Islam Respublikasi Xeber Agentliyi - Wikipedia
İslam Respublikası Xəbər Agentliyi — (fars. خبرگزاری جمهوری اسلامی, ing. Islamic Republic News Agency) və ya IRNA, İran İslam Respublikasının rəsmi xəbər agentliyidir. IRNA internet saytı platformasında da (http://www.irna.ir) fəaliyyət göstərir, həmçinin İran qəzetini və bir sıra digər dövri nəşrləri dərc etdirir. 1979-cu il İslam İnqilabından əvvəl İRNA Pars Xəbər Agentliyi[1] adlanırdı. 2010-cu ildən IRNA-nın icraçı direktoru Əli Naderidir.[2] Xəbər agentliyinin şüarı “Sürət, Dəqiqlik, Qərəzsizlik”dir (fars. سرعت، صحت و دقت).
İslam Respublikası Xəbər Agentliyi | |
---|---|
ایرنا | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 1925 |
Baş qərargah | |
Rəsmi saytı |
irna.ir en.irna.ir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1934-cü ildə Persiya Xarici İşlər Nazirliyi ölkənin rəsmi xəbər orqanı kimi Pars Xəbər Agentliyinin yaradılması haqqında fərman vermişdir. Sonrakı altı il ərzində bu xəbər agentliyi Xarici İşlər Nazirliyinin tabeliyində olan bir təşkilat kimi fəaliyyət göstərmiş və həm İran xəbərlərini, həm də digər ölkələrdən olan xəbərləri yığaraq tərcümə edib nəşr etmişdir.[3] Agence France-Presse Pars ilə əməkdaşlıq edən ilk xəbər agentliyi olmuşdur. 1940-cı ilin may ayında Təbliğat şöbəsi yaradılmış və Pars bu şöbənin tərkibinə daxil edilmişdir. Tədricən İran xəbər agentliyi xarici mənbələrin sayını genişləndirərək Reuters, Associated Press, United Press International və Anadolu agentliyi (Türkiyə) ilə əməkdaşlıq etməyə başlamışdır.
1953-cü ildə İranda baş vermiş olan dövlət çevrilişindən sonra Pars fəal şəkildə modernləşməyə başlamışdır: daha çox xəbərlər çap olunmuş, yeni baxış bucağı ilə jurnalistikaya təzə işçilər işə götürülmüş və s. İRNA eyni zamanda da radioda çıxış etmişdir. Yeni qanunvericiliyə müvafiq olaraq, Pars Mədəniyyət Nazirliyi və Poçt, Teleqraf və Telefon Nazirliyi kimi dövlət idarə və nazirliklərinin nəzarəti altında fəaliyyət göstərmişdir.
1957-ci ildə Pars yenidən müstəqil təşkilata çevrilmiş, 1963-cü ildə isə agentlik İnformasiya Nazirliyinin tərkibinə daxil edilmişdir. 1975-ci ilin iyul ayında isə İran parlamenti İnformasiya və Turizm Nazirliyinin yaradılması və Parsın statusunun 300 milyonluq İran rialı dəyərində aktivləri olan Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi haqqında qanun layihəsini qəbul etmişdir.
1979-cu ildəki İran İslam İnqilabından 3 il sonra isə, yəni 1981-ci ildə İnqilab Şurası İnformasiya və Turizm Nazirliyinin adını Milli İrşad Nazirliyi, Parsın adını isə İslam Respublikası Xəbər Agentliyi adlandırmışdır. IRNA-nın İranda 60 və digər ölkələrdə ümumi olaraq 30 ofisi mövcuddur.
Hazırda bu təşkilat Mədəniyyət və İslami İrşad Nazirliyinin tabeliyində olan təşkilatlardan biridir. Onun ölkə daxilində 60, xaricdə isə 30 nümayəndəliyi vardır. Bu ofislər daxili, xarici siyasi, sosial, iqtisadi, idman, mədəni, elmi və tədqiqat xəbərlərinin və hesabatlarının cəmlənməsi, tərtibi və nəşrinə cavabdehdirlər. Xəbər agentliyinin foto və mikrofilm arxivi, həmçinin də məlumat bazası vardır.
İRNA Beynəlxalq İslam Xəbər Agentliyi (IINA), Asiya-Sakit Okean Xəbər Agentliyi (OANA), Qoşulmama Hərəkatı (NANAP), OPECNA (Xəzər Dənizi Xəbər Agentlikləri Assosiasiyası (ACSNA) ECONA xəbər agentliyi və digər beynəlxalq təşkilatların üzvüdür.
1997-ci ildə İran İslam Respublikası Xəbər Agentliyi xəbər və media sahəsində Xəbərlər Fakültəsi adlı ixtisaslaşdırılmış bir mərkəz yaratmış və 2021-ci ildə onun təhsil fəaliyyəti dayandırılmışdır.[4]
IRNA xəbər regionları
redaktəIRNA öz fəaliyyət sahəsini hər birində agentliyin əsas ofisinin olduğu dörd regiona ayırmışdır:
1. Yaxın Şərq və Afrika - baş ofisi Livanın paytaxtı olan Beyrut şəhərində yerləşir. İRNA-nın Ankara, Dəməşq, Əbu-Dabi, Amman və Küveytdə şöbələri mövcuddur.
2. Avropa və Amerika - əsas ofisi Londondadır. İRNA-nın filialları Bonn, Vyana, Paris, Roma, Sarayevo, Afina, Madrid, Nyu-York və Vaşinqtonda fəaliyyət göstərir.
3. Asiya və Okeaniya - baş ofisi Malayziyanın paytaxtı olan Kuala Lumpur şəhərində yerləşir. İRNA-nın filialları Tokio, Pekin, İslamabad, Almatı, Düşənbə və Aşqabadda yerləşir.
4. Əsas region - baş ofis Tehranda yerləşir, filialları isə ölkənin bütün əyalətlərində fəaliyyət göstərir.
IRNA mətbuatı
redaktəHazırda IRNA yeddi gündəlik qəzet və digər dövri nəşrləri nəşr etdirir[5]:
• “İran” (fars. ایران) İranda orta təbəqə arasında çox məşhur olan fars dilində çap edilən qəzet;
• Iran Daily - ingilis dilində çap edilən bir qəzetdir. Bu nəşrin həmçinin xəbər saytı da vardır;
• Əl-Vəfaq (ərəb. الوفاق) İranda ərəb dilində çıxan iki gündəlik qəzetdən biridir;
• “İran-e Varzeşi” (fars. ایران ورزشی) İranın və eləcə də xarici ölkələrin idman xəbərlərini işıqlandırmaq üzrə ixtisaslaşmış olan İran qəzetidir[6];
• “İran-e Cavan” (fars. ایران جوان) gənclər üçün nəşr edilən qəzetdir[7];
• “İran-e sal” (fars. ایران سال) ölkədə baş verən ən mühüm hadisələr haqqında hesabat dərc edən almanaxdır;
• “İran-e Sepid” (fars. ایران سپید) kor və görmə qabiliyyəti zəif olan iranlılar üçün nəzərdə tutulmuş və Yaxın Şərqdə Brayl əlifbası ilə nəşr olunan yeganə nəşrdir[8].
İstinadlar
redaktə- ↑ "Знакомство с информационным агентством Исламской республики". 2017-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-25.
- ↑ "Исполнительный директор информационного агентства ИРНА: «Россия и Иран должны тесно сотрудничать в области средств массовой информации»". 2017-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-25.
- ↑ ایرنا - ایرنا، 80 سال کارآمدی و پویایی
- ↑ İran İslam Respublikasının Xəbər Agentliyi. Tarix: 14.06.2024
- ↑ "ایرنا، هفتاد و هفت سال اطلاع رسانی - خبرآنلاین". 2015-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-25.
- ↑ "ایران ورزشی آنلاین". 2017-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-25.
- ↑ "جوانآنلاين". 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ Magiran