqqında elmdir. Onun vəzifəsi, Darvinin şərti olaraq ifadə etdiyi "müvcudluq uğrunda mübarizənin" mürəkkəb münasibətlərini araşdırmaqdır.
Alman hidrobioloq Möbius (1825–1908) biosenoz, və ya təbii toplum ideyası ilə çıxış etmişdir. Bu qurunun və hövzələrin bəlli yerində yaşayan və bir-biri ilə, eləcə də mühitlə bağlı olan heyvanların, bitkilərin, göbələklərin və mikroorqanizmlərin toplumudur. Biosenozlar bir-biri ilə və bənzər ekoloji şəraitə uyğunlaşma tarixi ilə səciyyələnirlər. Biosenozlardan qırağlarda orqanizmlər yaşaya bilməzlər, çünki bir-biri ilə bağlantıda olmağa ehtiyaclıdırlar. Beləliklə, ekologiyada özəl biosenoz istiqaməti yaranmışdır. Onun vəzifəsi təbii toplumların formalaşması və fəaliyyət göstərməsinin qanunauyğunluqlarının öyrənilməsi olmuşdur.
20-ci yüzillikdə ekologiya elminin yeni istiqaməti – populyasiyaların ekologiyası – yaranmışdır. Onun vəzifəsi populyasiya proseslərinin (doğum və ölüm surəti, yaş və cins strukturu, say dinamikası) öyrənilməsi olmuşdur. Bütün populyasiya dəyişiklikləri mühitin biotik və abiotik amillərinin təsiri ilə sıx bağlılıqda öyrənilir. Populyasiyaların ekologiyasısının mənşəyi demoqrafiyada, əhalinin çoxalmasının qarşısının alınmasındadır.
Ilk dəfə olaraq bu problemi öz əsərlərini ingilis pastoru Maltus 18-ci yüzillikdə açıqlamışdır. O, insan artımının həndəsi silsilə ilə artmasını göstərmiş və bunun fəlakətlərlə sonuclanmasını demişdir. Gələcəkdə və yeni çağda növlərin sayının artmasının qanunauyğunluqlarına maraq artmışdır. Buna həm də kənd təsərüfatındakı ziyanvericilərlə mübarizə, eləcə də bəzi heyvanların sayının azalması təkan vermişdir. İngilis alimi Elton (1900–1991) populyasiyaya bir vahid kimi baxırdı. Onu ayrıca araşdırmaq gərəklidir, çunki bu səviyyədə ekoloji adaptasiyaların və requlyasiyaların özəllikləri özünü göstərir. Populyasiya ekologiyasının mərkəzi problemi növlərin içindəki təşkilat və onların saylarının dinamikası olmuşdur.
Daha bir ingilis alimi Tensli (1927–1939) ekosistem anlayışını səsləndirmişdir. Ekosistem canlı orqanizmlərin (biosenozların) toplumlarından, onların yaşayış mühitindən (biotoplardan), onların arasında enerji və maddələr mübadiləsi həyata keçirən əlaqələr sistemindən ibarət olan bir sistemdir. Ekosistemlər anlayışı ekologiyanın mərkəzi anlayışlarından biridir.
Həyatın ekosistem təşkilatını yalnız çeşidli elmlərin nümayəndələri ilə çözmək olar. Bura təkcə təbii elmlər deyil, həm də humanitar elmlərin nümayəndələri daxildir. Bu ekoloji bölüm baxışları insan toplumunun təbiətlə qarşılıqlı bağlantısına yönəltmişdir.
Rus və sovet alimlərinin fəaliyyəti
redaktəEkoloji elmin inkişafında böyük işləri rus və sovet alimləri görmüşdürlər. Lomonosova (1711–1765) görə, zaman içində görülən hər bir şey təbiətin tarixi inkişafının məhsuludur. Onun fikrincə, insan toplumunun bütün problemləri öz kökləri ilə təbiətin tarixi resurslarına gedib çıxır. Insanın təbiətdən götürdüyü hər bir şey onun tarixi inkişafının məhsuludur.
Lomonosov təbiət üzərində eksperimentlər etməkdən çəkindirmiş, onun bənzərsiz hərəkətini və sistemlərinin təkamüllərini öyrənməyə çağırmışdır. Bu bilgiləri yığıb yaymaq gərəklidir.
Lomonosovun düşüncələrini sürdürən Dokuçayev (1846–1903) təbiətin komplekslərinin araşdırmasında bütöv yanaşmanı irəli sürmüşdür. Dokuçayevə görə, elm çox böyük irəlləyiş etmişdir. Lomonosovun ardıcılı olan bu alim təbii komplekslərin öyrənilməsində tam yanaşma tətbiq etmişdir. Ona görə, elm çox böyük irəlləyiş əldə etmişdir. Ancaq bir çox durumlarda ayrıca olaraq cismlər – minerallar, dağ süxurları, bitkilər və heyvanlar; eləcə də ünsürlər – vulkanlar, sular, yer, hava və s. araşdarılmışdır. Onların bir-biri ilə bağlantıları, müsasibətləri; eləcə də onlarla insanın mənəvi və maddi əlaqələri və təsiri çox az araşdırılmışdır. Əslində isə elə bu əlaqələr, bağlantılar və müsasibətlər təbiət haqqında biliklərin və idrakın ən yüksək yüksəlişidir.
Ekologiyanın inkişafında çox böyük işləri Vernadski (1863–1945) görmüşdür. O, biosfera haqqında təlimi irəli sürmüşdür. Biosfera canlı orqanizmlərin yaşadığı və təsir etdiyi, eləcə də onların həyat fəaliyyətinin məhsulları ilə əhatə olan yer səthidir.
Vernadskiyə görə, biosfera kosmik və planetar prosesləri təşkil edən özəl təbiət mərkəzidir. O biosfera haqqındakı təlimini bütün təbii biliklərin əsası kimi təqdim etmişdir və onu hərtərəfli əsaslandırmışdır. Vernadski həm də keçmişdə və bu gündə fəaliyyətlətrini gözdən keçirərək, canlıları yerin ən başlıca dəyişiklərə gətirən gücü kimi görmüşdür. Biosferanı yerin tam inteqlal səthi kimi ayıran Vernadski sübut etmişdir ki, biosferanın fəaliyyəti və inkişafı daha çox biogeokimyavi qanunauyğunluqlarla və maddələr dövriyəsi ilə bəlliləşdirilir. Elə biosferanın canlı ünsürləri mexaniki, fiziki, kimyavi, termodinamik, bioloji, geoloji kimi çeşidli təbii prosesləri birliyə gətitib çıxaran amilləridir.
Biosferanın fəaliyyətinin çox mürəkkəb və nəhəng ekosistem prinsipi əsasında guruluğuna görə, onun içində yerləşən bəşəriyyət ekoloji qanunların təsirindən asılıdır. İnsanın təbiət üzərində bəyliyi kimi əski baxışlara elmi baxımdan yenidən baxılmışdır, düşüncə süzgəcindən keçirilmişdir.
Daha bir rus-sovet alimi Suxaçev (1880–1967) biogeosenoz haqqında təlimi irəli sürmüşdür. Biogeosenoz özündə bir ərazidə olan canlılar cəmiyyətini və onlarla sıx bağlı olan mühitin abiotik faktorlarının toplusunu içəriləyir. Onlar bir-biri ilə maddələr dövriyyəsi və enerji axını ilə bağlıdırlar. Bu da təbii ekosistemdir. Biogeoenozlar dayanıqlı, özünü tənzimləyən ekosistemlərdir. Orada canlı komponentlər (heyvanlarla bitkilər) cansız komponentlərlə ayrılmaz bağlarla bağlıdırlar. Örnək kimi meşələri, çölləri göstərmək olar.
Suxaçeva görə, insanlar biosferada maddələr və enerji dövriyəsindən alınmış "faizlə" yaşamalıdırlar. Bunu edərkən onları bu gün olduğu kimi tükəndirməməli, tərsinə, biosferanın təbii ehtiyatlarını və istehsal güclərini çoxaltmalıdırlar.Biosfera ilə onun sistemlərinin təşkil olunması, canlıların sıxlığı və çeşidliliyi bizim başlıca zənginliyimizdir.
Çağdaş zamanımızda ekologiya elmi
redaktəYeni çağımızda dünyada ekoloji problemlərə maraq artmışdır. Keçən yüzilliyin 50–60-cı illərində ekosistem baxışlara dönüş o illərdə (2-ci dünya savaşından sonra) texniki irəlləyişlə üst-üstə düşmüşdür. O zaman təbiətə texnokratik basqı güclənmiş emal sənayesi, inşaat, nəqliyyat saysız artmışdır. Bununla birlikdə toppaqların tükənməsi, meşələrin məhv olunması, təbiətin çirklənməsi kimi böyük miqyaslı fəlakətlər də baş vermişdir.
Eləcə də yer kürəsində əhalinin kəskin surətdə artması yeyinti ehtiyatlarının tükənməsi problemini gündəmə çıxartmışdır. Bu problemlərin çözülməsi üçün Beynalxalq Bioloji Proqram (BBP) qəbul olunmuşdur. Planetimizin maksimal bioloji məhsuldarlığı (bəşəriyyətin əlində olan ehtiyatlar) və getdikcə çoxalan əhalinin tələbatları hesablanmışdır. BBP-nin son məqsədi insan tərəfindən bu ehtiyatlardan səmərəli istifadə edilməsi üçün onların alınma formalarının üsulları olmuşdur.
Keçən yüzilliyin 70-ci illərində insan fəaliyyətinin biosferaya təsirinin miqyasını dəyərləndirmək üçün yeni "İnsan və biosfera" beynalxalq proqramı qəbul olunmuşdur. Bunun nəticəsində insanın yerdə rifahına və yaşayışına təhlükə törədən ən başlıca ekoloji problemlər açıqlanmışdır. Qlobal ekoloji araşdırmalar üzrə beynalxalq əməkdaşlıq davam etməkdədir. "İqlimin dəyişməsi", "Bioçeşidlilik" kimi bir neçə elmi layihələr fəaliyyət göstərir. Təbiətin qorunması, onun ekoloji qanunlar əsasında düşünülmüş tərzdə istifadəsi ən başlıca problemə çevrilmişdir. Ekologiya elmi bu problemlərin çözülməsi üçün başlıca nəzəri təməldir.
Ekosistem ekologiyasının əsas praktiki nəticəsi ondan ibarət olmuşdur ki, insan toplumu planetimizdə təbiətin durumundan asılıdır, iqtisadiyyat ekoloji qanunlara uyğun qurulmalıdır. Beləliklə öncə ekologiya növlərin təbii tarixi kimi yaranmışdır. Onun predmeti "orqanizm-mühit" müstəvisində olmuşdur. Sonra bu elm bir neçə inkişaf mərhələlərini keçmiş, canlı aləmin mürəkkəb bağlantılar sistemi olduğu haqqında yeni baxışlar formalaşdırmış, sonra isə həyatın təşkilinin bütün başlıca səviyyələrini bürümüşdür.
Ekoloji düşüncə həyatın ən başlıca problemlərinin çözülməsi üçün zərurətə çevrilməkdədir. Buna görə çağdaş ekologiya akademik tədris fənni çərçivəsini aşmış, iqtisadiyyətə, siyasətə humanitar sahələrə yayılmışdır. Gələgək soyların ekoloji tədrisinin vacibliyi danılmazdır. Beynalxalq səviyyələrdə UNESKO, UTEP və başqa gurumların özəl komissiyaları fəaliyyət göstərirlər. Onların vəzifəsi insanın praktiki fəaliyyətində ekoloji yanaşmaların tətbiqi və təbliğatından ibarətdir. Beynalxalq qurumların başlıca məqsədi — dünyada baş verə biləcək ekoloji fəlakətin qabağının alınması və ekoloji qanunları tətbiq etməklə toplumların gələcək inkişafını təmin etməkdir.
21-ci yüzilliyin ilk illərində ekologiya bir elm səviyyəsini aşmış, bir növ çağdaş irəliləmiş sənayesonrası toplumun ideologiyasına çevrilmişdir. Bu da bəzən ekoloji elmə xələl gətirir çeşidli siyasi və iqtisadi oyunlara yol açır.
Mənbə
redaktə- Aydın Əlizadə. "Ekologiya" kursu üzrə mühazirələr Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri
Ədəbiyyat
redaktə- Egerton, Frank N. 1977. History of American Ecology. New York: Arno Press.
- Simberloff, Daniel 1980. A succession of paradigms in ecology: Essentialism to materialism and probabilism. Synthese, 43 (1): 3–39. [2]
- Egerton, Frank N. 1983. The history of ecology: achievements and opportunities; Part one. Journal of the History of Biology, 16 (2): 259–310.[3]
- Hagen, Joel B. 1992. An Entangled Bank: The Origins of Ecosystem Ecology. New Brunswick: Rutgers University Press.
- Kingsland, Sharon E. 1995. Modeling Nature: Episodes in the History of Population Ecology, 2nd ed. Chicago: University of Chicago Press.
- McIntosh, Robert P. 1985. The Background of Ecology: Concept and Theory. Cambridge: Cambridge University Press.
- Mitman, Gregg. 1992. The State of Nature: Ecology, Community, and American Social Thought, 1900–1950.
- Real, Leslie A. and James H. Brown, editors. 1991. Foundations of Ecology: Classic Papers with Commentary. Chicago: University of Chicago Press.
- Tobey, Ronald C. 1981. Saving the Prairies: The Life Cycle of the Founding School of American Plant Ecology, 1895–1955. Berkeley: University of California Press.
- Weiner, Doug. 2000. Models of Nature: Ecology, Conservation, and Cultural Revolution in Soviet Russia. Pittsburgh: University of Pittsburgh Press.
- Worster, Donald. 1994. Nature's Economy: A History of Ecological Ideas, 2nd ed. Cambridge and New York: Cambridge University Press.
- Acot, Pascal. 1998. The European Origins of Scientific Ecology (1800–1901). Editions des Archives Contemporaines; Gordon and Breach Publishers, ISBN 90-5699-103-5. google books
- Wilkinson, David M. 2002. Ecology before ecology: biogeography and ecology in Lyell's 'Principles' . Journal of Biogeography, 29 (9): 1109–1115.
- Чернова Н. М. Былова А. М. Общая экология. М.: Дрофа, 2007.