La Qrand Jatt Adasi - Wikipedia
La Qrand-Jatt adası (Fransızca Île de la Jatte (İl-de-la-Jatt), və ya Île de la Grande Jatte (La Qrand-Jatt) adası.) — Fransanın Haust-de Seine (O-de-Sen) bölgəsində, Sena çayı üzərində yerləşən ada. Notr-Dam kilsəsindən 7 km uzaqlıqdadır. Demək olar ki, Parisin girəcəyində yerləşən La Qrand-Jatt adası ilə Şarl de Qoll (Place de l'Étoile) meydanı arasında cəmi 3 km məsafə var. Adanın uzunluğu 2 km, ən geniş hissəsi isə 200 m-dir. Əhalisinin sayı 4000 nəfər təşkil edir. La Qrand-Jatt adı "Cam adası" və ya, "Böyük Cam adası" mənalarını verir.
Ölkə | Fransa |
---|---|
Koordinat | 48 ° 53 '43 ", N, 2 ° 16' 01" e |
Əhali sayı | 4000 nəfər (2006) |
Saat qurşağı | UTC+01:00 |
Bu ada həm rəssam Jorj-Pyer Syöranın puantilizm üslubunda çəkdiyi Un Dimanche après-midi à l'Île de la Grande Jatt ("La Qrand-Jatt adasında bazar günü") (1884–6 və 1889) adlı əsəri (hazırda Çikaqodakı İncəsənət İnstitutunda sərgilənir), həm də Stiven Soundheymin Sunday in the Park with George ("Bazar günü Corc ilə parkda") musiqisi ilə məşhurdur.
Tarixi
redaktə1818-ci ildə Orlean hersoqu Lui-Filipp Şato-de-Nöyi qəsrini on uşaqlı ailəsi üçün almışdı. O, torpaq sahəsi alaraq adanın da daxil olduğu böyük park saldırmışdı. Həmin parka yalnız qayıq vasitəsilə getmək mümkün idi. Hersoq həmçinin, atasının tikdirdiyi Mars məbədinin (Temple de Mars) yerini dəyişdirərək Park Monsodan (Parc Monceau) adanın şimal hissəsinə yerləşdirmişdi və onu Sevgi məbədinə (Temple de l’amour) çevirmişdi. 1930-cu ildə isə məbəd adanın cənub hissəsinə köçürüldü. 1850–1870-ci illər arasında III Napoleon və baron Hausmann adanı yenidən bərpa etdikdən sonra rəssamlar yenə də burda işləməyə başladılar. XIX əsrin sonunda ada öz rəssamları, xüsusilə, impressionistləri ilə tanınırdı. Jorj-Pyer Syöradan başqa, Klod Mone, Vinsent van Qoq, Alfred Sisley, Çarlz Anqrand və Albert Qliiz kimi məşhur rəssamlar da burada işləyib və adanın ecazkar mənzərələrini yaradıblar.
2009-cu ilin iyununda ada ətrafında gəzinti təşkil olunub və burada impressionist rəssamların əsərələri sərgilənib. Qrand-Jatt adası Parisin ən dəbdəbəli məkanlarından biridir. Belə ki, adada Fransanın bir çox tanınmış şəxslərinin evləri olub. Nikola Sarkozi keçmiş həyat yoldaşı ilə burada yaşayıb, həmçinin ölkənin məşhur müğənnilərinin, aktyorlarının, jurnalistlərinin də əksəriyyəti məhz La Qrand-Jatt adasında yaşayırlar.
-
La Qrand-Jatt adası 2011-ci ildə.
-
Jatte adasının cənubunda Amour (Sevgi) məbədi
Mənbə
redaktə- " Les impressionnistes de retour à la Grande Jatte[ölü keçid] ", www.hauts-de-seine.net (13 avqust 2009 tarixində mənbəyindən arxivləndi)
- " Le port de Courbevoie Arxivləşdirilib 2017-07-11 at the Wayback Machine ", sur www.hauts-de-seine.fr (26 yanvar 2016 tarixində mənbəyindən arxivləndi)