Bazar Iqtisadiyyati - Wikipedia
Bazar iqtisadiyyatı — dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmışı.
Bazar iqtisadiyyatı məfhumundakı "bazar" iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdi. Ancaq o bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır.
Bazar istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır.
Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni və istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir.
İqtisadi bir sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir. Bazar iqtisadiyyatı ilə kapitalizm iqtisadiyyatı eyni mənalıdır. Bazar iqtisadiyyatı kapitalizmin iqtisadi əsasını təşkil edir. Buna görə də ABŞ iqtisadçıları "bazar iqtisadiyyatı — kapitalizm" ifadəsini işlədirlər.
Bazar iqtisadiyyatı bütün iqtisadi məktəblər və cərəyanlar tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir.
Bazar iqtisadiyyatının özünə xas olan genetik əsasları vardır. Bu iqtisadi sistemin əsasını əmtəə istehsalı təşkil edir. Əmtəə istehsalının meydana gəlməsilə pul meydana gəlir. Əmtəə-pul münasibətləri əsasında bazar yaranır və iqtisadiyyatın bütün sahələrini əlaqələndirir. O, kapitalizm cəmiyyətində özünün yüksək zirvəsinə çatır və müstəqil iqtisadi sistem kimi fəaliyyət göstərir.
İnsan cəmiyyətində istehsalın təşkilinin ilkin forması natural təsərrüfat olmuşdur. Natural təsərrüfat elə təşkil olunmuşdur ki, insanlar ancaq öz tələbatlarını ödəmək üçün məhsul istehsal edirlər. Onun aşağıdakı spesifik cəhətləri vardır:
- təsərrüfatın qapalı olması;
- əməyin universal xarakter daşımas;
- təsərrüfat əlaqələrinin birbaşa olması..
Bazar anlayışı
redaktəBazar daim təkrar olunan alqı-satqı aktlarının və mübadilə dairəsində sosial-iqtisadi münasibətlərin məcmusudur. Bazar münasibətlərinin maddi əsasını əmtəələrin və pulların hərəkəti təşkil edir. Həmin münasibətlər nəticəsində mallar realizə edilir və onlarda tamamlanmış əməyin ictimai xarakteri qəti olaraq müəyyənləşdirilir. Beləliklə, bir sözlə desək, Bazar əmtəələrin tədavül sfürası olub, əmtəə tədavülü prosesini tamamlayır, məhsulun pula və əksinə pulun məhsula çevrilməsini həyata keçirir. Sadə şəkildə "Bazar" anlayışı alıcılarla satıcıların görüşdükləri məkan, yer mənasını verir. Alıcı və satıcının bir araya gəldiyi bu yerdə mallar (məhsullar, xidmətlər, idealar) alınıb satılır. Deməli bazar-iqtisadi kateqoriya olub, konkret iqtisadi münasibətləri, alıcılarla satıcıların əlaqələrinin məcmusudur.[1]
Bazarın meydana gəlməsi
redaktəBazar insan cəmiyyətinin inkişafının ən mühüm nailiyyətlərindəndir. O min illər boyu inkişaf edərək müasir yüksək səviyyəyə qədər yükləsəlmişdir. Tarixi mənbələrə əsasən bazar 6–7 min il əvvəl meydana gəlmişdir. Bazarın yaranması bir sıra şərtlərdən keçmişdir: ictimai əmək bölgüsünün baş verməsi,bundan sonra əkinçiliyin heyvandarlıqdan ayrılması, sənətkarlığın müstəqil sahə kimi fəaliyyəti, ticarətin meydana gəlməsi. Bu sahələr özləri parçalanaraq yeni sahələr yarandı. Bazar əmtəə — pul münasibətlərinin tarixi inkişafı nəticəsində müasir tərəqqi dərəcəsinə çatmışdır. Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərinin,əmək təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvi şəkildə bağlıdır. Onun zəruriliyi milli iqtisadiyyatın xaricə çıxması tələbatı ilə də əlaqədardı. Bazar münasibətlərinin maddi əsasını əmtəə və pulların hərəkəti təşkil edir. Əmtəə təsərrüfatı fəaliyyət göstərməyən yerdə bazar ola bilməz və əksinə, bazar olmayan yerdə əmtəə təsərrüfatının fəaliyyətindən söhbət gedə bilməz. Bunlar bir-biri ilə qırılmaz surətdə,tam qarşılıqlı əlaqədə fəaliyyətdə olurlar.[2] Bazar əmtəə-pul münasibətlərinin ən mühüm aparıcı bir komponenti kimi iqtisad elmində geniş yayılmış iqtisadi kateqoriyalardan biridir. O,geniş əhatəli məzmuna malikdir. İqtisadi ədəbiyyatlarda bazarın müxtəlif təriflərinə rast gəlinir: "Bazar-əmtəə və əmtəə-pul mübadiləsi formasıdır". "Bazar-əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşəkkül tapan mübadilədir". Bazar-iqtisadi münasibətlərdə tələblə-təklifin məcmusudur". "Bazar ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyəti mexanizmidir". "Bazar-hər hansı əmtəə üzrə bir qrup adamların sövdələşməsi ilə baş verən sıx fəaliyyət münasibətləridir". "Bazar-ticarət aparmaq üşün adamların bir-birilə hər hansı qarşılıqlı fəaliyyətidir". Bazar bir iqtisadi kateqoriya kimi özünü bilavasitə məhz bu dairədə təzahür etdirir. Buna görə də o, ticarətlə, ticarət xidmətləri prosesi ilə üzvi əlaqəli bir kateqoriyadır. Deməli bazar-iqtisadi kateqoriya olub iqtisadi münasibətlər, alıcılarla (tələblə) satıcıların (təkliflə) əlaqələrinin məcmusudur.O, habelə əmtəələrin və xidmətlərin hərəkəti üzrə ticarət vasitəçiləri ilə bazar münasibətləri subyektlərinin mənafelərini təcəssüm etdirir və mübadiləni təmin edir. Bazar bəşər cəmiyyətinin təbii-tarixi inkişafının törəməsi kimi xalqların çoxəsirlik, birgə ənənələrinin milli, mədəni, dini, psixoloji, xüsusiyyətlərini də özündə ifadə etmək iqtidarında olan kateqoriyadır.[3]
Bazar iqtisadiyyatının subyekti
redaktəBəşər cəmiyyəti tarixində insan amili həmişə başlıca amillərdən biri hesab olunub. Müasir bazar iqtisadiyyatı sistemi şəraitində insan amili genişmiqyaslı fəal bir qüvvə rolunda çıxış edir. Bazar iqtisadiyyatı sisteminin subyektinə istehsal üzrə sahibkar və mülkiyyətçilər, biznesmenlər, kommersantlar, fermerlər, bankirlər, menecerlər, muzdlu işçilər, geniş mənada istehsalçılar, istehlakçılar və s. aiddir. Bazar iqtisadiyyatı sistemində sahibkar dedikdə, xüsusi mülkiyyət obyekti olan insanlar nəzərdə tutulur. O, risq və məsuliyyət ilə müstəqil fəaliyyət göstərən bazar agentidir. Kommersant gəlir əldə etmək, qazanc götürmək məqsədilə ticarət fəaliyyəti ilə məşğul olan şəxsdir. Biznesmen mənfəət əldə etmık üçün hər hansı bir sahədə çalışan insanlardır. Menecer mikroiqtisadi müəssisəni, firmanı, korporasiyanı idarə edən şəxsdir. Fermer gəlir götürmək, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı istehsalı sahəsində fəaliyyət göstərən şəxsə deyilir. Muzdlu işçi öz iş qüvvəsini əmtəə kimi sahibkara, firmaya, fermerə müqavilə yolu ilə satan fərdə deyilir. Bazar iqtisadiyyatı şəraitində istehsalçı, ilk növbədə, müxtəlif çeşidli məhsulların iri partiyalarla istehsalı ilə məşğul olan insanlar nəzərdə tutulur. İqtisadi ədəbiyyarlarda "iqtisadi insan" anlayışı haqqında iqtisadşı alimlər geniş açıqlamalar vermişlər. İngilis klassik siyasi iqtisadçısı A.Smit "İqtisadi insan" amilinin davranışını iki cəhətlə izah etmişdir: Birincisi, əmək bölgüsü nəticəsində insanların mübadiləyə girişmələri cəhdləri. İkincisi, şəxsi mənafeləri, mənsəbpərəstlikləri, öz vəziyyətlərini daim yaxşılaşdırmaq cəhdləri. A.Smit qeyd etmişdir ki, bazar iqtisadiyyatı sistemində onun hər bir təmsilçisi "bilavasitə cəmiyyəti deyil, özünün fayda əldə etməsini" nəzərdə tutur. Yalnız bazar təsərrüfatı qanunları dağınıq fəaliyyətləri bir sistemə salır. Nəticə etibarilə iqtisadi insan xüsusi fayda əldə etmək cəhdi ilə cəmiyyətin xeyrinə çalışmış olur. Daha sonra məşhur Qərb iqtisadçısı C.Mill demişdir ki, insan davranışı xeyli dərəcədə mürəkkəbdir, onun sərvətə can atması əməyə nifrətlə və yüksək həzz alması arzusu ilə müşahidə olunur. C.Bentam da bazar iqtisadiyyatı şəraitində insan davranışına xüsusi önəm vermişdi. O, insanların fəaliyyətinin məqsədini rifaha cəhd münasibətində görmüşdür. Marjinalist məktəbinin nümayəndələri iqtisadi subyekt məsələsinə dair insan-eptimizator konsepsiyasını yaratmışlar. Bu konsepsiyanın əsas cəhətləri aşaöıdakı kimi səciyyələndirilir:
- daha çox fayda və ya mənfəət götürmək, az ağırlıq və məsrəflər səyi;
- vəsaitləri ilə müqayisədə məqsədə nail olmaq və bu sahədə optimal variant seçmək bacarığı;
- optimal variant seçmək üçün tam informasiyalar əldə etmək və səhvsiz irəlini görmək qabiliyyətinə malik olması;
- xarici şəraitin dəyişilməsinə dərhal reaksiya vermək və sair.
Siyasi iqtisad dərsliyinin müəllifi iqtisadçı A.Vaqner öz kitabında daha münasib müddəa irəli sürmüşdür. Dərsliyin "İnsanın iqtisadi təbiəti" fəslində, insanın başlıca cəhəti kimi, nemətləri göstərmişdir. C.Keynsin nəzəriyyəsində iqtisadi subyektin davranışı ailənin, sosial qrupun, cəmiyyətin, bəşəriyyətin üzvü, ağıllı varlıq kimi təqdim olunmuşdur. K.Marksın təlimində insan obyektiv iqtisadi münasibətlərin şəxsiləşməsi kimi verilmişdir. Geniş mənada "İqtisadi insan" anlayışına "İnsan kapitalı" nı da aid etmək olar. İnsan biliyini, təşəbbüskarlığını, fəallığını, dərin təfəkkür tərzini, vərdişini, onun əmtəə istehsalı sahəsində və xidmət dairəsində istifadə olunan enerjisini və s. həmin kapitalın komponentləri hesab etmək olar. "İnsan kapitalı" na gəlir mənbəyi kimi baxılır. İnsanların təhsilinə, səhiyyəyə, ixtisasartırmaya, çəkilən xərclər "İnsan kapitalı" nda investisiya və gələcək gəlirlərin kəmiyyəti kimi qiymətləndirilir. Yuxarıda deyilənləri belə yekunlaşdırmaq olar ki, bazar iqtisadiyyatı sistemində "İqtisadi insan" anlayışının təmsilçiləri əvvəlki dövrlərə nisbətən ölkənin ümumi tərəqqisində daha böyük, daha miqyaslı rol oynayırlar.[4]
Bazarın tənzimlənməsinin metodları
redaktəBazarın tənzimlənməsinin iki metodu mövcuddur:
- Dövlət metodları
- Qeyri – dövlət metodları.
Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etməklə müəyyən vəzifələri yerinə yetirir. Bu, tamamilə cəmiyyətin iqtisadi həyatına da aiddir. Çünki, dövlət bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşkara çıxarır, digər tərəfdən isə buna nail olunmasının yolları və istiqamətlərini müəyyən edir. Bazar mexanizminin işinə dövlətin qarışmasının ən yumşaq və sivil vasitəsi vergi sayılır. Onlar bazar proseslərinin gedişi şəraitini dəyişmir və bazar subyektlərinin fəaliyyəti sərbəstliyini məhdudlaşdırmır. Bütün bunların nəticəsində mülkiyyətin xüsusi forması – dövlət mülkiyyəti və buna uyğun olaraq, təsərrüfatçılığın ayrıca sahəsi – dövlət bölməsi formalaşır və fəaliyyət göstərir. Müasir dövrdə dövlətin iqtisadi vəzifələri daha geniş miqyas almışdır. P.Samuelson və V.Nordhausun fikrincə, müasir qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi vəzifələri aşağıdakılardır:
- Hüquqi və fiziki şəxslərin iqtisadi fəaliyyətinə dair hüquqi əsasların yaradılması;
- Makroiqtisadi sabitləşdirmə siyasəti yeridilməsi;
- İqtisadi səmərəliliyin yüksəldilməsi üçün ehtiyatların yerləşdirilməsinə təsir göstərilməsi;
- Gəlirlərin bölüşdürülməsinə təsiretmə proqramının işlənilib hazırlanması.
İqtisadi fəaliyyətlərin tənzimlənməsinə dair qanunvericilik aktları və qaydalarının işlənib hazırlanması olduqca vacibdir və ona görə bu iş geniş miqyas almışdır. XIX əsrin axırlarından etibarən dövlət hakimiyyəti möhkəmlənmiş, ondan ümumi mənafelərin və bütövlükdə iqtisadi sistemin mühafizəsi üçün istifadə olunmağa başlanmışdır. Başlıca vəzifələrdən biri makroiqtisadiyyatın sabitləşdirilməsidir. Bununla əlaqədar olaraq, dövlət sənaye tsiklini yumşaltmaq, işsizliyin, inflyasiyanın qarşısını almaq üçün konkret tədbirlər görür. Bu məqsədlə aşağıdakı metodlardan istifadə olunur:
- İqtisadiyyatın vergi – büdcə vasitəsilə tənzimlənməsi (fiskal siyasət);
- Dövriyyədə olan pul kütləsini artırıb-azaltmaqla onun alıcılıq qabiliyyətinin tənzimlənməsi (monetar metod).
Bazar iqtisadiyyatı şəraitində pul və maliyyə-kredit sistemi xüsusi rol oynayır. Bu sahədə dövlətin başlıca vəzifəsi çevik vergi, sözün əsl mənasında düzgün kredit siyasəti yeritməkdən, ölkədə pul tədavlünü tənzimləməkdən ibarətdir.
Dünya bazarının təşəkkülü xüsusiyyətləri
redaktəDünya təsərrüfatının əmələ gəlib inkişaf etməsi dünya bazarının da qərarlaşmasına səbəb olur. Maddi nemətlər və xidmətlər istehsalının milli çərçivəni aşıb keçməsi, milli bazarın da dünya bazarına qovuşmasına gətirib çıxarır. Dünya bazarı dedikdə, bir-birilə beynəlxalq ticarət, kapital ixracı, müxtəlif xidmətlər və s. vasitəsilə əlaqə saxlayan milli bazarların məcmusu nəzərdə tutulur. Bu bazarın meydana gəlməsi beynəlxalq ictimai əmək bölgüsünün qərarlaşması və dərinləşməsi ilə sıx bağlıdır. Dünya ölkələri bir-birilə sıx xarici iqtisadi əlaqələr yaradırlar. Dünya ölkələri arasında xarici iqtisadi əlaqələr əsasən ticarət, kapital ixrac etmək, kreditlər vermək, elmi-texniki əməkdaşlıq, kadrlar hazırlanması və s. formasında həyata keçirilir. Beynəlxalq bazarın əsas fəaliyyət formaları aşağıdakılardır:
- beynəlxalq əmtəə və xidmətlər bazarı;
- beynəlxalq kapital bazarı;
- beynəlxalq iş qüvvəsi bazarı;
- beynəlxalq maliyyə-kredit bazarı;
- beynəlxalq qiymətli kağızlar bazarı və s.
Dünya bazarında kəskin rəqabət mübarizəsi gedir. Bu bazarda əmtəə və xidmətlərin qiymətləri milli bazarlardakından fərqli olaraq beynəlmiləl istehsal xərcləri əsasında qərarlaşır. Bu xərclər isə beynəlxalq miqyasda məhsulun çox hissəsini istehsalçıların sərf etdikləri xərclər əsasında müəyyənləşir. Beynəlmiləl ictimai zəruri xərclər elmi-texniki tərəqqinin təsiri nəticəsində daim dəyişir. Dünya qiymətlərinin formalaşmasının əsasında beynəlmiləl dəyər durur. İstehsalın beynəlmiləl qiyməti dünya ticarətində üstünlük təşkil edən əmtəələrin istehsal şərtləri ilə müəyyən olunur. Hər bir milli təsərrüfatda məhsul istehsalı üçün iqtisadi şərait müxtəlifdir. Müxtəlif ölkələrin milli təsərrüfatında istehsalın texnika ilə silahlanma səviyyəsi, müxtəlif təbii şərait, işçilərin müxtəlif ixtisas səviyyəsi əmək məhsuldarlığının səviyyəsinin müxtəlifliyinə səbəb olur. Bu isə o deməkdir ki, ayrı-ayrı ölkələrdə istehsal edilən eyni məhsullara müxtəlif əmək sərf olunacaqdır. Əmtəə və xidmətlərin istehsalına əmək sərf edilməsindəki dəyişikliklər adətən, mübadilə edilən əmtəə və xidmətlərin miqdar nisbətində də, yəni onların mübadilə dəyərində əks olunur. Deməli belə nəticəyə gəlinir ki, əmtəə və xidmətlərin mübadilə dəyəri onun dəyərin təzahür formasıdır. Dünya bazarında əmtəə və xidmətləri qiymətinin dəyişməsində bütün bazarlarda olduğu kimi, tələb və təklifin nisbəti mühüm rol oynayır. Tələb və təklifin nisbətinin dəyişməsinə iqtisadi amillərlə yanaşı, siyasi amillər də təsir göstərir. Dünya bazarında qiymətlərin səviyyəsinə inhisarlaşma dərəcəsi də mühüm təsir göstərir. Bunun nəticəsində də transmilli inhisarlar əmtəə və xidmətləri yüksək inhisar qiyməti ilə satırlar, digər satıcıların, xüsusilə, inkişaf etməkdə olan ölkələrin istehsal etdikləri əmtəə və xidmətləri isə aşağı inhisar qiyməti ilə satın alırlar. Bunun nəticəsində də transmilli inhisarlar yüksək inhisar mənfəəti əldə edirlər. Dünya bazar qiymətlərinin səviyyəsinə dövlətlərin qiymətləri tənzimləmə tədbirləri də təsir göstərir. Buna misal olaraq azad ticarətin aparılmasına göstəriləm məhdudiyyətlər, gömrük rüsumları, vergilər və s. göstərmək olar. Dünya bazarında mövcud olan qiymətlər sisteminə aşağıdakılar aid edilir:
- adi kommersiya əməliyyatları və ödəmələri üçün olan qiymətlər;
- tam çevrilən (sərbəst) və qismən çevrilən valyuta ilə qiymətlər;
- klirinq razılıqları üzrə qiymətlər;
- kömək praoqramı üzrə qiymətlər və s.
göstərilən bu dünya qiymətləri növlərindən birinin dünya qiyməti rolunu oynaması üçün bir sıra tələblər ödənilməlidir. Dünya qiyməti, o qiymət növüdür ki, onun vasitəsi ilə irihəcmli kommürsiya əməliyyatları həyata keçirilir, hesablaşmalar sərbəst çevrilən valyuta vasitəsilə ilə aparılır. Dünya bazarında konkret əmtəələrin qiymətləri onun əsas istehsalçıların və iri birjaların ixracat məhsullarına qoyduqları qiymətlərə əsasən müəyyən edilir. Məsələn, dünya bazarında alüminiumun qiyməti Kanada dövlətinin qoyduğu qiymətə əsasən, kauçuk isə Sinqapur birjasının qiymətinə əsasən satılır. Dünya bazarında dempinq qiymətlərinə də təsadüf olunur. Bu zaman istehsalçılar istehsalçılar dünya bazarında məhsul və xidməti, daxili bazardan aşağı qiymətə satılır. Bu proses satıcılara öz əmtəəsini daha tez reallaşdırmaq və xarici valyuta əldə etmək imkanı verir. Dempinq qiyməti ilə əlaqədar ölkələr arasında bəzən "ticarət müharibələri" də baş verir. Dünya bazarında müxtəlif ölkələrin dövlət təşkilatları, iri müəssisələri bazar subyektləri rolunda fəaliyyət göstərirlər. Bu bazarda fəaliyyət göstərən əsas subyektlər beynəlxalq şirkətlər, transmilli şirkətlər və transmilli banklardır. Bunlar dünya ticarətinin, kapital ixracının, elmi-texniki yeniliklər mübadiləsinin çox hissəsini öz əllərində cəmləşdirir. Transmilli şirkətlərdə kapital və aktivlər adətən müəyyən bir ölkənin mülkiyyətçilərinə məxsus olur. Dünyada 40 mindən artıq transmilli şirkət vardır ki, bunların da çoxu ABŞ-na məxsusdur. Beynəlxalq şirkətlərin kapital və aktivləri isə müxtəlif ölkələrin mülkiyyətçilərinə məxsus olur. Bu şirkətlər beynəlxalq kartel, sindikat, trest və konsern formasında fəaliyyət göstərir. Dünya təsərrüfatının meydana gəlməsi, dünya bazarının qərarlaşmasını tələb etdiyi kimi, dünya bazarı da özünə müvafiq olan bazar infrastrukturunun olmasını tələb edir. Dühya ticarəti adətən inkişaf etmiş ölkələrin şəhərlərində olan əmtəə, fond və valyuta birjalarında həyata keçirilir. Bu birjalar dünya iqtisadiyyatının barometri rolunu oynayır. Belə ki, iqtisadiyyatda baş verən hər bir dəyişiklik bu birjalarda dərhal hiss olunur. Bu birjalarda qiymətlərin dəyişməsinə nəinki iqtisadi proseslər, həmçinin siyasi dəyişikliklər, terrorçuluq və s. hadisələr də öz təsirini göstərir. Dünya bazarının qərarlaşması beynəlxalq lizinqin də meydana çıxmasına səbəb olmuşdur. Beynəlxalq lizinq xidməti əsasən son 25–30 ildə meydana çıxmışdır. Beynəlxalq lizinq dedikdə, lizinq firması tərəfindən müəyyən bir ölkənin firmasından aldığı əmlakın digər ölkənin firmasına müəyyən müddətə icarəyə verilməsi nəzərdə tutulur. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq, beynəlxalq lizinq xidmətindən geniş istifadə olunması respublikamızın iqtisadiyyatına da mühüm fayda verə bilər.[5]
Kapitalın beynəlxalq hərəkəti
redaktəDünya iqtisadiyyatının inkişafı və səmərililiyinin yüksəldilməsi hər şeydən əvvəl dünya təsərrüfat əlaqələrinin durmadan genişlənməsini tələb edir. Məhsuldar qüvvələr inkişaf etdikcə, hökumətlər rəhbərlik etdikləri ölkə əhalisinin qayğısına daha çox qalmağa və özlərinə yaxın bir qrup adamın şəxsi və qərəzli maraqlarını kənara qoyub ümumi milli inkişafa diqqəti artırdıqca, dövlətlərin iqtisadi və siyasi sərbəstlikləri artdıqca, beynəlxalq əmək bölgüsü dərinləşdikcə dünya təsərrüfat əlaqələrinin sürətlə inkişafı üçün yaxşı şərait yaranır. Qeyd olunan bu amil və şərtlər XX əsrdə daha güclü olmuş, əsrin əvvəlindən və xüsusən onun ikinci yarısından bu günə qədər dünya təsərrüfat əlaqələri yüksək səviyyədə inkişaf etmişdir. İstehsalın beynəlmiləlləşməsi və qloballaşması nəticəsində ölkələr arasında əmtəə və xidmətlərin hərəkəti ilə yanaşı kapitalın da hərəkəti baş verir. Kapitalın ölkələrarası hərəkətinin səbəbi, onun iqtisadi əsaslandırılması əmtəə və xidmətlərin hərəkətinin iqtisadi əsaslandırılmasından irəli gələn üsul və yanaşmaların vasitəsilə həyata keçirilə bilər. Buna baxmayaraq dünya miqyasında iqtisadçı alimlər kapitalın ölkələrarası hərəkətinin nəzəri əsaslarını işləməkdən çəkinməmişlər və bu məsələni həll etməyə çalışmışlar. Belə amillərdən biri ingilis alimi Core S.Millidir. O, ilk dəfə XIX əsrdə kapitalın ölkələr arasında hərəkəti məsələsini araşdırmağa başladı. D.Rikardonun əmtəələrin hərəkəti üçün irəli sürdüyü "nisbi üstünlük" prinsipini kapitalın hərəkətinə də aid etdi və göstərdi ki, kapital ölkələr arasında ona görə hərəkət etdirilir ki, kapital cəhətdən varlı olan olkədə kapitalın verə biləcəyi səmərə mənfəət norması getdikcə aşağı düşür. Belə vəziyyətdə kapital sahibi (dövlət və ya sahibkar) öz vəsaitini mənfəət norması çox olan ölkəyə çıxarmağa çalışır. Deməli, C.S.Millin nəzəriyyəsinin əsasını mənfəət norması təşkil edir ki, bunun nəticəsində də kapital aşağı mənfəət norması olan ölkədən yüksək mənfəət norması olan ölkəyə hərəkət etdirilməli olur. Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərin beynəlxalq ticarət, elmi-texniki məhsullarla beynəlxalq mübadilə kimi formaları valyuta-maliyyə aspektləri ilə müşayiət olunur: ixrac-idxal əməliyyatlarının reallaşdırılması zamanı beynəlxalq hesablaşmalar həyata keçirilir və ya beynəlxalq kreditlər tələb edilir. İşçi qüvvəsinin beynəlxalq miqrasiyası zamanı isə əmək haqqı köçürmələri baş verir. Beləliklə, kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir. Hazırda kapitalın beynəlxalq hərəkətinin həcmi və əhəmiyyəti elə bir səviyyəyə gəlib çatıb ki, bu prosesə beynəlxalq iqtisadi münasibətlərin xüsusi bir forması kimi baxmaq olar. Kapital ixracının bütün formalarının müasir artım templəri əmtəə ixracının və ÜDM-nin artım templərini üstələyir. İqtisadi Əməkdaşlıqvə İnkişaf Təşkilatının (İƏİT) mütəxəssislərinin qiymətləndirmələrinə görə, 1990–2000-ci illərdə xarici investisiyaların ixracının illik artım tempi orta hesabla 30% təşkil etdiyi halda, əmtəə və xidmət ixracının illik artım tempi 4,5%-ə bərabər olub. Hər hansı bir prosesin, indiki halda isə kapitalın beynəlxalq hərəkətinin öyrənilməsi yalnız o halda mümkündür ki, həmin proses müasir dünya təsərrüfatında tez-tez təkrar olunan, tipik və xarakterik olan bir hadisə olsun. İqtisadi hadisəıni xarakterizə etmək üçün ilk növbədə onun anlayışını müəyyən etmək, təkamül yoluna nəzər salmaq lazımdır. Yalnız bundan sonra onun xarakterik cəhətlərini müəyyən etmək, reallaşma xüsusiyyətlərini və formalarını ortaya çıxarmaq, müasir inkişaf tendensiyalarını öyrənmək mümkün olur. "Kapitalın beynəlxalq hərəkəti" anlayışına bu prosesin təkamül yolundan çıxış etməklə nəzər salaq. Kapitalın beynəlxalq hərəkətinin formalaşması və inkişafı beynəlxalq iqtisadi münasibətləri əmtəələrlə beynəlxalq ticarət, beynəlxalq əmək miqrasiyası kimi formalarından xeyli gec başlamışdır. Kapitalın ixracı imkanının yaranması üçün ilk növbədə kapitalın ölkə daxilində kifayət qədər əhəmiyyətli yığımına malik olmaq lazım idi. Bu cür imkan kapitalın beynəlxalq hərəkətinin təkamülünün birinci mərhələsində meydana gəlmişdir. Bu mərhələ kapitalın ilkin yığımı prosesinin bitməsindən və kapital istehsal münasibətlərinin inkişafından sonra, XVII–XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir. Bu mərhələni "kapital ixracının yaranması mərhələsi" adlandırırlar. Bu zaman kapital ancaq bir istiqamətdə — metropoliyalardan müstəmləkələrə doğru hərəkət edir və məhdud, təsadüfi xarakter daşıyırdı. Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin sonlarından götürür və XX əsrin ortalarına qədərdavam edir. Bu mərhələdə kapital ixracı həm sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında baş vermişdir. Kapital ixracı tipik, təkrar olunan və xarakterik hadisəyə çevrilir ki, bu da qeyd olunan mərhələni "kapital ixracı mərhələsi" adlandırmağa imkan verir. Beləliklə, kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir. Lakin, dünya təsərrüfatının müasir inkişaf mərhələsində təkcə kapital ixracından danışmaq kifayət deyil. XX əsrin 50–60-cı illərindən etibarən indiyə qədər davam edən kapitalın beynəlxalq hərəkətinin təkamülünün üçüncü mərhələsi başlayır. Bu mərhələdə baş verən prosesləri "kapitalın beynəlxalq miqrasiyası" termini daha aydın əks etdirir ki, bunun da bir neçə səbəbi var. Birincisi, kapital ixracını təkcə sənayecə inkişaf etmiş ölkələr deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr həyata keçirirlər. Belə ki, 2002-ci ildə 162 milyard dollar həcmində xarici investisiya qoyulduğu halda, onlar özləri 43 milyard dollar məbləğində kapital ixrac ediblər. İkincisi, ölkələr eyni zamanda həm kapital ixracatçısı, həm də idxalatçısı kimi çıxış edirlər. 2002-ci ildə Avropa Birliyi ölkələri ABŞ-yə 694 milyard ollar, ABŞ isə Avropa Birliyi ölkələrinə 641 milyard dollar kapital qoyuluşu həayat keçirmişlər. Üçüncüsü, kapital ixracı öz həcminə görə kapitalın əks hərəkətini (kreditə görə faizlər, sahibkar mənfəəti, səhmlərə görə dividendlərformasında) meydana gətirir. Məsələn, 2002-ci ildə ABŞ-nin xarici kreditlərə görə faiz ödəmələri 100 milyard dollara yaxınlaşmışdır. Yuxarıda deyilənlərdən çıxış edərək, kapitalın beynəlxalq hərəkəti dünya təsərrüfatının müxtəlif ölkələri (onların sosial-iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq) arasında kapital sahiblərinə əlavə gəlir gətirən kapitalın qarşılıqlı hərəkəti prosesidir. Kapital istehsalın amillərindən biridir. Kapital maddi ehtiyatların yaradılması üçün zəruri olan resursdur və özündə istehsal, pul və əmtəə formalarında vəsaitlərin bütün yığım ehtiyatını əks etdirir. Kapitalın beynəlxalq hərəkəti onun bir istehsal amili kimi beynəlxalq bölgüsünə əsaslanır. Kapitalın beynəlxalq bölgüsü özünü təkcə ölkələrin maddi yığım ehtiyatları ilə təmin olunmalarında olan fərqlilikdə deyil, həmçinin istehsalın tarixi ənənələri və təcrübəsində, əmtəə istehsalının və bazar mexanizmlərinin inkişaf səviyyələrində olan fərqlərdə göstərir. Kifayət qədər yığımın olması (pul formasında kapital) investisiya və istehsalın genişləndirilməsi üçün vacib şərtdir. Kapitalın beynəlxalq hərəkətinin obyektiv əsası kimi ölkələrin iqtisadi inkişafında olan qeyri-bərabərlik çıxış edir ki, bu da praktikada özünü aşağıdakılarda göstərir:
- bəzi ölkələrdə kapital yığımında çatışmazlıq olduğu halda, digər ölkələrdə kapital "artıqlığı" mövcud olur;
- dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələb və təklifin üst-üstə düşməməsi.
Burada "nisbi artıqlıq" termininin işlədilməsi təsadüfi deyil. Belə hesab edilir ki, iqtisadi cəhətdən istehsal sonsuz artım tendensiyasına malikdir və deməli, kapitala hər zaman tələb mövcud olmalıdır. Bununlayanaşı, kapital ixracı hətta onun ölkə daxilində çatışmazlığı hiss edilən zaman da həyata keçirilə bilər, çünki bazar iqtisadiyyatı şəraitində kapital qoyuluşu gözlənilən gəlir həcmindən birbaşa asılıdır. Kapitalın beynəlxalq hərəkəti prosesinin inkişafına iki qrup faktorlar təsir edir. Onlar aşağıdakılardır:
- İqtisadi xarakterli amillər:
- istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi;
- həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur dəyişiklikləri;
- beynəlxalq əmək bölgüsünün dərinləşməsi;
- dünya iqtisadiyyatının transmilliləşməsinin artımı;
- istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı;
- beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı.
- Siyasi xarakterli amillər:
- kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zonalarının yaradılması və s.);
- "üçüncü dünya" ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi;
- iqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun, kiçik biznesin dəstəklənməsi);
- məşğulluq səviyyəsinin dəstəklənməsi siyasətinin reallaşdırılması.
Yuxarıda sayılan amillər kapitalın beynəlxalq hərəkətinin inkişafını makroiqtisadi səviyyədə müəyyən edir. Bununla yanaşı, iqtisadi subyektləri kapital ixracı və ya idxalını həyata keçirməyə sövq edən iqtisadi məqsədəuyğunluluq səbəbləri də mövcuddur. Kapital ixracını həyata keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər:
- əlavə gəlirin əldə edilməsi;
- digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi;
- əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması;
- istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması;
- yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə);
- xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması;
- vergi ödəmələrinə qənaət edilməsi (xüsusilə müəssisələrin offşor zonalarda və xüsusi iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı);
- ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması.
Kapital idxalının iqtisadi məqsədəuyğunluluğu aşağıdakılardan ibarətdir:
- yeni və köhnə istehsal texnologiyalarının inkişaf etdirilməsi inkanı;
- əlavə valyuta resurslarının cəlbi;
- elmi-texniki potensialın genişləndirilməsi;
- əlavə iş yerlərinin yaradılması.[6]
Ölkənin kapitalın beynəlxalq hərəkətində iştirakı ümumilkdə bir sıra göstəricilərdə əks olunur. Mütləq göstəricilər kimi kapital ixracının həcmi, kapital idxalının həcmi, kapitalın ixrac-idxal saldosu, ölkədə xarici kapitallı müəssisələrin sayı, onlarda məşğul olanların sayı və s. fərqləndirirlər. Saldodan çıxış edərək dünya ölkələri əsasən kapital ixrac eən ölkələr (Yaponiya, İsveçrə), əsasən kapital idxal edən ölkələr (ABŞ, Böyük Britaniya) və təxmini tarazlığa malik ölkələr (Almaniya, Fransa) kimi fərqləndirilirlər. Öz mənbəyinə görə dünya bazarında hərəkətdə olan kapital əsasən rəsmi (dövlət) və özəl kapitala bölünür. Rəsmi (dövlət) kapital dedikdə, hökumətlərin, həmçinin hökumətlətarası təşkilatların qərarı ilə dövlət büdcəsinin vəsaitlərinin xaricə hərəkəti, ya da xaricdən gətirilməsidir. Kapital hərəkətinin bu kateqoriyasına bir ölkə tərəfindən digər ölkəyə hökumətlərarası saziş əsasında təqdim edilən bütün dövlət borcları, hədiyyələri (qrantlar), yardımlarıdır. Beynəlxalq hökumətlərarası təşkilatların öz üzvləri adından idarə etdikləri kapital da rəsmi kapital hesab edilir. Rəsmi kapitalın mənbəyi kimi dövlət büdcəsinin vəsaitləri, yəni vergi ödəyicilərinin vəsaitləri çıxış edir. Buna görə də, bu cür kapitalın xaricə hərəkəti barədə qərar hökumət və qanunverici orqan tərəfindən birgə qəbul edilir.
- Özəl (qeyri-dövlət) kapitalı dedikdə özəl (qeyri-dövlət) firmaların, bankların və digər qeyri-dövlət təşkilatların xaricə hərəkət edən və ya xaricdən gətirilən vəsaitləridir. Kapitalın hərəkətinin bu kateqoriyasına özəl firmalar tərəfindən xaricə kapital investisiyası, ticarət kreditlərinin verilməsi, banklararası kreditləşmə aiddir. Bu kapitalın mənbəyi kimi özəl firmaların dövlət büdcəsi ilə əlaqədar olmayan vəsaitləri çıxış edir. Firmaların onlara məxsus olan kapitalın beynəlxalq hərəkəti barədə qərar qəbul etməkdə nisbi azadlığa malik olmalarına baxmayaraq, hökumət adətən bu hərəkəti tənzimləmək və ona nəzarət etmək hüququnu özündə saxlayır. İstifadə edilmə xarakterinə görə kapital sahibkar kapitalına və borc kapitalına bölünür.
- Sahibkar kapitalı mənfəət əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala yatırılan vəsaitdir. Sahibkar kapitalı kimi bir qayda olaraq özəl kapital istifadə edilir. Amma bəzən dövlət və ya dövlətə məxsus olan müəssisə də xaricdə vəsait qoyuluşunu həyata keçirir.
- Borc kapitalı faiz əldə etmək məqsədilə borc verilən vəsaitdir. Beynəlxalq səviyyədə borc kapitalı kimi adətən dövlət mənbələrindən formalaşan rəsmi kapitaldan istifadə edilir. Amma özəl mənbələr vasitəsilə həyata keçirilən beynəlxalq kreditləşmə də kifayət qədər əhəmiyyətli həcmə malikdir.
Müddətinə görə kapital aşağıdakılara bölünür:
- Ortamüddətli və uzunmüddətli kapital kapitalın bir ildən artıq müddətə qoyuluşudur. Birbaşa və portfel investisiyaları formasında bütün sahibkar kapitalı qoyuluşları, həmçinin dövlət kreditləri formasında borc kapitalı adətən uzunmüddətli olurlar.
- Qısamüddətli kapital bir ildən az müddətə kapital qoyuluşudur. Adətən ticarət kreditləri formasında borc kapitalı qısamüddətə verilir.
Bu formalardan hər biri müəyyən əlamətə görə eyni bir kapital hərəkətini xarakterizə edə bilər. Məsələn, beynəlxalq praktikada dövlət kapitalı əsasən borc formasında, özəl və uzunmüddətli kapital isə sahibkar formasında ixrac edilir. XX əsrin sonuna dünya təsərrüfatında miqrasiya edən kapitalın 60%-dən çoxu özəl subyektlərə — korporasiyalara, transmilli şirkətlərə, banklara, sığorta, investisiya şirkətlərinə, pensiya fondlarına məxsus idi. Son onillikdə kapitalın beynəlxalq hərəkətində bankların payının azalması tendensiyası və eyni zamanda transmilli şirkətlərin kapitalının payının artımı meyli müşahidə edilməkdədir. Sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya edən kapitalın 80%-i özəl kapitaldır və onun həcmi getdikcə artır. 1990-cı illərdə dünya təsərrüfatında hərəkət edən kapitalda dövlət kapitalının həcmi 20% həcmində qiymətləndirilir. Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kapiatlın beynəlxalq miqrasıyasında payı 2000-ci ilin yekununa görə 12% təşkil etmişdir. Kapital hərəkətinin məhz bu forması daha yüksək artım tempinə malikdir. Kapitalın sahibkar formasında hərəkəti üç əlamətin olmasını tələb edir:
- xaricdə istehsal prosesinin təşkili və bu prosesdə iştirak;
- xarici kapital qoyuluşunun uzunmüddətli xarakter kəsb etməsi;
- digər dövlətin ərazisində ümumilikdə müəssisəyə və ya onun bur hissəsinə sahib olma hüququ.
Qeyd olunan xüsusiyyətlərin həyata keçirilmə dərəcəsindən və məqsədlərindən asılı olaraq sahibkar kapitalının hərəkətinin iki formasını – birbaşa xarici investisiyaları (BXİ) və portfel investisiyalarını (Pİ) fərqləndirirlər. Kapitalın beynəlxalq hərəkətinin təhlili üçün onun bu cür funksional bölgüsü daha mühüm əhəmiyyət kəsb edir. Birbaşa xarici investisiyalar uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyalar praktik olaraq özəl sahibkar kapitalının ixracı ilə əlaqədarıdr. BVF, İƏİT və BMT-nin Milli Hesablar Sisteminə uyğun olaraq birbaşa xarici investisiyaların tərkibinə aşağıdakılar daxil edilir:
- şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları;
- birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin müəssisəyə reinvestisiya edilməsi;
- baş firma və onun xarici müəssisələri arasında şirkətdaxili kapital köçürmələri.
Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir. Kapital ixracının sahibkar formasını onun istehsal prosesi ilə birbaşa əlaqədə olması səbəbindən "ikinci iqtisadiyyat" adlandırırlar. Digər forma – borc kapitalının hərəkəti bu cür birbaşa əlaqəyə malik deyildir və yalnız dolayı olaraq təkrar istehsal prosesini əks etdirir. Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür. Kapitalın beynəlxalq hərəkətinin borc forması aşağıdakı əməliyyatlar vasitəsilə reallaşdırılır:
- dövlət və borc kreditlərinin verilməsi;
- digər ölkələrin istiqrazlarının, qiymətli kağızlarının, veksellərinin, xarici şirkətlərin trattlarının alınması;
- borclar üzrə ödəmələrin həyata keçirilməsi;
- banklarararsı depozitlər;
- rəsmi yardımlar və s.
Müasir dövrdə kapital ixracə üçün dövlət büdcəsinin vəsaitinin xeyli hissəsi sərf edilir. Dövlət kapital ixracı əsasən göndərilən malları kreditləşdirmək vasitəsi kimi istiqrazlar şəklində və xarici bankların cari hesablarına qoyuluşlar şəklində ixrac olunur. Xüsusi kapital ixracının mühüm növlərindən biri xaricə patent və lisenziyaların satılmasıdır. İxtira və kəşf böyük məbləğdə kapital qoyuluşları ilə əlaqədardır. Buna görə də dünya praktikasında xaricə patentlər və lisenziyalar satmaq iqtisadi mənada kapital ixracına bərabərdir.[7]
Natural istehsal
redaktəNatural təsərrüfat qapalıdır. Bu təsərrüfatın mövcud olduğu cəmiyyətlərdə təsərrüfat əlaqəsiz, dağınıq şəkildə fəaliyyət göstərir (ailə, icma, malikanə). Hər bir təsərrüfat vahidi özlərinə məxsus resurslardan istifadə edir və ailənin tələbatını ödəmək üçün məhsul istehsal edirlər. Müasir dövrdə (dövlətin daxilində inkişaf etmiş əmtəə istehsalı olduğu halda) bəzi təsərrüfat birliklərində, kənd təsərrüfatı müəssisələrində və hətta ayrıca bir dövlətdə də qapalılığa, naturallığa meyl ola bilər.
Natural istehsal üçün universal əl əməyi xarakterikdir. Əməyin növlərə bölünməsi yoxdur. Məsələn, bir nəfər əyirir, toxuyur, boyayır və s. Burada ən sadə alətlərdən istifadə olunur.
Natural təsərrüfatda istehsalla istehlak arasında birbaşa iqtisadi əlaqə yaranır. Burada "istehsal-bölgü-istehlak" əlaqəsi var, mübadilə isə yoxdur. Bu cür əlaqə natural təsərrüfatın davamlığını təmin edir. Burada ancaq sadə təkrar istehsal baş verir.
Qərb ədəbiyyatında natural təsərrüfat sistemi ənənəvi iqtisadiyyat adlandırılır. Onun xarakterik cəhətləri:
- istehlak üçün eyni, ənənəvi məhsul istehsal etmək;
- texniki tərəqqinin məhdudluğu;
- cəmiyyətin həyat tərzində dəyişikliyin olmasında geriliyin qalması;
- sosial-iqtisadi münasibətlərdə durğunluq).
Əmtəə istehsalı
redaktəTəsərrüfat təşkilinin ikinci forması əmtəə istehsalıdır. Əmtəə istehsalı – təşkilati-iqtisadi münasibətlərin elə sistnmidir ki, burada məhsullar bazarda satılmaq üçün istehsal olunur.
Əmtəə təsərrüfatının əsas cəhətləri:
- təsərrüfat açıqdır;
- əmək bölgüsünə əsaslanır;
- təsərrüfat əlaqələri bilavasitədir (dolayıdır), bazar vasitəsilədir.
Əmtəə istehsalı ictimai əmək bölgüsünə əsaslanır. Hər bir istehsalçı konkret, ixtisaslaşmış məhsulun istehsalı ilə məşğul olur. Hər bir sahədə, müəssisədə yaradılmış artıq məhsul başqa faydalı şeylərlə mübadilə edilir. Əmtəə istehsalında əmək bölgüsünün rolu A.Smit tərəfindən əsaslandırılmışdır.
Əmək bölgüsü əmtəə istehsalı sayəsində geniş meydan alır və ictimai əmək bölgüsü qanunu fəaliyyət göstərir. Ictimai əmək bölgüsünün aşağıdakı formaları meydana gəlir:
- Beynəlxalq (ölkələrarası);
- Ümumi (xalq təsərrüfatının sahələri arasında);
- Xüsusi (sahələr daxilində);
- Tək (müəssisə daxilində).
Əmtəə təsərrüfatı – açıq sistemdir. Burada işçilər öz istehlakları üçün deyil, başqa adamlara satm aq üçün istehsal edirlər. Bu təsərrüfatda hər şey bazar üçün istehsal olunur.
Əmtəə təsərrüfatına istehsalçı və istehlakçılar arasında dolayı, bilavasitə əlaqə forması xasdır. Bu istehsal – mübadilə – istehlak əlaqəsidir. Məhsul ancaq mübadilədən sonra istehlaka daxil olur. Istehsalçı və istehlakçı arasında iqtisadi münasibət bazar vasitəsilə yaranır.
Əmtəə təsərrüfatı üçün geniş təkrar istehsal xasdır.
Əmtəə istehsalının 5–7 min il tarixi vardır. O, ibtidai — icma dövrünün sonlarından indiyə kimi mövcuddur. O, bütün ictimai-iqtisadi sistemlərdə mövcud olmuşdur və özünün tarixi inkişaf mərhələlərini keçmişdir.
Əmtəə istehsalının meydana gəlməsinin ümumi əsası ictimai əmək bölgüsüdür. Əmək bölgüsünün inkişafı ilə əmtəə istehsalı da genişlənir. Artıq elə müəssisələr yaranır ki, onlar bir deyil, bir neçə əmtəəlik məhsul istehsal edir (diversifikasiya).
Əmtəə istehsalının meydana gəlməsinin başqa bir səbəbəi adamların təsərrüfatca əlahiddələşməsidir (ayrılsmasıdır). Ayrılma müəyyən bir əmtəənin istehsalına şərait yaradır. Ayrılmış istehsalçı öz məhsulunu mübadilə etmək üçün bazar əlaqəsinə girir. Belə bir əlaqə, kənar müdaxilə olmadan, öz mənafeyini reallaşdırmaq naminə baş verir və məhsulun keyfiyyəti və miqdarını artırmaqda maraqlı olur.
Təsərrüfatca əlahiddələşmə mülkiyyətin forması ilə bağlıdır. Buna uyğun gələn xüsusi mülkiyyət formasıdır. Xüsusi mülkiyyət ayrılıb müstəqil əmtəə istehsalçısı olmağı şərtləndirir.
Əmtəə istehsalının iki növü vardır:
- Sadə əmtəə istehsalı (təsərrüfatı);
- Kapitalist əmtəə təsərrüfatı (istehsalı)
Sadə əmtəə təsərrüfatı istehsalçının şəxsi əməyinə və sadə alətlərə əsaslanan kəndlinin və sənətkarların təsərrüfatlarıdır. Kapitalist əmtəə təsərrüfatı – istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və əsasən muzdlu əməyə əsaslanır. Bu təsərrüfatın meydana gəlməsilə istehsal edilən hər şey və hətta iş qüvvəsi də əmtəə olur. Və natural təsərrüfatı sıxışdırıb aradan çıxarır. Kapitalist əmtəə istehsalçısı sahibkar olur.
Klassik kapitalizm şəraitində, xüsusi mülkiyyətin artması ilə əmtəə istehsalı daha da genişlənir və özünün əsası kimi yeni mülkiyyət formaları – səhmdar, korporativ və yoldaşlıq – yaranır (XX əsrdə).
Klassik kapitalizm şəraitində əmtəə istehsalı ən ümumi forma alır və hər şey əmtəə olur. XX əsrin ikinci yarısından etibarən elmi-texniki tərəqqinin təsiri və dövlətin təsərrüfat həyatına müdaxiləsinin təsiri altında qeyri-əmtəə bölməsi yaranır (fundamental elmi tədqiqatlar, pulsuz təhsil, hərbi-sənaye kompleksinin bir çox məhsulları və s.). Bu forma getdikcə genişlənir. Buna görə də müasir istehsalı qarışıq istehsal adlandırmaq olar. Ancaq üstünlük əmtəə təsərrüfatına məxsusdur.
İstinadlar
redaktə- ↑ Tağıyev A.H. "Bazar iqtisadiyyatının əsasları", Bakı-2000, dərs vəsaiti
- ↑ Лившиц А.Я. Введение в рыночную экономику. Москва, "Станкин" 1992
- ↑ Государственные регулирование рыночной экономики, учебник Москва 2001
- ↑ Allahverdiyev H.B., "Keçid dövründə bazar iqtisadiyyatının tənzimlənməsi problemləri". "Nəzəriyyə və praktika" jurnal № 1–2, Bakı-1997
- ↑ Əhmədov M.A., Hüseynov A.C. "İqtisadiyyatın dövlət tənzimlənməsinin əsasları", metodik vəsait. Bakı-2011
- ↑ Ələkbərov Ə.H., Əlizadə A.Ə. "Beynəlxalq marketinq". Bakı-2008
- ↑ Həmidov T. "Beynəlxalq iqtisadi münasibətlər"