Osaka Universiteti - Wikipedia
Osaka Universiteti (yap. 大阪大学 - Osaka Daigaku, ing. Osaka University, qısaca 阪大 (Handai)) — Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Universitet fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır.
Osaka Universiteti | |
---|---|
大阪大学 | |
34°49′09″ şm. e. 135°31′36″ ş. u.HGYO | |
Şüar | Lokal yaşa, qlobal böyü! |
Əsası qoyulub | 1724 |
Tip | Dövlət |
Tələbə sayı | 23.123[1] |
Şəhər | Osaka |
Ölkə | |
Ünvan | Yaponiya, Honsyu adası, Osaka şəhəri |
Sayt | osaka-u.ac.jp/ja |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAsiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir.
Osaka Universiteti 1931-ci ildə yaradılsa da, onun tarixi kökləri Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki, hələ 1724-cü ildə Osaka şəhərində tacirlər üçün Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin qürur mənbəyi olur. Daha sonra həkim və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən yeganə xarici dil Hollandiya dili olur.
1869-cu ildə Osaka şəhərinin mərkəzində Osaka Tibb Məktəbi açılır və 1919-cu ildə həmin məktəb imperatorun sərəncamına əsasən universitet statusu qazanmış Ali Tibb Kollecinə çevrilir. 1931-ci ildə yeni açılmış Elm Kolleci Ali Tibb Kolleci ilə birləşdirilərək altıncı imperator ali məktəbi olan Osaka İmperator Universiteti yaradılır. 1933-cü ildə Osaka Texniki Universiteti Osaka Universitetinə birləşdirilir və universitetdə Mühəndislik Məktəbi fəaliyyətə başlayır. Osaka İmperator Universitetinin adı 1947-ci ildə Osaka Universiteti ilə əvəz olunur. 5 məktəbdən (Elm, Tibb, Mühəndislik, Yazı (filologiya), Hüquq) ibarət olan universitet 1949-cu ildə yeni təhsil islahatları qəbul edir. Həmin il burada Humanitar Elmlər Departamenti yaradılır.
1951-ci ildə stomatologiya, 1955-ci ildə isə əczaçılıq fakültələri universitetin Tibb Məktəbindən ayrılaraq ayrıca məktəb kimi fəaliyyət göstərməyə başlayır. 1972-ci ildə psixologiya, sosiologiya və pedaqogika fakültələri Yazı (filologiya) Məktəbindən çıxarılaraq Humanitar Elmlər Məktəbinə birləşdirilir. 1989-cu ildə universitetdə magistr və doktorantlar üçün Dil və Mədəniyyət Ali Məktəbi yaradılır. 1993-cü ildə Osaka Universitet Xəstəxanası Nakanosima kampusundan Suita kampusuna köçürülür və bununla da səpələnmiş universitet binalarının bir kampusda cəmlənməsi prosesi başa çatır. 1994-cü ildə universitetdə Osaka Beynəlxalq Dövlət Siyasəti Məktəbi açılır.
2002-ci ildə universitetdə İnformasiya və Texnologiya Ali Məktəbi yaradılır, 2007-ci ildə isə Osaka Xarici Dillər Universiteti Osaka Universitetinə birləşdirilir və Osaka Universiteti ölkənin ən böyük ali təhsil ocaqlarından birinə çevrilir.
Müasir vəziyyəti
redaktəKampusları
redaktəOsaka Universiteti 3 kampusdan ibarətdir:
- Suita;
- Toyonaka;
- Minoh.
Ali məktəbin əsas kampusu olan Suita kampusu Suita və İbaraki şəhərləri boyu uzanır. Kampus 996659 m² ərazini əhatə edir. Bu kampusda Administrasiya Bürosu, humanitar elmlər, tibb, stomatologiya, farmakologiya və mühəndislik fakültələri, Milli Birləşdirilmiş Kibermedia, Nüvə Fizikası Problemləri Elmi-Tədqiqat mərkəzləri, müxtəlif avtomobil, motosikl, velosiped dayanacaqları, idman kompleksləri, tennis kortları yerləşir.
Toyonaka kampusu 445851 m² ərazini əhatə edir və burada universitet kitabxanası, ədəbiyyat, hüquq, iqtisadiyyat, elm və texniki elmlər fakültələri yerləşir. Bundan əlavə, Beynəlxalq Dövlət Siyasəti, Dil və Ədəbiyyat, İnformatika məktəbləri, Hüquqi və Siyasi Təcrübə Mərkəzi mövcuddur.
Minoh kampusu 2007-ci ildə Osaka Xarici Dillər Universitetinin Osaka Universitetinə birləşdirilməsindən sonra yaranıb. 145125 m² ərazini əhatə edən kampusda Xarici Dillər, Dünya Dilləri, Yapon Dili və Mədəniyyəti məktəbləri yerləşir.
Bu üç kampusa əlavə olaraq Osaka şəhərinin mərkəzində universitetin keçmiş kampusu Nakanosima yerləşir. 1000 m² ərazisi olan şəhərciyin binaları 1993-cü ildə Suita kampusuna köçürüldükdən sonra 2004-cü ildən başlayaraq Nakanosima Mərkəzi adlanır. Mərkəzdə informasiya mübadiləsi, yaşlı insanların təhsili, müxtəlif tədbirlər həyata keçirilir.
Məktəbləri
redaktəOsaka Universitetinin nəzdində 11 məktəb (Yazı, Humanitar Elmlər, Xarici Dillər, Hüquq və Siyasət, İqtisadiyyat, Elm, Tibb, Stomatologiya, Farmakologiya, Maşınqayırma, Mühəndislik), magistr və doktorantlar üçün 15 ali məktəb - Graduate Schools (Dil və Mədəniyyət, Yazı, Humanitar Elmlər, Hüquq və Siyasət, İqtisadiyyat, Elm, Tibb, Stomatologiya, Farmakologiya, Maşınqayırma, Mühəndislik, Beynəlxalq Dövlət Siyasəti, İnformatika və İnformasiya Texnologiyaları, Sərhəd Bioelmlər, Hüquq), 5 elmi-tədqiqat institutu (Mikrob Xəstəlikləri, Elm və Sənaye Tədqiqatları, Zülal Tədqiqatı, Sosial-İqtisadi Tədqiqatlar, Birləşdirmə və Qaynaq Tədqiqatı institutları), Osaka, Kanazava və Hamamatsu universitetlərinin Tibb Məktəbi, Osaka Universiteti Hospitalı, Osaka Universiteti Stomatoloji Xəstəxanası, 3 filialı olan Əsas kitabxana və s. institut və mərkəzlər fəaliyyət göstərir.
Yazı (filologiya) və Humanitar Elmlər məktəblərinin tərkibində Humanitar elmlər departamentləri, Elm Məktəbinin tərkibində Riyaziyyat, Fizika, Kimya, Biologiya bölmələri, Xarici Dillər Məktəbində Çin, Koreya, Monqolustan, İndoneziya, Filippin, Tay, Vyetnam, Birma, hindu, urdu, ərəb, fars, türk, Suasili, rus, macar, Danimarka, İsveç, alman, ingilis, fransız, italyan, ispan, portuqal dilləri departamentləri, Hüquq Məktəbində Hüquq və Beynəlxalq Siyasət departamentləri, İqtisadiyyat Məktəbində İqtisadiyyat və Menecment departamenti, Tibb Məktəbində Tibb və Qarışıq Tibb Elmləri departamentləri, Stomatologiya Məktəbində Stomatologiya departamenti, Farmakologiya Məktəbində Farmakologiya və Əczaçılıq Elmləri departamentləri, Maşınqayırma Məktəbində Tətbiqi elmlər, Mexanika, material və istehsal elmləri, Elektron və informasiya texnikası, Sabit energetika və ekologiya mühəndisliyi, Qlobal Arxitektura departamentləri, Mühəndislik Məktəbində Elektronika və materiallar fizikası, Kimya elmi və Layihələşdirmə, Sistemlər elmi, İnformatika və Kompüter elmləri departamentləri mövcuddur. Universitetin ali məktəblərinin də hər biri bir neçə departamentdən ibarətdir.
Kitabxana sistemi
redaktəOsaka Universitetinin kitabxana sisteminə Əsas, Həyat Elmləri, Elmi-Texniki, Beynəlxalq kitabxanaları daxildir və burada ümumilikdə 4 milyondan çox kitab var. Əsas kitabxananın yeni binası 2000-ci ildə istifadəyə verilib. Kitabxanada bütün sahələri əhatə edən materiallara rast gəlmək olar. Əsas kitabxanada 2250000 cild kitab və jurnal, 8700 dövri nəşr, eləcə də nadir kitablar, audio və video materiallar, mikroformalar, verilənlər bazası, kompakt disklər və s. mövcuddur.
Həyat elmləri kitabxanası 1922-ci ildə açılıb və Suita kampusunda yerləşir. Burada əsasən tibb, stomatologiya, əczaçılıq elmlərinə aid kitablar mövcuddur. Elmi-Texniki kitabxana 1970-ci ildən fəaliyyət göstərir. Kitabxana Suita kampusunda yerləşir və burada texniki və dəqiq fənlərə aid olan kitablar saxlanılır. Beynəlxalq kitabxana universitetin ən yeni kitabxanasıdır və 2007-ci ildə Osaka Xarici Dillər Universiteti Osaka Universitetinə birləşdikdən sonra yaradılıb və Minoh kampusunda yerləşir. Kitabxanada 600000-dən çox kitab mövcuddur və bu, ölkənin beynəlxalq tədqiqatlar və linqvistika sahəsinə aid ən əsas kitabxanalarından biridir. Kitabxanalarda oxucuların istifadəsinə fərdi elmi işlə məşğul olmaq üçün kabinetlər, qrupla oxumaq üçün auditoriyalar, DVD və video materiallarla tanış olmaq üçün kabinetlər, multimediaterminallar, Kibermediamərkəz terminalları, simsiz LAN şəbəkəsi, OPAC terminalı, verilənlər bazası ilə işləmək üçün kompüterlər, noutbuklar verilib.
Rəhbərlik və digər kontingent
redaktəOsaka Universitetinin prezidenti hazırda kliniki fəlsəfə və etika üzrə professor Uoşida Kiyokazudur. Universitetin vitse-prezidentləri isə Nişida Şoqo, Koidzumi Cunci, Nişio Şociro, Doi Takefumidir. Ali məktəbin Administrasiya Bürosu 8 departament, 22 bölmə, 7 ofisdən ibarətdir. Ümumilikdə universitetdə 5466 işçi çalışır. Professor-müəllim heyətinin sayı 2953, inzibati heyətin sayı isə 2513 nəfərə bərabərdir. Universitetin alimləri arasında 18 Mədəniyyətə Xidmət Ordeni, 15 Yaponiya İmperatorluğu Akademiyası, 41 Yaponiya Akademiyası mükafatçıları var.
2009-2010-cu tədris ilində Osaka Universitetinin tələbələrinin ümumi sayı 15937 nəfər olub. Onların 3250 nəfərini bakalavr, 1673 nəfərini magistratura, 939 nəfərini isə doktorantura pilləsində təhsil alan gənclər təşkil edib. Əcnəbi tələbələrin sayı 1455 nəfər olub. Universitetin Hüquq Məktəbində 7856 nəfər tələbə oxuyub.
Osaka Universitetində tələbələrin qalmaları üçün 5 yataqxana mövcuddur. Bunlar:
- Toneyama;
- Seimei;
- Nina;
- Koyo;
- Momiji.
Yataqxanalarda ümumi və birnəfərlik otaqlar mövcuddur. Otaqlar internet şəbəkəsinə qoşulub, otaqda yazı stolu, kitab şkafı, stol və stullar olur. Toneyama, Nina, Koyo və Momiji yataqxanalarında qalmaq tələbəyə ayda 4300, Seimei yataqxanasında isə 4700 yenə başa gəlir. Bu məbləğə kommunal xərclər daxil deyil.
Ali məktəbdə "Osaka Universiteti idman təşkilatı" fəaliyyət göstərir. Hazırda təşkilatın 9000 üzvü var. Onların 1812 nəfəri 2009-cu ildə 58-dən çox idman növü üzrə universiteti layiqincə təmsil edib. "Osaka Universiteti mədəniyyət təşkilatı" universitetin mədəni əlaqələrinin inkişafı və zənginləşdirilməsi məqsədi ilə yaradılıb. Təşkilata 68 klub daxildir və onların 2888-dən çox üzvü var.
Osaka Universitetinin prezidenti Uoşida Kiyokazu rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında deyir:
"Osaka Universiteti cəmiyyətin tam inamını qazana biləcək mütəxəssis və tədqiqatçılar yetişdirir. Başqa sözlə, əsl müdrik, nəcib və yüksək səviyyədə ünsiyyət qurmağa malik insanlar bu ali məktəbin məzunlarına çevrilir. Universitetin hər bir işçisi, tələbəsi, tədqiqatçısı bütün qüvvələrini birləşdirərək çalışır ki, cəmiyyət onların haqqında desin: "Osaka Universitetini bitirən şəxslər həqiqətən başqa insanlardan bir addım qabaqdadırlar".
Şüarı
redaktəAli məktəbin şüarı belədir:
"Lokal yaşa, qlobal böyü!" |
Xarici əlaqələri
redaktəŞərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür[2].
Büdcəsi
redaktə2009-2010-cu tədris ilində Osaka Universitetinin gəlir və xərcləri ümumilikdə 128119000000 yen təşkil edib.
Təhsil haqqı
redaktəUniversitetdə bakalavr, magistratura və doktorantura pilləsində oxuyan tələbələrin təhsil haqqı 535800, Hüquq Ali Məktəbində isə 804000 yendir. Maliyyə durumu çətin olan və yaxşı nəticələr göstərən tələbələr təhsil haqqının hamısı və ya yarısından azad ola bilərlər.
Osaka Universitetində tələbələrə 3 növ təqaüd təklif olunur:
- Yaponiya Tələbə Təşkilatı;
- özəl təşkilatlar və bələdiyyələr;
- Osaka Universitetinin ümumtəhsil tədris təqaüdləri.
Yaponiya Tələbə Təşkilatının, özəl təşkilatlar və bələdiyyələrin ayırdığı təqaüdlər təhsil haqqını ödəməyə imkanları olmayan sağlam, yaxşı oxuyan tələbələrə borc kimi verilir. Tələbə universiteti bitirdikdən sonra işlədikcə tədricən borcunu qaytarır. Osaka Universitetinin ümumtəhsil tədris təqaüdü universitetin ikinci kursundan başlayaraq əla nəticələr göstərən tələbələrə təklif olunur. Universitetin bakalavr pilləsində təhsil alan tələbələr 30000-51000 yen, magistratura və doktorantura pilləsində oxuyan tələbələr isə 50000-88000, 80000-122000 yen təqaüd alırlar.
Reytinqi
redaktəOsaka Universiteti Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, 100 ən yaxşı ali məktəb arasında 43-cü, Yaponiya universitetləri arasında isə 3-cü yerdə sıralanmışdır.
2003[4] | 2004[5] | 2005[6] | 2006[7] | 2007[8] | 2008[9] | 2009[10] | 2010[11] | 2011[12] | 2012[13] | 2013[14] | 2014[15] | 2015[16] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
53 | 54 | 62 | 61 | 67 | 68 | 71 | 75 | 82 | 83 | 85 | 78 | 85 |
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Akio Morita — "Sony" şirkətinin yaradıcısı;
- Hantaro Naqaoka — Osaka Universitetinin ilk prezidenti, fizik;
- Hideki Yukava — fizika üzrə Nobel mükafatı laureatı;
- Osamu Hayaişi — tibb üzrə Vulf mükafatı laureatı;
- Osamu Tezuka — "Manqa" (yapon komiksləri) müəllifi və animator;
- Heizo Tekenaka — tanınmış Yaponiya iqtisadçısı;
- Mitio Morisima — tanınmış Yaponiya iqtisadçısı;
- Şiba Ryotaro — Yaponiya yazıçısı.
Həmçinin bax
redaktəMənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Osaka Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 09.07.2010, № 26. (az.)
İstinadlar
redaktə- ↑ https://www.osaka-u.ac.jp/ja/guide/about/data/students.html.
- ↑ 17 Members Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. aearu.org (ing.)
- ↑ "ARWU - Osaka University". Shanghai Ranking Consultancy. 2015. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
Xarici keçidlər
redaktə- osaka-u.ac.jp — Rəsmi saytı (ing.)