Elirza Tebrizi - Wikipedia
Əlirza Təbrizi və ya Əli Rza Təbrizi[2] (XVI əsr[1], Təbriz – 1628) — daha çox nəstəliq və nəsxisüls xətlərinin ustası kimi tanınmış[3],lakin yeddi xəttdə məharətlə yazmağı bacaran XVI əsr Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi,məşhur xəttatdır.
Əlirza Təbrizi | |
---|---|
Doğum tarixi | XVI əsr[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1628 |
Fəaliyyəti | xəttat |
Vikianbarda əlaqəli mediafayllar |
XVI əsrin sonlarına doğru az qala bütün Azərbaycan Osmanlı türklərinin əsarəti altında idi. Məşhur Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə talan edilmişdi. Burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmalar hazırlanması və tərtibatı ustaları əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar.
Belə qaçqınlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkar haqqında tərcümeyi-hal səciyyəli məlumatlar olduqca azdır.
Bircə o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmiş, burada nəsxisüls xəttini Əla əd-Din Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şer də yazmışdı:
Qələm öz mərtəbəsinə görə qılıncdan ucadır,baxma ki, onun cismi zəifdir!
Bir əli qəlmlinin qabağında yüz əli qılınclı cəngavər dayana bilməz.
Osmanlı türkləri 1585-ci ildə Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. O, burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur.[4] Az sonra Əli Rza Xorasan sərdarı Əbül Mənsur Fərhad xan Qaramanlının yanında qulluğa girir.[5] İstedadlı ustanın qabiliyyətləri haqqında xəbər tezliklə saraya çatır və şah Abbas Əli Rzanı öz yanına qulluğa götürür.
Əli Rzanın I Şah Abbasın sarayındakı xidməti barədə müasirlərindən biri yazırdı:
"… İndi onlar paytaxt şəhəri Qəzvində dünyanın şahı, Allah-təalanın yer üzündəki kölgəsi, qibleyi-aləmin sarayında yaşayırlar. Onlar burada yorulmadan çalışır və əhəmiyyətli üstünlüklər qazanmaqdan ötrü can qoyurlar. Əyanlar siyahısına daxil olduqdan sonra onlar daim şərəf yiyəsinin yaxınlığında qərar tuturlar. Onlar şahın səxavətindən bəhrələnən, onun mərhəmətindən faydalanan, qiymətli hədiyyələrindən və qayğısından barınan, şan-şöhrət yiyəsi olan ən yaxın adamların sırasındadırlar. Ümid edirlər ki, bütün uğurları qazanacaq və bütün yüksək mərtəbələrə ucalacaqlar."
Əli Rza yalnız xəttatlıq sənətində deyil, həmçinin saray diplomatiyası və mədhiyyə söyləmək sahəsində də uğur qazanır. Bu sahədə müvəffəqiyyətləri o dərəcədədir ki, ona "Abbasi" ləqəbi verilir. Əli Rza Təbrizi mədhiyyələr yazır və özünə "Şah Nəvaz" təxəllüsünü götürür.
Əli Rzanı şah kitabxanasının müdiri qoyurlar. Bu vəzifəni şah Məhəmməd Xudabəndənin zamanından məşhur şair və rəssam Sadiq bəy Əfşar tuturdu. Həmin vəzifəyə keçən kimi Əli Rza şah Abbasın tapşırığı ilə dövrün ən gözəl xəttatlıq nümunələrindən və ən məşhur miniatürçü rəssamların əsərlərindən ibarət albom hazırlayır. 1602–1604-cü illərdə Əli Rza Məşhədə gedərək, səkkizinci şiə imamı İmam Rizanın məqbərəsinin yazılarını və naxışlarını hazırlayır.[6] Bu iş elə yüksək səviyyədə başa çatdırılır ki, şah Abbas bundan sonra İsfahan məscidlərinin və inzibati binalarının tərtibatı kimi məsul işləri ona tapşırır. Sənətkar sonralar Maqsud bəyin, Şeyx Lütfullahın və Şah Abbasın özünün adını daşıyan məscidlərin qapılarında iri süls xətti ilə yazılar həkk edib.
Hal-hazırda Əli Rza tərəfindən işləndiyi bilinən bir çox əlyazmalar mövcuddur. Tədqiqatçı A. Qaziyev özünün orta əsrlər Azərbaycanında yaradılmış əlyazmalarından bəhs edən kitabında həmin işlərdən bir neçəsinin adını çəkir: Hatifinin 1568-ci ildə üzü köçürülmüş "Teymurnamə"si, I şah Təhmasibin türk sultanı I Süleymanın səfirləri ilə söhbətləri (bunların üzü 1601–1602-ci illərdə nəstəliq xətti ilə köçürülüb), Əbdürrəhman Caminin 1613-cü ildə köçürülmüş "Söhbətül-əbrar" əsəri, müxtəlif şerlərdən tərtib edilmiş toplu, "Mehri-şəfai"nin 1616 -cı il nüsxəsi və s. Bunlardan başqa Əli Rza digər ustalar və astronomlarla birlikdə Marağa rəsədxanasının yenidənqurma planının layihələşdirilməsində iştirak etmiş və öz gücünü miniatürçülükdə, habelə poeziyada sınamışdır.
Təzkirəçilərdən biri, Mirzə Sənklaxın yazdağına görə, Əli Rza 125 il ömür sürmüş və daha bir rütbəyə -"şeyxül-xəttatin" ("xəttatların şeyxi") adına layiq görülmüşdür.
Əli Rza Təbrizinin oğlu Bədi üz-Zaman atasının yanında yaxşı məktəb keçmiş və istedadlı xəttat kimi şöhrət qazanmışdı.[6] O, nəstəliq xəttini gözəl mənimsədiyi üçün "Niknigar" ("Gözəl xətt ustası") təxəllüsünü qazanmışdır. Bədi Azərbaycan türkcəsini, fars və ərəb dillərini yaxşı bildiyi üçün alimlər arasında böyük nüfuz sahibi olub. O, həmçinin yaxşı şair sayılırdı. AMEA-nın Əlyazmalar institutunda Bədinin şerlərindən birinin fraqmenti saxlanır ki, bu da sənətkarın özü tərəfindən ayrıca vərəqdə bədii yazı ilə işlənmişdir.
Məşhəddə və İsfahanda olarkən mütləq həmin şəhərlərdəki məscid və məqbərələrə baş çəkin, bu binaları bəzəyən nəqqaşlıq işləri ilə tanış olun və böyük soydaşımız Əli Rza Təbrizinin xatirəsinə dua oxuyun.
İstinadlar
redaktə- ↑ 1 2 https://www.golha.co.uk/en/people/561/ali-riza-tabrizi#.YY6t0FXMJaQ.
- ↑ Əbdülbaqi Təbrizi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
- ↑ İran tarixinin dahiləri, Mihən saytı
- ↑ İran akademik məqalələr saytı
- ↑ Tebyan saytı
- ↑ 1 2 Süheyli Xansari