Buludluluq - Wikipedia
Buludluluq
redaktəBuludluluğun rejiminə və paylanmasına daha çox sirkulyasiya prosesləri və mürəkkəb relyef quruluşu təsir göstərir. Buludluluğun yaranması, aydın və tutqun hava şəraitinin növbələşməsi həm frontal, həm də yerli atmosfer prosesləri nəticəsində baş verir. Daha çox buludlu günlər qış fəslində müşahidə edilir ki, bu da mülayim enliklərin dəniz hava kütlələrinin əraziyə daxil olmasını təkrarlanmasının intensivliyi və cənub siklonlarının Xəzər üzərindən keçərək gəlməsi ilə əlaqədardır. Yayda bu proseslərlə əlaqədar buludluluğun qısa müddətli artması baş verə bilir.
Buludsuz günlərin çox təkrarlanması yerli hava prosesləri nəticəsində tez-tez antisiklonik vəziyyətin yaranması ilə əlaqədardır.
İl və aylar üzrə buludluğun kəmiyyətinin paylaşmasına görə yüksək dağlıq, orta dağlıq və düzənliklər bir-birindən kəskin fərqlənir. Buna görə də respublikada hündürlük qradientlərini nəzərə almadan buludluluğun 3 tipini ayırmaq olar:
- Birinci tip — yüksəkdağlıq, dəniz səviyyəsindən 2000 m-dən yuxarıda müşahidə edilir, səmanın maksimum buludluğu yazda və yayın əvvəlində, minimum isə qış fəslində olur
- İkinci tip — ortadağlıq və qismən öndağlıq ərazilər üçün səciyyəvidir (təqribən 500–2000 m arasında). İki aydın müşahidə edilən maksimuma (payız və yaz) və iki aydın ifadə olunan minimuma (yay və qış) malikdir.
- Üçüncü tip — dənizsahili və düzənlik ərazilər üçün səciyyəvi olub, maksimum buludluq qışda və yazda. minimum isə yay aylarında müşahidə olunur. Xaçmazdan Lənkərana qədər dəniz sahili zolaqda, Kür-Araz ovalığında və Naxçıvanın Arazboyu düzənliklərində müşahidə edilir.
Oktyabrdan aprelə qədər xüsusən qış aylarında düzənlik rayonlarda buludluq nisbətən çoxalır.
Eyni zamanda yüksək dağlarda əks proses nəzərə çarpır: burada buludsuz hava şəraitinin yaranma ehtimalı düzənliyə nisbətən daha çox olur. Dayanıqlı buludlu günlərdə bütün sahilboyu ərazi - Samurdan Astaraçaya qədər olan zolaq fərqlənir. Burada 8-10 ballıq buludluluğun ehtimalı qış dövrü üçün 65-75 %-dir. Daxili düzənliklərdə və dağətəyi rayonlarda bu ehtimal azalsa da (50-60 %) kifayət qədər yüksəkdir və daha çox fevrala düşür. Qışda dağlara doğru buludluğun azalması onunla nəticələnir ki, 1000–1200 m-dən başlayaraq buludsuz günlər buludlu günlərə nisbətən üstünlük təşkil edir. Yüksəkliyin artması ilə buludluq tədricən azalır. Məsələn, Böyük və Kiçik Qafqazın yüksək dağlıq hissələrində aydın günlərin təkrarlanma ehtimalı 45-50% - dirsə, buludlu günlərin təkrarlanma ehtimalı 30-40 %-dir. Eyni zamanda, yüksək dağlığın bəzi hissələrində yerli şəraitlə əlaqədar olaraq tutqun günlərin təkrarlanma ehtimalı, aydın günlərin təkrarlanmasını üstələyə bilər.
Yazın əvvəlində Kür-Araz ovalığında buludluluq şəraiti çox az fərqlənir. Lakin, apreldən başlayaraq burada səmanın tutqunluq dərəcəsi tədricən azalaraq yayın ortasında minimum səviyyəyə düşür. Dağlıq rayonlarda isə əksinə, hündürlüyün artması ilə yazdan yaya doğru buludluq yüksəlir. Kür-Araz ovalığında orta aylıq buludluğun ən yüksək kəmiyyəti fevralda müşahidə edilir. Dağlarda 1000 m yüksəklikdə belə hal marta, 1300 m-də aprelə, 1600 m-də maya, 2000–2400 m-də iyuna keçir. 2400 m-dən yuxarıda əks proses nəzərə çarpmaqla maksimum buludluğun kəmiyyəti may-aprel aylarında müşahidə edilir.