Atmosferin Cirklenmesi - Wikipedia
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi.
İstixana effekti
redaktəİstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur.
Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır.
2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bugünkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir.
Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq. 21-ci yüzilliyin sonuna qədər isə 1,8 dərəcədən 4,6 dərəcəyə qədər arta bilər. Bilginlərin dediklərinə görə, iqlimin dəyişməsi daha çox insan fəaliyyəti nədəni ilə baş verir. Bu da karbon köklü yanacaqların işlənməsi, sənayi istehsalı, meşələrin qırılması kimi olaylardır.
İstixana effekti səbəbi ilə iqlimin dəyişməsinin mümkün olan nəticələri:
1. Çöküntülərin intensivliyinin və tezliyinin dəyişməsi. Ümumiyyətlə planetimizdə iqlim daha da nəm olacaq. Ancaq çöküntülərin miqdarı yer üzərində bərabər paylanmayacaq. Bu gün yağmurların çox olar bölgələrdə çöküntülər daha da çox, az olanlarda isə daha az olacaq. Nəmliyin az olan bölgələrdə quraqlıq sürəci daha da çox olacaq.
2. Dənizlərin səviyyəsinin artması. ХХ-ci yüzillik boyu dəniz səviyyəsi 0,1–0,2 м artmışdır. Bilginlərin dediyinə görə, XXI yüzillik boyu dəniz səviyyəsinin artımı 1m qədər yüksələcək. Belə olarsa kiçik adalara və dənizkənarı bölgələrə daha çox ziyan dəyəcək. Hollandiya, Böyük Britaniya kimi ölkələr, eləcə də Karib və Okeaniya adaları su altında batma təhlükəsi ilə üzləşəcəklər. Bundan başqa, dənizkənarı yerlərin aşılanması prosesləsi güclənəcək.
3. Ekosostemlər və bioçeşidlilik üçün təhlükə. 30–40% canlıların ölməsi proqnozları vardır. Çünki onların ətraf mühitin şəraitinin dəyişməsi o qədər sürətli olacaq ki, canlılar bu dəyişikliklərə uyğunlaşa bilməyəcəklər. Hava istiliyi 1 dərəcə qalxsa, meşələrə ziyan dəyə bilər. Onlar isə karbon qazını udub, oksigeni istehsal edirlər. Meşələrin qırılması karbonun artması, ekologiyanın pisləşməsi deməkdir.
4. Buzların əriməsi. Bu amil qlobal dəyişiklərin göstəricisidir. Peyklərdən alınan bilgilərə görə, buzlar 1960-cı illərdın bəri ərimiş və onların 10% azalması gözlənilir. 1950-ci illərdən başlayaraq bizim günümüzə qədər Şimal qütbə yaxın olan yerlərdə dəniz buzu 10–15%, qalınlığı isə 40% azalmışdır. Bilginlərin dediyinə görə, Qimalay dağlarının buzlarının əriməsi ildə 10–15 m çatmışdır. Belə olsa buzların 2/3 hissəsi 2060-cı il üçün əriyəcək. 2100-cü il üçün isə bütün dünya buzları əriyəcək. Buzların tezliklə əriuməsi bəşəriyyət üçün bir sıra problemlər yaradır. Dağlara yaxın bölgələrdə daha da təhlükəli qar uçğunları, çaylarda isə suların azalması baş verə bilər, bunun sonrasıda da şirin su ehtiyatları tükənər.
5. Kənd təsərüfatı. Bu sahəyə də ziyan dəyə bilər. Çünki temperaturun qalxması quraqlıqlar gətirər. Ən böyük zərbə isə yoxsul ölkələrə dəyəcək və belə olarsa aclığa gətirib çıxardacaq.
6. Suyun istifadəsi və təchizatı. İqlimin dəyişməsi içməli suların azalmasına gətirə bilər. Belə olarsa, quraqlıq yerlərdə yağmurlar daha da azalacaq, dağlarda buzların əriməsi sonu çaylar quruyacaq. Suyun çatışmaması təkcə insan sağlamlığına və tələbatına deyil, həm də dünyada gərginliyə gətirə bilər, su uğrunda savaşlar qızışa bilər.
7. İnsan sağlamlığı. İqlimin dəyişməsi insan sağlamlığına da təsir edə bilər. Bu da aztəminatlı əhali üçün daha da aktualdır. Belə ki, yeyəcəklərin sayı azaldlqca aclığın düşməsi sonu çoxlu xəstəliklər yayıla bilər. Bundan başqa, anormal isti ürək, yoluxucu və başqa xəstəliklərin yayılma surətini artıra bilər.
Temperatirin artması yoluxucu xəstəliklərin mənbəyi olan çeşidli canlıların (ornək üçün, malyariyanı yayan ağcaqənətlərin) coğrafi yaşayış yerlərinin dəyişməsinə və o xəstəliklərin başqa bölgələrdə yayınlasına gətirib çıxarda bilər. Orada yaşayan insanların isə bu xəstəliklərə qarşı immunitetləri zəif olduğuna görə, ölümlərin sayı arta bilər.
İstixana effektinin qarşısının alınması yolları
redaktəEkoloqların dediklərinə görə, gələcək üçün proqnozlaşdırılar iqlim dəyişməsinin qarşısını almaq olmayacaq. Ancaq bu olayı nisbətən yüngülləşdirmək, temperatur artımını nisbətən azaltmaq olar. Bunun üçün aşağıdakı tədbirləri görmək gərəklidir: 1. Karbon yanacaqlarının (kömür, neft, qaz) istifasini azaltmaq; 2. Enerjinin qənaətlə işlənməsi və onun səmərəliliyinin artırılmasını təmin etmək; 3. Karbohidrigensiz və bərpaedilən enerjiyə keçmək; 4. Ekoloji baxımdan təmiz texnologiyaları işlətmək; 5. Meşələrin sayını artırmaq, çünki onlar karbon qazını mənimsəyir və atmosferdə onun miqdarını azaldır.
Turşu yağışları
redaktəBu da tərkibində turşuların normadan artıq olan çeşidli atmosfer çöküntüləridir (yağış, qar, dolu). Onlar hidrogen göstəricisi ilə (pH) ölçülür. Təmiz yağış suyunda pH=5,6. Suda türşuların sayı çoxaldıqca, bu rəqəm aşağı düşür. İnkişaf etmiş ölkələrdə çöküntülərin pH göstəricisi 10–1000 dəfə normadan az olur. Deməli onların tərkibində çox miqdarda turşular var.
Bu turşular daha çox kükürd (H2SO4) və azot (HNO3) turşularıdır. Bunlar da yer üzərindən atmosferə çıxır. Örnək üçün yanacağı yandırarkən, havaya kükürdün dioksidi çıxır, eləcə də atmosferdəki azot oksiqenlə reaksiyaya girir və bunun sonu azotun oksidi yaranır. Bu iki maddə (kükürdün dioksidi və azotun oksidi) atmosfer suyu ilə reaksiyaya girir və bunun da sonunda azot və kükürd turşuları yaranır.
"Turşu yağışları" terminini ilk dəfə 1872-ci ildə ingilis mühəndisi Robert Smit işə salmışdır. O bu fenomeni Mançester şəhərində araşdırmışdır. Bu kimi yağışlar böyük problemlərə gətirib çıxardır. Örnək üçün, 20-ci yüzilliyin ortalarında ABŞ-nin Qərbi Virciniya ştatındakı Uillinq şəhərində üç gün turşu yağışlar yağmışdır. O zaman qadınların kapron corabları suyun damcılarından deşilirdi.
Turşu yağışların yaranma səbəbləri
redaktəBu olayın yaranma səbəbləri təbii fəkakətlərə və insan faktoruna bağlıdır. Yuxarıda deyildiyi kimi, turşu yağışlar su buxarının kükürdün dioksidi və azotun oksidi ilə reaksiyaya girməsi sonu yaranır. Bu maddələr də çoxlu sayda vulkanların püskürməsi zamanı atmosferə çıxır. Bununla belə fabrik və zavodların, qazanxanaların, avtomobillərin də bu prosesdəki rolu böyükdür. Daha çox zərərli maddələr atmosferə metalların zavodlardakı emalı, yanacağın qazanxanalarda yandırılması, nəqliyyatın işləməsi sonu çıxır. Bu rəqəm ildə 250 tona yaxındır.
Turşu yağışların ekologiya və iqtisadiyyata vurduğu ziyan
redaktəDünyamızda turşu yağışların yağmadığı bir yer qalmamışdır. Bunların da nəticələri təkcə təbiət üçün deyil, insanlar üçündə çox ağır olur. ABŞ-də bu kimi yağmurun düşməsindən sonra bir çox çay və göllərdə balıqların təbii artımı azalmışdır, dağlardakı qarın rəngi bozla sarının qarışıqğı olmuşdur, 30% meşələr yox olmuşdur. Başqa bir sıra ölkələrdə bütün kənd təsərüfatı məhsulları məhv olmuş, bu da onların iqtisadiyyına ağır zərbə vurmuşdur.
Turşu yağmurunun düşdüyü göllərdən tutulan balığları yeyəndən sonra, insanlar ağır, hətta ölümcül xəstəliklərə tutulurlar. Bu kimi yağışın altına düşdükdə insanların dərilərində yanıq yerləri yaranır və onlar, nəfəs orqanlarına güc düşdüyü üçün, havanın çatışmazlığını duyurlar. Yağmurların içində olan turşular metal konstuksitalar, borular üçün təhlükəlidir. Eləcə də uçaqlar və binalar da aşınmaya uğrayırlar. Bundan başqa, bu yağmurlar tarixi abidələri də dağıdır.
Turşu yağmurlar probleminin çözülməsi yolları
redaktəBu kimi təhlükələri araşdıran bilginlər, turşu yağmurların qarşısının alınması yollarını axtarmağa başlamışdırlar. Bu yolda ən yetərli tədbir atmosferə ağır metalların və oksidlərin tullanmasının qarşısının alınmasıdır. Bu da müəssisələrdə turşuların tullanmasının qarşısını alan təmizləyici qurğuların, süzgəclərin quraşdırılması ilə baş verir. Eləcə də böyük şəhərlərdə tullantı qazları havaya buraxan nəqliyyat vasitələrinin sayını azaltmaq üçün tədbirlər görülməlidir. Eyni zamanda çoxlu ağaclar əkilməli, meşələr salınmalıdır. Suları təmizləyən plankton bitkisini çay və göllərdə yaymaq da gərəkdir. Bundan başqa, zavodlarda tullantılar yandırılmamalı, emal edilməlidir. Belə olsa zərərli maddələr atmosferə çıxmaz.
Avtonəqliyyat tullantıları
redaktəAvtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı (CO), karbohidrogenlər (HC), azot oksidləri (NOx) daxildir. Məlumata görə, 20000 km yürüş etmiş avtomobil havaya 0,775 kq qurğuşun (Pb), 40,75 kq azot oksidləri (NOx), 234 kq karbohidrogen (HC) və 765 kq dəm qazı (CO) buraxır. Günəş işığının təsirindən bu tullantılar kimyəvi dəyişikliyə məruz qalır və zərərli maddələrin siyahısı aşağısəviyyəli, troposferli ozonla (O3) və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Məhz bu maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.[1]
Smoq
redaktəHavanın çirklənməsinin ən ciddi təhlükəlisi və xoşagəlməyəni qaz, tüstü, duman və toz qarışığı olan smoqdur. Smoq - ingilis sözündən olub, tüstü (smoq) və duman (fog) deməkdir. Su buxarlarının kondensasiyası zamanı kiçik tüstü hissəcikləri ətrafında toplanmasından əmələ gəlir. Bu, xüsusilə böyük sənaye şəhərlərində, nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər üçün xarakterikdir. Smoqun klassik və fotokimyəvi növləri vardır. Fotokimyəvi növ günəşin ultrabənövşəyi şüalarının avtomobillərin dəm qazının yaratdığı klassik smoqa təsirindən əmələ gəlir və daha zərərli formaya keçir. Fotokimyəvi smoq havada sarı rəngli duman əmələ gətirir, bu zaman hava tutqunlaşır, xoşagəlməz kəskin qoxu yaranır, adamların səhhətini pisləşdirir. Bu çevrilmələr üzvi yanacağın, məsələn benzinin yanmasından ayrılan karbohidrogenlərin fotokimyəvi parçalanması zamanı baş verir. Reaksiyanın məhsullarına ozon, aldehidlər, keton, asetilnitrat, üzvi turşular və başqa parçalanma məhsulları daxildir. Bundan başqa avtomobillərin buraxdığı dəm qazı (CO) smoqun tərkibində olan ən zəhərlisi hesab olunur. Smoq nəticəsində havada zərərli maddələrin şiddətli konsentrasiyası bəzən ölüm hallarına səbəb olur. Məsələn, 1952-ci ildə Londonda baş vermiş smoq nəticəsində 4000 nəfər, 1984-cü ildə Hindistanın Bxopol şəhərində 2500 nəfər ölmüşdür. Smoq həmçinin minlərlə insanın ağır xəstələnməsinə səbəb olmuşdur. Smoqun bütün növləri görməni azaldır və nəfəsalma sistemini qıcıqlandırır. Fotokimyəvi smoq gözü və quzeyli qişasını qıcıqlandırmaqla yaş axmasına səbəb olur, eyni zamanda bitki örtüyünü də müxtəlif dərəcədə zədələyir[2].
Smoqdan qorunma
redaktəSmoq problemini çözmək üçün avtomobil sənayesində çeşidli süzgəzlər istifadə edilir. Onlar da zərərli tullantıların atmosferə çıxması azaldır. Ancaq avtomobillərin sayı getdikcə artır, buna görə də bu kimi süzgəclərin işlədilməsi ilə problem çözülmür. Smoqdan fərdi olaraq qorunmaq üçün aşağıdakıları etməyi məsləhət görülür:
- Küçələrdə az olmaq və orada aktivlik etməmək;
- Evlərdə pencərə və qapılara nəm əskilər sərmək, kondisionerləri işə salmaq, evdə döşəməni və çeşidli şeyləri əskilərlə tez-tez silmək
- Smoq qatılaşanda nəfəs qoruyuculardan – respiratorlardan, tez-tez dəyişdirmək şərti ilə nəm üzlüklərdən yayrarlanmaq;
- Əl-üzü tez-tez yumaq, ağız və burunun içini su ilə yaxalamaq;
- Siqaret çəkməyi tərk etmək;
- Gözləri qoruyan vasitələrdən yararlanmaq;
- Tez-tez su və başqa maye içkiləri içmək, meyvə ilə tərəvəz yemək, vitaminlər içmək.
Ozon qatının dağılması
redaktəOzon qatı atmosferdə yerdən 12–50 km aralı yerləşərək, bütün yer kürəsini bürüyür. Ozonun miqdarı 23 km hündürlükdə daha çoxdur. Atmosferdə ozonun (O3) payı çox azdır, yalnız 0, 0001%-dır. Ancaq bu maddə çox dəyərlidir, çünki ,o, canlılar üçün ölümcül olan ultrabənövşəyi şüaların yerə çatmasının qarşısını alır.Uzun müddət ozon qatı insan fəaliyyətinin nəticəsi olaraq tükənirdi. Çünki ozon bir maddə kimi çox tez reaksiyaya girir və havaya buraxılar tullantılar onun məhv olmasına səbəb olur. Son vaxtlar elə bu proses baş verir. Ozon qatının məhv olmasının əsas səbəbləri aşağıdakılardır: 1. Kosmik gəmilər və digər uçan obyektlər uçan zaman ozon qatında dəliklər yaradır və onlar uzun müddət bərpa olunmur. 2. Freon qazların atmosferə buraxılması.
Freonların dağıdıcı xüsusiyyətləri
redaktəOzon qatının dağılmasının başlıca səbəbi xlor və onun hidrogenləşmiş maddələrinin atmosferin yüksək qatlarına qalxmasıdır. Bunlar da freon qazından yaranır. Bu qazın adi otaq temperaturunda öz həcmini artırmaq qabiliyyəti var. Buna görə də onlar uzun zaman maye tozlandırıcıları olan aerozolların buraxılmasında işlənilmişdirlər. Bundan daşqa, həcminin genişləndirə bilən freonlar tez soyuya bilirlər. Buna görə də bu maddə soyuducuların istehsalında və işlənməsində istifadə edilir. Freonlar atmosferin üst qatlarına yüksələndə, ondan xlorun atomları ayrılır. Onlar ozonla reaksiyaya girərək, onu oksigenə çevirirlər. Xlor atmosferdə 120 il qala bilər. Bu vaxt içində də ozonun çoxlu molekullarını məhv edə bilər.
1980-ci illərdən başlayaraq, bütün dünyada freonların istehsalının azaldılması tədbirləri görülür. 1987-ci ildə 23 başlıca ölkələr freonların buraxılmasını 1999-cu ilə qədər iki dəfə azaltmaq öhdəliyini boyunlarına götürmüş, bu barədə sənədə qol çəkmişdirlər. Artıq bu gün freonu aerozollarda dəyişə bilən və bütün göstəricilər üzrə ondan geri qalmayan proban-butan qarışığı olan qaz tapılmışdır. Onun əskik tərəfi onun odda yanmasındadır. Artıq bu aerozollaran geniş istifadə edirlər. Ancaq soyuducular üçün bu problem hələ də tam həll olunmamışdır. Orada freonun yerinə işlədə biləcək maddə ammiakdır. Ancaq o fiziki göstəricilərinə görə freondan geri qalır. Bu gün başqa maddələrin tapılması yönündə də işlər gedir.
Dünya birliyinin çalışmalarının sonu olaraq freonun işlədilməsi iki dəfə azalmış, ancaq tam oradan qaldırılmamışdır. Alimlərin dediyinə görə, ozon qatı 50 il boyu bərpa oluna bilər.
Mənbə
redaktə- Aydın Əlizadə. "Ekologiya" kursu üzrə mühazirələr Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri
Həmçinin bax
redaktə- Ekologiya
- Ekologiyanın tarixi
- Envayromentalizm
- Alternativ enerji
- Təbiətin qorunması
- Texnogen qəzalar
- Kirlənmə
- Ekoloji monitorinq
- Noosfer
- ↑ İsrafil İsmayılov. "Havanın çirklənməsi intensivləşib. Nəqliyyat vasitələrinin sıxlığı artıb". http://anl.az/ (az.). 21 oktyabr 2010. 31.01.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2024.
- ↑ İsrafil İsmayılov. "Havanın çirklənməsi intensivləşib. Nəqliyyat vasitələrinin sıxlığı artıb". http://anl.az/ (az.). 21 oktyabr 2010. 31.01.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2024.