Abdulla Qedirov - Wikipedia
Abdulla Murad oğlu Qədirov (1914, Şamaxı – 21 oktyabr 1979, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1977–1979), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin (1966–1970) və Nərimanov Rayon Komitəsinin (1958–1959) birinci katibi, Nərimanov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Abdulla Qədirov | |
---|---|
2 dekabr 1977 – 21 oktyabr 1979 | |
Əvvəlki | Hilal Əsədov |
Sonrakı | Sabit Abbasəliyev |
7 may 1970 – 2 dekabr 1977 | |
Sədr | Mikayıl Allahverdiyev Hilal Əsədov |
1966 – 7 may 1970 | |
Əvvəlki | Nəsrulla Nəsrullayev |
Sonrakı | Əli Kərimov |
1958 – 1959 | |
1955 – 1956 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 1979 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | kiçik leytenant[d] |
|
|
Təltifləri |
Həyatı
redaktəAbdulla Murad oğlu Qədirov 1914-cü ildə (başqa mənbədə 1916-cı ildə[1]) Şamaxı şəhərində anadan olmuşdur. O, 1922-ci ildə Bakıda orta məktəbə daxil olmuş və 1931-ci ildə həmin məktəbi bitirdikdən sonra Basqal kəndində kitab mağazasında işləyərək komsomol sıralarına qoşulmuşdur. 1932–1938-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil aldıqdan sonra "Bakinski raboçi" zavodunun konstruktor-mühəndisi və baş müxanikin müavini təyin olunmuşdur.[2]
Böyük Vətən müharibəsi ərəfəsində Abdulla Qədirov iki il "Azneftmaş" trestinin avadanlıqlar üzrə baş mühəndisi, həmin trestin Stalin adına zavodunun baş mühəndisi vəzifəsində çalışmış, Böyük Vətən müharibəsi illərində trestdə və "Azneftmaşın" zavodlarında yeni maşınların mənimsənilməsi sahəsində baş mühəndis olmuşdur. Müharibədən sonra Abdulla Qədirov Budyonnı adına maşınqayırma zavodunun baş mühəndisi, Neft MEMİ-nin Bakı filialının, sonra isə "Azneftmaşın" Bakı traktor təmiri zavodunun direktoru vəzifələrində çalışmışdır.[2]
Abdulla Qədirov 1955–1956-cı illərdə Keşlə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, sonra isə 1957-ci ilədək Şmidt adına maşınqayırma zavodunun baş mühəndisi olmuşdur.[2] 1958–1959-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi işləmiş, 1960-cı ildə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədri, 1960–1963-cü illərdə Sov. İKP Mərkəzi Komitəsinin təlimatçısı, 1964–1965-ci illərdə isə Sov. İKP MK Zaqafqaziya bürosunun inspektoru olmuşdur. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.[3]
Abdulla Qədirov 1970-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin birinci müavini təyin edilmiş, 1977-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmişdir.[1]
Abdulla Qədirov 1941-ci ildən ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmiş, 7-ci çağırış SSRİ Ali Sovetinin, 5-ci və 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[4] 1966–1967-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1967-ci ildən isə üzvü olmuşdur.[3] İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, "Şərəf nişanı" ordeni, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.[5]
Abdulla Qədirov uzun sürət ağır xəstəlikdən sonra 21 oktyabr 1979-cu ildə vəfat etmişdir.[5] Oktyabrın 23-də Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]
İstinadlar
redaktə- ↑ 1 2 Qədirov Abdulla Murad oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 122.
- ↑ 1 2 3 Абдулла Мурад оғлу Гәдиров // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 88.
- ↑ 1 2 Kadyrov, Abdulla Muralogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 229.
- ↑ Гәдиров Абдулла Мурад оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 77.
- ↑ 1 2 А. М. Гәдиров // Коммунист. № 243 (17282). 23 октјабр 1979-ҹу ил. С. 3.
- ↑ А. М. Гәдировун дәфни // Коммунист. № 244 (17283). 24 октјабр 1979-ҹу ил. С. 3.
Xarici keçidlər
redaktə- "Кадыров Абдулла Мурад-оглы" (rus). Память народа. İstifadə tarixi: 3 iyul 2022.
- "Кадыров Абдулла Мурад-оглы" (rus). Подвиг народа. İstifadə tarixi: 3 iyul 2022.