Tosya Malamud - Wikipedia
Tosya Malamud (isp. Tosia Malamud, ukr. Тося Маламуд; 17 mart 1923, Vinnitsa – 16 iyul 2008, Mexiko) — Ukrayna əsilli Meksika heykəltaraşı, Meksika Milli İncəsənət Məktəbinin ilk qadın məzunlarından biri. Onun ailəsi dörd yaşında ikən Meksikaya köçmüş və incəsənət istedadı erkən dövrdə üzə çıxmışdır. Malamud valideynlərinin istəyinə zidd olaraq incəsənət kollecinə daxil olmuş və 1943-cü ildə oradan məzun olmuşdur. Ailə öhdəliklərinə görə onun karyerası yalnız 1950-ci illərin ortalarında öz üslubuna tənqidi diqqət çəkən iki mühüm sərgi ilə başlamışdır.
Tosya Malamud | |
---|---|
ukr. Тося Маламуд | |
Doğum tarixi | 17 mart 1923 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 iyul 2008 (85 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş, rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Malamud o vaxtdan ölümünə qədər əsərlərini Meksikada və xaricdə sərgiləmişdiri. O, ictimai məkanlar üçün də irili-xırdalı əsərlər yaratmış və o zaman Meksikanın ən yaxşı büst rəssamı hesab edilirdi. Malamud görkəmli insanların portretləri ilə yanaş əsasən analıq, ailə və uşaqlıq problemlərinə həsr olunmuş əsərlər yaratmışdır. Bu əsərlərə Mexiko şəhərindəki Müasir İncəsənət Muzeyi və XXI əsrin xəstəxanası kimi yerlərdə rast gəlmək olar. "Ailə" Meksika Sosial Təminat İnstitutu və "Külək" Moreliyadakı Müasir İncəsənət Muzeyi üçün əlamətdar hala gəlmişdir.
Həyatı
redaktəTosya Malamud 17 mart 1923-cü il tarixində Vinnitsada İsaak Malamud və Liza Bakalın ən kiçik övladı olaraq anadan olmuşdur. Ailə 1927-ci ildə onun dörd yaşı olanda sovet hökumətinin repressiyasından xilas olmaq üçün Ukraynanı tərk etmişdir.[1][2][3] Elə həmin il onlar Meksikaya köçmüş, burada atası yəhudi mətbəəsində ilk qəzeti yaratmışdır. Bu qəzetdə "Di Drai Vegn" ("Üç yol") adlı kitab, eləcə də İshak Berliner, Yakov Qlatts i Moyşe Qlikovski kimi şairlərin əsərləri nəşr olunmuşdur.[4]
Malamud Meksikada ibtidai və orta məktəbdə oxumuş və çox erkən yaşlarında incəsənətə maraq və istedad göstərmişdir. O, orta məktəbdə keramika sahəsində işləmək imkanı qazanmış və burada insan fiqurlarını heykəlləndirmək bacarığı ilə müəllimini təəccübləndirmişdir.[2][5]
Malamud 1944-cü ildə Semyuel Rubinşteyn ilə evlənmiş, ondan Ethel və Maurisio adlı iki övladı dünyaya gəlmişdir. O, övladları balaca olanda əsasən yaradıcılıq fəaliyyətinə fasilə vermiş, ancaq arabir işıq olan dəhlizdə işləmişdir. 1952-ci ilə qədər onun başqa bir rəssamla bölüşmək üçün studiyası yox idi ki, bu da onun işini ailə həyatından ayırmağa imkan vermişdir. O, karyerasına 1954-cü ildə ciddi şəkildə başlamışdır. 1967-ci ildə Malamud birinci ərindən boşanmış, 1979-cu ildə yazıçı və jurnalist Serxio Nudelşteyer ilə evlənmişdir. Cütlük birlikdə konfranslara və sərgilərə qatılmış, hətta yarı heykəltaraşlıq studiyası və yarı ofis olan bir iş yerində birlikdə çalışaraq bir-birlərinin işini dəstəkləmişdilər.[2]
Tosya Malamud 16 iyul 2008-ci ildə Mexikoda vəfat etmişdir.[6]
Karyerası
redaktəTosya Malamud 1943-cü ildə universiteti bitirsə də, 1954-cü ilə qədər karyerasına ciddi başlamamışdır.[6] Həmin il onun iki mühüm sərgisi vardı, biri Meksika Plastikləri Salonunda, digəri isə Havre İsrail İdman Mərkəzi Qalereyasında onun əsərini tənqidi diqqətə çatdırmışdır.[2] Onun heykəltaraşlığı digər Meksika heykəllərindən fərqli idi, çünki hərəkət təsvirini vurğulayırdı. Karyerası ölümünə qədər davam etmişdir. O, bu müddət ərzində Meksika, ABŞ, Kanada, İspaniya, Niderland, Bolqarıstan və İsraildə qırxdan çox fərdi sərgi keçirmiş, bir çox digər kollektiv sərgilərdə iştirak etmişdir.[7] Əsas erkən sərgilərə 1959-cu ildə Mexiko şəhərinin Təsviri İncəsənət Sarayında və 1968-ci il Yay Olimpiya Oyunları üçün Olimpiya kəndində heykəltaraşlıq sərgisi daxildir. Sonuncu tədbir zamanı əsərlərdən biri olan "Analıq" oğurlanmışdır. Sonradan geri qaytarılan əsər indiki dövrdə Mexikodakı Müasir İncəsənət Muzeyində sərgilənir.[5] Həyatı boyu onun son böyük sərgisi 2007-ci ilin noyabrından 2008-ci ilin martına qədər Mexikoda yerləşən Avenida Reformadakı Meksika Sosial Təminat İnstitutunda keçirilmidir. Sərginin kuratoru onun oğlu Maurisio olmuşdur.[8] Bu tədbir onun avtobioqrafiyasının nəşri ilə birlikdə keçirilən retrospektiv idi, lakin sənətçi səhhəti ilə əlaqədar burada iştirak edə bilməmişdir.[3][9]
Tosya Malamudun əsərlərini həm Meksikada, həm də xaricdə həm şəxsi, həm də ictimai kolleksiyalarda tapmaq mümkündür.[8] Onun əsərlərinin bir hissəsi Xarici Əlaqələr Katibliyinin Mədəniyyət Departamenti və köhnə Milli Turizm Şurası vasitəsilə Meksika hökuməti tərəfindən maliyyələşdirilmişdir.[5] Malamud bürünc və daşdan otuz səkkiz monumental əsər yaratmışdır ki, bunlar Meksikada müəssisələrdə və ictimai yerlərdə daimi nümayiş etdirilir. Onların on dördü xaricdə sərgilənir.[2] Məşhur simaların büstləri arasında Yeni İsrail Kollecində yerləşən yazıçı İtshak Peretsin büstü, Albert Eynşteynin Meksika Parkında və Tel-Əviv Universitetinin Elmlər Fakültəsində sərgilənən bir neçə büstü, Meksika Milli Muxtar Universitetinin Fəlsəfə və Ədəbiyyat fakültəsində Rosario Katelyanosun büstü, Meksika Milli Kitabxanasında Frans Kafkanın büstü daxildir. Həmçinin, Tel-Əviv Universitetinin Meksika binasında Migel İdalqo-i-Kostilya, Xose Mariya Morelos-i-Pavon, Benito Xuares və Venustiano Karransanın büstləri yerləşir. Digər heykəllər növlərinə Müasir İncəsənət Muzeyindəki "Analıq", Mexikodakı XXI əsr xəstəxanasının qarşısında "Ailə", Monterrey şəhərində "Aşiq cütlük" və "Ana", İsrail İdman Mərkəzində "Birinci müəllim" yerləşir.[10] Onlardan bəziləri ikona çevrilmişdir. Buna XXI Əsr Xəstəxanasında "Ailə", həmçinin Moreliyadakı Müasir İncəsənət Muzeyinin simvolu olan "Külək" daxildir.[9]
Malamud Meksika Plastikləri Salonunun, Coğrafiya və Statistika Cəmiyyətinin, Romadakı Tommaso Kampanella Beynəlxalq Akademiyasının və Madriddəki İspaniya Rəssamlar və Heykəltaraşlar Assosiasiyasının üzvü idi.[6][8] 2008-ci ildə "Tosya Malamud, formanın arxasındakı material" adlı avtobioqrafik əsər Mədəniyyət və İncəsənət üzrə Milli Şura tərəfindən nəşr edilmişdir. 2009-cu ildə Meksika Plastikləri Salonu ölümündən sonra anma mərasimi keçirmişdir.[4]
Üslubu
redaktəTosya Malamudun məktəb zamanı və məktəbdən sonrakı fəaliyyəti onun müəllimlərindən, xüsusən də həm mühafizəkar, həm də liberal elementlərə malik Fernando Ortis Monasterio və İqnasio Asunsolodan təsirlənmişdir.[1][2] O, universiteti bitirdikdən sonra o zamanlar üstünlük təşkil edən Meksika muralizmi hərəkatı və onun milliyətçiliyi ilə maraqlanmamış, daha çox beynəlxalq dünyagörüşünə üstünlük vermişdir. Malamud bir neçə səbəbə görə Meksika incəsənətinə qarşı çıxmışdır. İlk növbədə, Meksika incəsənətində kişilər, xüsusən də monumental heykəltaraşlıq üstünlük təşkil edirdi. Ümumilikdə heykəltaraşlıq o zaman rəsmdən, xüsusən də freskadan daha az qiymətləndirilirdi. O, karyerası boyu əsasən bürünc və mərmər üzərində işləyən heykəltaraşlığa diqqət yetirmiş, eyni zamanda akril, daş və keramika kimi digər materiallarla da təcrübələr aparmışdır. Malamud kiçik, orta və monutal ölçülü əsərlər yaratmışdır.[5][9]
Tosya Malamud əsasən iki növ heykəl yaratmışdır. O, öz dövrünün Meksikanın ən yaxşı büstü heykəltaraşı sayılırdı, əsasən klassik təsir göstərmişdir.[2][5] Büstü olmayan əsərlər daha çox analıq, uşaqlar, qadın bədəni, hərəkətdə olan bədənlər və düşüncəli pozalar kimi mövzulara yönəlmişdir.[1][6]
İstinadlar
redaktə- ↑ 1 2 3 Merry MacMasters. "Tosia Malamud, mujer y artista que fue contra los cánones de su época". La Jornada (Spanish). Mexico City. 23 березня 2009. səh. 12. 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 квітня 2013.
- ↑ 1 2 3 4 5 6 7 Manuel Taifeld. "Tosia Malamud, Gran retratista escultórica". Diario Judio (Spanish). Mexico City. 12 грудня 2012. 2013-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 квітня 2013.
- ↑ 1 2 "Expo homenaje a Tosia Malamud". El Sol de México (Spanish). Mexico City. 1 березня 2009. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 квітня 2013.
- ↑ 1 2 "Presentan libro sobre la escultora Tosia Malamud". NOTIMEX (Spanish). Mexico City. 19 лютого 2009.
- ↑ 1 2 3 4 5 J. Manuel P. Morelos. "¡Prefiero estar viva! No trabajo para la eternidad: Tosia Malamud". La Jornada de Michoacán (Spanish). Morelia. 3 січня 2007. İstifadə tarixi: 23 квітня 2013.
- ↑ 1 2 3 4 Roberto Loera. "Se exhiben 45 escultoras de la artista Tosia Malamud, en el Salón de la Plástica Mexicana" (PDF).
- ↑ Judith Rodriguez. "Tosia Malamud" (Spanish). Mexico City: Artes e Historia magazine. 30 листопада 2007. 2013-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 квітня 2013.
- ↑ 1 2 3 "Luto por el fallecimiento de la escultora Tosia Malamud". Diario Judio (Spanish). Mexico City. 1 вересня 2008. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 квітня 2013.
- ↑ 1 2 3 "Rinden homenaje a escultora Tosia Malamud con muestra retrospectiva". El Porvenir (Spanish). Mexico City. 14 листопада 2007. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 квітня 2013.
- ↑ ""Penélope" de Tosia Malamud en Reforma" (Spanish). Mexico City: Government of Mexico City. 24 лютого 2010. 2012-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 квітня 2013.
Xarici keçidlər
redaktə- Vikianbarda Tosya Malamud ilə əlaqəli mediafayllar var.