Mansiler - Wikipedia
Mansilər ((Mansi: Мāньси / Мāньси мāхум, Māńsi / Māńsi māhum) - Ural xalqlarının fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq.
Ümumi sayı | ||||||
---|---|---|---|---|---|---|
12,500 | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
Dini | ||||||
Qohum xalqlar | ||||||
Haqqında
redaktəMansilər Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsinin yerli əhalisidir. Onlar özlərini mansi ("adam") adlandırırlar. XX əsrin əvvəllərinə qədər voqul adlandırılmışlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan mansi dilində danışırlar. Antropoloji cəhətdən ağ (Avropa) irqi ilə sarı (monqoloid) irqi arasında keçid irqi sayılan Ural tipinə aiddirlər. Mansilər Sibirin Rusiya tərəfindən işğalından sonra zorla pravoslavlaşdırılmalarına baxmayaraq, özlərinin qədim dini görüşlərinin və şamançılığı hələ də saxlamaqdadırlar. Numi-Torı (Tanrı) adlandırdıqları Tanrıya inanırlar. Ayını müqəddəs sayırlar. 1989-cu il məlumatına görə mansilərin sayı 8500 nəfərdir. Əsasən Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsində - Ob çayı və onun sol qolları olan Konda və Şimali Sosva çayları hövzəsində yaşayırlar.
Mansilərin soyköklərində qədim paleoasiya tayfaları ilə yanaşı, I minilliyin ortalarında Şimali Qazaxıstan və Qərbi Sibirdən Ob çayı hövzəsinə gəlmiş altay-uqor tayfaları da iştirak etmişlər. XI əsrin sonlarında Rus salnamələrində mansilər onlara qohum olan xantılarla birlikdə yuqr, XIV əsrdən isə voquliçi adlandırılmışlar. XVI əsrin sonlarında (1598) Sibir xanlığının Rusiya tərəfindən işğalından sonra mansilərin vətəni də Rusiyaya qatıldı. 10 dekabr 1930-cu ildə mansilərin və onlara qohum olan xantıların yaşadıqları ərazidə RSFSR-in Tümen vilayəti tərkibində Ostyak-Voqul milli dairəsi yaradıldı. Bu quruma 1940-cı ildə Xantı-Mansi milli dairəsi, 1977-ci ildə isə Xantı-Mansi muxtar dairəsi adı verildi.
Mansilərin əsas məşğuliyyətləri balıqçılıq, ovçuluq və maral saxlamaqdır. Maldarlıq və əkinşilik yardımçı təsərrüfat sahələridir. Ənənəvi məşğuliyyət sahəsi toxuculuq sayılır. Toxuculuqda xammal kimi gicitkan və çətənədən istifadə olunur. Əsas nəqliyyat vasitələri it və ya maral qoşulmuş kirşə, xizək və qayıqlardır. Yayda cum adlanan alaçıqlarda, qışda isə kərtmə ağac evlərdə yaşayırlar. Kənarları gillə suvanmış Çuval adlandırılan ocaqla mənzillərini həm isidir, həm də işıqlandırırlar.
Kişilər başlıqlı üst geyimi, köynək və şalvar, qadınlar don, xələt və kürk geyinirlər. Ən çox xoşladıqları yeməklər ət və balıqdan hazırlanır.
Xantı-Mansi muxtar dairəsinin ərazisi meşələr, neft və qaz yataqlarıilə zəngindir. İnzibati mərkəxləri Xantı-Mansiysk şəhəridir.
Mənbə
redaktə- Ural xalqları. Bakı,1997. səh.33.
- Народы Сибири. Москва-Ленинград,1956.
- Соколова З.П. К происхождению современных манси. "Советская этнография" jurnalı, 1979, №6.
- Гемуев И.Н. Сагалев А.М. Религия народа манси. Новосибирск,1986.
- Народы мира. Москва,1988.
- Население СССР Москва,1990.