Ebulqasim Ordubadi - Wikipedia
Əbül-Qasim Ordubadi (dekabr 1857, Təbriz – 17 iyun 1915, Həmədan) — Azərbaycanlı İslam alimi, müctəhid (mərceyi-təqlid), ayətullah.[1]
Əbülqasim Ordubadi | |
---|---|
Mirzə Əbül-Qasim ibn Məhəmməd Təqi ibn Məhəmməd Qasim ibn Əbdi-Əli Ordubadi Nəcəfi | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Həmədan, İran |
Dəfn yeri | Nəcəf, İraq |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | |
Elm sahələri | Fiqh, üsuli-fiqh, təfsir, rical, əqaid, sərf-nəhv |
Elmi dərəcəsi | Ayətullah |
Həyatı
redaktəAyətullah Mirzə Əbül-Qasim ibn Məhəmməd Təqi ibn Məhəmməd Qasim ibn Əbdi-Əli Ordubadi Nəcəfi əslən Ordubad məntəqəsindən idi, hicri 1274-cü il cəmadiyül-əvvəl ayında (təqribən miladi 1858-ci il) Təbrizdə anadan olmuşdu. İbtidai təhsilini aldıqdan sonra Əbül-Qasim Ordubadi İraqa gedib, Nəcəf hövzəsinə daxil olur. O, fiqh, üsuli-fiqh, hədis, rical və s. elmləri mənim¬səmək üçün öz dövrünün məşhur alimlərindən sayılan Fazil İrəvani[2], Fazil Ərdəkani, Şeyx Məhəmməd Hüseyn Kazimi və Molla Əli Nəhavəndidən dərs alır. Əbül-Qasim Ordubadi həmçinin, Samirə şəhərində Ayətullahül-üzma Mirzayi-Şirazinin, Kazimeyndə Ayətullah Məhəmməd Həsən Ali-Yasinin dərslərinə qatılır. Bəzi biblioqraflar onun müəlimləri sırasında Molla Hüseynqulu Həmədaninin də adını qeyd etmişlər. Hədis elmi sahəsində isə onun əsas müəllimi Şeyx Məhəmməd Taha Nəcəf olmuşdur. Əbül-Qasim Ordubadinin ictihad qabiliyyətini Fazil Şərabiyani, Şeyx Zeynül-abidin Mazandarani Hairi, Mirzayi-Şirazi kimi alimlər təsdiq etmişlər.
Müdərris Təbrizinin “Reyhanətül-ədəb”, İsfahaninin “Əhsənül-vədiə” kitablarında Əbül-Qasim Ordubadi “fəzilətli alim, kamil ədib, üsul və rical elmlərini gözəl bilən fiqh mütəxəssisi, cəfəri məzhəbi fəqihlərinin seçilmişi, öz dövründə şiələrin mərceyi-təqlidi, rical elmində məharətli” və sair epitetlərlə təqdim edilir, rical şəxsiyyətləri barələ məlumat dairəsində, hafizədə, dostluq və ünsiyyət möhkəmliyində, davranış və rəftarda, səliqədə çox üstün məqama malik olduğu vurğulanır. Seyyid Möhsin Əmin Amulinin “Əyanüş-şiə” əsərində Ordubadi barəsində oxuyuruq: “O, alim, fəqih, təqvalı, zahid, Allahdan qorxan idi. Azərbaycan və Qafqazda mərceyi-təqlidlərdən biri sayılırdı. Bu yerlərin əhalisinin bir hissəsi Fazil Şərabiyaninin və Ayətullah Maməqaninin vəfatından sonra ona təqlid edirdi. O, Həzrət Əli (ə) məscidinin imam-camaatlarından idi”.[3]
Mənbələrdə alimin qələmindən çıxmış, fiqh, üsuli-fiqh, təfsir, rical, əqaid, sərf-nəhv və başqa elm sahələrini əhatə edən 50-dən artıq kitabın adı çəkilir. Ordubadi zamanın tələblərinə vaxtında reaksiya verməyi bacarır, aktual mövzulara da münasubət bildirirdi. Onun xristianlar əleyhinə qələmə alınmış “Mənahicül-yəqin”, vəhdəti-vücud əqidəsinin əleyhinə yazılmış “Əş-Şühübüs-saqibə”, babilər əleyhinə qələmə alınmış “Əs-Sihamün-nafizə” kitabları məşhurdur.
Əbül-Qasim Ordubadi hicri 1308-ci (miladi 1891-ci) ildə müvəqqəti olaraq Təbrizə gəlib, orada şəriətin təbliği ilə məşğul olur. Yeddi ildən sonra (1898) yenidən Nəcəfə qayıdıb, tədris fəaliyyətini davam etdirir. Nəhayət, hicri 1333-cü il şəban ayının 5-də (miladi 1915-ci il) Məşhədə, İmam Rzanın (ə) məzarını ziyarət etməyə gedən Ordubadi yolda Həmədan şəhərində vəfat edir. Oğlu - məşhur din alimi Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi bir neçə ildən sonra onun cəsədini Nəcəfə apararaq, Əlinin məzarı ətrafındakı hücrələrdən birində dəfn edir.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycanda niyə Ayətullah yoxdur?
- ↑ Rәhimov N. Azәrbaycanın din alimlәri. B., 2014, Fazil İrəvani
- ↑ "Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış". 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
- ↑ "Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış. (Üçüncü hissə)". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
Mənbə
redaktə- İmam Əlinin hərəmində dəfn edilmiş azərbaycanlılar - SİYAHI
- Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti, 04.02.2019, “Məşhur azərbaycanlı din alimləri: Ayətullah Əbülqasim Ordubadi” 525.az