Cavansir Qalasi - Wikipedia
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir.
Cavanşir qalası | |
---|---|
40°49′ şm. e. 48°11′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | İsmayıllı |
Yerləşir | Talıstan kəndi |
Aidiyyatı | Qafqaz Albaniyası |
Sifarişçi | Cavanşir |
Üslubu | Alban memarlığı |
İstinad nöm. | 4359 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir.
Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən "Qız qalası"na yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km. məsafəni isə piyada və ya atla qət etmək lazımdır.
Cavanşir qalasının tam sxemini ilk dəfə olaraq 1963-cü ildə coğrafiya elmləri doktoru, professor Ramazan Tarverdiyev bussol planaalma yolu ilə tərtib etmişdir.[1][2]