Aleksandr Bezobrazov - Wikipedia
Aleksandr Mixayloviç Bezobrazov (rus. Александр Михайлович Безобразов; 13 sentyabr 1853, Tambov – 9 oktyabr 1931, Sent-Jenevyev-de-Bua[d]) – Rusiya biznesmeni, siyasi aktivisti və avantüraçısı. Rus-yapon müharibəsinə qədərki dövrdə Rusiyanın Şərqi Asiyadakı avantüralarının arxasında o dayanırdı.[1]
Aleksandr Bezobrazov | |
---|---|
Doğum tarixi | 13 sentyabr 1853 |
Doğum yeri |
|
Vəfat tarixi | 9 oktyabr 1931 (78 yaşında) |
Vəfat yeri |
|
Təhsili |
|
Fəaliyyəti | iş adamı, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəAleksandr Bezobrazov 1853-cü ildə Tambov şəhərində zadəgan ailəsində doğulmuşdur. Rusiya İmperator Ordusuna qatılmış, Süvari Mühafizəçilərində kapitan rütbəsinə qədər yüksəlmişdir. Çar II Aleksandrın 1881-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra Müqəddəs milis adlı əks-inqilabçı qrupa qatılmışdır. O, biznes maraqları ilə siyasi fəaliyyətini birləşdirmiş və 1898-ci ildə taxta-şalban biznesi vasitəsilə Koreyanın şimalında Rusiyanın təsir dairəsini artırmağa başlamışdır. Tezliklə Rusiya çarı II Nikolayın hüzuruna çıxmışdır.[1]
Bezobrazovun natiqliq bacarıqları onu bütün konsessiyaçı qrupun sözçüsünə çevirmiş və bu qrup Bezobrazov dairəsi kimi tanınmağa başlamışdır. Taxta konsessiyası üçün təklif olunan plan maliyyə naziri Sergey Vitte tərəfindən müsbət qarşılanmasa da, 1902-ci ildə çar planı təsdiqləmiş və Bezobrazovu Şərqi Asiyaya göndərmişdir. Rusiyaya qayıtdıqdan sonra dövlət katibi olmuş və 1903-cü ilin mayında Yalu Çayı Taxta Konsessiyaları adlı müəssisəsi çarın tam dəstəyini qazanmışdır.[1]
1903-cü ilin iyununda o, Uzaq Şərqdə Rusiya Taxta İstehsalı Assosiasiyasını yaratmış, Yalu çayının həm Koreya, həm də Mancuriyadakı sahillərində taxta biznesi ilə məşğul olmağı planlaşdırmışdır. Həmin ay Şərqi Asiyanı tərk edərkən Mancuriya–Koreya sərhədində çinlilərdən ibarət hərbi birləşmə, eləcə də, rus əsgərlərin nəzarətində olan istinadgahlar təşkil etmişdir. Bu fəaliyyətlərin Yaponiya casusları tərəfindən kəşf edilməsi iki ölkə arasındakı rəqabəti daha da qızışdırmışdır.[1]
Rus-yapon müharibəsinin başlaması onsuz da 1903-cü ilin payızında bankrot ərəfəsində olan Bezobrazovun biznesinin dağılmasına səbəb olmuşdur. Bezobrazov bir neçə ay İsveçrəyə sığınmış, lakin 1904-cü ilin sentyabrında Rusiyaya qayıdaraq fəaliyyətlərini bərpa etməyə çalışmışdır. Müharibədən əvvəlki siyasi statusunu bərpa edə bilməmiş və Oktyabr inqilabından sonra Rusiyanı tərk etmişdir. 1931-ci ildə Fransanın Paris şəhərində ölmüşdür.[2]
Qəbul
redaktəAleksandr Bezobrazovun Rus-yapon müharibəsindəki rolu Rusiya tarixçiləri arasında mübahisəli mövzudur. Bəzi tarixçilərə görə o, müharibənin birbaşa səbəbkarlarından biri olmuşdur. Bəziləri isə onu Rusiya–Yaponiya münasibətlərinin pisləşməsinə və Sergey Vittenin vəzifəsindən azad edilməsinə səbəb olan şəxs kimi qiymətləndirirlər.[2]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 68–69. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 28 aprel 2023.