Bayat Qalasi - Wikipedia
Bu məqalə Bayat qalası haqqındadır. Bayatın digər istifadələri üçün Bayat səhifəsinə baxın. |
Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala.
Bayat qalası | |
---|---|
40°16′12″ şm. e. 47°00′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağcabədi rayonu |
Yerləşir | Boyat[1] |
Aidiyyatı | Qarabağ xanlığı |
Sifarişçi | Pənahəli xan |
Tikilmə tarixi | 1748 |
Üslubu | Arran memarlıq məktəbi |
Material | yanmış daş kərpic |
|
Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Pənahəli xan onun yerinin düzgün olmadığını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalasına dəyişir.
Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir.[2][3]
Mirzə Camal Cavanşir yazır: "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdirdilər."[4][5]
Pənahəli xanın Qarabağın hakimi kimi tanınmasında Şəki xanı Hacı Çələbi xanın Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynayır.[6] Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin yazdığına görə, "Qarabağ məlikləri Hacı Çələbiyə məktub yazaraq bildiriblər ki, Pənahəli xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər bir xəta edilərsə, sonra onun qarşısında durmaq mümkün olmayacaq."[4] Nəticədə Hacı Çələbi xan Qarabağa hücum edir, Bayat qalasını mühasirəyə alır.[7] Lakin bir aylıq mühasirə heç bir nəticə vermir. Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir yazır: "Bu qalibiyyətdən sonra Pənahəli xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi… Bayat savaşı eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara davam gətirə bilməyəcəyini də üzə çıxardı."[8]
1748-ci ilin sonunda Şamaxı xanı Hacı Məhəmmədəli xanla birləşərək Pənahəli xanı aradan götürmək üçün Bayat qalasına hücum edən Hacı Çələbi xan qala mühasirəyə alsa da, bir ay mühasirədə qalan qala təslim olmamışdı.[7] Pənahəli xan düşmənə qəfil həmlələr edirdi. Nəticəsiz mübarizədən sonra, Hacı Çələbi xan müttəfiqi ilə geri çəkildi. Məqsədinə nail ola bilməyən və mübarizədə məğlub edilən Hacı Çələbi geri dönərkən "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq" deyə vurğuladı.[9][6][10]
Bayat döyüşündən sonra Pənahəli xan fikirləşdi ki, xanlığa daha etibarlı qala lazımdır.[11] Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi.[12] Buna görə də Pənahəli xan Ağdamın 5–6 kilometrliyində[12] yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı.[12][13] Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürtməsini Mirzə Adıgözəl bəy belə təsvir edir: "Bundan sonra Pənah xam düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala bina etdi."[10][12]
Mirzə Adıgözəl bəyin yazdığına görə Pənahəli xan bu işləri 1751–1752-ci illərdə (hicri 1165-ci il) bitirərək oranı özünə iqamətgah etdi.[14] Əhməd bəy Cavanşirin yazdığına görə Şahbulaq qalası 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında inşa edilmişdir.[12] Əhməd bəy Cavanşir Pənahəli xanın öz iqamətgahını Bayat qalasından Şahbulaq qalasına 1752-ci ildə köçürdüyünü yazır.[15]
Mirzə Adıgözəl bəy yazır ki, Məhəmmədhəsən xan Qacarın Qarabağa yürüşündən sonra Pənahəli xan və bəzi digər xanlar Hacı Çələbiyə qarşı vuruşmaq üçün II İraklinin düşərgəsinə getmiş və həbs olunmuşdular.[16] Burada tarixçi hadisələrin ardıcıllığını bir qədər qarışdırmışdır.[17] XVIII əsr tarixçilərinin qeydlərindən məlum olur ki, Pənahəli xanın Bayat qalasından Şahbulaq qalasına köçməsi 1751-ci il, onun hiylə ilə II İrakli tərəfindən tutulması, Hacı Çələbi tərəfindən isə azad edilməsini isə 1752-ci il olaraq qəbul edirlər. Qarabağnamələrin müəllifləri də bu tarixləri də olduğu kimi təsdiq edirlər.[18]
Mirzə Camal Şahbulaq qalasının 1751–1752-ci illərdə (1165-ci hicri ilində) inşa olunduğunu yazaraq Pənahəli xanın üç dörd il orada yaşadığını qeyd edir.[19] Mir Mehdi Xəzani isə yanlış olaraq Şahbulaq qalasının 1761–1762-ci ildə inşa olunduğunu yazır.[20] Mir Mehdi Xəzanı Pənahəli xanın ilk iqamətgahının köçürülməsinin səbəbini daha dəqiq izah edərək yazır ki, "Bayat qalası aranda yerləşdiyinə görə yay fəslində elatlar o ətrafda dayanmayıb yaylağa köçdüyünə görə zərurət olanda onlara əl yetişmirdi." Abbasqulu ağa Bakıxanov yazır ki, "Şahbulaq adlı yerdə vaxtilə Səfəvi şahı I Şah Abbas qışlamışdı."[21][22]
Rzaqulu bəy yazır: "Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub, onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə də Bayat qalasını buraxıb, Şahbulaqda bir təpənin üstündə, böyük bir bulağın yanında qala tikdirdi. Bu qalanın ətrafına, uca bir yerdə, geniş hasar çəkdirdi. Bazar, meydan, hamam və məscid tikdirib, hicri 1165 (1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, özünün yaxın adamlarını və qulluqçularını Şahbulaq qalasında yerləşdirdi."[23]
İstinadlar
redaktə- ↑ "Tarix yazan qədim Boyatlar - o ilərin məktəbi!." 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
- ↑ Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, səh. 111-112
- ↑ Ənvər Çingizoğlu. Bayat kəndi tarix boyunca Arxivləşdirilib 2017-12-08 at the Wayback Machine. Ədalət.- 2010.- 30 dekabr.- S. 5.
- ↑ 1 2 Camal Mustafayev, 2015
- ↑ "Qarabağ xanı Pənahəli xan Cavanşir (1693-1763)" (az.). Portal.Azertag.az. 2 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ 1 2 Фаиг Исмайылов, 2009. səh. 112
- ↑ 1 2 "Qarabağ xanlığı" (az.). tarix.info. 2019-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ Fazil Qaraoğlu, 2017
- ↑ Mustafazadə Tofiq, 2009. səh. 33
- ↑ 1 2 Mustafazadə Tofiq, 2009. səh. 33-34
- ↑ Фаиг Исмайылов, 2009. səh. 112-113
- ↑ 1 2 3 4 5 Авалов, 1977. səh. 10
- ↑ Qarabağnəmələr.III kitab, 2006. səh. 82
- ↑ Фаиг Исмайылов, 2009. səh. 113
- ↑ Zemfira Hacıyeva, 2007. səh. 46
- ↑ Фаиг Исмайылов, 2009. səh. 113-114
- ↑ Mustafazadə Tofiq, 2009. səh. 34
- ↑ Zemfira Hacıyeva, 2007. səh. 47
- ↑ Фаиг Исмайылов, 2009. səh. 114-115
- ↑ Mustafazadə Tofiq, 2009. səh. 35
- ↑ Zemfira Hacıyeva, 2007. səh. 47-48
- ↑ Фаиг Исмайылов, 2009. səh. 115
- ↑ Qarabağnamələr. II kitab., 2006. səh. 248
Ədəbiyyat
redaktə- Mustafazadə, Tofiq. Qarabağ xanlığı. Bakı: "Sabah". 2009. 333 səh. ISBN 5-86106-016-0.
- Mustafayev, Camal. Qarabağ xanlığı. Bakı: "Azərbaycan Xəbərləri". 2015.
- Qaraoğlu, Fazil. Tarixdə iz buraxanlar: Pənahəli xan. Bakı: "Bakı Xəbər". 2017.
- Hacıyeva, Zemfira. Qarabağ xanlığı: sosialiqtisadi münasibətlər və dövlət quruluşu. Bakı: "Təhsil". 2007. 254 səh.
- Авалов, Элтуран В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: "Элм". 1977.
- Исмайылов, Фаиг. Принудительная арменизация. Баку: "Элм". 2009.