Azerbaycan Respublikasinin Merkezi Banki - Wikipedia
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — inzibati binası Bakı şəhərində yerləşir. "Azərbaycan Respublikasının Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır.
Azərbaycan Mərkəzi Bankı | |
---|---|
Azərbaycan Respublikasının Mərkəzi Bankı | |
Yerləşməsi | |
Ölkə | |
Ünvan | Rəşid Behbudov küçəsi 90, Bakı |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 11 fevral 1992 |
Sədr | Taleh Kazımov |
Ehtiyatları | 7 230,7 mln. ABŞ dolları (31.05.2022-ci il tarixinə)[1] |
Valyuta | Azərbaycan manatı |
Digər məlumatlar | |
Əlaqə vasitələri |
Tel: +994 12 493 11 22 Faks: +994 12 493 55 41 Qaynar xətt: Bank üzrə: +994 12 493 43 20 Milli valyuta üzrə: +994 12 493 11 22 (386) |
Saytı | cbar.az |
Vikianbarda əlaqəli mediafayllar |
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Milli Bankı" "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
Tarix
redaktəAzərbaycanda mərkəzi bankçılığın tarixi bir neçə mərhələdən ibarətdir: Xalq Cumhuriyyəti dövrü (1918–1920); sovet sosialist quruluşu dövrü (1920–1991); 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən başlayan müasir mərkəzi bankçılıq dövrü.
1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş "Bakı bonları" ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il mart ayının 7-də Azərbaycan Respublikası hökuməti Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi haqqqında qərar qəbul etmişdir. Həmin il sentyabr ayının 16-da Azərbaycan Respublikasının parlamenti Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən fəaliyyətə başladı.
"Banklar bankı" olan Azərbaycan Dövlət Bankı ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi və pul nişanlarının emissiyasını həyata keçirirdi.
1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradıqdan sonra yeni dövlət quruluşu olan Azərbaycan Sovet Sosialist Respublikasının Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli Əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı və bank işi dövlətin müstəsna inhisarına keçdi.
Azərbaycan Xalq Bankının əsas vəzifəsi kağız pulların emissiyası idi. Maliyyə Komissarlığının tərkibində olan Xalq Bankı xalq təsərrüfatını maliyyələşdirir və smeta-büdcə işi ilə məşğul olurdu. Xalq Bankı tərəfindən kredit əməliyyatlarının keçirilməsi dayandırıldı və o, maliyyə orqanları ilə yanaşı büdcə əməliyyatlarına xidmət göstərən orqana çevrildi.
1921-ci ilin sonlarında yeni iqtisadi siyasətin həyata keçirilməsi zamanı mərkəzi bankın da fəaliyyəti bərpa edildi. Azərbaycan Xalq Komissarları Şurasının 1921-ci il 16 oktyabr tarixli qərarı ilə Azərbaycan Dövlət Bankı yaradıldı və onun nizamnaməsi qəbul edildi. 1922-ci il martın 12-də Zaqafqaziya Sovet Sosialist Respublikaları federativ ittifaqı (ZSFSR) təşkil olundu. 1922-ci ilin dekabrın 30-da isə ZSFSR Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə qatıldı. ZSFSR-nin İttifaq Şurasının 1923-cü il 10 yanvar tarixli Dekreti ilə ZSFSR-də vahid pul sisteminə keçdi və beləliklə də Azərbaycan Dövlət Bankının pul emissiyası sahəsində fəaliyyətinə xitam verildi. Azərbaycan Xalq Komissarları Sovetinin 1923-cü il 3 iyul tarixli qərarı ilə isə Azərbaycan Dövlət Bankı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı adlandırıldı və onun mərkəzi bank funksiyalarına xitam verildi. İlk dövrlərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı kənd təsərrüfatının inkişafına yardım etməklə yanaşı pul və əmtəə dövriyyəsi məsələlərini də tənzimləyirdi.
1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə "suveren" respublika kimi daxil oldu. Həmin ildən 1991-ci ilin sonlarına kimi mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra qəbul edilmiş qanunvericilik aktlarından biri "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilmiş, Milli Bankın statusu və səlahiyyətləri müəyyən edilmişdir. Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir.
1992-ci il 7 avqust tarixində Milli Bankın fəaliyyətini tənzimləyən ilk qanun — "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanun, həmçinin həmin ilin 1 dekabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul olunmuşdur.
1992-ci ilin avqust ayının 15-də Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılmışdır. 1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur. 1995-ci il 12 noyabr tarixində referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II hissəsində Milli Bank pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması üzrə müstəsna hüquqa malik qurum kimi müəyyən olunmuşdur.
Hazırda Mərkəzi Bank öz fəaliyyətini üçüncü nəsl bank qanunları əsasında həyata keçirir ("Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanununun ikinci redaksiyası 1996-cı il 14 iyun tarixində, üçüncü redaksiyası 2004-cü il 10 dekabr tarixində qəbul edilmişdır).
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında 07 fevral 2005-ci il tarixli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən etibarən yeni manatın tədavülünə başlanılmışdır. Bununla əlaqədar, 1 yeni manat 5000 manata bərabər edilmiş, mövcud manat yeni manatla birgə 2006 il ərzində dövriyyədə saxlanılmış, 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilmiş, yeni manatların əsginasları və qəpiklik sikkələr mərhələlərlə dövriyyəyə buraxılmışdır.
Dövlətin mərkəzi bankı funksiyasının həyata keçirilməsi bankın adına da yenidən baxılmasını şərtləndirmiş və "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə o, "Azərbaycan Respublikasının Mərkəzi Bankı" kimi adlandırılmışdır.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa 2016-cı ilin mart ayının 4-də qəbul edilmiş dəyişikliklərə uyğun olaraq Mərkəzi Bankın səlahiyyətlərinə dəyişikliklər tətbiq edilmişdir. Belə ki, bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi, bank fəaliyyətinə nəzarət funksiyaları yeni yaradılan quruma verilmişdir. Bundan sonra Mərkəzi Bankın səlahiyyətləri əsasən pul-məzənnə siyasəti, makroqitisadi və maliyyə sabitliyi siyasətinə dəstək verilməsi, banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, nağd pul dövriyyəsinin təşkili istiqamətlərinə fokuslaşmışdır. Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28.11.2019-cu il tarixli 1616 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir.
Məqsəd və funksiyalar
redaktəMərkəzi Bankın fəaliyyətinin əsas məqsədi "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir. Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.
Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank aşağıdakı funksiyaları həyata keçirir:
- Pul və valyuta siyasətini həyata keçirir;
- Nağd pul dövriyyəsini təşkil edir;
- Manatın rəsmi məzənnəsini müəyyən edir;
- Bank və sığorta fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunvericiliklə müəyyən edilmiş qaydada bank və sığorta fəaliyyətinə nəzarəti həyata keçirir
- Qiymətli kağızlar bazarını tənzimlənir;
- Valyuta tənzimi və nəzarətini həyata keçirir;
- Qızıl-valyuta ehtiyatlarını idarə edir;
- Tədiyə balansını tərtib edir;
- Ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir;
- Ödəniş sistemlərini təşkil edir və tənzimlənir.
Struktur və idarəetmə
redaktəMərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat və ərazi idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir. Mərkəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.
Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.
Mərkəzi Bankın sədri – Taleh Kazımov
İdarə Heyətinin üzvləri – Rəşad Orucov, Əliyar Məmmədyarov.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilirlər.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Bankın icra strukturuna başçılıq edir və İdarə Heyətinə sədrlik edir, Mərkəzi Bankı təmsil edir, rəhbər heyət arasında vəzifə bölgüsünü aparır və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən İdarə Heyətinin səlahiyyətinə aid olmayan məsələləri həll edir.
Mərkəzi Bank ölkə regionlarında öz funksiyalarını yaratdığı ərazi idarələri vasitəsilə həyata keçirir. Naxçıvan Muxtar Respublikası İdarəsi daxil olmaqla hazırda ölkə ərazisində Mərkəzi Bankın altı ərazi idarəsi fəaliyyət göstərir (Mərkəzi Bankın Naxçivan MR İdarəsi, Gəncə, Quba və Biləsuvar Regional Mərkəzləri, Yevlax və Sumqayıt Ehtiyat Mərkəzləri).
İstinadlar
redaktə- ↑ "Rəsmi valyuta ehtiyatları". 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.