Issizlik Derecesi - Wikipedia
İşsizlik (ing. unemployment) — iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsizlik insanlara birbaşa və ən sərt şəkildə təsir edən makroiqtisadi problemdir. İşsizliyin tez-tez siyasi müzakirələrin mərkəzində olması da təəccüblü deyildir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. İşsizliyi doğuran amillər: iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s. Ölkədə işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən istifadə olunur; işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisi, işsizliyin orta davamlılığı, uzunmüddətli işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real miqyasının müəyyənləşdirilməsində gizli işsizlik amili cətinlik yaradır[1]. İqtisadiyyatda işsizliyin həcmi işçi qüvvəsində çalışmayan hissənin faiz göstəricisi əks etdirən işsizlik dərəcəsi ilə ölçülür. İşsizlik dərəcəsinin hesablanması üçn ilk növbədə aşağıdakı 4 kateqoriya müəyyən edilməlidir[2]:
- Məşğullar. Bura hər hansı ödənişli işdə çalışanlar, eləcə də müəyyən səbəblərdən (xəstəlik, tətil) işə çıxmayanlar daxildir;
- İşsizlər. Bu kateqoriyaya hazırda işi olmayan, iş axrarısında olan və işə yaralı şəxslər daxildir. Burada əsas məsələ, şəxsin işinin olmaması yox, iş axtarışında olmasıdır;
- İşçi qüvvəsi. Bura həm işi olanlar, həm də işsizlər daxildir;
- İşçi qüvvəsinə daxil olmayanlar. Bura pensiyaya çıxanlar, istirahət edənlər, təhsil alan şəxslər, iş tapa bilməyib ruhdan düşmüş işsizlər, işləməyə yararsız olanlar daxildir.
İşsizliyin aşağıdakı formaları var[3]:
- Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır.
- Struktur işsizlik. Bəzən şirkətlər yeni texnologiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnologiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yaranan işsizliyə Struktur işsizlik deyilir.
- Dövrü(tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır[4].
İqtisadi Və Ya Təbii Böhrana Səbəb Olanlar
Təbii- Friksion,struktur işsizlik
İqtisadi-Dövrü(tsikl) işsizlik
İşsizliyin təbii səviyyəsində əmək haqqlarını və qiymətləri azaldan,yaxud artıran faktorlar tarazlıqda olur. Müasir iqtisadiyyatda, yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət qədər aşağıdır. Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir. Bu şəraitdə inflyasiyanın ölçüləri məhduddur. Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır. Təbii işsizlik səviyyəsini hesablamaq üçün bir modeldən istifadə edilir. Modeldə istifadə ediləcək göstəricilər izah edək[5]
- L - İşçi qüvvəsi;
- E - Məşğullar;
- U - İşsizlər.
İşçi qüvvəsi işsizlərin və məşğulların cəminə bərabərdir:
L = E + U
Bu misalda, işsizlik dərəcəsi U/L kimi ifadə edilə bilər.
Sonra modelə iki göstərici əlavə edilir.
- İşdən çıxma dərəcəsi (s) – bir ay ərzində işdən ayrılanların məşğulların sayına nisbəti;
- İşə daxil olma dərəcəsi (f ) – bir ay ərzində işə daxil olanların işsizlərə olan nisbəti.
Əgər işsizlik səviyyəsində bir dəyişiklik olmursa, əmək bazarında sabitlikdir, başqa sözlə işə daxil olanların sayə (f x U) işdən ayrılanların sayına (s x E) bərabərdir:
fU = sE
Yuxarıdakı bərabərlikdən sabit işsizlik dərəcəsini tapmaqda istifadə edə bilərik. Bunu üçün ilk növbədə E-nin əvəzinə L-U ifadəsi (məşğulluq (E) bərabərdir işçi qüvvəsi (L) çıxılsın işsizlərin sayı(U)) yazılır:
fU = s(L-U)
İfadəni L-ə bölürük:
fU/L = s(L-U/L)
U/L-i, yəni işsizlik dərəcəsini tapsaq bərabərlik aşağıdakı formanı alacaq:
U/L = s/(s+f)
Bu bərabərlik sabir işsizlik dərəcəsinin (U/L) işə daxil olma (f ) və ayrılma (s) dərəcələri tərəfindən müəyyən olunduğunu göstərir. Işdən ayrılma dəcəsi (s) nə qədər yüksək olarsa, işsizlik də bir o qədər çox olar. İşə daxil olma dərəcəsi nə qədər yüksək olarsa, işsizlik bir o qədər az olar.
Bir misalda bunu izah edək. Hər ay işləyən şəxslərin 1%-i işdən ayrılır (s=0,01), işsizlərin isə 20%-i işə daxil olur (f=0,20). Bu zaman sabit işsilik dərəcəsi belə hesablanacaq:
U/L = 0.01 / (0.01+0.20) = 0,0476
Bu misalda işsizlik səviyyəsi təxminən 5%-dir.
Təbii işsizlik dərəcəsi ilə bağlı olan bu model iqtisadi siyasət baxımından əhəmiyyət daşıyır. Təbii işsizlik səviyyəsini aşağı salmağa yönələn hər bir siyasət ən azından işə daxil olma və işdən ayrılma dərəcələrindən birinə təsir etməlidir. Başqa sözlə, işə daxil olma və ya işdən ayrılma dərəcələrini dəyişən hər hansı bir siyasət eyni zamanda təbii işsizlik səviyyəsinə də təsir edir.
Dövlətin məşğulluq siyasəti
redaktəBu istiqamətdə olan əksər dövlət siyasəti friksion işsizliyi azaldaraq təbii işsizliyin də səviyyəsini aşağı salmağa yönəlir. Dövlətə aid məğğulluq idarələri işsizlərin işləri tez tapması üçün boş iş yerləri ilə bağlı məlumatlar yayır. Digər yandan dövlət struktur işsizliyin fəsadlarını aradan qaldırmaq üçün təlim proqramları da tətbiq edir ki, bu da inkişaf edən sənaye iqtisadiyyatında işçilərin yeni tələblərə uyğunlaşdırır. əgər bu proqramlar işə daxil olma dərəcəsini yüksəldərsə təbii işsizlik dərəcəsi də azalar[6] . Dövlətin işsizliklə bağlı tətbiq etdiyi digər proqram isə işsizlik müavinətinin tətbiqidir. Bu tədbir çərçivəsində çalışanlar işlərini itirdikdən sonra əmək haqqlarının bir hissəsini müəyyən müddət almağa davam edirlər. İşsizlik müavinətinin tətbiqi iqtisadiyyatda friksion və təbii işsizliyin artmasına səbəb olur. Belə ki, müəvinətdən faydalanan işsizlər təklif olunan bəzi işlərdən imtina edirlər, artarış müddətini uzadırlar. İşsizlərin davranışında baş verən bu dəyişiklik işə daxil olma dərəcəsini azaldır. Həmçinin gəlirlərinin bir hissəsinin təmin edildiyini bilən işçilər iş yerlərini dəyişməkdə, işdən çıxmaqda cəsarətli olurlar, eləcə də işin daimiliyi ilə o qədər maraqlanmırlar. Bu da işdən ayrılma dərəcəsini yüksəldən amildir[7]
İşsizlik müavinətləri ilə bağlı araşdırma aparan iqtisadçılar daha çox işsizliyi azaldacaq tədbirlər işləyib hazırlayırlar. Bunlara misal olaraq, ixtisar həyata keçirən müəssisələrin işçiyə veriləcək müavinətin tam hissəsini ödəməsini göstərmək olar. Belə ki, qısa müddətli iqtisadi çətinlik dövründə yüksək məbləğlər hesabına işçini ixtisar edib, bu dövr bitdikdən sonra yeni işçilər axtarmaq və yetişdirmək xərclərini nəzərə alan sahibkarlar bu fikirlərindən daşınır. İşsizliklə bağlı müzakirə olunan əsas məsələlərdən də biri minimum əmək haqqıdır . Bu dövlətin müəssisələrə əmək haqqının aşağı həddi ilə bağlı məhdudiyyət tətbiq etməsidir. Minimum əmək haqqı işçi qüvvəsinin əksər hissəsinə təsir etmir, çünki onlar bu həddən yuxarı əmək haqqı alırlar. Amma minimum əmək haqqı bəzi işçilərin, xüsusilə də təcrübəsiz və ixtisassız işçilərin maaşının tarazlıq əmək haqqından yuxarı olmasına səbəb olur. Bu da müəssisələrin belə işçilərə olan tələbini aşağı düşməsinə səbəb olur və bu işçilərin iş tapmaq imkanı azalır[8]
İqtisadçılar minimum əmək haqqının siyasətinin ən çox gənc işçilərə təsir etdiyini irəli sürürlər. Onlar bunu iki səbəblə izah edirlər[9]
- Birincisi, gənclər işçi qüvvəsinin daha az təcrübəyə və biliyə sahib olan hissəsi təşkil edirlər bu səbəbdəndə onlara təklif olunan əmək haqqı aşağıdır.
- İkincisi, gənc işçilər əməklərinin qarşılığını yalnız maaşla deyil, “işi işdə öyrənmək” kimi diğər yollarla da alırlar.
Yuxarıda göstərilən iki səbəbdən işçi qüvvəsinin təklifi ona olan tələblə müqayisədə çoxdur. Minimum əmək haqqı gənclərdə digər işçi qruplarına nisbətən daha çox müşahidə olunmaqdadır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Dövlət maliyyəsi terminləri lüğəti" (PDF). 2014-08-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-04-21.
- ↑ Samuelson A.P., Nordhaus D.W. Macroeconomics. 2010. Səh 309
- ↑ Samuelson, 2010. Səh 310
- ↑ Atakişiyev M.C.,Mikro və Makroiqtisadiyyat. Bakı,2010. səh 392
- ↑ N. Gregory Mankiw. Makroekonomi . 6-cı baskı. Editor: Ömer Faruk Çolak. Ankara. 2014. ISBN 978-605-4160-38-9. Səh. 178-179
- ↑ N. Gregory Mankiw. Makroekonomi . 6-cı baskı. Editor: Ömer Faruk Çolak. Ankara. 2014. ISBN 978-605-4160-38-9. Səh. 181
- ↑ N. Gregory Mankiw. Makroekonomi . 6-cı baskı. Editor: Ömer Faruk Çolak. Ankara. 2014. ISBN 978-605-4160-38-9. Səh 182
- ↑ N. Gregory Mankiw. Makroekonomi . 6-cı baskı. Editor: Ömer Faruk Çolak. Ankara. 2014. ISBN 978-605-4160-38-9. Səh 184
- ↑ N. Gregory Mankiw. Makroekonomi . 6-cı baskı. Editor: Ömer Faruk Çolak. Ankara. 2014. ISBN 978-605-4160-38-9. Səh 185