Multikulturalizm - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür.
Multukulturalizmin sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir edir:[1]
- Eyni ərazidə uzun dövrlər birgə yaşayış;
- Ölkənin coğrafi mövqeyi (məsələn, ticarət yolları üzərində yerləşməsi);
- Rifah halıyla bağlı kütləvi miqrasiya;
- Tarixi köçürülmə siyasəti;
- Müharibə səsbindən məcburi köç.
O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Multikulturalizmin "sivilizasiyalararası dialoq", "tolerantlıq" mövzusu ilə oxşar və fərqli cəhətləri
redaktəBir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
Avropa və bəzi Qərb dövlətləri bu ideyadan geri çəkilmə səbəbləri
redaktəAvropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada "Homo sapiens" tipli insandan "Homo culturalies" tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir.
Cəmiyyətdə multikulturalizm əhəmiyyəti
redaktəMüasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.
Güclü və zəif multikulturalizm
redaktəAzərbaycanda multikulturalizm
redaktə- Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevdir.[2]
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır.[3]
Etnik-milli müxtəliflik və Multikulturalizm
redaktəMultikulturalizmin əhəmiyyəti
redaktəMüstəqillik əldə etmiş, öz xarici və daxili siyasətini öz milli mənafelərinə, ümumxalq mənafeyinə uyğun olaraq qurmaq imkanı qazanmış xalq, birinci növbədə öz dilinin, milli mədəniyyətinin, adət-ənənələrinin inkişaf etməsinə- özünə qayıtmasına çalışır. İlk növbədə dövlətçiliyi möhkəmləndirmədən, xarici dövlətlərlə münasibətləri ümumbəşəri dəyərlər və beynəlxalq qaydalar əsasında nizamlayaraq dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmadan, yeni iqtisadi əlaqələrə keçmək yolunu müəyyən etmədən, hər şeydən öncə milli mədəniyyəti, dili və s. inkişaf etdirmək mövqeyi güclü tərəqqi üçün təməl ola bilməz. Özünü spesifik, fərqləndirici əlamətlərlə təsdiq etmək, özünü başqa millətlərə qarşı qoymaq və onlardan üstün olduğunu isbata yetirmək addımları ziyanlı nəticələrə gətirib çıxara bilər. Həm də başqa xalqların buna münasibəti, beynəlxalq siyasət mülahizələri baxımından deyil, yüksək dərəcədə daxili siyasətin ahəngdarlığı, insani dəyərlərin düzgün səviyyədə qiymətləndirilməsi və istifadə olunması baxımından millətçilik meyllərinin ön plana keçməsi yolverilməz bir haldır. Fərqli xüsusiyyətləri, milli cəhətləri də möhkəm bünövrə üzərində, ümumbəşəri dayaqlara bağlanaraq inkişaf etdirmək olar[4].
Azərbaycan çoxsaylı miqrant axınları qəbul edən ölkələrdən olmasa da, millətin formalaşmasının keçdiyi uzun tarixi yolda müxtəlif etnik, mədəni və dini qruplarla qarşılaşıb. Əlverişli coğrafi mühit, yerli insanların xoş davranışı bu qrupların bəzilərinin Azərbaycana üz tutmasına səbəb olub. Əhalinin ümumi sayında etnik və dini qrupların payının geniş olmasına baxmayaraq, Azərbaycan çoxsaylı etnik və dini qrupların yaşadığı multikultural ərazi hesab edilir.
Azərbaycan əhalisinin tərkibi
redaktəMilli azlıqlar Azərbaycan əhalisinin 9,4 %-ni təşkil edir. Yuxarıda verdiyimiz müxtəlifliyin ölçülməsi indekslərində Alesina və başqaları tərəfindən hazırlanmış etnik fraqmentləşmə indeksinə əsasən (köhnə informasiyaya söykənsə də) Azərbaycandakı etnik müxtəliflik Böyük Britaniya, Fransa, Hollandiya, İtaliya kimi ölkələrdə olan müxtəliflikdən artıq zəngindir. Fearon indeksi də Azərbaycanda etnik zənginliyin bəzi Avropa ölkələrini ötdüyünü deyir. Hazırda Azərbaycanda ölkənin çoxluq təşkil edən hissəsi – azərbaycanlılarla yanaşı, bir sıra digər millət, etnik azlıqlar da yaşayırlar. 1999-cu il əhalinin siyahıya alınmasına əsasən Azərbaycanda yaşayan əhalinin 90,6%-ni azərbaycanlılar, 9,4%-ni isə milli azlıqlar və etnik qrup təşkil edənlər, o cümlədən ləzgilər-2,2%, ruslar-1,8%, talışlar-1%, avarlar-0,6%, türklər-0,5%, tatlar-0,4%, ermənilər-1,5%, gürcülər-0,2%, kürdlər-0,2%, ukraynalılar-0,4%, yahudilər-0,2%, və başqaları təşkil edirlər.
Azərbaycanda multikulturalizm
redaktəAzərbaycanda multikulturalizmin əsas özəlliyindən biri də burada yaşayan dil qruplarının dil ağacına görə bir-birindən uzaq olmasıdır. Fearon bu xüsusiyyətin linqvistik fraqmentləşmənin müəyyənləşdirilməsi və siyasi təşkilat daxilində etnik münasibətlərin daha yaxşı başa düşməsi üşün lazımlı olduğunu qeyd edir. Linqvistil (dil) ağacın birinci mərhələsinə uyğun gələn dillərdə danışan qruplar mədəniyyətcə də yaxın olurlar. Bu isə ölkə içərisində rəngarəng münasibətlərin qurulmasına əsas verir. Azərbaycanın nümunəsində görmək mümkündür ki, ölkənin etnik kompozisiyası kifayət qədər zəngin olmaqla bir-birindən dil cəhətdən kifayət qədər uzaq olan etnik qruplardan formalaşıb. Ölkəmizin ərazisində və 10 milyonluq əhali arasında aləmdə mövcud olan 14 əsas dil ailəsindən 3-ü mövcuddur (Altay, Hind-Avropa, Qafqaz) . Bu o deməkdir ki, dövlətimizdəki etno-mədəni qrupların bir-biri ilə soyluluq əlaqələri çox uzaqdır. Amma dil uzaqlığı Azərbaycanda rəngarəng cəmiyyətin yaranmasına mane olmamışdır. Tarix boyu ölkəmizin ərazisində mövcud olmuş bir çox xalqların qarşılıqlı hörmət və sülh şəraitində yaşamaları fakt olaraq bütün səviyyələrdə təsdiq edilir. Dərin tarixi köklər üzərində olan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşama Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai əsasını təşkil edir[5].
Ulu öndər Heydər Əliyevin dediyi kimi, həqiqətən də "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da-bütünlükdə hamısı azərbaycanlıdır". Bu sözlər bu gün son dərəcə qiymətlidir və belə bir məlum siyasi həqiqəti aktuallaşdırır: Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilər. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik[6].
Bu gün azərbaycanda formalaşan yeni, demokratik cəmiyyət müstəqil dövlət quruculuğunda fəal iştirak edir. Hər bir kəsin milli kimliyi onun bu gün özünü azərbaycanlı kimi hiss etməyinə mane olmur. Hər bir kəs öz ana dilində danışa, yaza bilər və özünün digər vacib olan mədəni ehtiyaclarıı ödəyə bilər. Konstitusiyamızın "Milli mənsubiyyət hüququ" adlı 44-cü maddəsində göstərilir: "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz".
Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsindəki təhlili göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət etdikdə ölkənin həm daxili potensialı öz zənginliklərini ən dərin qatlardan daha həvəslə üzə çıxarır, həm də öz beynəlxalq nüfuzuna müsbət çalar əlavə edir. Bu sonuncu məqam 2016-cı ilin 25 – 26 aprel tarixlərində Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun xarici iştirakçıları tərəfindən dəfələrlə deyildi. Bir çox xalqların hələ də ayıla bilmədiyi bir qarşıdurma var: "öz-özgə" qarşıdurmasıdır. Lakin "öz və özgə" qarşıdurması bizim həmvətənlərimiz üçün öz kəskin əhəmiyətini hələ orta əsrlərdə itirmişdir. Bu gün bu qarşıdurma üzünün ən yumşaq formasını yaşayır[7].
Mənbə
redaktə- ↑ Azərbaycan multikulturalizmi. Ali məktəblər üçün dərslik. - Bakı: BBMM, 2017. İstifadə tarixi:06.11.2023
- ↑ K. M. Abdullayevin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine president.az (az.)
- ↑ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine president.az (az.)
- ↑ Səlahəddin Xəlilov. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi. Bakı. 2002. 89–105.
- ↑ Nicat Məmmədli. Multikulturalizm Panaseya yoxsa Alternativ. Bakı. 2016. 105–118.
- ↑ Kamal Abdulla. Azərbaycan Multikulturalizmi. Bakı. 2017. 47–49.
- ↑ Kamal Abdulla. Azərbaycan Multikulturalizmi. Bakı. 2017. 37–40.