Binominal Nomenklatura - Wikipedia
Binominal nomenklatura (və ya binar nomenklatura, bioloji nomenklatura) — biologiya sistemində növlərin 2 sözdən ibarət adla — cinsin adı və növün adı ilə (zoologiya terminologiyaya görə), cinsin adı və növün epiteti ilə (botanika terminologiyasına görə) adlandırılması kimi qəbul olunub.
Təbabətdə yayılan və bizi əhatə edən bitkilər olduqda müxtəlif forma və quruluşa malikdir. Bitki aləmində bir-birinə bütün əlamətlərilə tam oxşar olan iki müxtəlif fərd tapmaq qeyri-mümkündür. Məhz ona görə də bitki aləmini öyrənənlərin qarşısında bitki növlərini bir-birindən fərqləndirmək üçün təsnifatın yaranması bir zərurət kimi meydana çıxdı. Bu sahədə çalışan ilk alimlər ayrı-ayrı bitkilərin xüsusiyyətlərini və keyfiyyətlərini müəyyən edərək insan üçün hansılarının faydalı və hansılarının zərərli olduqlarını müəyyən etməyə çalışmışdır.
Bitki aləmini öyrənmək və onlardan düzgün istifadə etmək üçün təsnifatın yaradılması həyatı tələbatdan irəli gəlirdi.
Bitkilərin təsnifatı sahəsində ilk təşəbbüs Teofrast tərəfindən (b.e.ə 372–288-ci illərdə) olmuşdur. Teofrast bitkiləri aşağıdakı qruplara ayırmışdır : ağac, kol, ot, yabanı və mədəni, həmişəyaşıl və yarpağını tökən, çiçəkləyən, çiçəkləməyən və s. Onun "Bitkilərin tarix"i əsərində bitkilərin əsas orqanları kök, gövdə, budaq, yarpaq, çiçək, meyvə, toxum haqqında məlumat verilir. Bu orqanların bir və ikiləpəli bitkilərə məxsus olduğu göstərilir. Kök, gövdə və budaqları daimi; yarpaq, çiçək, meyvə və toxumu isə müvəqqəti orqanlar hesab edir. Oduncaq və qabığın (ksilema və floemanın) hər il əmələ gəlməsi, kasa yarpaqları və ləçəklərin xüsusi yarpaqlar olmasını irəli sürmüş, dişiciksiz, üst və alt yumurtalıqlı yarpaqların olmasını müəyyən etmişdir.
Bu xüsusiyyətlər 2000 ildən sonra tərtib olunmuş təsnifatda öz yerini tapmışdır.
Sistematik sahəsində görkəmli yer tutan ilk təsnifatı isveç alimi Karl Linney (1707–1778) vermişdir. Linneyin sistemi "Cinsin sistemi" adlı əsərində əks olumuş və bütün bitki aləmini 24 sinfə ayırmışdır. Birinci sinifdən onuncu sinifə qədər olan bitkilər erkəkciklərin sayına, digər siniflərə (11–24) daxil olan bitkilər isə erkəkciklərin digər xüsusiyyətlərinə və meyvəyarpaqların əlaqələrinə görə sistemləşdirilmişdir. Bu əsərində (1735) Linney 10 000-ə qədər bitki və 4000-ə qədər heyvan növlərini təsvir etmişdir.
Lakin o öz sistemində yalnız bir əlaməti – çiçəyin erkəkciklərinin sayını nəzərə almışdır ki, bunun nəticəsində botanik cəhətdən bir-birinə qohum olmayan bəzi bitkilər bir sinifə aid olmuşdur. O, çəltik və kələmi eyni sinifə daxil etmişdir (hər iki çiçəkdə 6 erkəkcik olması əsasında), halbuki çəltik birləpəli olub, taxıl fəsiləsinə, kələm isə ikiləpəli olub, xaççiçəklilər fəsiləsinə daxilidir. Bitkilər arasında qohumluq əlaqələri nəzərə alınmadığından Linneyin sistemi süni sistem adlanmışdır. Hətta Linney özü də əsərində etiraf edir ki, təbbi sistem təşkil olunana qədər, bu sistem xidmətə layiqdir.
Linneyin daha bir qiymətli əsəri "Bitkilərin növləri" (1753) müasir dövrdə də ilk ədəbiyyat mənbəyi kimi sistematiklər tərəfindən istifadə edilməkdədir.
İlk dəfə cins və növ haqqında məlumat Linney tərəfindən irəli sürülmüşdür, Linney növləri bir-birindən fərqləndirən əlamətləri və bu əlamətlərdən hansılarının birinci və hansılarının ikinci dərəcəli olmasını öz əsərində əks etdirmişdir.
İlk dəfə olaraq, Linney binar nomenklaturanı təklif etmişdir ki, bu hazırda da öz əhəmiyyətini itirməmiş və bütün ölkələrdə istifadə edilir. O , hər bir növü ilk latın sözü ilə ifadə etməyi təklif etmişdir ki, bunlardan birinci bitkinin cinsini, ikinci isə birinci ilə birlikdə onun növünü göstərir. May inciçiçəyi – Convallaria majalis, gövrək murdarça – Rhamnus frangula və s.
Linneydən sonra 1789-cu ildə fransız alimi Antuan Jüsse 100 fəsiləni əhatə edən "Bitkilərin cinsləri" adlı əsərini yazaraq bitkilərin yeni təsnifatını vermişdir. O, çiçəkli bitkiləri bir və ikiləpəlilərə, sərbəst ləçəkli, çoxləçəkli və bitişik ləçəklilərə və ləçəksiz (buraya yosunları, göbələkləri, mamırları, ayıdöşəyikimiləri və nədənsə bəzi su bitkilərini daxil etmiş) bitki qrupların bölmüşdür. O, öz sistemində növlərin bir deyil, bir neçə oxşar əlamətlərini nəzərə almışdır. İlk dəfə Berner Jusye botanika bağı təşkil edir və bitkiləri 14 sinifə bölərək təbii təsnifat düzəldir. Antuan Jusye özünün əmisi və müəllimi olan Bernar Jusyenin botanika bağında olan bitkiləri canlı surətdə təsvir etmişdir.
"Taskonomiya" haqqında ilk dəfə 1931-ci ildə Cenevrə professoru Dekandolya fikir söyləmişdir. Onun fikrincə taskonomik vahid olaraq fəsilə, cins, növ və s. qəbul etmək və bunları latın sözlərilə ifadə edərək, diaqnostik əlamətləri, bir-birinə oxşar və fərqlənən xüsusiyyətləri qeyd etmək lazımdır.
Bitki sistematikası sahəsində Dekandolyanın təsnifatı (1824-cü ildən başlayaraq) çox böyük əhəmiyyətə malikdir. O, "Təbii bitki sisteminin carçısı" adlı 17 cilddən ibarət ensiklopediya yazmış və ilk dəfə olaraq təsnifatda anatomik xüsusiyyətləri irəli sürərək, bitkiləri ötürücü-boru sistemi olan və ötürücü-boru sistemi olmayan qruplara bölmüşdür. Lakin onun sistemi marfoloji sistem olmaqla, filogenetik (qohumluq) xüsusiyyətlərindən kənarda qalmışdır. O, öz əsərində bitkiləri 14 fəsiləyə ayırmışdır. Sonra oğlu Alfons Dekandoli kafedraya rəhbərlik etmiş və 1841-ci ildə atasının əsərinə bir və ikiləpəli bitkilərin bir çox digər növlərini əlavə etmişdir.
1834-cü ildə rus botaniki və farmakoloqu P. F. Qoryaninov (1796–1865) ilk dəfə olaraq təbii sistem haqqında əsər dərc etmişdir, sonralar onu təkmilləşdirmiş və bitki aləmi təkamülünün əsasını vermişdir. O, ilk dəfə olaraq hüceyrə nəzəriyyəsini irəli sürərək bitki hüceyrəsilə heyvan hüceyrələrinin qruluşu arasındakı umumiliyi izah etmişdir. Sporlu bitkilərdə sporla – sporangiyanın, tozla – tozluqlu eləcə də toxum kisəsinin bir-birilə münasibəti haqqında fikir söyləmişdir. Nəhayət P. F. Qoryaninov öz sistemində çılpaqtoxumluları, ayıdöşəyikimilərlə örtülütoxumlu bitkilər arasında yerləşdirmişdir.
Nəhayət XIX əsrin ortalarında Ç. Darvinin canlıların təkamül nəzəriyyəsi, xüsusilə "Növlərin mənşəyi" əsəri biologiyada böyük yenilik yaratdıqdan sonra, bitkilərin filogenetik təkamül sistemi işlətməyə başlamışdır.