Dunya Azerbaycanlilarinin I Qurultayi - Wikipedia
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı.[1]
Dünya Azərbaycanlılarının I Qurultayı | |
---|---|
Keçirilmə tarixi | 9-10 noyabr 2001 |
Keçirildiyi yer | Heydər Əliyev Sarayı, Bakı, Azərbaycan |
İştirakçılar | dünya azərbaycanlıları |
Müzakirə edilən məsələlər | Azərbaycan diasporunun qarşısında duran vəzifələr |
Nəticələr | Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb |
Ardıcıllıq | |
"Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir.
Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.[2]
Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir.[1]
Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir:
Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada Müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir?! |
İştirakçılar
redaktəDünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər.
Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.[3]
Qurultay
redaktə2001-ci il noyabrın 9-da, qurultayın ilk iş günündə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev geniş nitq söyləmişdir. O, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir. Ulu Öndər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir.[3]
ABŞ,Böyük Britaniya,Fransa,Almaniya,Gürcüstan,Özbəkistan,Rusiya,Türkiyə və Ukraynadan, habelə Sankt-Peterburq şəhərindən gəlmiş nümayəndələr qurultayda çıxış edərək, Dünya azərbaycanlılarının I qurultayını alqışlamış və azərbaycanlıların milli birliyi, həmrəyliyi, azərbaycançılıq ideyası ətrafında birləşmək haqqında Azərbaycanın dövlət başçısının fikirlərinə şərik olduqlarını bildirmişlər.
Qurultay öz işini səkkiz komissayada: İnsan hüquqları və beynəlxalq əlaqələr, Ana dili və azərbaycanşünaslıq, Elm və təhsil, Mədəniyyət, İqtisadi əlaqələr, Gənclər və idman məsələri, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması məsələri, Kütləvi informasiya vasitələri və informasiya mübadiləsi komissiyalarında davam etdirmişdir. Komissiyalarda səmərəli müzakirələr aparılmış və mühüm qərarlar qəbul edimişdir.[3]
Noyabrın 10-da oz işini başa vuran qurultay "Dünya azərbaycanlılarının I qurultayının qətnaməsi", "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti", "Dünya azərbaycanlılarının I qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan" "Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti", "Dünya azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti", "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti" adlı sənədlərini qəbul etdi.
Qurultay 103 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasını və onun 23 nəfərdən ibarət İdarə Heyətini, İdarə Heyətinin sədrini və dörd müavinini seçmişdir.
Ulu Öndər Heydər Əliyev qurultaydan sonra onun iştirakçılarının şərəfinə Gülüstan sarayında ziyafət vermişdir.
Qəbul edilən qətnaməsi
redaktəAzərbaycanlıların Müstəqil Azərbaycan dövləti ilə mədəni, ictimai, siyasi, iqtisadi və s. əlaqələri daha da gücləndirilsin və bu zaman nəzərə alınsın ki, müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli mədəni maraqlarının ifadəçisidir. Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil respublikaya hər hansı formada — daxildən, yaxud xaricdən göstərilən təcavüzün qarşısının alınması onun demokratik, dünyəvi, hüquqi, milli bir dövlət olaraq inkişaf edib möhkəmlənməsi yalnız respublika vətəndaşlarının deyil, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, hər bir azərbaycanlının müqəddəs işidir.[3]
Qəbul olunan sənədlər
redaktəDünya Azərbaycanlılarının I Qurultayında 5 sənəd qəbul olunmuşdur:
- "Dünya azərbaycanlılarının I Qurultayının qətnaməsi"
- "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti"
- "Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti"
- "Dünya azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti"
- "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti"
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Qurultaylar" (az.). https://www.azerbaijans.com. Archived from the original on 2023-02-22. İstifadə tarixi: 22 fev 2023.
- ↑ "DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYINDA 1272 QONAQ İŞTİRAK EDƏCƏK". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-06.
- ↑ 1 2 3 4 "Dünya Azərbaycanlılarının I Qurultayı" (PDF) (az.). https://files.preslib.az https://files.preslib.az. Archived from the original on 2022-12-10. İstifadə tarixi: 22 fev 2023.