Hidayet Xeyriyye Cemiyyeti - Wikipedia
Hidayət xeyriyyə cəmiyyəti - əsas məqsədi qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmə qarşı çıxmaq olan cəmiyyət. 1904-cü ildə yaradılan cəmiyyətin idarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri olub. Cəmiyyətin üzvləri daima öz fikirlərinə və əməllərinə görə cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar.
Hidayət Xeyriyyə Cəmiyyəti | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1904 |
Mərkəzi | |
Üzvləri | Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov |
Haqqında
redaktəHidayət Xeyriyyə Cəmiyyəti 1904-cü ildə Bakıda yaradılıb. Cəmiyyətin yaradıcıları əsasən ruhanilər və ziyalılar idi. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Hidayət Xeyriyyə Cəmiyyətinin on nəfərdən ibarət idarə heyəti var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mir Məhəmməd Kərim, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri idilər. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb[1].
Cəmiyyətin dəstəyi ilə 1906-ilin noyabrın 17-də şəhərdə insanları narahat edən bir neçə qoçu haqqında cəza tədbiri görülür. Onlardan biri də Novxanıda yaşayan Məşədi Hacı oğlu idi. İllər sonra 1912-ci il yanvarın 16-da fürsət tapan Məşədi Hacı qisas almaq üçün cəmiyyətin üzvü Molla Ruhulla Məmmədzadəni öz evində qətlə yetirib[2]. 1913-cü ildə onun öldürülməsi ilə bağlı baş tutmuş məhkəmə prosesində cəmiyyətin katibi Mustafa bəy Əlibəyov iştirak edib[3][4].
“Hidayət” cəmiyyəti dini fanatizm adətlərinə, şaxsey-vaxsey və bu kimi digər mərasimlərə qarşı çıxırdılar. Bu adət və mərasimlərin insanlara ancaq zərər verməsi ilə bağlı cəmiyyət insanlara müraciət edir. Cəmiyyətin katibi Mustafa bəy Əlibəyov isə bu barədə “İrşad” qəzetində məqalə yazır. Bu müraciət şəhərin fanatik dindarları tərəfindən qəzəblə qarşılanır. Hətta bəziləri cəmiyyətin üzvləri qazi Mir Məhəmməd Kərimin və Mustafa bəy Əlibəyovun başının kəsilməyini tələb edirlər. Daha sonra Məhəmməd Kərimin ev qapısını yandırırlar. Mustafa bəy Əlibəyov isə təqiblərdən azad olmaq üçün bir müddət öz evindən çıxmır[5].
Cəmiyyətin katibi olan Mustafa bəy Əlibəyov[6] Bakı neftini xarici kapitalın inhisarından qurtarıb xalqın rifahına sərf etmək məqsədilə cəmiyyətin nəzdində "Hidayəti-islamiyyə" neft şirkəti yaratmağa təşəbbüs göstərib. Bu məqsədlə şirkətin 27 bənddən ibarət nizamnaməsini tərtib edib[7].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Nəsiman Yaqublu. Azərbaycanın ilk qeyri - hökumət təşkilatları. Bakı: Elm və təhsil. 2013. səh. 40. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- ↑ Elnur Astanbəyli. "107 il öncə Bakını sarsıdan qətl" (az.). azlogos.eu. 2019-12-28. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- ↑ Mirabbas Məmmədov. "Səs-küylü qətl" (az.). Region Plus. 2013-11-19. Archived from the original on 2022-12-19. İstifadə tarixi: 2022-12-19.
- ↑ "Məşhur mollanın səs-küylü qətlinin təfərrüatları" (az.). milli.az. 2013-11-23. 2013-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- ↑ Nəsiman Yaqublu. Azərbaycanın ilk qeyri - hökumət təşkilatları. Bakı: Elm və təhsil. 2013. səh. 41. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- ↑ Savalan Fərəcov. "İlk qadın məcmuəsinin naşiri" (az.). medeniyyet.az. 2017-02-01. Archived from the original on 2022-12-19. İstifadə tarixi: 2022-12-19.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 365. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.