Ebdulhuseyn Emini - Wikipedia
Əbdülhüseyn Şeyx Əhməd oğlu Əmini (fars. عبدالحسین امینی; 1902, Təbriz – 1970, Tehran) — Türkəsilli İslam alimi.[1] Məşhur "Əl-Qədir" kitabının müəllifi.
Əbdülhüseyn Əmini | |
---|---|
Əbdülhüseyn Şeyx Əhməd oğlu Əmini | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Elm sahələri | Şiə islamı tarixi, təfsir, Rical |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏllamə Əmini kimi tanınan Əbdül-Hüseyn Əmini 1902-ci ildə Təbrizdə bütün nəsli alim, fəqih, abid, zahid və ədib olan bir ailədə dünyaya göz açmışdır. O, iman, elm, əməl və əxlaq mərkəzi sayılan bir evdə tərbiyə alıb boya-başa çatmışdır. İbtidai təhsilini möhtərəm atası alim və fəqih Mirzə Məhəmməddən öyrəndi. Sonra o dövrün İslam elminin və mədəniyyətinin ən tanınmış mərkəzi sayılan Təbrizin Talibiyyə mədrəsəsində təhsil almışdır. Ərəb ədəbiyyatı, fiqh və üsuli-fiqh elmlərini Təbrizin məşhur alim və ariflərinin, o cümlədən Ayətullah Seyid Məhəmməd Hüseyn Musəvinin və Ayətullah Seyid Murtəzanın yanında öyrəndi.
Əbdül-Hüseyn dərin istedada və zəkaya malik olduğu üçün Təbrizlə kifayətlənməyib təhsilini davam etdirmək üçün o dövrün ən məşhur dini və elmi mərkəzlərindən olan İraqın Nəcəf şəhərinə yollandı və oranın ən böyük alim və fəqihlərinin yanında dərs aldı. Əbdül-Hüseyn Nəcəfdə dini təhsilinin birinci mərhələsini başa vurduqdan sonra doğulduğu şəhərə, Təbrizə qayıdır və dini elmlərin tədrisi, təbliği və tədqiqatı ilə məşğul olur. Onun bu dövrdə qələmə aldığı kitablarından Quran haqqında olan "Fatihətül-kitab" əsəridir.
Nəcəfə ikinci elmi hicrəti
redaktəƏmini elmini daha da təkmilləşdirmək üçün yenidən Nəcəf elmi hövzəsinə qayıdır və öz təhsilini, tədqiqatını davam etdirir. Nəhayət o, ictihad dərəcəsinə çatıb müctəhid olur. Uzun illər İslami elmlərin tədrisi və tədqiqatı ilə məşğul olan Əbdül-Hüseyn Əmini "əllamə" ləqəbinə layiq görülür. Əllamə Əmini fiqh, üsul, hədis, təfsir, kəlam, tarix və rical elmlərində öz dövrünün ən bilikli aliminə çevrilir.
Əxlaqi xüsusiyyətləri
redaktəƏllamə Əmini çox əxlaqlı, təvazökar, abid, zahid və təqvalı bir şəxs idi. Dünya malına və mənsəbə etinasız olan Əllamə Əmini daim ibadət və mütaliə ilə məşğul idi. Həqiqətən də o, İmam Əli (ə) kimi yaşayırdı. Peyğəmbərə (s) və onun əhli-beytinə (ə) dərin imanı və sevgisi onu biqərar etmişdi. Belə ki, o, İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Nəcəfdən Kərbəlaya piyada gedirdi. O, heç vaxt sadə insanları və kasıbları unutmur, var-dövlətini onlarla bölüşürdü.
Əllamə Əminin elmi səfərləri
redaktəƏllamə Əmininin ən böyük və məşhur əsəri imamət və vilayət ensiklopediyası sayılan "Əl-qədir" kitabıdır. O, bu əsəri ərsəyə gətirmək üçün çox böyük bir tədqiqata başladı. Əllamə Əmini əvvəlcə Nəcəf şəhərində yerləşən bütün özəl və ümumi kitabxanalarda mövcud olan əlyazma və çap olunan kitabların hamısını mütaliə etdi. Bu kitabxanalar arasında mərhum Seyid Məhəmməd Baqir Bəhrul-Ulumun kitaxanası, mərhum Ayətullah Şeyx Məhəmməd Hüseyn Kaşiful-Ğitanın kitabxanası, Şeyx Fərəculla Nəcəfinin kitabxanası da var idi.
Mərhum Əmini sonra Kərbəla şəhərinin kitabxanalarını mütaliə etməyə başladı. Daha sonra Kazimiyyə, Bağdad, Samərra, Hillə və Bəsrə şəhərlərinin kitabxanalarını mütaliə etdi. O, bu kitabxanalarda mövcud bütün əlyazma və çap olunan kitabları nəzərdən keçirtdi. Əllamə Əmini sonra İran kitabxanalarında olan kitabları mütaliə etmək üçün bu ölkəyə gəldi. Məşhəd şəhərində yerləşən "Astane-Qodse-Razavi" (İmam Rza (ə) məqbərəsi kompleksi) kitabxanası, Tehranda Milli Şura Məclisinin kitabxanası, Tehranda Sepəhsalar mədrəsəsinin kitabxanası, İran Milli kitabxanası, Burucerd şəhərində yerləşən Ayətullah Burucerdinin kitabxanası və Kermanşah şəhərində yerləşən Sərdar Kabili kitabxanası onun İranda mütaliə etdiyi kitabxanalar sırasında idi.
Daha sonra Hindistan, Suriya və Türkiyənin də kitabxanalarını və bu kitabxanalarda mövcud olan nadir əlyazma və çap kitablarını nəzərdən keçirən Əllamə Əmini bu elmi-tədqiqat səfərlərində rast gəldiyi nadir əlyazma nüsxələrindən qeydlər götürmüşdür. Mərhum Əllamə etdiyi elmi səfərlərin şərhini və mütaliə etdiyi nadir əlyazma və çap olunmuş kitabların siyahısını ikicildlik bir kitabda toplamışdır.
Əlləmə Əmininin əsərləri
redaktə"Fatihətul-Kitab" təfsiri, "Fəzilət şəhidləri", "Kamil-əz-ziyarat", "Ədəb əz-zair limən yəmummul-hair" (İmam Hüseyn (ə) qəbrinin ziyarətinin ədəbləri), "Tariximiz və ənənəmiz" (Hələb alimlərindən birinin suallarına cavab), "Riyazul-uns" (tarix, təfsir və hədis barəsində, ərəb və fars dillərində - əlyazma), "Azərbaycan şəxsiyyətləri" (234 Azərbaycanlı alim, ədib və şairlərinin tərcümeyi-halı - əlyazma), "Səfərlərin səmərəsi" (əlyazma), "Əl-itrətut-tahirə fil-kitabil-əziz" (əlyazma), "Əl-Qədir fil-kitab vəs-sünnə vəl-ədəb". Qeyd edildiyi kimi Əllamə Əminin ən böyük və məşhur əsəri "Əl-Qədir" kitabıdır ki, 20 cilddə (ərəb dilində) çap edilmişdir. Müəllif özü bu kitab barəsində belə demişdir: "Mən Əl-Qədir kitabını yazmaq üçün 10 mindən çox kitabı əvvəldən axıra qədər diqqətlə mütaliə etmişəm və 100 kitaba dəfələrlə müraciət etmişəm". Əllamə bu kitabda məşhur "əl-qədir" hədisini nəql edən 110 peyğəmbər (s) səhabəsinin və 84 tabeinin adını sayır. Daha sonra hicrinin 2-ci əsrindən 4-cü əsrinə qədər bu hədisi nəql edən ravilərin adını qeyd edir. Sonda da bu mövzu haqqında müxtəlif şairlərin şerlərini qeyd edir.
Əllamə Əmini 1970-ci ildə Tehranda vəfat edib. Onun cənazəsi Nəcəf şəhərinə aparılaraq İmam Əlinin (ə) hərəminin daxilində, özünün təsis etdiyi kitabxanada dəfn edilib.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- ↑ "AMĪNĪ, SHAIKH ʿABD-AL-ḤOSAYN – Encyclopaedia Iranica". Iranicaonline.org. 2016-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-23.