Qanli Dere Doyusu - Wikipedia
Qanlı Dərə döyüşü — 1918-ci ildə Qubanın Digah kəndi yaxınlığında, Şimi Dərəsi adlanan yerdə baş vermiş döyüş. Bu döyüşdən sonra Şimi Dərəsi el arasında Qanlı Dərə olaraq adlanmağa başlamışdır.
Qanlı Dərə döyüşü | |||||
---|---|---|---|---|---|
Şimi Dərəsi döyüşü | |||||
| |||||
Tarix | 1918-ci il, aprelin əvvəli. | ||||
Yeri | Digah kəndi yaxınlığı. | ||||
Səbəbi | Etnik təmizləmə | ||||
Nəticəsi | Milli qüvvələrin və İttihad Partiyasının zəfəri | ||||
Münaqişə tərəfləri | |||||
|
|||||
Komandan(lar) | |||||
|
|||||
İtkilər | |||||
|
|||||
|
Döyüşdən əvvəl
redaktə1918-ci ilin baharında daşnak Stepan Şaumyanın göstərişi ilə toplar və pulemyotlarla silahlanmış qoşun hissələri Qubaya yeridilmiş, qaniçən Hamazaspın ermənilərdən ibarət quldur dəstəsi şəhəri mühasirəyə alaraq əhaliyə amansız divan tutmuşlar. Onlar qadın, uşaq demədən qarşılarına çıxan hər kəsi öldürür[1], evlərə soxularaq ailələri qırır, südəmər körpələri süngülərə keçirir, müsəlmanların heysiyyətinə toxunaraq məscidlərə od vurur, Quran kitablarını yandırır, yaşayış məntəqələrini darmadağın edirdilər.[2]
Ermənilərə müqavimət göstərmək üçün Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri – Əli bəy Zizikski, Həmdulla əfəndi Əfəndizadə, Əli Abbas bəy Əlibəyov, Şıxlar bəylərindən - Mürsəl bəy və İbrahim bəy, Mushab-Əli Kuzunvi, Hatəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaratmışdılar.[3]
Döyüşə hazırlıq - Güllü Təpə yığıncağı
redaktəİttihad Partiyasının liderlərindən Qarabəyovun, Əhməd əfəndi Tirincin, Əli bəy Zizikskinin, Həmdulla əfəndi Əfəndizadənin, Hatəm ağa Cağarvinin gərgin əməkləri sayəsində qəzanın hər yerindən əli silah tutanlar axışıb gəlirdi. Ümumi qoşuna rəhbərlik Əli bəy Zizikskiyə həvalə olunmuşdu.
Gecə saat 2-də Zizik kəndi yaxınlığındakı Güllü təpədə Qubaya hücum planı müzakirə edildi. Xucbala, Alpan, Alıc, Ərməki, Hacıqayıb, Zizik, İqriq, Nügədi kəndlərinin könüllü döyüşçüləri ilə Əli bəy Zizikski, Hatəm ağa Cağarvi, Mehdi Aydayevin, Mushab-Əli Kuzunvinin dəstələri ilə birləşib Qusar istiqamətindən, Həmdulla əfəndi Əfəndizadə ilə Qaçaq Mayıl isə Rustov istiqamətindən Qubaya daxil olacaqdılar.
Bu müşavirədə Əhməd əfəndi Tirinc, Səbri bəy, Kazım əfəndi, İsmayıl Əli əfəndi, Səttar Əfəndiyev, Həmdulla əfəndi Əfəndizadə, Hatəm ağa Cağarvi, Urvalı Mehdi, Hacıqayıblı Cəfər, İqriqli Həbib, Əbdürrəhim əfəndi Çələbizadə də iştirak etdi.[4]
Döyüşün başlanması və gedişi
redaktə10 gün Qubada qan tökən Hamazaps sübh tezdən Qusar istiqamətində hücuma keçdi. Lakin könüllü döyüşçülərin əks hücumu onu geri çəkilməyə məcbur etdilər. Xucbala kəndi ilə Qusar arasındakı dərədə daşnak ordusunun əsas hissələri darmadağın edilsə də bu kəndlər arasındakı dərədə mühasirəyə düşən Qusar ləzgilərindən ibarət olan dəstənin taleyi daha faciəli olmuşdu – onları burada qanlarına qəltan etdilər. Bu döyüşlərdən sonra həmin yer “Qanlı dərə” adı aldı.[5]
Düşmən silah-sursat sarıdan nə qədər güclü olsalar da yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış Azərbaycan türkləri, ləzgilər, qrızlar, buduqlar, ceklər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular.[2]
Döyüşün sonu - Həlledici zərbə
redaktəKönüllü döyüşçülərin əks hücumu düşməndə psixoloji sarsıntı yaratdı. Həmdulla əfəndi Əfəndizadənin 1500 nəfərlik qoşunu Qaçaq Mayılın dəstələri ilə birləşib Qubaya daxil olmuşdular. Şəmsəddin və Əmri əfəndilər (Həmdulla əfəndinin qardaşları), İsmayıl Əli əfəndi, Səbri bəy, Kazım əfəndi, Qubalı Səttar Əfəndiyev, Arif əfəndi Şıxzadə döyüşdə xüsusi şücaət göstərirdilər. İttihad Partiyasının döyüşçüləri alınlarına yaşıl parça bağlamışdılar. Döyüş meydanından tez- tez Həmdulla əfəndinin:
"Kafirə ölüm! İgidlərim, irəli!"
- nərələri eşidilirdi. Xəncər, yaba, çomaq, dəryaz və bərdənkələrlə silahlanmış könüllü döyüşçülərin boyunlarına kəfən bağlayıb xəncərlə döyüşə atılmaları erməniləri dəhşətə gətirmişdi. Həmdulla əfəndi Əfəndizadənin hərbi məharəti və cəsarəti sayəsində qəzada 122 kəndi yandırıb xarabalığa çevirən Hamazaps məğlubiyyətə uğrayaraq döyüş meydanından qaçdı.[6] Döyüş milli qüvvələrin qələbəsi ilə başa çatdı. [7]
Xatirəsi
redaktə1998-ci il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyev prezident seçkiləri ərəfəsində Quba və Qusar rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşündə böyük iftixar hissi ilə qeyd edib ki, “Qanlı Dərə”də 1918-ci ildə qubalılar və qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb, onları darmadağın ediblər.
Qusarda “Qanlı Dərə”də erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılıb. 2009-cu il sentyabrın 18-də Prezident İlham Əliyev abidənin açılışında iştirak edib.
İstinadlar
redaktə- ↑ Dünyamalı, Kərim. Bir Soyun taleyi (az.). Bakı: Mütərcim. 2003. 137.
- ↑ 1 2 "Hərbi qulluqçular məşəllərlə "Qanlı dərə"yə yürüş ediblər".
- ↑ Tərtib edəni: Tarix elmləri doktoru, professor RÜSTƏMOVA - TOHİDİ, SOLMAz. Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə., Fəsil I (az.). Bakı. 2013. 78–79.
- ↑ Dünyamalı, Kərim. Bir soyun taleyi (az.). Bakı: Mütərcim. 2003. 140.
- ↑ Tərtib edəni: Tarix elmləri doktoru, professor RÜSTƏMOVA - TOHİDİ, SOLMAZ. Quba-Aprel-May 1918-ci il-Müsəlman qırğınları sənədlərdə., Fəsil I (az.). Bakı. 2013. 79.
- ↑ Dünyamalı, Kərim. Bir soyun taleyi (az.). Bakı: Mütərcim. 2003. 141.
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, PREZİDENT KİTABXANASI. Azərbaycanlıların soyqırımı və deportasiyası (az.). 165.