Inhisar - Wikipedia
İnhisar və ya monopoliya (yun. μονο — tək; πωλέω — satıram)[1] – müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi hal.
Başqa sözlə inhisar, bazarda bir satıcının və çoxlu sayda alcının olduğu bazardır. Bu bazar rəqabətin və əvəzedici əmtəələrin yoxluğu, eləcə də yüksək mənfəət əldə etməyə imkan verən və marjinal xərclərdən çox yüksək olan inhisar qiyməti ilə xarakterizə edilir. Bundan əlavə inhisarlar qiymətə təsir edəcək qədər böyük bazar gücünə malikdirlər. İnhisar dedikdə ilk növbədə insanın ağlına bir çox qitədə fəaliyyət göstərən transmilli korporasiyalar, dövlət tərəfindən yaradılan böyük şirkətlər gəlir, amma inhisar qismində kiçik firmalar da ola bilər. Məsələn, uzun bir yol üzərində cəmi bir yanacaqdoldurma stansiyası olduğunu fərz edək. Bu zaman yolda qalmaq istəməyən şəxs məcburən buradakı qiymətlərlə razılaşmalı olacaq.
Tarix
redaktəMəlum olduğu kimi, bazarın geniş miqyasda inhisarlaşması XIX–XX əsrlərin hüdudlarında (qovuşağında) baş vermişdir. Azad rəqabət İngiltərədə, klassik kapitalizm dövründə müəyyən qədər özünü göstərmişdir (XIX əsrdə). müasir dövrdə "azad rəqabətə" az hallarda (qiymətli kağızlar bazarında, kənd təsərrüfatı məhsulları bazarında) rast gəlmək olur.
Azad rəqabətin dərinləşməsi inhisarların yaranmasına gətirib çıxardı. Korporativ və maliyyə kapitalının meydana gəlməsi ilə azad rəqabəti inhisarçılıq əvəz etdi.
İqtisadiyyatın inhisarlaşması istehsalın və kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində baş vermişdir. Burada elmi-texniki tərəqinin xüsusi rolu olmuşdur.
İnhisarlaşma ilə inhisarçıların sövdələşməsinə imkan yaranır. Sövdələşmə: istehsal ediləcək məhsulun miqdarı haqqında; əmtəələrin satış qiymətləri haqqında; xammal mənbələri haqqında; bazarları öz aralarında bölmək haqqında və s. üzrə olur.
İnhisar bazarının xüsusiyyətləri
redaktəİndi isə inhisar bazarının xüsusiyyətlərinə daha sistemli bir şəkildə nəzər yetirək:
- Yalnız bir satıcı vardır.
- Çoxlu sayda alıcı vardır
- Qiyməti inhisarçı şirkət müəyyənləşdirir
- İstehsalın həcmini artırıb-azaltmaq məsələsi inhisarçı şirkətin tam səlahiyyətindədir
- Mənfəətli bazar
- Digər rəqiblər üçün bazara daxil olmaq çox çətindir
- Bazarda qiymət ayrı-seçkiliyi mövcuddur.
İnhisarın növləri
redaktəİnhisarların aşağıdakı növləri vardır:
- Ticarət sövdələşməsinin yerinə görə. Bunun da iki növü vardır:
a) çoxsaylı alıcılara müəyyən əmtəəni satan müəssisələrin birliyi – inhisar (monopoliya);
b) bütün satıcılardan hər hansı bir məhsulu almaq üzrə təsərrüfatcı birləşmə — monopsoniya. Məsələn, nəhəng bir yeyinti-sənaye korporasiyası bütün kənd təsərrüfatı məhsullarını fermerlərdən satın alır.
- Bazara sahib olmağın miqyasına görə. Bu da öz növbəsində müxtəlif inhisar növlərinə bölünür:
a) ancaq bir sahənin bazar fəaliyyətini əhatə edən — xalis inhisar. Burada bir satıcı fəaliyyət göstərir, satış üçün nəzərdə tutulan əmtəələrin miqdarı və onun qiymətinə tam nəzarət edir. Başqa birisi buraya daxil ola bilməz.
b) milli təsərrüfat səviyyəsində mütləq inhisar yaratmaq olar. Bu dövlətin yaxud onun bir təsərrüfat orqanının əlində olur (məsələn, xarici ticarət inhisarı və s.). eynilə də cəmiyyət miqyasında mütləq monopsoniya fəaliyyət göstərir.
- Meydana gəlməsinin xarakteri və səbəblərinə görə aşağıdakı inhisar birlikləri fərqlənir:
A) Təbii inhisar. Bu inhisara öz sərəncamında nadir və sərbəst təkrar olunmayan istehsal ünsürləri olan mülkiyyətçi və təsərrüfat orqanı malikdir (məsələn, az tapılan metal, pambıq yaxud üzüm yetişən torpaq sahəsinə malik olan). Texnoloji xüsusiyyətinə görə analoqu olmayan istehsal sahəsi də təbii inhisara aiddir. Bu inhisar növündə istehsal olunan əmtəənin əvəzləyicisi olmur.
B) Açıq inhisar. Bu qanuni əsasda yaradılır. Inhisarın bu növü rəqabətdən qorunmaq üçün yaradılır. Bunlara aiddir: patent sistemi, müəlliflik hüququ, əmtəə nişanları.
Süni inhisar
redaktəŞərti süni adlandırılan bu inhisar yüksək mənfəət götürmək məqsədilə yaradılır. Bu zaman başqalarının bazara daxil olmasına maneə yaradılır (məsələn, xammal mənbələrini ələ keçirir, enerjidən məhrum etdirir, bankdan kredit almasına mane olur və s.); rəqibinə nisbətən daha yüksək texnologiya tətbiq edir; daha böyük həcmdə kapital tətbiq edib və səmərə əldə edir; keyfiyyətli reklam vasitəsilə rəqibini sıxışdırır.
İnhisarın formaları
redaktəİnhisarın aşağıdakı formaları vardır: kartel, sindikat, trest, konsern və konqlomerat.
- Kartel – bir sahənin bir neçə sənaye müəssisəsinin ittifaqıdır. Onun iştirakçıları istehsal vasitələri və məhsul üzərində mülkiyyətini saxlayır, yaradılmış məhsulu bazarda özü satır. Fəaliyyət kvota əsasında (istehsal olunan məhsulda hər kəsin payı, qiymət, satış bazarı haqqında razılaşma və s.) həyata keçirilir.
- Sindikat – yekcins məhsullar istehsal edən bir neçə müəssisənin birliyidir. Istehsalın maddi şərtləri üzərində iştirakçıların mülkiyyəti saxlanılır. Istehsal olunmuş məhsul ümumi orqan tərəfindən reallaşdırılır.
- Trest – qrup müəssisələrin inhisar birliyidir ki, istehsal vasitələri və hazır məhsul üzərində birgə mülkiyyətdir.
- Konsern – formal müstəqilliyə malik müəssisələrin ittifaqıdır. Bu ittifaqa sənayenin müxtəlif sahələri, ticarət, nəqliyyat və banklar daxil olur. Baş firma qalanlarının fəaliyyətinə maliyyə nəzarəti həyata keçirir. Müasir dövrdə konsernlər geniş miqyas almışdır.
- Konqlomerat – aralarında istehsal və digər funksional əlaqə olmayan bir çox firmaların iri bir inhisar birliyi tərəfindən özünə tabe edilməsi yolu ilə udulmasıdır. Burada firmalara vahid mərkəzdən maliyyə rəhbərliyi həyata keçirilir. Təsisçilər təsis mənfəəti əldə edirlər. Bu birliyə daxil olan firmalar müxtəlif əməliyyatları icra edirlər.
İngiltərə və Almaniyada siqaret bazarının 94 %-i üç istehsalçının əlindədir. Fransada siqaret və soyuducu istehsalının 100 %-i üç istehsalçının əlindədir. Beləliklə, oliqopoliya şəraitində bazar ya bir neçə istehsalçı arasında bölünmüşdür, yaxud da bazarın bir hissəsi iri firmaların əlindədir, qalan hissəsi isə çoxsaylı xırda istehsalçıların (inhisarçı rəqabətçilərin) ixtiyarındadır. Nə qədər az sayda istehsalçı bazarı öz aralarında bölürsə, orada inhisarçılıq güclüdür. Miqyas effekti ilə bağlı olan istehsal texnologiyası oliqopoliyanın meydana gəlməsi səbəblərindəndir və sahəyə daxil olmağın təbii maneəsidir. Oliqopolist bazara daxil olmağın çətinliyinin başqa bir səbəbi patentləşdirmə və lisenziyalaşdırmadır. Resurslar üzərində nəzarət, reklam üçün böyük məbləğdə maliyyə vəsaiti tələb olunması da oliqopolist sahəyə daxil olmağı çətinləşdirir. Oliqopolist firmalar sabit mənfəət əldə edirlər.
Oliqopoliyanın mühüm cəhətlərindən biri sahə firmalarının qarşılıqlı asılılığıdır. Onlar rəqib olsalar da partnyordurlar. Biri iş görmək istədikdə başqalarının marağını da nəzərə almalıdır. Çünki, onun mənfəətinin miqdarı digər partnyorların müəyyən etdikləri istehsalın həcmindən və qiymətlərdən asılıdır. Məsələn, əgər oliqopolist firma çox az istehsal edirsə, onda məhsulun qiyməti yuxarı olacaq, əksinə çox istehsal edərsə qiymətlər sahənin qiymətinin səviyyəsindən aşağı olacaq. Bu isə başqalarının mənfi reaksiyasına səbəb olacaqdır. Hər iki halda firmanın mənfəəti aşağı düşə bilər. Buna görə də, oliqopolist sahə iştirakçıları qiymətlə qarşılıqlı asılı olurlar.
Oliqopolistlər öz aralarında sövdələşə bilməzlər. Çünki, antiinhisar qanunvericiliyi buna icazə vermir. Gizli sövdələşmə isə risklidir, üstü açıla bilər.
Qiymət ayrı-seçkiliyi
redaktəQiymət ayrıseçkilkiyi inhisarçıya daha çox mənfəət əldə etməyə imkan verən bir haldır. Belə ki, bu zaman satıcı məhsulu hər alıcıya müxtəlif qiymətə sata bilir.[2] Başqa sözlə alıcı, inhisarçının mənfəətini yüksəltmək üçün hər alıcıya uyğun olaraq məhsula qiymət təyin etməsidir.[3] Bu zaman ən çox rast gəlinən misal dərsliklərin ayrı-ayrı ölkələrdə fərqli qiymətlərə satəlmasıdır. Məsələn, bir iqtisadi nəzəriyyə kitabının, Avropa və digər inkişaf etməkdə olan ölkələrdə baha qiymətə satıldığı halda, zəif inkişaf etmiş ölkələrdə ucuz qiymətə satışa çıxarılır. Müəlliflik hüququndan istifadə edən yazıçı kitabın Afrika ölkələrində yüksək gəlirli ölkələrdə olduğu kimi baha qiymətə satılmayacağını başa düşür. Həmçinin alıcının kitabı ucuza gətirməkdən ötəri Afrikaya yollanmayacağınıda anlayır. Bu səbəbdən Afrikada kitabın qiyməti 20 dollara, Avropada isə 150 dollara satışa çıxarılır. Bu nə qədər Avropalı alıcılar üçün ədalərsiz görünsə də müəllifin bu hərəkəti Afrikalı alıcıların cibinə uyğun olduğundan onlar kitab əldə edə bilir. Nəticə də qiymət ayrı-seçkiliyi iqtisadi səmərəni artırır.
İnhisar müəssisəsinin bağlanma nöqtəsi
redaktəƏgər inhisarçının orta dəyişən xərcləri heç bir istehsal həcmində qiymətdən aşağı enmirsə, başqa sözlə tələb əyrisi orta dəyişən xərclər əyrisindən aşağıdadırsa, inhisarçı fəaliyyətini qısamüddətlli dövrdə dayandıra bilər.[4] Bu bazarın mövsümi olmasından, eləcə də digər səbəblərdən asılıdır. Məsələn Bakıda yalnız bir kursun fəaliyyət göstərdiyini fərz edin. Yay tətilində o qiymətləri nə qədər aşağı salsa da hər kəs istirahətdə olduğundan tələb aşağı olacaq və kurs fəaliyyətini müvəqqəti dayandırmalı olacaqdır.
İstinadlar
redaktə- ↑ Монополија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 51.
- ↑ Goodwin, N; Nelson, J; Ackerman, F; Weisskopf, T (2009). Microeconomics in Context (2nd ed.). Sharpe. Səh. 315
- ↑ Samuelson, William F.; Marks, Stephen G. (2003). Managerial Economics (4th ed.). Wiley. Səh. 104
- ↑ Frank, Robert H. (2008). Microeconomics and Behavior (7th ed.). McGraw-Hill. ISBN 978-0-07-126349-8.