Elekber Huseynzade - Wikipedia
Ələkbər Hüseyn oğlu Hüseynzadə (3 oktyabr 1887[1], Bakı – 4 noyabr 1967, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1957).
Ələkbər Hüseynzadə | |
---|---|
Doğum tarixi | 3 oktyabr 1887[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 1967 (80 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1908–1967 |
Mükafatları |
|
Həyatı
redaktəƏləkbər Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakıda zərgər ailəsində doğulub. Beş il mollaxanada oxuyub və sonra rus-tatar məktəbində təhsilini davam etdirib.
İlk dəfə səhnə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun quruluşunda "Tamahkarlıq düşmən qazanır" (Vasaq Mədətov) tamaşasında Molla Cəbi rolunda çıxıb. Bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən Ələkbər Hüseynzadə əsasən komediya aktyoru kimi tanınıb.
Ələkbər Hüseynzadə 1913-cü ildə tamaşaya qoyulan "Arşın mal alan"da Soltan bəyin ilk ifaçısı kimi böyük şöhrət qazanmış və uzun illər həmin rolun ən yaxşı yaradıcısı olmuşdur. "Arşın mal alan" filmində də Soltan bəy roluna məhz o çəkilib və bu rola görə Stalin mükafatına layiq görülüb. Aktyor "Nicat" və "Müdiriyyət" truppalarında dramatik rollarla yanaşı, musiqi əsərlərindən "Məşədi İbad"da Hambal və Məşədi İbad, Zülfüqar bəy Hacıbəyovun "Ər və arvad"ında Kəblə Qubad rollarını da oynayıb, müxtəlif operalarda da çıxış edib.
1920-ci ilin mayında bugünkü Milli Dram Teatrı yenidən formalaşanda onun truppasına Ələkbər Hüseynzadə də daxil olub. Yaradıcılığı əsasən realizmi, səmimiyyəti və həyatiliyi ilə səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək olar: Hacı Qara və Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla və Hacı Həsən ağa ("Ölülər", Mirzə Cəlil Məmmədquluzadə), Həsən ("Ac həriflər"), Hacı Fərzəli ("Dursunəli və ballıbadı", Sultanməcid Qənizadə), Molla Cəbi ("Molla Cəbi", Mirmahmud Kazımovski), Təlxək və Hacı Səməd ağa, Kərbəlayı Bəndəli və Mirzə Qoşunəli ("Pəri cadu" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Hüseynqulu, Hacı Salman, Hacı Məmmədhüseyn və Məşədi Cavad ("Dövlətibisəmər", İsmayıl Rüstəmbəyov), Yolçu, Ədhəm xan və Şah Sultan Hüseyn xan ("Nadir şah", Nəriman Nərimanov), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), Zabit və Abdulla çavuş ("Vətən", Namiq Kamal), Qraf İqnatov ("Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Yuhan, Saman ("Ərmənusə" və "Xalid ibn Valid", Yusif Talıbzadə), "Boqdan ("Tamahkarlıq", Əhməd Qəmərli), Lodoviqo ("Otello", Uilyam Şekspir), Molla Nəsrəddin ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə), Əmir ("Yezid ibn Müaviyyə", Mehdi Hacıbababəyov — Hacınski), Türen ("1812-ci il" və yaxud "Moskva yanğını", Baxmetov), Şeyxülislam, ("Köhnə Türkiyə", Rza Zaki Lətifbəyov), Kərbəlayı Vəli ("Pulsuzluq", İvan Turgenevdən təbdil edəni Ceyhun Hacıbəyli), Yuvil ("Uriel Akosta", Karl Qutskov), Babakişi, Hacı Əhməd, Allahverdi ("Sevil", "Almaz" və "1905-ci ildə", Cəfər Cabbarlı).
Aktyor "Arşın mal alan" operettasındakı Soltan bəy rolunu opera teatrının və Musiqili Komediya Teatrının quruluşlarında da oynayıb. O bu rolu teatrda 600 dəfə, kinoda isə iki dəfə ifa edib. Onun bu ifası hələ inqilabdan əvvəl Azərbaycan və rus mətbuatında, eləcə də Üzeyir Hacıbəyov tərəfindən yüksək qiymətləndirilib.
Ələkbər Hüseynzadə Bakıda Sultan Muradovun "Kəblə Xudu", Əliağa Vahidin "Milli meyxana", Baba Qubinskinin "Yeni kupletlər" oyun-məzhəkələrini tamaşaya hazırlayıb.
Sənətkar 4 noyabr 1967-ci ildə Bakıda vəfat edib.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 3 iyun 1957
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 ("Arşın mal alan" filmindəki Soltan bəy roluna görə)
- "Şərəf nişanı" ordeni — 17 aprel 1938
Filmoqrafiya
redaktə- Almaz (film, 1936) (tammetrajlı bədii film) — rol: Hacı Əhməd
- Altıncı hiss (film, 1935)
- Arşın mal alan (film, 1917)
- Arşın mal alan (film, 1945)
- Bizim küçə (film, 1961)
- Böyük dayaq (film, 1962)
- Əmək və qızılgül (film, 1962)
- İyirmialtılar (film, 1966)
- Kölgələr sürünür (film, 1958)
- Qara daşlar (film, 1956)
- Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
- Leyli və Məcnun (film, 1961)
- Mahnı belə yaranır (film, 1957)
- Ögey ana (film, 1958)
- Sehrli xalat (film, 1964)
- Üzeyir ömrü (film, 1981)