Tagiyev Neft - Wikipedia
Tağıyev: Neft - Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən bədii film.[1]
Tağıyev: Neft | |
---|---|
Janr | tarixi |
Rejissor | Zaur Qasımlı |
Prodüserlər | Arzu Əliyeva, Orman Əliyev |
Ssenari müəllifləri | İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı |
Operator | Vladimir Artemyev |
Bəstəkar | Etibar Əsədli |
Rəssam | Səbuhi Atababayev |
Geyim rəssamı | Vüsal Rəhim |
İlk baxış tarixi | 2024 |
Filmin növü | tetralogiya |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2024 |
Məzmun
redaktəFilmdə XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarında baş vermiş mühüm tarixi hadisələrə toxunulmuşdur. Azərbaycan tarixinin bu dövrünün öyrənilməsi və milli dəyərlərin təbliği baxımından əhəmiyyət kəsb edən bu dörd seriyalı ekran əsərinin 2024-cü ildə təqdim edilməsinə səbəb xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinin qeyd olunmasıdır. Film Hacı Zeynalabdin Tağıyevin həyatının müxtəlif dövrlərini əhatə edir. Bakıda başmaqçı ailəsində dünyaya gələn Tağıyev sonralar bir milyonçu kimi Azərbaycan xalqına böyük xidmətlər göstərmişdir. Ekran əsərində onun həyatında baş verən çətinliklər, verdiyi qərarlar, insanlara göstərdiyi dəstək, eləcə də təhsil sahəsində atdığı addımlar geniş şəkildə təsvir olunur. Bu film vasitəsilə izləyicilər Tağıyevin yaşadığı dövrün sosial-iqtisadi və mədəni mənzərəsi ilə də tanış olmaq imkanı əldə edirlər.[2]
Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk xüsusi məktəbin təsis edilməsindəki rolu, Azərbaycanda neft sənayesinin inkişafına və Bakı şəhərinin infrastrukturunun formalaşmasına verdiyi töhfələr diqqət mərkəzindədir. Film Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini daha dərindən araşdırmaq və onun Azərbaycan tarixində oynadığı rolu təbliğ etmək məqsədi daşıyır.[3][4]
Film haqqında
redaktəFilmin çəkilişləri miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixində mühüm hadisə kimi qiymətləndirilir. Ekran əsəri 76 fərqli məkanda çəkilmiş və kütləvi səhnələrdə 2500-dən çox yaradıcı şəxs iştirak etmişdir. Tarixi səhnələrin realistik şəkildə təqdim edilməsi məqsədilə 300-dən artıq dekorasiya hazırlanmışdır. Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövrün ətraflı təsvirini təmin etmək üçün xüsusi geyim emalatxanası yaradılmış, çox sayda geyim, aksesuar, zərgərlik nümunəsi və xüsusi rekvizitlər hazırlanmışdır.[5]
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.[1]
Film heyəti
redaktəFilmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir. Filmdə tarixi personajları tanınmış aktyorlar canlandırmışdır. Baş rolda, Hacı Zeynalabdin Tağıyevi xalq artisti Pərviz Məmmədrzayev oynayır. Digər tarixi obrazları xalq artisti Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natavan Hacıyeva ilə yanaşı geniş peşəkar aktyor heyəti canlandırmışdır. Bu yaradıcı kollektivin iştirakı filmin yüksək sənətkarlıq səviyyəsinə və tarixi realizmə əsaslanmasına əhəmiyyətli töhfə vermişdir.[2][3][1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Tağıyevin neft sevdası..." Qafqazinfo (az.). 2024-12-09. İstifadə tarixi: 2024-12-10.
- ↑ 1 2 ""Tağıyev: Neft" bədii filminin premyerası oldu". Kulis.az (az.). İstifadə tarixi: 2024-12-10.
- ↑ 1 2 ""Tağıyev: Neft" bədii filminin premyerası olub". Aztv.az (ingilis). İstifadə tarixi: 2024-12-10.
- ↑ Rüstmova, Həmidə. ""Tağıyev: neft" – kinotetralogiyanın ilk bölümü böyük ekranda". medeniyyet.az.
- ↑ ""TAĞIYEV: NEFT" bədii filmi kinoteatrlarda təqdim olunacaq". Report İnformasiya Agentliyi (az.). 2024-11-04. İstifadə tarixi: 2024-12-10.