Dumlupinar Doyusu - Wikipedia
Dumlupınar döyüşü (yun. Μάχη του Τουμλού Μπουνάρ; türk. Dumlupınar (Meydan) Muharebesi və ya Başkumandanlık Meydan Muharebesi) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrinin son döyüşü kimi tarixə keçmişdir. Döyüş 1922-ci ilin avqust ayının 26-dan 30-na qədər Türkiyənin Kütahya ilinin Dumlupınar ilçəsində baş vermişdir.
Dumlupınar döyüşü | |||
---|---|---|---|
Türk-Yunan müharibəsi | |||
Tarix | 26–30 avqust 1922 | ||
Yeri | Dumlupınar yaxınlığı, Kütahya, Türkiyə | ||
Nəticəsi | Həlledici türk qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
redaktə1921-ci ilin avqust və sentyabr aylarında Sakarya çayı sahilində baş vermiş döyüşdən sonra yunanların general Anastasios Papulasın rəhbərliyi altındakı Kiçik Asiya Ordusu İzmitdən Əskişəhər və Qara Hisar-ı Sahib (indiki Afyonqarahisar) şəhərlərinə qədər uzanan müdafiə xəttinə doğru geri çəkildi. Yunanların şimal-cənub istiqamətində 700 km məsafədə uzanan müdafiə xətti keçilməz yüksəkliklərdən, təpələrdən ibarət idi. Bu da onların asanlıqla müdafiə oluna biləcəyini göstərirdi. Bu ərazidə yerləşən dəmiryol xətti yunanların əsas təchizat marşrutu idi. İzmirdə mövcud olan yunan qərargahı cəbhə ilə effektiv əlaqə qurulmasında və əməliyyatlara nəzarəti həyata keçirməkdə aciz idi.
Hazırlıqlar
redaktəSakarya döyüşünün uğursuz nəticəsinin ardınca, yunan komandanlığı strukturunda çoxlu dəyişikliklər baş verdi. Yunan hərbi qüvvələrinin mühüm hissəsi müdafiə xəttindən geri çəkildi və heç vaxt həyata keçirilməyən İstanbula hücum üçün hazırlıq görməyə başladı. Yerdə qalan yunan qoşunları 1922-ci ilin mayında general Papulası əvəzləmiş general-leytenant Georgios Hatzianestisin rəhbərliyi altında idi və fikrən qeyri-stabil olaraq qiymətləndirilirdi. Yunan qoşunlarının əhval-ruhiyyəsi aşağı idi, çünki çoxu artıq bir neçə il idi ki, döyüşürdü və müharibənin tez həlli üçün heç bir perspektiv yox idi.
Ankaraya edilə biləcək hər hansı hücum ilə əlaqədar təzyiqlərə baxmayaraq, Ankara Hökumətinin ali baş komandanı təyin olunmuş Mustafa Kamal paşa gözləmə mövqeyində dayandı və mövcud fasilədən istifadə edərək ordusunu gücləndirdi. Eyni zamanda yunanlarla müqayisədə fransızların və italyanların türklərə qarşı rəğbətinin yaranmasını təmin edən çevik diplomatik gedişlərlə Antanta ölkələrini çətin vəziyyətə saldı.
O, son olaraq 1922-ci ilin avqustunda yunanlara qarşı hücuma keçməyi qərara aldı. Türk qoşunlarının yalnız bir əsas hücumu həyata keçirməyə adekvat olduğunu bilən Mustafa Kamal paşa Qara Hisar yaxınlığında yunanların cənub cinahına qarşı səfərbər edilmiş "Saqqallı" Nurəddin paşanın rəhbərliyi altındakı Türk Birinci Ordusunu gücləndirdi. Bu riskli avantüra idi, çünki Yunan Ordusu türklərin zəif sağ cinahına əks-hücum etsəydi, döyüş acı sonluqla bitə bilərdi.
Yunan qoşunları
redaktəYunan qoşunları 12 piyada və 1 süvari diviziyasında ümumi 220,000 nəfərlik canlı qüvvə ilə general-leytenant Georgios Hatzianestisin rəhbərliyi altındakı Kiçik Asiya Ordusunda təşkilatlandılar. Ordunun qərargahı İzmirdə yerləşirdi. Kiçik Asiya Ordusuna general-mayor Nikolaos Trikupis (Qara Hisarda I korpus), general-mayor Kimon Digenis (Qazlıgöldə II korpus) və general-mayor Petros Sumilasın (Əskişəhərdə III korpus) rəhbərlikləri altındakı 3 korpus (I, II və III) daxil idi. Əsasən, daxili müdafiə və antipartizan əməliyyatları üçün müstəqil süvari diviziyası və kiçik hərbi komandanlıq alayı da mövcud idi. Ümumi yunan cəbhəsi 713 km uzunluqda idi.
Hər yunan korpusunun 4 diviziyası vardı. Ι korpus 1-ci, 4-cü, 5-ci və 12-ci, II korpus 2-ci, 7-ci, 9-cu və 13-cü, III korpus isə 3-cü, 10-cu, 11-ci və müstəqil diviziyalardan ibarət idi. Hər yunan diviziyasının 2-4 batalyon alayı və 8-42 artilleriya topu (artilleriya cəbhə xətti və ehtiyat diviziyalar arasında bölünmüşdü). Baxmayaraq ki, kəmiyyət baxımından üstün olan yunanların ağır artilleriya (yalnız bütün cəbhə üzrə 40 köhnəlmiş top mövcud idi) və süvari (hər diviziya üzrə 1 yarım-rota) çatışmazlıqları var idi.
Türk qoşunları
redaktəTürk qoşunları 18 piyada və 5 süvari diviziyasında ümumi 208,000 nəfərlik canlı qüvvə ilə mirliva İsmət paşanın rəhbərliyi altında Qərb cəbhəsində təşkilatlandılar. Hücum məqsədləri üçün Qərb cəbhəsi qərargahı Qara Hisarın 15 km cənubunda, döyüş xətlərinə çox yaxın olan Qocatəpə yüksəkliyində yerləşirdi. Qərb cəbhəsi mirliva Nurəddin paşanın rəhbərliyi altındakı Birinci Ordudan (Qocatəpə yüksəkliyi), mirliva Yaqub Şevki paşanın rəhbərliyi altındakı İkinci Ordudan (Doğlat), polkovnik Xalid bəyin rəhbərliyi altındakı Qocaeli alayı və mirliva Fəxrəddin paşanın rəhbərliyi altındakı V süvari korpusundan ibarət idi.
Hücum məqsədi üçün türk komandanlığı öz qoşunlarını yenidən böldü və Birinci Ordunu gücləndirdi. Birinci Ordu I korpusdan (14-cü, 15-ci, 23-cü və 57-ci piyada diviziyaları), II korpusdan (3-cü, 4-cü və 7-ci piyada diviziyaları) və IV korpusdan (5-ci, 8-ci, 11-ci və 12-ci piyada diviziyaları) ibarət idi. İkinci Ordu III korpusdan (Porsuq alayı və 41-ci diviziya), VI korpusdan (16-cı, 17-ci piyada diviziyaları və müvəqqəti süvari diviziyası) və müstəqil 1-ci və 61-ci piyada diviziyalarından ibarət idi. Qocaeli alayı 18-ci piyada diviziyası, əlavə piyada və süvari dəstələrindən ibarət idi. V süvari korpusu 1-ci, 2-ci və 14-cü süvari diviziyalarından ibarət idi. Hər türk piyada diviziyası bir piyada batalyonu, 3 piyada alayı, 12 artilleriya topu və orta hesabla 7,500 nəfərlik canlı qüvvəyə malik idi.
Qarşılıqlı planlar
redaktəTürklərin planı
redaktəTürklərin planı Qara Hisar yaxınlığındakı yunan mövqelərinə 1-ci və 2-ci ordularla hücum etmək idi. Birinci Ordu yunanların A korpusunun nəzarətində olan Qara Hisarın cənub-qərbindəki düşmən mövqelərinə doğru şimal istiqamətində hücum edir. V süvari korpusu Kirkə vadisindəki zəif müdafiə olunan yunan mövqelərinə doğru hərəkət etməklə Birinci Orduya kömək edir və düşmənin cəbhə xəttinin arxasına keçir. İkinci Ordu isə Qara Hisarın şimalındakı yunan mövqelərinə doğru qərb istiqamətində hücum edir.
İlk hədəf İzmir-Qara Hisar və Qara Hisar-Əskişəhər dəmiryol xətlərini kəsmək idi, beləliklə İzmirdən Qara Hisar ətrafındakı yunan qoşunlarının və Əskişəhərdəki C korpusunun hər hansı dəstəyinin qarşısı alınır. İkinci fazada 1-ci və 2-ci ordular Kütahyanın cənubunda birləşərək Qara Hisarda yunan qoşunlarını tamamilə mühasirəyə alırlar.
Yunanların planı
redaktəYunan ali komandanlığı əsas türk hücumunu əvvəlcədən güman etmiş, lakin hücumun hansı istiqamətdən həyata keçiriləcəyi onlar üçün qeyri-müəyyən idi. Yunanlar türk hücumunun həm Ankara-Əskişəhər, həm də Konya-Qara Hisar dəmiryol xətti boyu gerçəkləşəcəyini gözləyirdilər. Onlara məlum olmayan vaxtda 1921-ci ilin yayında Sakarya döyüşündən sonra geri çəkilərkən dağıtdıqları dəmiryolu hələ də bərpa olunmamış və işlək deyildi. Sakaryadan geri çəkilmənin ardınca, yunan korpus komandanlığı ilkin olaraq parçalandı və Kiçik Asiya Ordusu iki alaya bölündü: Şimal və Cənub alayları. Hər biri sərbəst döyüşmək və istənilən türk hücumuna qarşı müqavimət göstərmək üçün kifayət qədər güclü idi. Ordu komandanının dəyişdirilməsindən və general-leytenant Georgios Hatzianestisin gəlişindən sonra bir sıra dəyişikliklər baş verdi. Hatzianestis 3 korpus komandanlığı təşkil etmişdi. Bütün 3 korpus cəbhənin bütün hissələrinə nəzarət edirdi, lakin I (Qara Hisar ətrafı) və III (Əskişəhər ətrafı) korpuslar cəbhə boyu düzülərkən B korpusu ümumi ehtiyat qüvvə kimi fəaliyyət göstərirdi.
Türk hücumu olacağı təqdirdə, II korpus hücum edilən bölmənin komandanlığının rəhbərliyi altında məğlub olardı (həm I korpus cənuba, həm də III korpus şimala doğru). Hatzianestis qarşı tərəf barədə məlumatlara baxmayaraq, inanırdı ki, yunan cəbhə xətləri kifayət qədər vaxta istənilən türk hücumuna qarşı tab gətirməyə hazırdır. Beləliklə, B korpusu hücum edən türk ordularının cinahlarına qarşı öz cinah əks-hücumunu həyata keçirə bilərdi.
Türk hücumundan öncə, yunan kəşfiyyatı türklərin hazırlıqlarını ortaya çıxartmış, lakin bu onların təşkilati işlərinin ölçüsünü və hücum tarixini müəyyən etməyə imkan verməmişdi.
Döyüş
redaktəTürk hücumu və irəliləyişi (26–27 avqust 1922-ci il)
redaktəTürk hücumu 1922-ci ilin avqust ayının 25-dən 26-na keçən gecə V süvari korpusunun Kirkə aşırımı ilə yunan müdafiə xəttinin arxasına keçməyi nəticəsində başladı. Aşırım, irəliləyən türk süvarilərinin asanlıqla məhv etdiyi bir qrup yunan əsgəri tərəfindən nəzarət altında saxlanılırdı. Türk süvariləri yunanların teleqraf xətlərini və dəmiryol xəttini kəsməyə nail oldu (hər ikisi 26 avqustda saat 18:00-da baş vermişdir). Beləliklə, düşmənin İzmir və Qara Hisar arasındakı əlaqələri ciddi formada kəsildi.
Avqustun 26-sı səhəri Türk Birinci və İkinci orduları eyni vaxtda hücuma keçdi. Güclü artilleriya atəşindən sonra İkinci Ordunun hücumu yunanları şoka saldı və türklər 5-ci yunan diviziyasının (Yunan I korpusunun) bəzi mövqelərini ələ keçirməyə nail oldu. Türklər tərəfindən yenidən başladılan hücumlar kifayət qədər uğurlu olmadı. Əlavə qüvvələrin gəlməsiylə, yunan 5-ci diviziyası məhdud əks-hücumlar edərək öz cəbhəsini bərpa etdi. İkinci Ordu III korpusun mövqelərinə də hücum etmiş və nəticədə II korpusun kömək etməsinin qarşısını almışdı.